İlham Əliyev İordaniya Senatı sədrinin birinci müavini Abdurrauf əl-Ravabidənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
25 aprel 2012, 14:00
Prezident İlham Əliyev İordaniya Senatı sədrinin birinci müavini Abdurrauf əl-Ravabidənin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İordaniya Senatı sədrinin birinci müavini Abdurrauf əl-Ravabidə Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşündən böyük məmnunluq hissi keçirdiyini dedi. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu quruculuq işlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan Abdurrauf əl-Ravabidə Azərbaycanda gedən iqtisadi inkişaf proseslərinin ölkəsində maraqla izlənildiyini dedi. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Prezident İlham Əliyev Azərbaycan ilə İordaniya Krallığı arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirdi.
Dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq etdiyini vurğuladı. Siyasi sahədə münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev iqtisadi və parlamentlərarası əlaqələr sahəsində də əməkdaşlığımızı genişləndirmək üçün yaxşı potensialın mövcudluğunu qeyd etdi.