Qırğız Respublikasının Prezidenti və xanımı Heydər Əliyev Fondunda olmuşlar
30 mart 2012, 22:00
Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev və xanımı Raisa Atambayeva Heydər Əliyev Fondunda olmuşlar.
Qırğız Respublikasının başçısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar.
Ali qonağa və xanımına Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Prezident Almazbek Atambayev və xanımı ulu öndər Heydər Əliyevin arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular.
Fondla tanışlıq zamanı qonaqlara məlumat verildi ki, ümummilli liderin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar.
Prezident Almazbek Atambayev Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı.
Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olundu.
Sonda Qırğız Respublikasının Prezidenti və xanımı Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmə tamaşa etdilər.
Qonaqlar Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrıldılar.