Həsən Həsənovdan, Varşava, Polşa


12 noyabr 2020, 15:27
Möhtərəm cənab Prezident,
Sizə yazdığım bu məktub uzunmüddətli düşüncələrimin məhsuludur. Əsrlərlə yaradılmış möhtəşəm dövlətimiz XVIII əsrin ortalarında parçalandı, XIX əsrdən başlayaraq 200 ildən çox müddətdə torpaqlarımızı itirə-itirə yaşadıq və dözümlülük göstərdik. Lakin xalqımızın nə iradəsi, nə də milli ruhu sarsılmadı. 200 illik torpaq məğlubiyyətlərimizə Siz son qoydunuz, cənab Prezident! “Çox sağ ol”, “Təşəkkür”, “Alqış” sözləri Sizin bu xidmətinizi tam həcmdə dəyərləndirmək imkanı vermir.
Şuşa tarix boyu iki dəfə XVIII və XIX əsrlərdə zəbt olunmuş, nəticədə qəsbkarların ikisi də cismən məhv edilmişlər. Siz isə düşmənlərimizi həm cismən, həm də mənən məhv edirsiniz. Tarix boyu xalqımızda yüzlərlə alqışlar və şüarlar mövcud olmuşdur. Əsrlərlə formalaşan, yüzlərlə bu alqışlara və şüarlara Siz öz şanlı töhfənizi verdiniz. Azərbaycan adlı dövlətimizin 2700 illik tarixi var. Sizin irəli sürdüyünüz “Qarabağ Azərbaycandır!” şüarınız dövlətimizin gələcək minilliklər boyu tarixində parlaq şüar kimi qalacaq.
Siz vaxtı reallıqda gördüyünüz halda, mənfur düşmənlər vaxtı sərsəm yuxulara əsaslanaraq keçirirdilər. Siz xalqımızın haqq səsini dünyaya çatdırdınız, xalqımızın dəmir iradəsini daha da möhkəmləndirdiniz, iqtidarla xalqımızı bir yumruq kimi birləşdirdiniz. Ermənilər xalqımızı ərazilərə, müxtəlif dinlərə və dillərə, icmalara parçalamaq yolunda mənfurcasına fəaliyyət göstərmişlər. Sizin rəhbərliyiniz altında həyata keçirilən daxili siyasət və silsilə qələbələr onların on illərlə qurduqları fitnə-fəsadları bir andaca puç etdi. Azərbaycan xalqı və Azərbaycan vətəndaş cəmiyyəti tarixdə görünməmiş bir birlik nümayiş etdirməkdədir.
27 il ərzində xalqın böyük hissəsi, bəzən, torpaqlarımızın azad olmaq ümidini itirdiyi vaxtlar Siz polad iradənizlə və tam əminliklə xalqa ümid verirdiniz. Bu illər boyu Azərbaycana və şəxsən Sizə olan təzyiqlərdən xəbərdarıq. Sizin bu təzyiqləri dəf etməyiniz özü belə qəhrəmanlıqdır. Sizin əyilməz iradəniz, şəxsi cəsarətiniz həm xalqa, həm orduya ruh verməkdədir. Dünyanı qloballaşma bürüdüyü zaman gənclərlimizin milli düşüncəsinin və vətənpərvərliyinin parlaq təzahürü ordumuzun qələbələri ilə həm-ahənglik yaradır.
Dövlət başçısının əsas qabiliyyəti xalqı ilə ünsiyyət yaratmaq, güclü iqtisadiyyat və güclü ordu qurmaqdan ibarətdir. Siz bunu uğurla etdiniz. Sərkərdənin qabiliyyəti isə döyüş üçün vaxtı düzgün müəyyənləşdirməkdən ibarətdir. Siz bunu da uğurla etdiniz. Qəhrəman zabit və əsgərlərimiz düşmən tapdağında olan torpaqlarımızı azad etmək yönündə Sizin, onların qarşısında qoyduğunuz, əmr və tapşırıqlarınızı böyük mərdliklə, misilsiz şücaət göstərməklə və yüksək peşəkarlıqla yerinə yetirirlər. Torpaqlarımızı işğalçılardan azad edərkən şəhid olan zabit və əsgərlərimizin qanı yerdə qalmamış, intiqamları döyüş meydanında alınmış və alınmaqdadır. Allahdan şəhidlərimizə rəhmət diləyir, onların ruhları qarşısında baş əyirik.
Xalqımız dastanlarını böyük əcdadlarımız olan Dədə-Qorqud, Oğuz xan, Koroğlu, şərəfinə yaradıblar. Sizin bu qələbəniz zəmanəmizin dastanını yaratmaq üçün möhtəşəm bir mövzudur.
Siz noyabrın 8-də ulu öndərimiz Heydər Əliyevin qəbrini ziyarət etdiniz. Sizinlə və bütün vətənpərvərlərlə birlikdə mən də onun ruhu qarşısında baş əyirəm. Onun xidmətləri danılmazdı. Sizin kimi bir şəxsiyyəti dövlət başçısı olaraq xalqımıza tövsiyə etməyi Ulu Öndərin ən uğurlu xidmətlərindəndir. Xalqımızda qədimdən bir adət var, el arasında hörmət qazanan, xalqına vicdanla qulluq edən şəxsə deyərlər “Sənin atana rəhmət”, “Sənin anana rəhmət”. Siz da bu alqışları dəfələrlə qazanırsınız və bunlar valideynlərinizə qaytardığınız borcun ən ucasıdır.
Müzəffər Ali Baş Komandan!
Sizin qürurla dediyiniz: “Əziz Şuşa sən azadsan, Əziz Şuşa biz qayıtmışıq. Əziz Şuşa biz səni dirçəldəcəyik”, sözləriniz, milyonla azərbaycanlılarla yanaşı məni də kövrəltdi.
Şuşamızın işğaldan azad edildiyi möhtəşəm qələbə günündə fürsətdən istifadə edərək. Sizə şəxsən öz adımdan, eyni zamanda ailəm və səfirliyin kollektivi adından ən səmimi təşəkkürümüzü bildirirəm. Tam əminliklə deyə bilərəm ki, Sizin Ali rəhbərliyiniz altında qısa zamanda işğal altında olan bütün torpaqlarımız mənfur düşmən tapdağından azad ediləcək və Azərbaycan xalqı möhtəşəm Qələbə Gününü təntənə ilə qeyd edəcəkdir.
Sizə xalqımızı Möhtəşəm Qələbəyə aparan bu yolda Allahdan qollarınıza təpər və möhkəm iradə diləyirəm.
Tanrı Sizə yar olsun, əzizimiz cənab Prezident!
Böyük sevinc, dərin hörmət və ən xoş arzularla,
Həsən Həsənov, Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri.
Polşa Respublikası, Varşava şəhəri.