İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının istifadəyə verilməsi mərasimində iştirak etmişdir
20 aprel 2012, 12:00
Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının açılışında iştirak etmiş, mövcud aerovağzal kompleksində yenidənqurma və yeni kompleksdə tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Azərbaycanda sərnişin daşımalarının həyata keçirilməsi üçün aerovağzal binası 1933-cü ildə istifadəyə verilmişdir.
Beynəlxalq standartlara cavab verən aerovağzal kompleksi isə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1999-cu ildə istismara buraxılmışdır. Son illərdə Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuş-enmə zolaqları və yönəldici yollar yenidən qurulmuş, uçuşları idarəetmə sistemləri müasirləşdirilmiş, radionaviqasiya və meteoavadanlıq yenilənmiş, digər silsilə tədbirlər reallaşdırılmışdır. 2003-cü ildən isə Azərbaycanın mülki aviasiyası intensiv inkişaf mərhələsinə qədəm qoymuşdur. 2004-cü ildə beynəlxalq standartlara cavab verən Naxçıvan beynəlxalq hava limanı istifadəyə verilmişdir. Bundan sonra bir-birinin ardınca Gəncə, Zaqatala, Lənkəran və Qəbələ hava limanları işə salınmışdır.
Sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir.
Qarşıdakı iki ildə ən müasir təyyarələrin alınması nəzərdə tutulmuşdur.
Dövlət başçısı Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulmasının baş planını, yeni uçuş-enmə zolağını, yönəldici yolları və perronu əks etdirən stendlərə baxdı.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov məlumat verdi ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yenidənqurma işlərinə 2011-ci ilin aprelindən başlanılmışdır. İstifadəyə hazır olan yeni uçuş-enmə zolağı dünyanın ən ağır və müasir təyyarələrini qəbul edə biləcəkdir.
Qeyd edildi ki, yeni uçuş-enmə zolağının uzunluğu 4 min, eni 75 metr, sahəsi 325 min 500 kvadratmetrdir. Yönəldici yolların ümumi uzunluğu 3 min 800, eni isə 60 metrdir. Ən müasir standartlara cavab verən perronun sahəsi 309 min kvadratmetrdir. Ərazini yağış və qrunt sularından mühafizə etmək üçün açıq yağış kanalı, drenaj və kollektor xətləri, o cümlədən təzyiqli su xətti və üç nasos stansiyası inşa olunmuşdur.
Prezident İlham Əliyev yeni uçuş-enmə zolağının rəmzi açılışını bildirən lenti kəsdi.
Dövlət başçısı açılış münasibətilə sifarişçi -“Azərbaycan Hava Yolları” QSC-nin və yenidənqurma işlərini həyata keçirən “Azvirt” MMC-nin kollektivlərini təbrik etdi.
Azərbaycan Prezidenti yeni uçuş-enmə zolağı ilə tanış oldu. Tanışlıq avtomobil ilə davam etdirildi.
Yeni uçuş-enmə zolağı ilə tanışlıqdan sonra Prezident İlham Əliyevə mövcud aerovağzal kompleksində aparılan yenidənqurma işlərinin gedişi barədə məlumat verildi.
Bildirildi ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq mövcud aerovağzal kompleksinin fasadında əsaslı bərpa və yenidənqurma işləri görülmüşdür. Başa çatmaq üzrə olan yenidənqurma nəticəsində aeroport binası daha da müasir görkəm almışdır.
Diqqətə çatdırıldı ki, müvafiq marşrutlar üzrə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn təyyarələrdəki sərnişinlərin yüklərinin qəbulu bölməsində ən müasir avadanlıq quraşdırılmışdır. Mövcud aerovağzal kompleksinin gömrük sahəsində də əsaslı yenidənqurma işləri görülmüşdür. Kompleksin döşəməsi və tavanı tamamilə yenilənmişdir. Bütün işlərin yüksək zövq və ən son elmi-texniki yeniliklər əsasında aparıldığı kompleksdə sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılmışdır. Burada xidmət sahələri genişləndirilmiş, texniki baxımdan müasirləşdirilmişdir. İşıqlandırma sistemi də orijinallığı və müasirliyi ilə diqqəti cəlb edir. Viza və pasport qeydiyyatı şöbələri də müasir görkəm almışdır.
Prezident İlham Əliyevə gömrük bəyannaməsinin elektron formatda doldurulması üçün yeni quraşdırılan avadanlığın üstünlükləri barədə məlumat verildi.
Bildirildi ki, gömrük sahəsində yüklərin qəbulu prosesi təkmilləşdirilmiş və ən müasir standartlara uyğunlaşdırılmışdır.
Sərnişinlər gömrük sahəsindəki Azərbaycan və paytaxt Bakının xəritələri vasitəsilə respublikamızın turizm imkanları, mehmanxanalar, metro stansiyaları, ölkəmizdəki mövcud aeroportlar və onları maraqlandıran digər suallar barədə dolğun məlumat əldə edə biləcəklər. Kompleksdə yeni monitorlar quraşdırılmış, çıxışların sayı iki dəfə artırılmışdır.
Gözləmə salonları əsaslı şəkildə genişləndirilmiş, sərnişinlərə təklif olunan xidmətlərin sayı artırılmış və keyfiyyəti daha da yaxşılaşdırılmışdır. Ümumilikdə, mövcud aerovağzalın istər “Cənub”, istərsə də “Şimal” terminallarında hərtərəfli yenidənqurma işləri görülmüş, sərnişin və yükdaşımalarla bağlı xidmətin səviyyəsinin yüksəldilməsi üçün kompleks tədbirlər reallaşdırılmışdır.
Daha sonra yeni aerovağzal kompleksində tikinti işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, inşaat işləri cədvəl üzrə aparılır və dünyadakı ən son yeniliklərə əsaslanır. İstər yeni layihəsinin orijinallığına, istərsə də ən son elmi-texniki yeniliklərə əsaslanmasına görə Heydər Əliyev Beynəlxalq Aeroportu dünyada nadir hava limanlarından biri olacaqdır.
Bildirildi ki, 58 min kvadratmetr sahəsi olan dördmərtəbəli yeni aerovağzal kompleksi beynəlxalq reysləri yerinə yetirən təyyarələrin sərnişinlərinə xidmət göstərəcəkdir. Yenidən qurulan mövcud terminaldan isə yerli aviareyslər həyata keçiriləcək və ildə 3 milyon sərnişinə xidmət göstəriləcəkdir.
Prezident İlham Əliyevə məlumat verildi ki, yeni terminalın binasının tikintisi ilə yanaşı, ümumi sahəsi 63 min kvadratmetrə çatacaq vağzalətrafı meydan da tamamilə yenidən qurulacaqdır. Bundan başqa, uçuşları idarə edəcək yeni naviqasiya qülləsi, yanğından mühafizə binası, enerji mərkəzi və digər tikililərin inşası aparılır, yeraltı və yerüstü kommunikasiya xətləri yeniləşdirilir.
Yenidənqurma işləri ilə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.