Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Hikmət Çətindən
16 noyabr 2020, 17:10
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident, əziz qardaşım.
Ermənistanın ölkənizə hərbi təcavüzünə qarşı mübarizədə qazandığınız strateji, siyasi və hərbi qələbələriniz münasibətilə Sizi təbrik edirəm. Sizin rəhbərliyiniz və komandanlığınız ilə düşməni ağır itkilərə məruz qoyan Azərbaycan Silahlı Qüvvələri yenilməz olduğunu sübut etdi. Bütün bu qələbələr isə beynəlxalq hüquq çərçivəsində, mülki hədəflərə heç bir ziyan vurulmadan əldə edilib.
Qardaş Azərbaycan xalqının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinin azad olunmasını bayram kimi qeyd etməyə hər cür haqqı var. Türkiyə xalqı erməniləri torpaqlarınızdan qovub çıxarmaqla bağlı ölkənizin ədalətli və haqlı mövqeyinin müdafiəsində daim Sizin yanınızda olub. Həmişə inanmışam ki, qarşı tərəfdən həm sərt, həm də yumşaq güc baxımından üstün olsanız qalib gələcəksiniz. Siz təcavüzkar Ermənistanı məğlub etməklə Türk millətinə də böyük hədiyyə etdiniz. Buna görə Sizə minnətdarıq.
Biz dünya ictimaiyyətinə bununla bağlı mesajlarımızı çatdırmaq məqsədilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzində çox vacib onlayn müzakirələr təşkil edir və birgə bəyanatlar yayırıq. Mərkəzdə fəaliyyətimizi əlaqələndirmək üçün həmsədrlərimiz və Baş katibimizlə gündəlik olaraq əlaqə saxlayırıq. Səkkiz il ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin inkişafının və beynəlxalq səviyyədə tanınmasının şahidi olmuşam. Bütün bunlar məhz Sizin dəstəyiniz və sadiqliyiniz, eləcə də həmsədrlərimizin fədakarlığı sayəsində mümkün olub.
İndi Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi hüquqi statusunu bərpa etmək istiqamətində çalışaraq qələbələrinizi möhkəmləndirməyin vaxtıdır. Bu, Sizin Ermənistanın son hərbi təcavüzünə qarşı məharətlə nümayiş etdirdiyiniz müdrik diplomatiyanın davamı olacaqdır. Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə edilmiş hərtərəfli atəşkəs razılaşması ölkənizə bütün torpaqlarınızı, nəhayət geri qaytarmaq imkanı verir.
Bütün dualarımız və düşüncələrimiz Sizinlədir. Qoy, Sizin müdrik rəhbərliyiniz Azərbaycanı azadlıq, ədalət və tərəqqi yolunda yeni zirvələrə doğru irəli aparmaqda davam etsin.
Ən xoş arzularla,
Hikmət Çətin
1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri,
Türkiyə Böyük Millət Məclisinin 20-ci sədri,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü