İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının III ilinin yekunlarına həsr olunmuş konfransda iştirak etmişdir
28 fevral 2012, 15:00
“Baku Expo” Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.
Prezident İlham Əliyev konfransda iştirak etmişdir.
Mərkəzdə Dövlət Proqramın üçüncü ilinin yekunları ilə bağlı təqdimat olmuşdur. Təqdimatda ölkəmizin son illərdə sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar əksini tapmışdır.
2011-ci ildə ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirləri, o cümlədən tikilən və əsaslı təmir olunan təhsil və səhiyyə müəssisələri və digər sosial obyektlər barədə ətraflı məlumatların yer aldığı təqdimatda əhalinin elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması, yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlər müxtəlif cədvəl və diaqramlarla diqqətə çatdırılmışdır.
Təqdimatda Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə inşa olunan təhsil və səhiyyə müəssisələri haqqında da göstəricilər ətraflı şəkildə əks olunmuşdur.
Naxçıvan Muxtar Respublikasına həsr olunan bölmədə ötən il muxtar respublikada sosial-iqtisadi sahədə əldə edilən uğurlardan söhbət açılır.
Sahibkarlığın inkişafına həsr olunan stendlərdə ümumi daxili məhsulun artımında, müxtəlif istehsal və xidmət sahələrində özəl bölmənin payı barədə statistik rəqəmlər yerləşdirilmişdir.
Təqdimatda ölkəmizdə və beynəlxalq səviyyədə keçirilən yarışlarda idmançılarımızın qazandığı uğurlar, yeni idman komplekslərinin tikintisi, ümumiyyətlə idmanın inkişafına olan dövlət qayğısı barədə məlumat verilir.
Ekoloji məsələlərə həsr olunan bölmədə isə Azərbaycanda həyata keçirilən meşə-bərpa və digər ekoloji tədbirlər barədə məlumatlar əksini tapmışdır.
İnformasiya-kommunikasiya texnologiyalarının iqtisadiyyatın mühüm sahələrindən birinə çevrilməsi bu mövzuya həsr olunan təqdimatda statistik rəqəmlər və diaqramlarla nümayiş etdirilmişdir.
Ötən il Azərbaycanın “Eurovision-2011” müsabiqəsində qələbəsinə həsr olunan xüsusi guşənin yaradıldığı təqdimatda ölkəmizin turizm potensialının inkişafı sahəsində görülən işlər də əksini tapmışdır.
Prezident İlham Əliyev konfransda giriş nitqi söyləmişdir.
Prezident İlham Əliyevin giriş nitqi
- Ölkəmizin uğurlu inkişafı artıq reallıqdır. Bunu Azərbaycan əhalisi bilir və görür. Dünya ictimaiyyəti də Azərbaycanın uğurları haqqında kifayət qədər dolğun məlumat əldə edir. Uğurlarımızın təməlində düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır.
İctimai-siyasi sabitlik Azərbaycanda 1990-cı illərdə təmin edilmişdir. 1990-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən xaos, anarxiya ölkəmizi uçuruma aparırdı. Ölkəmiz üçün həlledici illərdə bütün xoşagəlməz hallara ulu öndər Heydər Əliyevin rəhbərliyi altında son qoyuldu və Azərbaycanın uğurlu inkişafı təmin edildi. Məhz o illərdə yaradılmış və bu gün daha da möhkəmlənən ictimai-siyasi sabitlik ölkəmizə investisiyaların gətirilməsinə şərait yaratmışdır və ölkəmizin uğurlu inkişafına imkan vermişdir. Eyni zamanda, bizim əsas iqtisadi islahatlarımız da 1990-cı illərin ortalarında başlamışdır. Bu gün bu islahatlar davam edir və keyfiyyətcə yeni mərhələyə qədəm qoyur.
Ölkəmizin müasir inkişaf dövrü də çox uğurludur. İnkişafımızın təməlində, bir daha demək istəyirəm ki, siyasətimiz dayanır. Ölkəmizdə siyasət həm ictimai, həm də iqtisadi sahədə bir məqsədi güdür: Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəmizi gücləndirmək, regionda mövqelərimizi möhkəmləndirmək! Bizim əsas istiqamətimiz bundan ibarətdir.
Müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Bu proqramların içində əlbəttə ki, ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Bu proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri çox sürətlə inkişaf etməyə başlamışdır.
Proqramın qəbul edilməsi 2004-cü ilə təsadüf edir. Ancaq Proqram haqqında mən ondan əvvəlki illərdə də fikirləşirdim və 2003-cü ilin prezident seçkiləri ərəfəsində bildirmişdim ki, əgər xalq mənə etimad göstərərsə qəbul edilmiş proqramlar nəticəsində beş il ərzində - yəni, 2008-ci ilə qədər ölkəmizdə 600 minə qədər yeni iş yeri açılacaqdır. O vaxt bəziləri bu rəqəmlərə inanmırdı, bəziləri buna şübhə ilə yanaşırdı. Ancaq mən bilirdim ki, bunu etmək mümkündür. Çox şadam ki, qısa müddət ərzində - yəni, ondan da az dövrdə, təxminən dörd il ərzində 600 min yeni iş yeri yaradılmışdır.
Bütövlükdə 2004-2008-ci illərdə ölkəmizdə 760 min yeni iş yeri açılmışdır ki, bu da həm işsizliyin aradan qaldırılması, həm də yoxsulluğun aşağı salınması üçün xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, 2004-cü ildə qəbul edilmiş Proqram bizim bütün iqtisadi inkişafımıza təkan vermişdir.
Əlbəttə, iqtisadiyyatımızın böyük hissəsi neft-qaz sektorunda formalaşır. Ancaq neft-qaz sektorunda böyük sayda iş yerlərinin yaradılması mümkün deyildir. Ona görə bizim əsas istiqamətimiz qeyri-neft sektoruna yönəldilmişdir. Bu sektorun inkişafı həm ölkə iqtisadiyyatının şaxələndirilməsinə, həm də işsizliyin aradan qaldırılmasına yönəldilməli idi və belə də oldu.
Onu da qeyd etmək istəyirəm ki, bəzi hallarda bizim uğurlu iqtisadi inkişafımızı yalnız neft-qaz amili ilə bağlayırlar. Əlbəttə ki, neft-az amili mühüm rol oynayır və bundan sonra da oynayacaqdır. Ancaq demək istəyirəm ki, bizim əsas neft ixrac kəmərimiz - Bakı-Tbilisi-Ceyhan neft kəməri yalnız 2006-cı ilin yayında istifadəyə verilmişdir. Proqram isə 2004-cü ildə qəbul edilmişdir. Qəbul edildikdən dərhal sonra Proqram icra edilməyə başlanmışdır.
Bir sözlə, keçən dövr haqqında kifayət qədər məlumat vardır və bir də görülən bütün bu işlər göz qabağındadır. 2009-cu ilin əvvəlində Proqramın yeni dövrü başlamışdır. Artıq o proqram Dövlət İnkişaf Proqramı adlandırıldı. Ancaq bu Proqramın əsas istiqaməti yenə bölgələrin inkişafına yönəldilmişdir. Artıq üç ildir ki, ikinci Dövlət Proqramı icra edilir.
Deyə bilərəm ki, bütün vəzifələr artıqlaması ilə icra edilir. Birinci Proqrama gəldikdə, orada nəzərdə tutulmuş məsələlər, təbii ki, öz həllini tapmışdır. Onda əlavə tədbirlər də görülmüşdür. İndi də məhz belə mənzərə müşahidə olunur. Biz bu Proqramı daha da böyük həcmdə icra edirik və beləliklə, inkişafımıza davam edirik.
Birinci mərhələdə əsas istiqamət biznes imkanlarının genişlənməsinə, sənaye potensialının formalaşmasına yönəldilmişdi. Bu məqsədlə ilk növbədə elektrik enerjisi məsələləri öz həllini tapmalı idi. Ona görə biz bu məsələni prioritet kimi nəzərə almışdıq və qısa müddət ərzində enerji təhlükəsizliyimizi təmin edə bilmişdik. Çünki əvvəlki dövrdə bizdə istehsal olunan elektrik enerjisi tələbatımızı ödəmirdi. İndi biz elə güclü sistem yaratmışıq ki, nəinki öz tələbatımızı ödəyirik, eyni zamanda, bütün qonşu ölkələrə elektrik enerjisini ixrac edirik.
Ondan sonrakı mərhələdə infrastruktur layihələrinin icrası prosesi başlamışdır. Bu da çox geniş bir istiqamətdir. Biz infrastruktur deyəndə hər şeyi nəzərdə tuturuq. Həm yollar, həm elektrik enerjisi, qazlaşdırma, su ilə təchizat, sosial infrastruktur məsələləri də çox vacibdir. Proqramımızda yəni, indiki proqramda bütün bu məsələlər öz əksini tapır.
Burada əlbəttə ki, istiqamətlərin biri infrastruktur layihələri ilə bağlıdır. Biz bu sahəni dövlət tərəfindən qoyulan vəsait hesabına inkişaf etdirə bilmişik. Digər istiqamət sosial infrastruktur ilə bağlıdır. Birinci Proqram qəbul olunandan sonra ölkəmizdə 2300-dən çox yeni məktəb tikilmişdir. Keçən il 200-dən çox məktəb tikilmiş və təmir edilmişdir. Bu il isə 400-dən çox məktəb tikiləcək və əsaslı təmir ediləcəkdir.
Səhiyyə infrastrukturunun yaradılması böyük əhəmiyyətə malik olan bir məsələdir. Azərbaycanda 400-dən artıq müasir tibb ocağı yaradılmışdır. Magistral yolların inkişafı böyük əhəmiyyətə malik idi. Çünki yollarımız çox bərbad vəziyyətdə idi.
Yol olmadan inkişaf ola bilməz. Heç bir müəssisə, heç bir turizm obyekti tikilə bilməz. Biznesin inkişafı üçün yol, elektrik enerjisi əsasdır. İnsanların rahat yaşaması üçün isə sosial infrastrukturun yaradılması prosesi sürətlə gedir və hazırda biz bu layihələri daha da sürətlə inkişaf etdiririk. Hazırda böyük su-kanalizasiya layihələri icra olunur ki, bu, bütün ölkəmizi əhatə edir. Bu layihə sırf sosialyönümlüdür. Əgər elektrik enerjisinin təchizatı ilə bağlı verilən göstərişlər həm sosialyönümlü, həm biznesyönümlüdürsə, su layihələri sırf sosial məna daşıyır. İndi imkanımız var ki, sosial infrastrukturun yaradılmasına daha da böyük həcmdə vəsait qoyaq. Əlbəttə, bu imkanları biz özümüz əldə etmişik.
Dünyada neftlə zəngin olan kifayət qədər çox ölkələr vardır. Bizdən qat-qat çox neft, qaz hasil edən, ixrac edən ölkələr vardır. Ancaq heç də hər bir ölkədə iqtisadi inkişaf bizdəki kimi sürətli deyildir. Ona görə, mən bir daha demək istəyirəm ki, uğurlarımızın təməlində düşünülmüş iqtisadi siyasətdir, iqtisadi islahatlardır. Bu islahatlar dünya birliyi tərəfindən qiymətləndirilir. Dünyanın aparıcı iqtisadi qurumları Azərbaycanda gedən prosesləri dəstəkləyir, qiymətləndirir və bəzi hallarda bizdə gedən prosesləri heyranlıqla müşahidə edir. Böyük reytinq agentlikləri inkişaf etmiş ölkələrin kredit reytinqlərini aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini qaldırırlar. Böhranlı illərdə ən aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları yüksək qiymətləndirirlər. Yəni, bu da çox vacibdir. Əlbəttə, bizim üçün ən vacib olan məsələ odur ki, bildiyimizi edək, iqtisadi inkişafımızı, insanların yaxşı yaşamasını təmin edək. Ancaq görəndə ki, uğurlarımız mötəbər beynəlxalq qurumlar tərəfindən qeyd edilir, əlbəttə ki, bu, bizi daha da sevindirir.
