Elmira Şükürovadan, Bakı, Azərbaycan
06 noyabr 2020, 10:31
Hörmətli cənab Prezident.
Mənim 68 yaşım var. Mən Zəngilan rayonunun 8 nömrəli uşaq bağçasında musiqi müəllimi işləmişəm. Zəngilan işğal olunan zaman ailə üzvlərimlə bərabər Araz çayı üzərindən İran İslam Respublikasının ərazisinə keçdik. O vaxt erməni işğalçıları gözümüzün qabağında bütün şəhərə, Mincivan qəsəbəsinə od vurub yandırdılar. Arazın o tayında ah-naləmiz göyə qalxdı.
Bu gün isə mənim sevincimin həddi-hüdudu yoxdur. Sizin uzaqgörən siyasətiniz və qətiyyətli mövqeyiniz sayəsində biz gözəl Zəngilanımıza qovuşduq. Bizə bu sevinci bəxş etdiyinizə görə Sizə təşəkkür edirəm, cənab Prezidentim. Zəngilan torpağı - Süsən, Çinar, Şükürataz, Miyandərə, Alçalı yaylaqları yolumuzu gözləyir. Biz o yaylaqların bumbuz sularını içmişik, torpağında gəzmişik, uşaqlığımız, gəncliyimiz bu yaylaqlarda keçib.
Cənab Prezident, Siz Azərbaycan xalqının xilaskarısınız. Sizin komandanlığınızla Şuşamız, Laçınımız, Kəlbəcərimiz və Ağdamımız da tezliklə azad olunacaq, İnşallah!
Sizə el-obamın sakinləri və öz ailə üzvlərim adından dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrım Sizi hər zaman qorusun! Dünya durduqca yaşayasınız!
Qarabağ Azərbaycandır!
Mən bu şeiri Zəngilan azad edilən gün yazmışam və Sizə təqdim edirəm.
Bütün dünya qoy duysun,
Türkün uca səsini.
Azəri övladıyıq,
Vermərik yağılara
Min bir çiçək bitirən
Vətənimi, elimi.
Vətən bizimdir, bizim.
Torpaq bizimdir, bizim
Qarabağda oxuyan
Bülbül bizimdir bizim.
Bağda bitən bənövşə,
Düzdə bitən lalələr,
Çinar meşəsi bizim.
Nənəmin ocaq yeri,
Babam gəzən o dağlar,
O obalar, yaylaqlar
Hamısı bizimdir, bizim.
Otuz ildir xalqıma
Qənim kəsildin, yetər,
Bəsdir qanlar tökdüyün,
Bəsdir başlar kəsdiyin.
Yetər ki, zülm etdiyin.
Az qalıb axırına.
Azəri Heydər oğlu
Sərkərdəm İlham gəlir
Yüz min atlı igidlə.
Nağıllar qəhrəmanım
Ağ atlı oğlan gəlir
Gəlir qisas almağa
Ah, naləni, göz yaşın,
Yurd yerimi, obamı
Yağıdan qurtarmağa.
Əlində ulu Bayraq
Od-alov püskürərək,
Gəlir zəfər çalmağa.
Azərbaycan, türk elim,
Mənim şanlı diyarım,
Ay-ulduzlu Bayrağın
Göyə qalxsın, ucalsın!
Ay ulduzla görüşsün,
Qucaqlaşsın, öpüşsün.
Otuz illik bu həsrət
Axır ki, çin olsun,
Sevinsin el-obalar,
Mərd igidlər var olsun,
Qarabağ azad olsun.
Toy süfrəsi salınsın,
Xına yaxsın qız-gəlin,
Dünyamız xoşbəxt olsun.
Prezidentim sağ olsun,
Prezidentim sağ olsun!
Hörmətlə,
Elmira Şükürova
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-2 qəsəbəsi.