Lalə Orucovadan, Şəmkir, Azərbaycan
16 noyabr 2020, 19:53
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Eşq olsun Sizə! Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Eşq olsun Vətən uğrunda canlarını verən Azərbaycan şəhidlərinə!
Zəkası, mərhəməti, alicənablığı, mərdliyi ilə seçilən, dünya liderlərinin ən güclüsü olan Prezidentimi qazandığı bu böyük Qələbə münasibətilə təbrik edirəm! Mən vətənpərvər bir Azərbaycan qızıyam, dəfələrlə döyüşə yollanmaq üçün Səfərbərlik Xidmətinə müraciət etsəm də, “qadınlara ehtiyac yoxdur” deyib geri qaytardılar. Mən mətbuatda çalışaraq həmişə şəhid ailələrini, qaziləri diqqətdə saxlamış, onlardan müsahibələr götürmüş, problemlərini işıqlandırmışam. Arzum var idi ki, ön cəbhədə müxbir kimi fəaliyyət göstərim və qələbə xəbərlərini, xüsusilə Şuşaya bayrağımızın sancılması xəbərini özüm xalqa çatdırım. Düzdür, bunların heç birini edə bilmədim, amma çox sevinirəm ki, bu hadisələrin şahidi oldum, cəngavər əsgərlərimizin Şuşaya bayraq sancması haqqında xoş müjdəni cənab Prezidentimizin öz dilindən eşitdim. Buna görə sevincimin həddi-hüdudu yoxdur.
Bu Qələbə ilə Vətənimizin 30 il əskik qalan bir tərəfi ona qovuşdu və bütövləşdi. Əcdadlarımızdan bizə qalan Vətən mirasımız alnı açıq geri qaytarıldı. Ulu babalarımızın mirasına bir rəhbər, bir sərkərdə kimi sahib çıxaraq onu qorudunuz. Xalqımız, Silahlı Qüvvələrimiz, şəhid anaları - hamı Sizin ətrafınızda bir yumruq kimi birləşərək bu Qələbəyə nail olduq. Erməni quldurları tarixi bir dərs aldılar. Türk düşməninin aqibəti daim belə olub, bundan sonra da belə olacaq.
Bu torpaq daim onun üçün canını qurban verən igidlər yetişdirib. Mübarizlər, Fəridlər, Poladlar və indi də onların yüzlərlə davamçıları xalqın ruhunu sönməyə qoymadılar, öz qanları ilə daim onu alovlandırdılar və möhtəşəm nəticə əldə olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölməz, Vətən bölünməz!
Cənab Prezident, 73 yaşlı anam da Sizi çox sevir və həmişə salamatlığınız üçün dualar edir. Mənim atam da Qarabağ müharibəsi döyüşçüsü olub. İndi yəqin onun da ruhu şaddır.
Hörmətli Prezident, inanıram ki, bizə qarşı müharibə cinayətləri törətmiş Xocalı soyqırımı iştirakçıları, hərbi canilər, o cümlədən Paşinyan və onun komandası törətdikləri cinayətlərə görə beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Körpələrin, günahsız insanların axıdılan nahaq qanı yerdə qalmayacaqdır.
Biz artıq Qarabağa gedirik! Cıdır düzündə at yarışları keçirməyə, xalça toxumağa, xanəndələrimizlə muğam müsabiqələri keçirməyə, dincəlməyə, şənlik etməyə gedəcəyik. Xarı bülbülün ətrini ciyərlərimizə çəkməyə gedəcəyik. İnsanların bu arzularını, sevinclərini sözlə ifadə etməyə çətinlik çəkirəm. Qəlbim aşıb-daşır, ona görə bu məktubu Sizə ünvanlayıram.
Cənab Prezident, mən şəhid analarının qarşısında baş əyirəm, onların əllərindən öpürəm! Onların fədakarlığı tariximizin səhifələrinə Qələbə sözü yazmağa imkan verdi. 10 noyabr günü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Yaşa Prezidentim!
İnanıram ki, biz bundan sonra müharibə görməyəcəyik. Gələcək nəsillərimiz şad-xürrəm yaşayacaq, çünki güclü Ordumuz, qüdrətli liderimiz, yenilməz xalqımız var!
Bir daha həmkarlarım və şəmkirlilər adından, anamın adından Sizə təşəkkürlərimizi bildirirəm.
Hörmətlə,
Orucova Lalə Qənbər qızı
Azərbaycan Respublikası, Şəmkir rayonu, İrmaşlı kəndi.