2011-ci il də ölkəmizin inkişafı üçün uğurlu il olmuşdur. 2011-ci ilin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru sürətlə artmışdır. Əgər ümumi iqtisadi inkişaf təqribən 1 faiz ətrafında, bəlkə ondan da az idi, qeyri-neft iqtisadiyyatımızın inkişafı isə 10 faizdən çox olmuşdur.
Bax, budur bizim vaxtilə qəbul etdiyimiz proqramların nəticəsi. Bizim məqsədimiz məhz bundan ibarətdir. Qeyri-neft sektorunun, qeyri-neft sənayesinin inkişafı. İndi bu ilin birinci ayının yekunları da onu göstərir - qeyri-neft sənayesi 10 faizdən çox artmışdır. Çox güclü sənayeləşmə prosesi gedir. Mən bu məsələ ilə bağlı bir neçə il əvvəl danışmışdım.
Demişdim ki, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir və biz bunu görürük.
Yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri bizim uzunmüddətli inkişaf strategiyamızı müəyyən edəcəkdir.
Azərbaycan dövləti öz üzərinə düşən bütün vəzifələri icra edir və artıqlaması ilə icra edir. Azərbaycandakı kimi özəl sektora dəstək bəlkə heç bir ölkədə yoxdur. Bu dəstək, ilk növbədə siyasi dəstəkdir.
Sahibkarlarla mənim təkcə Bakıda deyil, bölgələrdə də mütəmadi görüşlərim olur. Mənim iştirakımla bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Ancaq mənim iştirakım olmadan çoxlu müəssisələr açılmışdır. Bütövlükdə 40 mindən çox yeni müəssisə yaradılmışdır. Müəssisə yaradılması iş yerləridir, maaşdır, yerli istehsaldır, idxalı əvəzləmək üçün imkanlardır, ölkəmizin inkişafıdır, canlanmasıdır.
Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa, iqtisadi dəstək də verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər, əgər 2012-ci ili də nəzərə alsaq, güzəştli şərtlərlə 900 milyon manat kredit verilmişdir. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna yönəldilib. Beləliklə, bu kreditlərin hesabına böyük işlər görülür və mən çox şadam ki, sahibkarlar da dövlətin bu dəstəyinə çox böyük məsuliyyətlə yanaşırlar. Kreditlərin hamısı vaxtında qaytarılır və hazırda bu il üçün nəzərdə tutulmuş 200 milyon manat kreditin böyük hissəsini əvvəlki illərdə verilən və qaytarılan kreditlər təşkil edir. Yəni, bu, artıq böyük bir məbləğdir. Əlbəttə ki, sahibkarlara veriləcək kreditlərin həcmi ildən-ilə artacaq və hər bir sahibkara daha da böyük məbləğdə kreditin verilməsi mümkündür.
Uğurlarımızın təməlində bir daha demək istəyirəm ki, həm iqtisadi siyasət, islahatlar, eyni zamanda, ölkədə mövcud olan ictimai-siyasi sabitlik, icra strukturlarındakı güclü nizam-intizam dayanır. Nizam-intizam olmadan, biz uğurlara nail ola bilməzdik. Mən bütün icra orqanlarının rəhbərlərinə demişdim, bu gün də deyirəm ki, sahibkarlarla bir yerdə olun, onlara kömək edin, onların işinə qarışmayın, onlara maneçilik törətməyin. Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır.
Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir. Ancaq bununla bərabər, indi böhran içində çabalayan inkişaf etmiş ölkələrin təcrübəsini öyrənərək və görərək bir daha yəqin edirik ki, sırf bazar iqtisadiyyatı prinsipləri bəzi hallarda işləmir. Avropada biz nəyi görürük? Dövlət öz üzərinə böyük öhdəliklər götürür. Bankları, böyük müəssisələri müflisləşmədən xilas etmək üçün dövlət tərəfindən vəsait qoyulur. Biz bu siyasəti 2004-cü ildən başlamışıq. Xatırlayıram, o vaxt biz bəzi hallarda daha çox beynəlxalq maliyyə qurumlarının kreditlərindən asılı idik. Bizə məsləhətlər, tövsiyələr verilirdi ki, dövlət bu işlərə qarışmasın, özəl sektor özü inkişaf etsin, dövlət kənarda dayansın. Necə ola bilər? Bu, bizim ölkəmizdir. İstər dövlət, istər özəl şirkət olsun, bu, Azərbaycan şirkətidir. Necə ola bilər ki, biz ona kömək etməyək?! Ona görə bizim dəstəyimiz vacibdir. Həm siyasi sahədə, həm ümumiyyətlə Azərbaycanda hökm sürən gözəl ictimai ab-hava bu dəstəyi gücləndirdi.
Maliyyə dəstəyi, kreditlərin verilməsi və eyni zamanda, xüsusilə kiçik sahibkarlar üçün biznes planların hazırlanması da artıq dövlət işi olmuşdur. İqtisadi İnkişaf Nazirliyi çox dəqiq tövsiyə planları hazırlamışdır. Onlar sahibkarların imkanları ilə bağlı olan planlardır. Kimin nəyə imkanı çatır, o həcmdə də özü üçün biznes qura bilər. Yəni, biz buna da razıyıq, təki inkişaf olsun. Eyni zamanda, sahibkarlar yaxşı bilirlər ki, nə qədər güzəştlər verilir. Sahibkarlar kənd təsərrüfatında bütün vergilərdən, - torpaq vergisi istisna olmaqla, - azaddırlar.
