İlham Əliyev Salyanda əsaslı təmir və bərpa edilmiş Cümə məscidi ilə tanış olmuşdur
14 mart 2012, 13:00
Prezidenti İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində əsaslı təmir və bərpa edilmiş Cümə məscidi ilə tanış olmuşdur.
Dövlət başçısına məscidin ərazisində aparılan abadlıq və yenidənqurma işləri barədə məlumat verildi.
Prezident İlham Əliyev bu dini ocağın əvvəlki və indiki vəziyyətini əks etdirən stendlərə baxdı.
Dövlət başçısı Babazanan dağında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən müxtəlif dövrlərə aid əmək alətləri, bəzək əşyaları və digər tapıntılarla tanış oldu.
Sonra Prezident İlham Əliyev Cümə məscidində yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, tarixi abidə olan Cümə məscidi 1865-ci ildə tikilmişdir. Sovet hakimiyyəti illərində məscidin 21 günbəzindən 6-sı sökülmüş və dini məbəddən anbar kimi istifadə olunmuşdur. Sonralar məsciddə rayon rəsm qalereyası yerləşmişdir. 1992-ci ildən isə yenidən məscid kimi fəaliyyət göstərir.
Diqqətə çatdırıldı ki, 2003-cü ildə Kür çayının daşması ilə əlaqədar yaranan qrunt sularının təsiri nəticəsində daha 9 günbəzi uçmuş məscid yararsız vəziyyətə düşmüşdür. 2010-cu ilin fevralından Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məsciddə təmir-bərpa işlərinə başlanılmış, ötən ilin iyununda başa çatdırılmışdır. Hazırda məscid 18 günbəz, 12 sütun və bir minarədən ibarətdir. Məsciddə ibadət üçün hər cür şərait yaradılmışdır. Yeraltı sulardan mühafizə məqsədi ilə abidənin ətrafında drenaj sistemi quraşdırılmışdır.
Bildirildi ki, Cümə məscidi Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunur.
Məsciddə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.