İlham Əliyev Astarada Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun açılışında iştirak etmişdir
13 mart 2012, 14:00
Astara rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun açılışında iştirak etmişdir.
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun 10 kilometrlik hissəsi əsaslı təmir olunmuşdur. Bu yoldan Kijəbə qəsəbəsinin və 9 kəndin 12 minə yaxın əhalisi, eyni zamanda, rayon mərkəzindən 25 kilometr məsafədə yerləşən Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 13 kəndində yaşayan 7 minə yaxın sakini istifadə edir. Qəsəbənin girişində Bayraq Meydanı tikilmiş, dirəyinin hündürlüyü 25 metr olan dövlət bayrağı ucaldılmışdır. Ərazidə istirahət parkı da salınmışdır. Qəsəbəyə gedən yol genişləndirilmiş, yol boyu abadlıq işləri görülmüşdür.
Bildirildi ki, qəsəbədə dəfələrlə olan ulu öndər Heydər Əliyevin göstərişi ilə 1960-cı illərin sonunda burada kənd təsərrüfatı sahələrinin suvarılmasında müstəsna əhəmiyyət kəsb edən Lovayın su anbarı tikilib istifadəyə verilmişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına isə həmin su anbarının təmirinə başlanmış və hazırda işlər davam etdirilir. Anbarın tutumu 6,3 milyon kubmetr, dərinliyi 17 metrdir. Burada yerləşən 4 aqreqatlı nasos stansiyasının köməyi ilə 1250 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir.
Prezident İlham Əliyev kənd sakinləri ilə görüşdü.
Prezident İlham ƏLİYEV açılış mərasimində iştirak edən sakinlərlə görüşərək dedi:
Mən Astarada tez-tez oluram. Sizin də bayramınız mübarək olsun. Təbrik edirəm.
SAKİN: Çox sağ olun. Minnətdarıq Sizə.
Prezident İlham ƏLİYEV: Bu bayram günündə çox yaxşı tədbirlər keçirdik. Həm Olimpiya Mərkəzinin, həm də mərkəzi xəstəxananın əsası təmir olunmuş binasının açılışında iştirak etmişəm. Xəstəxana çox bərbad vəziyyətdə idi. Demək olar ki, yox idi. İndi gözəl tibb ocağı yaradılıbdır.
SAKİN: Çox sağ olun. Minnətdarıq Sizə, cənab Prezident.
Prezident İlham ƏLİYEV: Yol tikintisi də çox vacib məsələdir. Keçən ilin aprel ayında da Astarada idim, başqa kənd yolunun açılışında iştirak edirdim. Bu gün, bir ildən sonra isə Kijəbə qəsəbəsini başqa kəndlərlə birləşdirən yolun açılışında iştirak edirəm. Yol həyatdır. Yol olmadan inkişaf ola bilməz.
SAKİN: Bu gözəlliyə, yaratdıqlarınıza görə bütün Astara əhalisi adından Sizə minnətdarıq. Bu gün bayramımız ikiqat olacaqdır. Sizin gəlişinizi də, çərşənbə bayramını da qeyd edərik. Sizə bu bayram günündə uğurlar arzulayırıq.
Prezident İlham ƏLİYEV: Sağ olun. Sizə də uğurlar arzulayıram. Mənim arzum ondan ibarətdir ki, hər bir kənddə, hər bir qəsəbədə işlər yaxşı getsin, yaşamaq üçün, işləmək üçün bütün şərait olsun. Qazlaşdırma gedir. İndi sizin kəndə qaz çəkilibdir, işıq vardır.
SAKİN: 24 saat təbii qazla təminatımız vardır. İşıq da 24 saat yanır.
Prezident İlham ƏLİYEV: Burada, Ərkivan kəndində əvvəl elektrik stansiyası tikdik. İndi yol vardır. Su layihəsi də icra edilir. Şəhərdə su-kanalizasiya layihəsi artıq başlamaq üzrədir. Qalan işlər indi sizdən asılıdır.
SAKİN: Çox sağ olun. Biz Sizi həmişə dəstəkləmişik, həmişə də bütün əhalimiz Sizi dəstəkləyəcəkdir.
Prezident İlham ƏLİYEV: Kənd təsərrüfatının inkişafı üçün də kreditlər, gübrələr, əlavə texnika verilir. Soyuducu anbarlar, taxıl anbarları tikilir. Yəni, biz istəyirik ki, bu inkişafa daha da güclü təkan verək. Çünki hər bir bölgədə, hər bir kənddə yaxşı şərait olsun, rifah artsın, iş yerləri açılsın və gözəl abadlıq işləri görülsün. Bu qəsəbə bir azdan sonra şəhərə oxşayacaqdır.
SAKİN: Çox sağ olun. Minnətdarıq Sizə. Allah Sizi hifz eləsin. Allah Sizə, ailənizə uzun ömür, cansağlığı versin.
Prezident İlham ƏLİYEV: Sağ olun. Mən Astara rayonunun bir neçə kəndində olmuşam, kənd-kənd gəzirəm.
SAKİN: Bu, ulu öndərimizdən qalan ənənədir. Çünki ulu öndərimiz 8 dəfə bu qəsəbədə olub. Sizdə bu ənənəni davam etdirirsiniz.
Prezident İlham ƏLİYEV: Səkkiz dəfə bu qəsəbədə olub? Onda mən hələ çox gəlməliyəm.
SAKIN: İnşallah. Allah qismət eləsin gələsiniz.
Prezident İlham ƏLİYEV: Keçən dəfə də Astaranın bir neçə kəndində olmuşam. Burada həm yol tikintisi ilə bağlı kəndlərdə olduq, sonra kiçik su elektrik stansiyasının təməlini qoyduq. Orada da işlər gedir. Yaxın zamanlarda o da istismara veriləcəkdir. Astaranı mən indi yaxından tanıyıram. Prezident kimi 5-ci dəfə gəlirəm. Əvvəlki dövrdə ulu öndərlə bərabər burada olmuşam. Hər dəfə burada yenilik, inkişaf görəndə ürəyim açılır. Sizin qədər mən də sevinirəm. Sizə cansağlığı, uğurlar arzulayıram.
SAKİNLƏR: Çox sağ olun. Biz Sizinlə fəxr edirik. Dünya arenasında da biz Sizinlə fəxr edirik. Bütün Azərbaycan xalqı kimi, Astara ictimaiyyəti də həmişə Sizinlədir. Çalışarıq etimadınızı doğruldaq. Dövlətimizin bu gözəl qayğısına biz də işimizlə cavab verək.
Sonda xatirə şəkli çəkdirildi.