Nadir Abiyevdən, Masallı, Azərbaycan


12 noyabr 2020, 16:06
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
Qarabağda Vətən müharibəsinin Qələbə ilə başa çatması ilə əlaqədar Sizi və Sizin simanızda bütün xalqımızı və müzəffər Ordumuzu təbrik edirik. Allah Sizi qorusun. Sizin peşəkar fəaliyyətiniz, istedadlı və güclü diplomatiyanız sayəsində Qarabağ savaşında əldə etdiyimiz zəfərlər Qələbəyə çevrildi. Bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda apardığınız islahat və tədbirlər nəticəsində şanlı Ordumuzu güclü bir qüvvəyə çevirdiniz və Sizin komandanlığınız altında həmin Ordu düşməni məhv edərək ərazilərimizi azad etdi. Son 200 il ərzində Azərbaycan xalqının ən ümdə arzularından birini həyata keçirdiniz.
Cənab Prezident, Ulu Öndərin məzarını ziyarət edərək onun vəsiyyətini yerinə yetirdiyinizi xalqa bildirdiniz. Buna görə də özünüzə xalqın sevgi və məhəbbətini artırdınız. Sizin ətrafınızda xalqın bir yumruq kimi birləşməsi əbədi və sonsuz olacaq. Siz Azərbaycan xalqının görən gözü, düşünən beyni və vuran əlisiniz. Siz xalqımızın qızıl sərvətisiniz. Bu Qələbəyə görə Siz generalissimus tituluna, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülməlisiniz.
Eşq olsun şanlı Ordumuza! Bütün şəhidlərimizə Allah rəhmət eləsin.
Yaşasın Azərbaycan xalqı və yaşasın əvəzolunmaz Prezidentimiz İlham Əliyev!
Hörmətlə,
Abiyev Nadir Mikayıl oğlu
Azərbaycan Respublikası, Masallı rayonu.