Yeni Azərbaycan Partiyasının Siyasi Şurasından, Bakı, Azərbaycan


16 noyabr 2020, 14:51
Zati-aliləri, müzəffər Ali Baş Komandanımız.
Ali rəhbərliyiniz altında Azərbaycan Ordusunun zəfər yürüşü və düşmənin öz məğlubiyyətini etiraf etməsi Azərbaycan xalqına və ürəyi Azərbaycanla döyünən hər kəsə böyük sevinc, fərəh və qürur hissi bəxş etmişdir.
Sentyabrın 27-dən etibarən Azərbaycanın həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarının zəfər xəbərləri yayıldıqca doğma Oarabağın azadlığa qovuşacağı qələbə gününün sürətlə yaxınlaşdığına hər birimiz daha dərindən inanır və o günü səbirsizliklə gözləyirdik.
Azərbaycan xalqının möhtəşəm qələbəsi onun tarixinin şanlı səhifəsi, unudulmaz anlarıdır. İndiki nəsillər xoşbəxdir ki, bu şərəf və ləyaqət tarixinin şahidləri, onun sevincini yaşayanlardır. Qazandığımız qələbə doğma Qarabağı azad, ölkəmizin ərazi bütövlüyünü təmin etməklə yanaşı, xalqımızın qürur və əzəmətini daha da artırdı, dövlətimizin hörmət və nüfuzunu qat-qat yuksəltmiş oldu. Hər bir azərbaycanlı əyilməz və qürurlu millətin nümayəndəsi, güclü və qüdrətli qalib dövlətin vətəndaşı olduğunu duymaqdan fəxarət hissi keçirir.
Vətən müharibəsində qazandığımız tarixi qələbə ulu öndər Heydər Əliyev yoluna sadiq lider kimi Sizin müdrik, uzaqgörən, ardıcıl və prinsipial daxili və xarici siyasətinizin məntiqi nəticəsidir. Uğurla həyata keçirdiyiniz müstəqil dövlət quruculuğu siyasəti, iqtisadiyyatın inkişaf etdirilməsi, sosial rifahın yüksəldilməsi, güclü ordunun yaradılması ölkəmizdə möhkəm siyasi sabitliyi, iqtidar-xalq birliyini, milli həmrəyliyi təmin edərək Silahlı Qüvvələrimizin zəfər yürüşünün möhkəm təməllərini formalaşdırmışdır.
Sizin rəhbərliyinizlə Azərbaycanın hərtərəfli düşünülmüş xarici siyasət kursunun, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşlıq konsepsiyasının rolunu ayrıca qeyd etmək yerinə düşər. Bütün mötəbər beynəlxalq kürsülərdə və platformalarda Ermənistanın işğalçı mahiyyətini ifşa edən hücum diplomatiyası sayəsində beynəlxalq hüquq müstəvisində Azərbaycanın haqq mövqeyini dəstəkləyən əlverişli zəminin yaradılması qələbəmizi şərtləndirən mühüm amildir.
Döyüş meydanında qazanılan hər bir tarixi qələbənin əsasında lider amili dayanır. Hamılıqla etiraf etdiyimiz gerçəklik ondan ibarətdir ki, Sizin Ümummilli Lider, müdrik dövlət başçısı Heydər Əliyevin siyasi varisi kimi zəngin təcrübəniz və yüksək şəxsi keyfiyyətləriniz, Azərbaycan xalqı arasında və dünyada böyük nüfuzunuz doğma Qarabağ uğrunda savaşda qələbələrimizin əsas şərti olmuşdur. Azərbaycanın üçrəngli bayrağının tezliklə işğal olunmuş torpaqlarımızda, Qarabağda dalğandırılacağı barədə verdiyiniz vədləri şərəflə yerinə yetirməyiniz Ulu Öndərimizin və Azərbaycan xalqının Sizə olan böyük etimadının nə qədər dərin köklərə malik olmasından xəbər verir.
Biz sevinir və qürur duyuruq ki, rəşadətli Azərbaycan əsgəri Qarabağ savaşı başlayan dövrdən etibarən verilən qurbanların, şəhidlərimizin, qətlə yetirilən günahsız uşaqların, qadınların, qocaların qanını yerdə qoymadı. İnanırıq ki, savaş meydanında düşmənə endirilən sarsıdıcı zərbələrdən və qazanılan möhtəşəm qələbədən onların ruhları şad olur.
Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir. Heç şübhə etmirik ki, savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha fırəvan həyat gözləyir.
Cənab Prezident, müqəddəs torpaqlarımız uğrunda Vətən müharibəsində qazandığımız şanlı qələbənin müəllifi də, ilham mənbəyi də Sizsiniz. Bu, Sizin qələbənizdir. Siz Azərbaycanın yeni tarixini yaratdınız. Tarix isə artıq Sizin adınızı öz şərəf səhifəsinə qızıl hərflərlə həkk etmişdir.
Allah Sizi və Azərbaycanı qorusun!
Hörmətlə,
Yeni Azərbaycan Partiyasının Siyasi Şurası
Azərbaycan Respublikası, Bakı şəhəri.