Bu qərar 1990-cı illərdə o vaxt kənd təsərrüfatını stimullaşdırmaq üçün verilmişdi. İndi kənd təsərrüfatını stimullaşdırmaq üçün o qədər də böyük ehtiyac yoxdur. Ancaq bu qərar qüvvədədir, biz onu ləğv etmirik ki, sahibkarlara kömək edək.
Gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Hər hektar taxıl əkini üçün vəsait verilir. Yəni, biz bunu edirik və etməliyik.
Sahibkarlar da öz tərəfindən öz işi ilə həm özlərinə, həm də dövlətə qulluq etməlidirlər. Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər.
Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz.
Əlbəttə ki, sahibkarlar müxtəlif sosial layihələrə qoşulduqda bu, mənim onlara, necə deyərlər, münasibətimi daha da yaxşılaşdırır. Mən deyə bilərəm ki, son illərdə sahibkarlar bu sahədə də məsuliyyət göstərirlər və sosialyönümlü layihələri icra edirlər. Bölgələrdə, xüsusilə məktəb tikintisinə, sosialyönümlü tədbirlərə, yardımlar edirlər. Mən bunu dəstəkləyirəm. Ancaq yenə də demək istəyirəm ki, belə bir tələb sahibkarlar qarşısında qoyulmur. Bu, könüllü məsələdir.
Etsələr, sağ olsunlar. Etməsələr, edənlərə baxıb onlar da çalışsınlar, bu işlərə öz dəstəklərini versinlər...
Azərbaycan dövləti bundan sonra da ölkəmizin hərtərəfli inkişafı üçün əlindən gələni edəcəkdir. Bizim düşünülmüş proqramımız, siyasətimiz vardır. 2013-cü ilə qədər ikinci Dövlət Proqramı icra ediləcəkdir. Mən əminəm ki, 2009-cu ildə qəbul edilmiş Proqram artıqlaması ilə icra ediləcəkdir. Beləliklə, 2013-cü ilin sonuna qədər ölkəmizdə əsas infrastruktur məsələləri öz həllini tapmalıdır və tapacaq. Çünki icrası davam edən və bitmək üzrə olan böyük infrastruktur layihələri artıq bu inamı yaradır. Əlbəttə, mən hesab edirəm ki, gələcək 2 il ərzində biz hamımız çox fəal işləməliyik ki, Dövlət Proqramını vaxtından əvvəl və böyük həcmdə icra edək, ölkəmizin uğurlu inkişafını təmin edək.
Azərbaycana böyük həcmdə investisiya qoyulur. Bu, çox müsbət haldır. Biz xarici investisiyaları alqışlayırıq. Bizim uğurlu iqtisadi inkişafımız məhz xaricdən gələn investisiyalar hesabına başlamışdır. “Əsrin kontraktı”nın imzalanması Azərbaycanı dünyaya tanıtdırdı və birinci dövrdə əlbəttə ki, xarici şirkətlər qeyri-neft sektoruna vəsait qoymaq istəmirdilər.
Onları məcbur etmək də mümkün deyildi. Ancaq biz neftin satışından əldə edilən gəlirləri qeyri-neft sektoruna istiqamətləndirdik və beləliklə, dövlət investisiya yükünü öz üzərinə götürmüşdür. Əgər neft-qaz sektorunda bu vaxta qədər əsas investisiyalar xaricdən gəlirdisə, - halbuki indi bu balans da dəyişilir, - qeyri-neft sektorunda əsas yük Azərbaycan dövlətinin üzərindədir. Keçən il ölkəmizə 20 milyard dollardan çox investisiya qoyulmuşdur və onlardan 13 milyardı daxili investisiyalardır. Builki Dövlət İnvestisiya Proqramı da çox böyükdür. Ümumiyyətlə, ancaq dövlət xətti ilə bu il ölkə iqtisadiyyatına 7 milyard manat investisiya qoyuluşu gözlənilir. Onlardan 5,7 milyard manatı Dövlət İnvestisiya Proqramı, yəni büdcə hesabına 1,3 milyard dövlət zəmanətli kreditlər hesabına qoyulacaqdır. Bu, çox böyük məbləğdir.
Bu məbləğ bizə imkan verəcək ki, 2012-ci ildə iqtisadi inkişafımızı, xüsusilə qeyri-neft sektorunun inkişafını yüksək templərlə təmin edə və daha da böyük işlər görə bilək. Mən ümid edirəm ki, bu il özəl sektorda təxminən o səviyyədə sərmayə qoyulmalıdır.
Bunun üçün imkanlar vardır. İcrada olan və yeni başlayan layihələr belə imkanları yaradır. Mən hesab edirəm ki, bu il də ölkə iqtisadiyyatına qoyulacaq investisiya 20 milyard dollardan aşağı olmamalıdır. Beləliklə, biz bu investisiyaların nəticəsində ölkəmizin hərtərəfli inkişafını daha da sürətlə təmin edəcəyik. Proqramın icrası və əslində ölkəmizin inkişafı daha da uğurlu olacaqdır.
Bir daha demək istəyirəm ki, bütövlükdə ölkə qarşısında iqtisadi sahədə mən heç bir problem görmürəm. Biz dünya maliyyə və iqtisadi böhranı illərində - 2008-2009-cu illərdə də uğurlu inkişafımızı təmin edə bilmişik. Azərbaycan əhalisi demək olar ki, o böhranın fəsadlarını hiss etməmişdir. İndi böhranın ikinci mərhələsi haqqında dünyada müzakirələr gedir. Ancaq Azərbaycanda bu da hiss olunmur. Nəyə görə?! Çünki bizim siyasətimiz düşünülmüş siyasətdir, ağıllı siyasətdir. Biz imkanlarımıza görə öz proqramlarımızı icra edirik. Bizə lazımdır ki, bax belə vəziyyətdə, belə şəraitdə, sakit şəraitdə Azərbaycan inkişaf etsin.
Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm ki, hədəfimiz inkişaf etmiş ölkələrin sırasına daxil olmaqdır. Əgər bir neçə il bundan əvvəl mən bu sözləri deyəndə ola bilər, bəziləri buna şübhə ilə yanaşırdı. İndi mən əminəm, hamı görür ki, bu, mümkündür. Ölkəmizin siyasi çəkisi artır. Biz dünya işlərində həlledici sözə malik oluruq. Bizi dünya ictimaiyyəti dəstəkləyir. Biz BMT Təhlükəsizlik Şurasına üzv olmuşuq. Regionda imkanlarımız genişlənir. Bizimlə əməkdaşlıq etmək istəyənlərin sayı artır. İndi Azərbaycan investisiyalarını öz ölkələrinə cəlb etmək üçün başqa ölkələrdə müəyyən dərəcədə işlər gedir. Biz indi öz sərmayəmizlə, öz şirkətlərimizlə xarici bazarlara çıxırıq. Bu barədə hələ mən danışacağam, biz öz şirkətlərimizi nəinki Azərbaycanda, xaricdə də dəstəkləməliyik. Bizim Dövlət Neft Şirkəti beynəlxalq enerji şirkətinə, böyük nüfuza, böyük biznes imkanlarına malik olan şirkətə çevrilibdir. Avropada, başqa qitələrdə SOCAR-ın fəaliyyət dairəsi genişlənir. Bəzi ölkələrin yanacaq balansında Azərbaycanın rolu 20–30 faizə çatıbdır. Biz enerji təhlükəsizliyi məsələlərini uğurla həll edirik. Bugünkü toplantı əlbəttə ki, qeyri-neft sektorunun inkişafına həsr edilibdir. Ancaq biz yaxşı bilirik ki, əgər enerji siyasətində hər hansı birimiz səhv buraxsaydıq, bugünkü uğurlardan danışmaq mümkün olmazdı.
Bizim enerji siyasətimiz qüsursuzdur. Neft strategiyamızın təməlini ulu öndər 1990-cı illərin əvvəllərində qoymuşdur və bu strategiya davam edir. Əlbəttə ki, indi yeni məsələlər, yeni çağırışlar ortaya çıxır. Azərbaycan həm neft, həm qaz ixrac edən ölkəyə çevrilir və dünya üçün qaz ixrac edən ölkə kimi bəlkə daha da önəmlidir. Biz bu məsuliyyətə hazırıq. Biz ölkə daxilində və bizim strateji tərəfdaşlarımızla birlikdə elə təşəbbüslər irəli sürürük ki, bu təşəbbüslər yalnız və yalnız Azərbaycana uğur gətirəcəkdir. Biz heç bir mövqeyimizi əldən verməmişik, əksinə mövqelərimizi möhkəmləndirə, iradəmizi müdafiə edə bilmişik.
Bu gün Azərbaycanın qaz resursları Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün vacib rol oynayır. Gələcək illərdə bu rol daha da artacaqdır. Biz bunu bilirik. Onu da bilirik ki, qaz bərpa olunan enerji növü deyildir. Avropanı qazla təchiz edən bəzi ölkələrin qaz ehtiyatları tükənir. Avropada qaza tələbat getdikcə artacaqdır. Bunu da biz bilirik ki, nə dərəcədə artacaqdır. Nəzərə alsaq ki, Yaponiyada baş vermiş dəhşətli qəza nəticəsində bəzi Avropa ölkələrində nüvə enerjisinə qadağa qoyulur, qaza olan tələbat daha da artacaqdır. Belə olan halda, Azərbaycan qazına tələbat daha da böyük dərəcədə artacaqdır.
Bizim enerji siyasətimiz ondan ibarətdir ki, çoxşaxəli ixrac imkanları yaradaq və əslində yaratmışıq. Bizim dörd qaz kəmərimiz vardır. Hazırda əksər qonşulara Azərbaycan qazı nəql edilir. Gələcəkdə daha da böyük həcmdə nəql olunacaqdır. Bu sahədə əlbəttə ki, biz qazın sahibi və ixracatçısı kimi öz siyasətimizi müdafiə edirik. Bizim siyasətimiz istehlakçıların maraqlarına da uyğundur.
Biz indi böyük transmilli layihələr üzərində işləyirik. Bu layihələr həyata keçirilərsə ölkəmizin uzunmüddətli uğurlu inkişafı təmin ediləcəkdir. Onsuz da təmin ediləcəkdir, amma bu layihələrlə Azərbaycan daha da güclü dövlətə çevriləcəkdir.
Azərbaycanın sözü daha da əhəmiyyətli olacaqdır. Həm regionda, həm dünyada mövqelərimiz daha da təsirli olacaqdır. Mən bunu istəyirəm. Biz güclü dövlət yaradırıq. Güclü iqtisadiyyat və güclü siyasət əsasında güclü dövlət yaradırıq.
Bizim iqtisadi potensialımız, şaxələndirilmiş iqtisadiyyat, neft-qaz amili, tranzit imkanlarımız, - hansı ki, biz özümüz yaratmışıq, - çox böyük dəyərlərdir. Biz, yenə də deyirəm ki, öz gücümüzü bilirik. Sadəcə olaraq, bəzi hallarda bunu göstərmək istəmirik. Amma lazım gəldikdə göstəririk. Biz özümüzə çox arxayınıq. Azərbaycanın güclü olması, mən hesab edirəm ki, bölgə üçün, dünya üçün çox vacib olan məsələdir. Çünki bizim siyasətimiz xoşniyyətlidir. Bizim siyasətimiz əməkdaşlığa yönəldilibdir. Bizim enerji siyasətimiz də düşmənçiliyə yox, dostluğa yönəldilibdir. Biz enerji siyasətində də bir çox hallarda dostlarımıza kömək göstəririk. Çünki əvvəla, buna onların ehtiyacı vardır. İkincisi, ona görə ki, bizim fəlsəfəmiz belədir. Üçüncüsü isə, dostluq münasibətləri bizim biznes maraqlarımızı daha da böyük dərəcədə təmin edəcəkdir. Biz görürük ki, bu gün enerji sahəsində Azərbaycan ilə işləmək istəyənlərin sayı artır. Azərbaycanı, SOCAR-ı özəlləşdirmə layihələrinə dəvət edirlər. Yəni, bizə inanırlar, güvənirlər və bizimlə hesablaşırlar.
