Yusif Həsənbəydən, Bakı, Azərbaycan


14 noyabr 2020, 15:06
Möhtərəm Prezident cənab İlham Əliyev.
Neçə gündür ki, şəhərimiz, obalarımız, kəndlərimiz işğaldan azad olunmuş Qarabağın qələbə sevincini yaşayır. Düşmən Qarabağımızı zəbt etmişdi. Uzaqgörən ümummilli liderimiz Heydər Əliyev atəşkəsə nail olsa da atəş kəsilmədi. Ancaq Hydər Əliyev “eybi yoxdur, Azərbaycan xalqı dözümlü xalqdır” dedi və biz 27 il dözdük. Dolan bulud boşalmalıydı, nəhayət xalqın səbr kasası daşdı.
Əzizimiz İlham Əliyev, Siz ən nüfuzlu tribunalarda Azərbaycanın üsyan və intiqam haraylarını dünyaya car çəkən xalqın dili və səsi oldunuz. Nəticədə daşdan keçən qətnamələr, qərarlar qazandı xalq! Bu sənədlərlə Qarabağın Azərbaycan torpağı olduğu təsdiqləndi. Ancaq yetimə can-can deyən çox olar, çörək verən olmaz. Düşmən get-gedə quduzlaşdı. Azərbaycanı bütünlüklə zəbt etmək eşqi ilə Qarabağda çalıb-oynadı.
Siz təkcə Azərbaycanda deyil, dünyada azadlığa, müstəqilliyə qovuşmaq istəyənlərin döyüş taktikasını və qələbə xəritəsini hazırladınız. Qələbə mərhələ-mərhələ qazanıldı.
İntiqamı, qan əvəzini dinc əhalidən yox, üz-üzə döyüşlərdə atəş istehkamlarında, artilleriya silahlarını məhv etməklə aldınız. Siz ad-san qazanıb tarix səhifələrində əbədiləşməyi yox, faşizmi məhv edib, insanlığı əbədi yaşatmağa üstünlük verdiniz.
Analar Sizə oğul dedi, oğullar sərkərdə, Baş Komandan! Yanacağımızla isinən ölkələr Odlar yurdu Azərbaycan torpağını həm də müqəddəs Zərdüşt ocağı kimi tanıyırlar.
Siz Ali Baş Komandan olaraq cəsur, qorxubilməzsiniz. Dövlət başçısı kimi uzaqgörən, savadlı, müasirsiniz, həm də köməksizlərə əl yetirirsiniz. Siyasətiniz sayəsində ölkəmizdə yaşayan xalqların, millətlərin doğma, şirin Vətəni Azərbaycan dünyaya göstərdi ki, Sizin kimi rəhbərin arxasınca getmək olar.
Möhtərəm Prezident, Siz nə vaxt dincəlirsiniz, nə vaxt rahatlıq tapırsınız? Yeni bir neft yatağı istismara veriləndə, yeni bir kəmər, yeni bir yol, məktəb istifadəyə veriləndə Sizin xalqımıza ruh verən, dağlara qaldıran şüarlarınız var: “Qoy insanlar dinc-firavan yaşasınlar”, “Dövlətimiz gündən-günə güclənməlidir”, “Azərbaycan dünyaya nümunə olmalıdır”.
Sizin qəlbiniz həyat eşqilə coşub daşır. Gözlərinizdə qaynayan sevinc və fərəh işıqları uzun ömrün təminatçısıdır.
Möhtərəm Prezidentimiz, xalqın bir arzusuyla bitirirım məktubumu:
Sizi cani-ürəkdən sevən xalqımızla daim və bir yerdə sağlam görək!
Hörmətlə,
Yusif Həsənbəy
Əməkdar incəsənət xadimi, şair, nasir
Azərbaycan Respublikası, Bakı şəhəri.