İlham Əliyev Qazaxda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir
12 aprel 2012, 11:30
Prezident İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonuna gəlmişdir.
Dövlət başçısı əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Qazax Rayon İcra Hakimiyyətinin başcısı Ayaz Əsgərov Prezident İlham Əliyevə ulu öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Bildirildi ki, dörd hektar ərazini əhatə edən parkda tikinti işləri bu ilin yanvar-aprel aylarında aparılmışdır. Ərazinin yenidən qurulan iki hektar sahəsinə dekorativ daşlar, qranit plitələr döşənmiş və asfalt örtük salınmışdır. Burada 10 min kvadratmetr sahədə yaşıllıq zolağı salınmış, dekorativ ağac və gül kolları əkilmişdir. Müasir memarlıq üslubunda inşa olunmuş iki fəvvarə Heydər Əliyev parkını daha da gözəlləşdirmişdir. Parkda yol və səkilərin kənarları, girişi qranit və dekorativ daşlarla bəzədilmişdir. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılmış və oturacaqlar qoyulmuşdur.
Görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.