İsgəndər Əhmədovdan, Balakən, Azərbaycan
28 oktyabr 2020, 13:55
Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.
Sizi Balakən rayon sakinləri adından salamlayır, fəaliyyətinizi dəstəklədiyimizi bildirir, uğurlar arzulayıram. Milli Ordumuza ərazi bütövlüyümüzün bərpası mübarizəsinə başlamaq əmri verdiyinizə görə Sizə minnətdarlığımı bildirirəm.
Şanlı Ordumuzun bu qısa müddətdə qazandığı uğurlar münasibətilə Sizi səmimi-qəlbdən təbik edirəm. Müharibənin ilk günündən Sizin qətiyyətiniz, mahir sərkərdəlik istedadınız bütün Türk dünyasını valeh etmişdir. Bizim savaşımız ədalətli savaşdır. Tanrı Sizə, xalqımıza, Ordumuza yar olsun. Vətənimizin xoş gələcəyi naminə düşməni son əsgərinə kimi torpaqlarımızdan çıxarmalı və ya məhv etməliyik. Döyüş tapşırığını icra edən güclü, cəsur Azərbaycan əsgərinə heç nə mane ola bilməz. Ordumuzun düşmənə qarşı mübarizəsində əldə etdiyi uğurlar xalqımızın ruhunu oyatdı. Əsgərimizin rəşadəti Azərbaycan xalqını sevinc və qürur göz yaşlarına boğdu.
Cənab Prezident, mən bir balakənli kimi qaniçən ermənilərin torpaqlarımıza göz dikməsini, xalqımıza qarşı törətdikləri genosid siyasətini pisləyirəm. Ona görə də hər birimiz kimi torpaqlarımızın azadlığı uğrunda şəhid olmaq bahasına belə olsa, doğma Qarabağımızın gələcək nəsillərə ötürülməsini müqəddəs borc hesab edirəm.
Sizin yürütdüyünüz uzaqgörən və müdrik siyasət nəticəsində şanlı Ordumuzun mənfur düşmən üzərində qazandığı qələbələr xalqımıza sevinc və qürur bəxş etmişdir. Xalqımız bu anları çoxdan gözləyirdi. Ona görə də uşaqdan-böyüyə hamı bu gün Sizin ətrafınızda birləşib və rəşadətli əsgərlərimizin zəfər yürüşlərini böyük ruh yüksəkliyi ilə izləyir. Qədim, əzəli torpaqlarımız hər dəfə düşmən işğalından azad edildikcə qəlbimiz dağa dönür.
Ermənilərin beynəlxalq təşkilatların qərarlarını və ictimaiyyətin rəyini nəzərə almayaraq işğalı davam etdirmələri, mülki əhaliyə qarşı insanlığa sığmayan cinayətlər törətməsi qəbuledilməzdir. Ona görə də o öz cəzasını layiqli şəkildə almalıdırlar. Ermənistan və onun havadarları məhz bizim şanlı Ordumuzun və Sizin qətiyyətli diplomatiyanızın sayəsində sülhə məcbur ediləcəkdir.
Müzəffər Ali Baş Komandan, apardığımız bu haqq mübarizəmizdə qazanılan uğurlar barədə növbəti xəbərləri səbirsizliklə gözləyirik. Şuşada, Cıdır düzündə Qələbə Bayrağının tezliklə sancılacağına inanırıq.
Sizin dünya ölkələrinin televiziya və mətbuat nümayəndələrinə verdiyiniz müsahibələrdə təqdim etdiyiniz sübutlar da bizim haqq yolunda olduğumuzu göstərir. Silahlı Qüvvələrimiz də bu haqq yolunu tutaraq düşmənin canlı qüvvəsini və texnikasını sıradan çıxarır, onları torpaqlarımızdan qovur, bununla Azərbaycan Ordusunun necə güclü və qüdrətli olduğunu sübut edir.
Müzəffər Ali Baş Komandan, Sizə bu məzmunda təşəkkür məktubu yazmaq mənim çoxdankı arzum idi. Bu arzuma çatdığıma görə sevinirəm və Sizinlə fəxr edirəm. Bu gün ön cəbhədə düşmənlə üz-üzə olan əsgərlərimizin şücaəti qarşısında baş əyirəm. Onların qəhrəmanlığı sayəsində ermənilərin doğma yurdlarımızdan qaçmaqdan başqa yolu yoxdur.
Qələbə bizmdir! Yaşasın Azərbaycan!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə,
İsgəndər Əhmədov
Azərbaycan Respublikası, Balakən rayonu, Püştətala kəndi.