Əmiraslan Cəfərovdan, Qusar, Azərbaycan


13 noyabr 2020, 14:07
Hörmətli cənab Prezident.
Bu gün Azərbaycan Respublikasının xilaskarı, qurucusu, banisi, dünya azərbaycanliların Lideri, zəmanəmizin böyük şəxsiyyətlərindən biri, tanınmış siyasi və dövlət xadimi, bütün dünya miqyasında adını tarixə yazmış ümummilli liderimiz və ulu öndərimiz Heydər Əliyevin ruhu şaddır.
Siz ulu öndərimiz Heydər Əliyev Sizin barənizdə “Mən ona özüm kimi inanıram” sözlərini doğrultdunuz. Siz Ulu Öndərimizin arzularını həyata keçirdiniz. Özünüz demişkən, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. 30 ildə görülməyən işi Siz 44 gündə gördünüz.
Qüdrətli, şanlı Azərbaycan Ordusunun qələbəsi qərbi Azərbaycanın Göyçə mahalından didərgin düşmüş qaçqınları da sevindirir. Vətənə məhəbbət və ruh yüksəkliyi bizə qüvvət verir.
Müzəffər Ali Baş Komandan, Xalq şairi Səməd Vurğun demişkən:
Bilsin ana torpaq, eşitsin Vətən,
Müsəlləh əsgərəm mən də bu gündən!
2016-cı ilin aprel döyüşlərindəki zəfərdən sonra mərhum anam - 86 yaşlı Saniyə Cəfərova Sizə göndərdiyi təbrikində arzulayırdı ki, gün o gün olsun ki, üçrəngli Bayrağımız Şuşada dalğalansın. O gün gəlib çatdı. Bu gün onun da ruhu şaddır.
Ordumuzun ardıcıl qələbəsi, üçrəngli şanlı bayrağımız qürur yerimiz və Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində dalğalanır. Şuşanın azad olunmasını eşidəndə sevincimizdən gözlərimiz yaşardı.
Hörmətli Prezidentimiz, Şuşa şəhərinin azad olunması, Qələbə bayramı münasibətilə Sizi və xalqımızı təbrik edirik.
Şuşa bizimdir!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Əmiraslan Cəfərov
Azərbaycan Respublikası, Qusar rayonu.