“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsviri
12 noyabr 2020, 18:54
Azərbaycan Respublikasının 2020-ci il
6 oktyabr tarixli
Qanunu ilə təsdiq edilmişdir
Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” Azərbaycan Respublikasının yubiley medalı əlvan metaldan tökülmüş və qızıl suyuna çəkilmiş 42 mm x 35,5 mm ölçülü lövhədən ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
2.1. Lövhə dəfnə yarpaqları ilə hörülmüş çələnglə haşiyələnmişdir. Çələngin üzərindəki qurşağın yuxarı hissəsinin mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağının təsviri, digər hissələrində isə həmin bayrağın rəngləri əks etdirilmişdir.
2.2. Lövhənin içərisində yuxarı hissədə qövs boyunca “AZƏRBAYCAN DƏMİR YOLLARI”, aşağı hissədə qövs boyunca “AZERBAIJAN RAILWAYS” sözləri yazılmışdır. Lövhənin aşağısında çələngin üzərindəki beşbucaqlı çərçivənin içərisində “1880-2020” rəqəmləri həkk olunmuşdur.
2.3. Lövhənin mərkəzində günəş şüalarının fonunda “140” rəqəmi ilə müasir qatar siluetinin sintezindən ibarət kompozisiya təsvir olunmuşdur. Qatarın üzərində “2020” rəqəmləri həkk edilmişdir.
2.4. Bütün elementlər, yazılar və rəqəmlər relyefli olaraq qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
3.1. Medalın arxa tərəfi hamar səthlidir, lövhənin yuxarı hissəsində “AZƏRBAYCAN DƏMİR YOLLARI” sözləri yazılmışdır, lövhənin mərkəzində “140” və “1880” rəqəmləri ilə XIX əsrin sonuna aid lokomotiv siluetinin sintezindən ibarət kompozisiya təsvir edilmişdir.
3.2. Lövhənin aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü beşbucaqlı xara lentə ilgək və iki halqa vasitəsilə birləşdirilir.
4.2. Xara lentin mərkəzində 6 mm enində tünd göy rəngli, mərkəzdən sol və sağ kənarlara doğru ardıcıl olaraq 3 mm enində qırmızı, 9 mm enində tünd göy, 1,5 mm enində yaşıl, 2 mm enində tünd göy rəngli şaquli zolaqlar təsvir olunmuşdur.
4.3. Xara lentin yuxarı hissəsinə üzərində üç üfüqi zolaq əks olunmuş 40 mm x 5,5 mm ölçülü lövhə bərkidilmişdir.
4.4. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.