Biz bundan sonra da bütün istiqamətlər üzrə müstəqil siyasətimizi davam etdirəcəyik. Azərbaycan bu gün artıq regional müstəvidən çıxıbdır, dünya müstəvisindədir. Biz artıq “Böyük iyirmilik”in toplantılarında iştirak edirik. Bu yaxınlarda Meksikada keçirilmiş “Böyük iyirmilik”in xarici işlər nazirlərinin yığıncağında bizim xarici işlər naziri iştirak etmişdir. Oraya cəmi 10, yəni “iyirmiliyə” daxil olmayan ölkələr dəvət edilmişdi. Onlardan biri Azərbaycan idi. Reallıq bundan ibarətdir.
Ölkəmizi daha da sürətlə inkişaf etdirmək üçün, mən bir daha qayıdıram bizim əsas mövzumuza. Biznes şəraitinin yaxşılaşdırılması davam etdirilməlidir, sahibkarlığa daha da yaxşı şərait yaradılmalıdır. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Eyni zamanda, ölkədə hələ də mövcud olan xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılır. Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bir gün də dayanmır. Bu mübarizənin artıq yaxşı nəticələri var, daha da yaxşı nəticələri olacaqdır. Biz bu böyük bəlanı ölkəmizdən yığışdırmalıyıq, təmizləməliyik. Elə etməliyik ki, Azərbaycan hər sahədə - həm siyasi, həm iqtisadi, həm korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində nümunə olsun və olacaqdır.
Beləliklə, bugünkü toplantının keçirilməsi, mən hesab edirəm ki, proqramın icrasına yeni təkan verəcəkdir. Bugünkü iclasda həm sahibkarlar, həm yerli icra orqanlarının rəhbərləri iştirak edirlər. Bu format artıq ənənəvi xarakter daşıyır. Bu gün aparılan müzakirələr və bundan sonra veriləcək qərarlar 2012-ci ildə Dövlət Proqramının icrası üçün yeni imkanlar yaradacaqdır.
X X X
Sonra iqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinin təmin olunması, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və əhalinin rifahının daha da yüksəlməsi nəticəsində ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə nail olunmuş və əvvəlki illərdə olduğu kimi, 2011-ci ildə də inkişaf davam etmişdir.
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının dinamik inkişafında müstəsna rol oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti proqramın icrasını və regionların inkişafını həmişə olduğu kimi diqqət mərkəzində saxlamış, 34 rayon və şəhərdə 300-ə yaxın müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur.
Yerlərdə ictimaiyyətin nümayəndələri ilə keçirilmiş görüşlərdə qaldırılmış məsələləri nəzərə alaraq, müvafiq rayonların inkişafı ilə bağlı tədbirlərə 140 milyon manat əlavə vəsaitin ayrılması barədə Azərbaycan Prezidenti 40 Sərəncam imzalamış, müvafiq tapşırıq və tövsiyələrini vermişdir.
Ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində 2011-ci ildə 72 min 400-ü daimi olmaqla, 94 min yeni iş yeri və 5 mindən çox müəssisə açılmışdır. Ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 14,7 min müəssisə fəaliyyətə başlamış və 241 min yeni iş yeri yaradılmışdır ki, bunun 180 mini daimidir. Yoxsulluğun səviyyəsi 7,6 faizə enmişdir.
Möhtərəm cənab Prezident! Ötən il regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının ikinci ilinin yekunları ilə bağlı keçirilmiş konfransda Proqramın icrasına dair verdiyiniz tapşırıqlara uyğun olaraq zəruri tədbirlər görülmüşdür.
Regionların sosial-iqtisadi inkişafının infrastruktur təminatının gücləndirilməsi mühüm istiqamət kimi diqqət mərkəzində saxlanılmış, ötən il regionların inkişafı üçün əsas kapitala 6 milyard manatdan çox vəsait yönəldilmişdir.
Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə 2011-ci ildə 310 transformator və 25 yarımstansiya quraşdırılıb istifadəyə verilmişdir.
Hazırda ölkədə elektrik enerjisinin 70 faizindən çoxu regionlarda istehsal edilir ki, bu da enerji təhlükəsizliyinin təmin edilməsində bölgələrin vacib rol oynadığını göstərir.
Tapşırığınıza əsasən elektrik ötürücü xətlərin çəkilişi və yenilənməsi işi prioritet istiqamət kimi müəyyən edilmiş, ötən il 3 min 700 kilometrədək xətt çəkilmiş, bu sahədə müvafiq tədbirlər davam etdirilir.
Ölkədə alternativ enerjinin əldə edilməsi istiqamətində görülən işlər çərçivəsində Qobustan rayonunun ərazisində 5 meqavat gücündə hibrid tipli eksperimental poliqonu və tədris mərkəzi istifadəyə verilmiş, külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilmişdir.
Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilmiş, 5 min kilometrdən çox qaz kəməri çəkilərək əlavə 148 yaşayış məntəqəsi qazlaşdırılmış, 1537 kilometr qaz kəməri əsaslı təmir edilmişdir.
Proqram çərçivəsində 690 kilometrədək respublika və yerli əhəmiyyətli avtomobil yolları, o cümlədən 220 kilometr kənd yolları tikilmiş və təmir olunmuş, 25 yeni körpü və tunel inşa edilmişdir. Bundan başqa, Qaxda və Qubada avtovağzal kompleksləri, Qəbələdə müasir beynəlxalq hava limanı istifadəyə verilmişdir.
