Sevinc Ələkbərova və Elman Əzimovdan, Antalya, Türkiyə
16 noyabr 2020, 16:23
Müzəffər Ali Baş Komandan.
Komandanlığınız altında ölkəmizin əldə etdiyi böyük Qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm.
2020-ci il sentyabr 27-də Ermənistan ordusunun Azərbaycana hücumunun qarşısını aldıqdan sonra Ordumuzun başladığı əks-hücum əməliyyatı bütün Türk dünyası kimi, Antalyada yaşayan soydaşlarımızı da çox sevindirdi. Ərazilərimizin bir-bir işğaldan azad olunması 30 illik Vətən həsrətinə son qoydu və xalqımızda özünə inam hissini artırdı. Təbii ki, bunlar Sizin güclü siyasi iradəniz, qətiyyətli mövqeyiniz nəticəsində baş verdi. Ermənistanın uydurduğu “güclü erməni ordusu” stereotipini Azərbaycan Ordusu puç etdi. Siz 200 il ərzində tədricən itirilmiş torpaqlarımızı geri alan bir sərkərdə kimi tarixə düşdünüz. Biz Ali Baş Komandanımızla qürur duyuruq.
Böyük sevinc və fəxr hissi ilə deyə bilərik ki, siyasi sabitlik, güclü iqtisadiyyat, mükəmməl müasir Ordu və Qələbəyə gedən yol Ümumilli Lider Heydər Əliyevin Azərbaycan xalqına, dövlətinə qoyduğu mirasdır. Siz xalqımızın müqqəddəs məkanı olan Şəhidlər Xiyabanından Şuşanın işğaldan azad olunması müjdəsini verəndə göz yaşlarımızı saxlaya bilmədik. Bu, böyük, həm də çox böyük Qələbədir.
Tarixə yazılan böyük Qələbəni Azərbaycan xalqına bəxş etdiyiniz üçün İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin kollektivi adından Sizə dərin minnətdarlığımızı bildiririk. Vətənimiz uğrunda kişili-qadınlı hər birimiz canımızdan keçməyə hər an hazırıq. Bir hüquqşünas kimi mən, işğaldan azad olunmuş torpaqlarımızda öz hüquqşünas peşəmi davam etdirməyə hazıram.
Yaşasın Azərbaycan dövləti!
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan Ordusu!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin təmsilçiliyinin əməkdaşları adından
Sevinc Ələkbərova
Elman Əzimov
Türkiyə Respublikası, Antalya şəhəri.