İlham Əliyev Ağstafada Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli avtomobil yolunun açılışında iştirak etmişdir
12 aprel 2012, 16:30
Prezident İlham Əliyev Ağstafa rayonuna səfəri çərçivəsində Poylu, Xətai, Yenigün və Aşağı Göyçəli kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi uzunluğu 7,5 kilometr olan yolun qısa müddətdə müasir tələblər səviyyəsində qurulması üçün bütün qüvvələr səfərbər olunmuşdur. Yolun əhatə etdiyi kəndlərdə 6 mindən çox əhali yaşayır.
Yolun istifadəyə verilməsi onlar üçün həm rahatlıq, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Burada tikinti işləri zamanı abadlıq tədbirlərinə də xüsusi diqqət yetirilmiş, yolboyu görkəmsiz tikililər təmir olunmuş, yaşıllıq zolaqları salınmışdır. Burada, həmçinin üç müasir avtobus dayanacağı yaradılmış və çoxsaylı yol nişanları quraşdırılmışdır.
Prezident İlham Əliyev kəndlərin sakinləri ilə görüşdü.
Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkli çəkdirildi.