Ötən il informasiya və rabitə xidmətlərinin yaxşılaşdırılması məqsədilə 60 ATS və 31 poçt şöbəsi istifadəyə verilmiş, kənd yerlərində poçt şöbələrinin sayı 1200-ə çatdırılmışdır. Ölkədə hər 100 nəfərə düşən kompyuterlərin sayı 2009-cu ildəki 12 ədəddən 20 ədədə çatmış, hər 100 nəfərdən 65-i isə internet istifadəçisi olmuşdur. Ölkənin bütün yaşayış məntəqələrinin telefonlaşdırılması başa çatdırılmış, rəqəmsal yayım şəbəkəsinin təşkili ilə bağlı rayonlarda 9 verici stansiya quraşdırılmışdır.
Dövlət Proqramında əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulmuş işlər 2011-ci ildə də davam etdirilmiş, ölkənin 36 şəhər və rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır.
Kür-Araz çayları ətrafında yaşayan əhalinin ekoloji cəhətdən təmiz içməli su ilə təminatının yaxşılaşdırılması məqsədi ilə Dövlət Proqramı çərçivəsində ümumilikdə 18 rayonun 188 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğular quraşdırılmış, nəticədə 340 min nəfərdən artıq əhali içməli su ilə təmin olunmuşdur.
İl ərzində kənd təsərrüfatı torpaqlarında 91 min metr kollektor-drenaj şəbəkələri, 63 min metrdən çox suvarma kanalları tikilmiş və yenidən qurulmuşdur. Bununla yanaşı, 90 min hektara yaxın əkin sahəsinin suvarılmasını yaxşılaşdıracaq Vəlvələçay-Taxtakörpü su kanalının və Şəmkirçay dəryaçasının tikintisi davam etdirilmişdir.
Respublika üzrə 18,6 min hektar sahədə su təminatı, 19 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılmış və 1100 hektar sahədə yeni suvarılan torpaqlar istifadəyə verilmişdir.
Aparılan sənayeləşmə siyasəti regionların dinamik inkişafına ciddi təkan vermiş, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və sənaye qazları, Qaradağda müasir tikinti materialları, Abşeronda mebel və MDF istehsalı, Naxçıvanda biskvit və şokolad, tikiş, dam örtüyü və qarışıq yem fabrikləri, İmişlidə yem və bitki yağları, Samuxda meyvə qurudulması və emalı, Oğuzda qlükoza istehsalı, Ağcabədidə və Tovuzda süd emalı, Qəbələdə limonad, Ağsuda və Şəkidə şirə və şərab, Xaçmazda kondensator zavodları və digər sənaye müəssisələri istismara verilmişdir.
Hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin, o cümlədən Gəmiqayırma zavodunun, Qaradağ və Ağstafa rayonlarında yeni sement zavodlarının, Qaradağ sement zavodunda yeni quru texnologiyalı sobanın, Günəş panelləri zavodunun, Hacıqabulda kafel-metlax, Sumqayıtda kağız emalı, bitki yağları zavodları, xovlu iplik, parça və boya fabriklərinin, gübrə zavodunun, eləcə də müxtəlif regionlarda süd və ət emalı, konserv, çörək zavodlarının, quşçuluq fabriklərinin və digər sənaye müəssisələrinin tikintisi davam etdirilir.
Bununla yanaşı, ölkə Prezidentinin Sumqayıtda və Balaxanıda sənaye parklarının yaradılması ilə bağlı müvafiq fərman və sərəncamları innovativ və yüksək texnologiyalara əsaslanan müəssisələrin təşkil edilməsi və sənayeləşmə sahəsində yeni dövrün başlanmasına təkan vermişdir.
Ölkə iqtisadiyyatının prioritet sahələrindən olan aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi, dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün anbar infrastrukturunın yaradılması regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə kənd təsərrüfatı məhsullarının istehsalını artırmış, bir sıra əsas ərzaq məhsulları üzrə tələbatın yerli istehsal hesabına təmin olunmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə, qeyri-neft ixracının artırılmasına imkan vermişdir.
Eyni zamanda, bir çox məhsul növləri üzrə yerli istehsal hesabına təminat səviyyəsi artmış və yaxın 2-3 ildə bu sahədə daha yüksək nəticələr əldə etmək üçün zəmin yaradılmışdır. Belə ki, təkcə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etməklə, hazırda 23 quşçuluq fabrikinin, 5 heyvandarlıq kompleksinin, 14 soyuducu və taxıl anbarının, 13 istixana kompleksinin, 5 süd emalı, 3 ət emalı, 4 konserv, 8 çörək zavodlarının və digər müəssisələrin tikintisi aparılır.
Ümumilikdə, 2011-ci ildə Fondun vəsaitləri hesabına 1643 sahibkara 138 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6 min 500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Verilmiş kreditlərin 75 faizi regionların payına düşür.
İl ərzində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 33 istehsal, emal, infrastruktur müəssisələri istifadəyə verilmiş, 96 müəssisənin bu il istifadəyə verilməsi gözlənilir.
“Aqrolizinq” xətti ilə kənd təsərrüfatı texnikası, avadanlıqlar və damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermerlərə lizinqə verilmiş, rayon aqroservis filiallarının maddi-texniki bazası möhkəmləndirilmişdir.
Möhtərəm cənab Prezident! Tapşırığınıza əsasən üzümçülüyün inkişafına dair Dövlət Proqramı hazırlanmış və Sərəncamınızla təsdiq edilərək icrasına başlanmışdır. Bu Proqramın icrası ölkədə üzümçülüyün və şərabçılığın inkişaf etdirilməsinə, aqrar sahənin gəlirliliyinin və ixracat potensialının artırılmasına və kənd əhalisinin maddi rifahının yüksəldilməsinə əlverişli şərait yaradacaqdır.
Dövlət Proqramının icrası ilə əlaqədar regionlarda sosial infrastruktur obyektlərinin, xüsusən də təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və maddi-texniki bazasının müasir tələblərə uyğun qurulması işləri davam etdirilmişdir.
