İlham Əliyev Salyan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmişdir
14 mart 2012, 11:20
Prezident İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonunda olmuşdur.
Dövlət başçısı əvvəlcə Salyan şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış oldu.
Dövlət başçısı son bir ildə rayonda həyata keçirilən abadlıq-quruculuq işlərini əks etdirən stendlərə baxdı.
Prezident İlham Əliyevə il ərzində görülmüş işlər barədə məlumat verilərək bildirildi ki, dövlətimizin başçısının 2011-ci il 19 aprel tarixli Sərəncamı ilə ayrılan 2 milyon manat vəsait hesabına çoxmərtəbəli kommunal evlərin fasadları müasir memarlıq üslubunda təmir edilmiş, milli ornamentlərlə bəzədilmiş, küçələrdə 630 işıqlandırma dirəyi quraşdırılmışdır.
Daxili imkanlar hesabına Ələt-Astara magistral avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində 5 min metrdən çox istinad divarı tikilmiş və “Gülbax” daşla üzlənmişdir. Küçələr abadlaşdırılmış, geniş ərazidə yaşıllaşdırma işləri görülmüşdür.