İlham Əliyev Praqanın Vitkov Milli Memorialını ziyarət etmişdir
06 aprel 2012, 18:40
Prezident İlham Əliyev Çexiya Respublikasına dövlət səfəri çərçivəsində Praqanın Vitkov Milli Memorialını ziyarət etmişdir.
Praqanın qədim hissəsində yerləşən Vitkov Milli Memorialı 1929-1938-ci illərdə inşa olunmuşdur. Şəhərin ən hündür nöqtəsi olan bu təpədə 1420-ci ildə ağır döyüşdə qalib gələn sərkərdə Yan Jijkanın abidəsi qoyulmuşdur.
Azərbaycanın və Çexiyanın dövlət himnləri səsləndi.
Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.
Sonra Azərbaycan dövlətinin başçısı Vitkov Milli Memorialı Muzeyinin xatirə kitabını imzaladı.
Muzeylə tanışlıq zamanı Azərbaycan Prezidentinə məlumat verildi ki, bu memorial Çexiyanın qəhrəmanlıq tarixini əks etdirir. Ölkə tarixinin ən şanlı hadisələri bu memorialda əks olunmuşdur. Çex xalqının azadlıq mübarizəsi bu muzeyin ekspozisiyasının əsas hissəsini təşkil edir. Burada azadlıq hərəkatının önündə gedən çex ziyalılarının xatirəsi dərin ehtiramla yad olunur, onların həyat və fəaliyyəti haqqında buraya gələnlərə ətraflı məlumat verilir.
Ekspozisiyaya, həmçinin müxtəlif sənədlər, tarixi anları əks etdirən qiymətli fotolar və digər zəngin eksponatlar daxildir. İldə on minlərlə turist bu muzeyə gəlir və çex xalqının milli mübarizə tarixi haqqında ətraflı məlumat əldə edir.