Zakir Qaralovdan, Bakı, Azərbaycan


14 noyabr 2020, 18:00
Möhtərəm Prezident!
Sizi böyük siyasi rəşadət və və sərkərdəlik məharəti göstərməklə çağdaş dünyanın ən ağır münaqişələrindən biri – müxtəlif siyasi mərkəzlər tərəfindən əsassız bəhanələrlə müşkül hala gətirilmiş, istər ölkəmizi, istərsə də bütün geosiyasi regionu on illərlə böyük gərginlik altında saxlayan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin köklü həlli istiqamətində əldə etdiyiniz nəhəng Qələbə münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, milli maraqlarımız naminə gördüyünüz bütün işlərdə davamlı inam və qətiyyət arzulayırıq!
Biz yaxşı bilirik ki, bugünkü müvəffəqiyyətin kökündə təməli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Sizin uğurla davam etdirdiyiniz nizami ordu quruculuğu, indi iftixar hiss ilə Müzəffər Ordu adlandırdığımız Silahlı Qüvvələrimizin böyük uzaqgörənliklə ən müasir silahlarla təchiz olunması, ölkədə çox ciddi məsrəflər tələb edən müasir müharibəni belə qətiyyətlə aparmağa imkan verə biləcək iqtisadiyyat yaradılması və dəfələrlə böyük qürurla qeyd etdiyiniz sarsılmaz iqtidar-xalq birliyi dayanır. Bunun məntiqi nəticəsidir ki, ötən əsrin sonlarında üzləşdiyi 20 Yanvar və Xocalı Soyqırımı kimi faciələrə, minlərlə şəhid verməklə torpaqlarının 20 faizini itirmək məcburiyyətinə məruz qalmış Azərbaycan xalqı, bu gün öz vətənpərvər Prezidenti ətrafında sıx birləşərək döyüş meydanlarında göstərdiyi şücaətlə “Qarabağ Azərbaycandır!” deyə-deyə bütün dünyaya öz qüdrətini nümayiş etdirmiş, öz üç rəngli bayrağını mənfur düşməndən azad etdiyi müqəddəs Qarabağın kənd və qəsəbələrinə, ən uca zirvələrinə sancaraq, ağır şərtlər qarşısında qoyulan bir xalqdan, öz şərtərini diqtə edən xalqa çevrilmişdir.
Müzəffər Ali Baş Komandan, müdrik rəhbərliyinizlə, məhz Sizin sarsılmaz iradənizlə, cəsarətinizlə, əzmkarlığınız və qətiyyətiniz sayəsində 2020-ci il sentyabrın 27-dən davam edən hərbi əməliyyatlar dövründə Azərbaycan Ordusu bu başda Azərbaycanın mirvarisi – Şuşa şəhəri olmaqla, təqribən 300 yaşayış məntəqəsini, o cümlədən 5 şəhəri və 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri azad etdi. Eləcə də bizim möhtəşəm Qələbəmizi rəsmiləşdirən 2020-ci il 10 noyabr tarixli imzaladığınız bəyanata əsasən qeyd olunan tarixlərdə digər 3 rayonumuz azad edilir.
Sizin müdrik rəhbərliyinizlə müasir Azərbaycan tarixinin ən parlaq səhifələrinin yazılmasına şahid olmağımızla fəxr edir, müsəlləh əsgər kimi həmişə yanınızda olmağımızdan qürur duyduğumuzu bildirməklə, dövlətimizi tanıtmağa və ona baş ucalığı gətirməyə xidmət edən bütün fəaliyyəlinizdə Sizə böyük uğurlar arzulayırıq.
Hörmətlə,
Zakir Qaralov,
Azərbaycan Respublikasının Əməkdar hüquqşünası.
Azərbaycan Respublikası, Bakı şəhəri.