İsmayıl Hüseynovdan, Tovuz, Azərbaycan


25 oktyabr 2020, 13:11
Hörmətli cənab Prezident.
Mən Tovuz rayonu Qovlar şəhərində yaşayır və “Arsinal” fermer təsərrüfatına rəhbərlik edirəm. Sahibkarlıq fəaliyyəti ilə yanaşı bədii yaradıcılıqla da məşğulam. 11 bədii kitab müəllifiyəm, “Qızıl Qələm” mükafatı almışam. 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən fəxri fərmanla təltif olunmuşam.
Bu gün Vətən Müharibəsi getdiyi bir vaxta bütün ailə üzvlərimlə birlikdə işğaldan azad olunmuş torpaqları dirçəltməyə, orada xariqələr yaratmaq arzusundayam.
Hamı kimi mən də sevincliyəm. Cəbhədən aldığımız xəbərlərlə ürəyimiz dağa dönür, azad olan torpaqlarımızın adını çəkiləndə göz yaşlarımı saxlaya bilmirəm. Biz inanırıq ki, tezliklə bütün torpaqlarımızın azad olunması xəbərini Azərbaycan xalqına çatdırmaq səadəti Sizə qismət olacaq.
İnkişafımızı gözü götürməyən mənfur ermənilərə, o cümlədən akademikləri Zori Balayana bizim ölkədə at oynada bilməyəcəyini deyirəm:
O nədir yazmısan, Zori Balayan?
“Bala”-da bizdədir, “Zor”-da bizdədir.
Ölmək istəyirsənsə gəl Qarabağa
Kəfən də bizdədir, gor da bizdədir.
Cənab Prezident, memarı və qurucusu ulu öndər Heydər Əliyev olan bu dövlət bu gün Sizin sayənizdə böyük dövlətlərlə bir sırada durur.
Tur dağında Musanın Tur eşqinə,
Məhəmmədin alnındakı nur eşqinə,
Quran, İncil, Tövrat, Zəbur eşqinə,
Allah səni Pənahında saxlasın.
Hər qaşında Quranın bir ayəsi,
Sevilməkdi insanlığın qayəsi,
Üzərindən çəkilməsin sayəsi,
Allah səni Pənahında saxlasın!
Sizin sayənizdə gündən-günə inkişaf edən, gözəlləşən ölkəmizə görə ürəyimiz köksümüzə sığmır. Yenə hisslərimizi şeirlə çatdırırıq:
Zirvələr ucadır, dərələr dərin,
Dağlardan içdiyimiz bulaqlar sərin,
Qələbə müjdəsi şirindən şirin,
Münbit torpağımız gör neçə qatdır.
Bax bu yaşamaqdır , bax bu həyatdır.
Elə ki, ömrümü güldürdü taxtım
Elə ki, ömrümü güldürdü taxtım,
Köməyim ki, Prezidentin səsinə çatdı
Bax onda qulaqlarım sevincdən batdı
Bax bu yaşamaqdır, bax bu həyatdır.
Cənab Prezident, doğrudan da rəhbəri olduğunuz bu abad yollu, işıqlı Azərbaycanda yaşamaq şirindir.
Kim bəxtindən taleyindən yarıdı,
Kimi bəxti axıracan sarıdı,
Dünya çiçək, insan oğlu arıdı,
Aman Allah, dünya necə şirindi.
Baxmaq üçün dərəsi var, bəndi var,
Gəzmək çün şəhəri var, kəndi var,
Şəkəri var, pətəyi var, qəndi var,
Aman Allah, dünya necə şirindi.
Həqiqətən, bu boyda zəfərlərin qazanılmasında, Sizin danılmaz rolunuz var. Qədim bir bayatıda deyilir:
Əzizinəm Ordubada,
Yol gedir Ordubada
Sərkərdə qoçaq olsa
Heç verməz ordu bada
Bugünkü döyüşlər Sizin mahir sərkərdə olduğunuzu göstərir. Qələbələrlə həm torpaq azad edirsiniz, həm də ölkəmizin haqq səsini dünyaya çatdırırsınız.
Azərbaycanda hər kəs adınızı sevgi ilə çəkir. Xalqımız Sizi Prezident seçərkən azadlıq, firavanlıq, güclü iqtisadiyyat yolunu da seçib. Siz bütün çətinliklərin öhdəsindən müdrik qərarlarla gəlirsiniz. Xalqımız da bilir ki, onun yolu Heydər yoludur, onun davamçısının yoludur. Bu xoşbəxt günləri Ulu Öndərimiz görməsə də, bu gün ruhu şaddır.
Tanrı Sizi, ailənizi qorusun!
Hörmətlə,
İsmayıl Hüseynov (İsmayıl Əmrah)
Azərbaycan Respublikası, Tovuz rayonu.