İlham Əliyev Bakının ərazi inkişaf planı ilə tanış olmuşdur
16 iyul 2010, 17:30
Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakının ərazi inkişaf planı ilə tanış olmuşdur.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov Prezident İlham Əliyevə Bakı şəhərinin Baş Planının (1986-2005-ci illər) icrası barədə məlumat verdi.
Bakı Dövlət Layihə İnstitutu tərəfindən 1:500 miqyasında hazırlanmış maket üzərində Prezident İlham Əliyevə inşası başa çatmış və hazırda davam edən tikililər haqqında məlumat verildi.
Dövlət başçısı Bakının küçə və prospektlərində, şəhərin digər yerlərində aparılacaq abadlıq və tikinti-quruculuq işləri ilə maraqlandı.
Prezident İlham Əliyev Bakıda aparılacaq tikinti işlərinin müasir tələblərə uyğun icrası barədə konkret tapşırıqlar, yeni tikililərlə bağlı təkliflərin hazırlanması barədə göstərişlıər verdi.
Prezident İlham Əliyev qeyd etdi ki, Bakının sahilboyu ərazilərində turizmin inkişafı üçün böyük imkanlar vardır. Bu məqsədlə dənizkənarı ərazilərdə kurort zonalarının salınması daha yaxşı olar. Dübəndi, Türkan və Zığ ərazilərində inkişafın layihələndirilməsi işlərinə başlanılmalıdır. Yeni tikililərdə problemlər kompleks şəkildə həllini tapmalıdır. Bundan əlavə, şəhərin mərkəzində sənaye müəssisələrinin inşasına icazə verilməməlidir.
Sonra dövlət başçısına Bakının mərkəzinin üçölçülü sxemi əsasında görüləcək işlər barədə məlumat verildi. Qeyd olundu ki, tikinti ərazilərinin sahibkarlara məhəllələr üzrə təklif edilməsi və inşaat işlərinin vahid layihə əsasında aparılması daha səmərəli nəticələr verər. Bu zaman yaşayış sahələri ilə yanaşı, parkların və əyləncə yerlərinin yaradılması da əvvəlcədən nəzərə alınmalıdır. Bununla yanaşı, məhəllələrin inşası zamanı avtomobil yollarının genişləndirilməsi tıxacların aradan qaldırılmasına və hərəkətin sərbəstliyinə imkan yaradar.
Prezident İlham Əliyev Bakı şəhərinin mərkəzi hissəsinin yenidən qurulmasının müfəssəl planlaşdırma layihəsi və təklif olunan nəqliyyat sxemi ilə birlikdə istinad planı, Bakı Baş planının 2030-cu ilədək inkişaf konsepsiyasının əsas prinsipləri ilə tanış oldu.
Dövlət başçısına Sumqayıt və Xırdalan şəhərlərinin ərazi inkişaf planı haqqında da məlumat verildi. Qeyd olundu ki, Azərbaycan paytaxtına yaxın olan bu şəhərlərdə aparılan yenidənqurma, abadlıq-quruculuq işləri Böyük Bakının inkişaf planına uyğunlaşdırılmalıdır.
Prezident İlham Əliyev Sumqayıt və Xırdalan şəhərləri üzrə təkliflərin mütəxəssislər tərəfindən ayrı-ayrılıqda öyrənilməsinin və dəqiqləşdirilməsinin vacibliyini vurğuladı.
Dövlət başçısı Bakı şəhərinin ərazi inkişaf planının icrasına dair tapşırıq və tövsiyələrini verdi.