logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Yaşar Əliyevdən, Bakı, Azərbaycan

Text size icon-size icon-size

16 noyabr 2020, 13:15

Möhtərəm cənab Prezident.

Siz böyük dövlət xadimi, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli varisi kimi onun siyasətini davam etdirməklə ölkəmizin gücünün artmasına, strateji nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə nail olmusunuz. Azərbaycan bu gün beynəlxalq arenada nüfuzlu və qüdrətli qalib ölkə, etibarlı tərəfdaş kimi tanınır, öz milli maraqlarını qətiyyətlə və ləyaqətlə qoruyur.

Hörmətli Müzəffər Ali Baş Komandan, Azərbaycan dövlətinin xarici siyasət kursunun ən mühüm prioritetlərindən biri torpaqlarımızın işğaldan azad edilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həllinə nail olmaq idi. Ümummilli liderimiz Heydər Əliyevin, daha sonra Sizin rəhbərliyiniz altında diplomatik fəaliyyətimi davam etdirdiyim müddətdə Azərbaycanın bu münaqişənin ədalətli həlli üçün həyata keçirdiyi strateji kursun qətiyyətli, çoxşaxəli, genişmiqyaslı olduğunu və milli maraqlara əsaslandığını şəxsən görmüşəm, unudulmaz tarixi anlara şahidlik etmişəm. Bu, dövlətini, xalqını, Vətənini sevən hər bir Azərbaycan vətəndaşı kimi, məndə də sonsuz qürur və sevinc hissi yaradıb.

Xarici və daxili siyasətin tərəfinizdən uğurla davam etdirilməsinin nəticəsi olaraq Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək uğrunda apardığı haqq mübarizəsində tarixi nailiyyətlər qazanıb. Sizin Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlı xalqa müraciətinizdə bizə yaşatdığınız sevinc və tarixi anlar hamımızı qürurlandırdı. Xüsusilə də ulu öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirməyinizlə bağlı sözləriniz bir daha Azərbaycanın dünəninin, bu gününün və sabahının Ümummilli Liderimizlə bağlı olduğunu sübut etdi.

Möhtərəm cənab Prezident, noyabrın 10-da xalqa verdiyiniz böyük Qələbə müjdəsi dünyada yaşayan hər bir azərbaycanlını fərəhləndirdi. Sizin rəhbərliyinizlə öz xilaskarlıq missiyasını şərəflə və uğurla davam etdirən Azərbaycan Ordusunun tarixi Qələbəsi xalqımız tərəfindən böyük coşqu və ruh yüksəkliyi ilə qarşılanır.

Son yüzilliklərdə yaşamadığımız Qələbə sevincini bizə yaşatmaqla, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanı birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasına başlanılmasına nail olmaqla Siz ölkəmizin yeni şanlı tarixini yazdınız.

Mən uzun müddət Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən vətəndaş, Milli Məclisin deputatı, diplomat, hazırda təqaüddə olan səfir kimi bu tarixi Qələbə münasibətilə Sizi təbrik edir və şəxsinizə sonsuz minnətdarlığımı bildirirəm.

İnanıram ki, işğaldan azad edilən torpaqlarımız tezliklə bərpa olunacaq, respublikamızın bütün bölgələrində olduğu kimi, həmin şəhər və rayonlarda da Ulu Öndərin abidəsi ucaldılacaq, onun göz bəbəyi kimi sevdiyi üçrəngli bayrağımız qürurla və əzəmətlə dalğalanacaqdır!

Hörmət və ehtiramla,

Əliyev Yaşar, Azərbaycan Respublikası Milli Məclisinin sabiq vitse-spikeri, Azərbaycanın Çindəki sabiq səfiri.

Azərbaycan Respublikası, Bakı şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi