Sübut Əsədovdan, Bakı, Azərbaycan


15 noyabr 2020, 15:22
Cənab Prezident.
Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusunun möhtəşəm Qələbəsi, Qarabağın işğaldan azad edilməsi Azərbaycan xalqına və dünya azərbaycanlılarına böyük sevinc, fərəh və qürur hissi bəxş etmişdir.
Azərbaycanın rəşadətli Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində qələbə xəbərləri yayıldıqca Qarabağın azadlığa qovuşacağı günün tezliklə olacağına bütün xalqımız kimi, Azərbaycan Respublikaçılar Partiyasının üzvləri də bir nəfər kimi inanırdı və o günü səbirsizliklə gözləyirdi.
Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun rəşadəti sayəsində Qarabağ işğaldan azad edilərək 28 il davam edən həsrətə son qoyuldu. 10 noyabr 2020-ci il Azərbaycanın şanlı tarixinə əbədi olaraq qızıl hərflərlə həkk edildi.
Sizin müdrik, uzaqgörən, ardıcıl və prinsipial daxili və xarici siyasətinizin məntiqi nəticəsi olaraq xalqımız bu Qələbəni yaşadı.
İqtisadiyyatın inkişaf etdirilməsi, ölkəmizdə siyasi sabitlik, iqtidar - xalq birliyi, milli həmrəylik təmin edilərək, Milli Ordumuzun möhkəm təməli yaradılmışdır.
Sizin bir müdrik ifadənizi qeyd etmək istəyirəm: “Əsl siyasət real və konkret iş görməkdən ibarətdir”. Bəli, müstəqil dövlətimizə rəhbərliyiniz dövründə ordu quruculuğı respublikamızın hər bir guşəsində aparılan abadlıq quruculuq işləri, yol infrastrukturu, pensiya islahatı, kadr islahatları, korrupsiya ilə mübarizə, ictimai-siyasi sabitlik, xarici əlaqələr, humanitar siyasətiniz, iqtidar müxalifət dialoqunun yaradılması və milli həmrəyliyə nail olmağınız bunun bariz nümunəsidir.
Qarabağ uğrunda Qələbəmizin əsas şərti də elə budur!
Azərbaycan Respublikaçılar Partiyasının bütün üzvləri sevinir və qürur duyur ki, Azərbaycan Ordusunun şəxsi heyəti Qarabağ savaşı başlayan dövrdən şəhidlərimizin, qətlə yetirilən günahsız uşaqların, qadınların, qocaların qanını yerdə qoymadı. İnanırıq ki, düşmən aldığı sarsıdıcı zərbələri heç vaxt unutmayacaqdır.
Bu onlara layiqli bir dərs olacaqdır.
Azərbaycan Ordusunun zəfər yürüşü davam edir, düşmən sonadək bütün torpaqlarımızdan qovulur. Bu xalqımızın çoxəsrlik tarixinin ən möhtəşəm səhifəsidir və onu Siz yazdınız, müzəffər Ali Baş Komandan.
Allah Sizi və Azərbaycanı qorusun!
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Sübut Əsədov
Şəhid qardaşı, Azərbaycan Respublikaçılar Partiyasının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri.