Elxan Süleymanovdan, Bakı, Azərbaycan
26 oktyabr 2020, 12:28
Möhtərəm Prezidentimiz, hörmətli Ali Baş Komandan.
Azərbaycan xalqı öz tarixinin ən şanlı səhifələrini yaşayır. Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusu tarix yazır — 28 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğal olunmuş, erməni tapdağı altında inildəyən Azərbaycan torpaqları yenidən öz həqiqi sahiblərinə qovuşur. Belə bir tarixi missiyaya Sizin rəhbərlik etməyinizdən məmnunluq və qürur duyuram.
Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktına biganəlik nümayiş etdirmişdir. Lakin Sizin düzgün və cəsarətli siyasətiniz və əmrinizlə rəşadətli Azərbaycan Ordusu qısa müddət ərzində düşmənin silahlı qüvvələrini darmadağın etmiş, torpaqlarımızın xeyli hissəsini, strateji yüksəklikləri, 28 ilə yaxın işğal altında qalmış bir çox şəhər və kəndlərimizi azad etmiş, eləcə də Azərbaycanın İranla dövlət sərhədinə nəzarəti tam bərpa etmişdir.
Cənab Prezident, əldə edilmiş uğurlara ruhlanan Azərbaycan xalqı Sizin ətrafınızda daha da sıx birləşib. Ölkəmizin bütün vətəndaşları hər gün Sizin rəsmi “Twitter” səhifənizdə yeni qələbələr haqqında sevindirici xəbər gözləyir, hazırda bütün Azərbaycanın gözü Sizə yönəlmişdir. Ümidvaram ki, belə sevindirici və xoş xəbərlərdən biri də yaxın günlərdə Qarabağın incisi, gözü yaşlı Sərsəngin işğaldan azad edilməsi barədə olacaqdır. Onun işğaldan azad olunması mənim üçün həyatım qədər önəmlidir. Çünki anasına həsrət qalmış uşaq kimi Sərsəngə qovuşmaq arzusundayam.
Azərbaycan Prezidentinin iradəsi və Azərbaycan Ordusunun rəşadəti bir daha sübut etdi ki, öz qərarlarına hörmət etməyən və ikili standartlara əsaslanaraq qərəzli fəaliyyət göstərən beynəlxalq təşkilatlar heç vaxt Azərbaycan ərazilərinin azad edilməsinə töhfə verə bilməz. Bu problemi yalnız Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız və onun formalaşdırdığı müasir, professional Azərbaycan Ordusu həll edə bilər. Azərbaycan ərazilərinin, o cümlədən Sərsəngin işğaldan azad olunması qeyd edilənlərin əyani sübutu olacaqdır.
Cənab Prezident, Siz Azərbaycan xalqının qürurunu qaytardınız, Siz torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan xalqında gələcəyə inamı gücləndirdiniz. Azərbaycan xalqına verdiyiniz bu sevincə, səadətə, gələcəyə inama görə Sizin qarşınızda hər bir azərbaycanlı kimi mən də baş əyərək, Sizə öz minnətdarlığımı çatdırıram. Bütün uğurlarımızda bizə mənəvi dəstək verən böyük türk xalqına öz minnətdarlığımı bildirirəm.
Siz, Azərbaycanın itirdiyi torpaqları geri qaytaran cəsur, qəhrəman, məğlubedilməz sərkərdə kimi tarixdə, gələcək nəsillərin yaddaşında və ürəklərində yaşayacaqsınız.
Yaşasın Azərbaycan!
Eşq olsun şanlı Azərbaycan Ordusuna və onun Ali Baş Komandanına!
Qələbə bizimlədir!
Qarabağ Azərbaycandır!
Dərin ehtiram və hörmətlə,
Elxan Süleymanov,
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti.
Azərbaycan Respublikası, Bakı şəhəri.