Səyalı Rəhimovadan, Şəki, Azərbaycan
21 noyabr 2020, 10:28
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Mənim 97 yaşım var. Mən son 50 ildə sentyabrın 27-dən bu günə qədər olduğu kimi sevindiyimi xatırlamıram. 30 ilə yaxın erməni faşistləri tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması barədə Sizin televiziya ekranından xalqa verdiyiniz xəbərlər xalqımızda ruh yüksəkliyi yaratdı. Sizin möhtəşəm çıxışlarınızla yanaşı, döyüş tapşırıqlarını məharətlə yerinə yetirmiş qalib əsgərlərimizin əzmlə işğaldan azad etdikləri yerlərdə üçrəngli Bayrağımızı sancıb, daha sonra Sizə “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır” deyə məruzələrini etmələri hər birimizin qəlbində qürur və sevinc hissini daha da artırırdı.
Əlbəttə ki, müharibə olan ölkənin yaralısı və şəhidi olar. Allah bütün şəhidlərimizə rəhmət etsin, yaralılarımıza isə şəfa versin!
Bu yaşıma qədər Qarabağda olmasam da, bu gün Qarabağın hər qarış torpağı alındıqca çox sevinirəm. Torpaq ulu babalarımızın əmanətidir, torpaqdan pay olmaz. Qarabağın hər qarışında əsgərlərimizin izləri, şəhidlərimizin canı, yaralılarımızın qanı var. Azadlıq ağacı şəhid qanı ilə suvarılar. Əminəm ki, Şuşanın işğaldan azad edilməsi xəbəri bütün dünya azərbaycanlıları və bütün türk dünyasını sevindirdi. Hamı bir-birini təbrik edir, gözaydınlığı verir, çünki bu əlamətdar bir gündür. Müzəffər Ali Baş Komandan, Siz şücaətli, mətin Ordumuzla yeni tarix, yeni qəhrəmanlıq salnaməsi yaratdınız. Bu gün bütün şəhidlərin və Qarabağ həsrəti ilə dünyasını dəyişmiş insanların ruhları şad olacaq.
Allah, başda Siz olmaqla bütün zabit və əsgərlərimizi qorusun!
Hörmətlə,
Rəhimova Səyalı,
Azərbaycan Respublikası, Şəki şəhəri.