Ötən il 247 təhsil müəssisəsi tikilmiş və əsaslı təmir olunmuş, məktəblərin 87 faizi, o cümlədən şəhərlərdə 94 faizi, kənd yerlərində isə 84 faizi kompyuterlərlə təchiz edilmişdir. Qarşıdakı iki il ərzində təkcə regionlarda 325 məktəbin tikintisi və ya əsaslı təmiri nəzərdə tutulur. Bu da o deməkdir ki, proqramın icrası başa çatdıqdan sonra qəzalı vəziyyətdə olan məktəb qalmayacaqdır.
Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 54 səhiyyə obyekti, o cümlədən yeni müalicə və diaqnostika mərkəzləri, xəstəxanalar, ambulatoriya-poliklinika müəssisələri tikilmiş və ya əsaslı təmir olunmuşdur.
Ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması və aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlər Dövlət Proqramına uyğun olaraq ardıcıllıqla davam etdirilmişdir. Əlil və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 6 rayon və şəhərin hər birində 36 mənzilli yaşayış binası tikilmiş, 33 şəhid ailəsi yeni mənzillə təmin olunmuşdur.
Məcburi köçkünlərin yaşayış səviyyəsinin və mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə ötən il Ağcabədi rayonu ərazisində 560 məcburi köçkün ailəsi üçün 10 yaşayış binasının və Taxtakörpü ərazisində 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, Goranboy rayonu ərazisində 525 ailəlik 9 yaşayış binasının tikintisi başa çatdırılmışdır.
Dövlət başçısı tərəfindən 2011-ci ilin “Turizm ili” elan edilməsi turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi istiqamətində görülən işlərə təkan vermiş, ölkənin müxtəlif regionlarında, o cümlədən Qəbələ, Balakən, Qax, Şəki, Qusar, Naftalan, Qobustan, Füzuli, Lənkəran və Lerikdə yeni turizm və mədəniyyət obyektlərinin açılışı olmuşdur.
Əvvəlki illərdə olduğu kimi, təhsil, səhiyyə, mədəniyyət və digər sosial sahələrdə görülmüş işlərə Heydər Əliyev Fondunun müstəsna töhfəsi olmuşdur.
Ötən il də ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində genişmiqyaslı işlər aparılmış, Dövlət Proqramı çərçivəsində 10,5 min hektar sahədə meşə-bərpa tədbirləri yerinə yetirilmiş, yaşıllıqlar və parklar salınmışdır.
Əhalinin sağlam həyat tərzinin təmin olunması məqsədi ilə hər bir vətəndaşın bədən tərbiyəsi və idmanla məşğul olması üçün aparılan işlər davam etdirilmiş, 4 rayon və şəhərdə Olimpiya İdman kompleksləri inşa edilmiş, şahmat məktəbləri açılmış, Şəki Olimpiya İdman Kompleksi əsaslı yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Möhtərəm cənab Prezident! Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində infrastruktur təminatı yaxşılaşmış, sahibkarlıq fəaliyyəti üçün imkanlar daha da genişlənmiş, bölgələrimizin siması dəyişmiş və investisiya cəlbediciliyi artmışdır.
Bu da regionlarda rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasına şərait yaratmışdır. Regionlarda istehsal olunan bir çox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunur ki, bu da bütövlükdə qeyri-neft ixracını artırmışdır. İxrac yönümlü müəssisələrə dövlət dəstəyinin genişləndirilməsi və ixrac imkanlarının daha da artırılması istiqamətində işlər davam etdirilir.
Proqramların icrasının ən əhəmiyyətli yekunlarından biri də ondan ibarətdir ki, ümumilikdə regionlarda məşğulluğun artması, gəlir əldə etmək imkanlarının genişlənməsi və həyat səviyyəsinin yüksəlməsi nəticəsində əhalinin paytaxta axını əks proseslə əvəz olunmuşdur.
Möhtərəm cənab Prezident! Çıxışımın sonunda bildirmək istəyirəm ki, Sizin uzaqgörən, sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasətiniz və regionlara göstərdiyiniz diqqət qarşıdakı illərdə də Dövlət Proqramından irəli gələn vəzifələrin, verdiyiniz tapşırıqların vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini, regionların və bütövlükdə ölkəmizin inkişafının daha da sürətlənməsini təmin edəcəkdir.
Diqqətinizə görə minnətdaram!
X X X
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar VƏLİYEV hazırda şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri barədə dövlətimizin başçısına məlumat verərək dedi:
-İcazə verin, bu mötəbər kürsüdən bütün gəncəlilərin hörmət və ehtiramını, hərarətli salamlarını Sizə çatdırım.
Müstəqil Azərbaycanın ən yeni tarixinə intibah illəri kimi düşən bu qısa zaman kəsiyi, ölkəmizin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərinin tarixində də xüsusi bir yüksəliş mərhələsi olmuşdur.
Cənab Prezident!
Xüsusilə vurğulamaq istəyirəm ki, hər dəfə olduğu kimi, bu il yanvarın 21-də Gəncəyə etdiyiniz səfər şəhərimizin inkişafına yeni təkan vermişdir. Gəncə sakinləri hələ də bu tarixi səfərin yaratdığı yüksək əhval-ruhiyyənin təsiri altında yaşayırlar.
Sizin söylədiyiniz “Gəncə qədim simasını saxlamaqla yeni, müasir yanaşma ilə daha da gözəlləşir. Belə getsə, Gəncə ən gözəl şəhər olacaqdır və olmalıdır” fikri indi hər bir gəncəlinin qürur mənbəyinə çevrilmişdir.
Bu yüksəlişi, Gəncə şəhərinin gələcək müqəddəratını, cənab Prezident, Sizin qəbul etdiyiniz sərəncamlar, verdiyiniz tapşırıqlar müəyyən və təmin etmiş oldu. Gəncənin uşaqdan böyüyə hər bir sakini sevimli şəhərinə dövlət başçısının səmimi münasibətini, qayğısını duyur və yüksək qiymətləndirir.
Gəncənin müasir sənaye, mədəniyyət və turizm şəhəri kimi yenidən qurulması ilə əlaqədar verdiyiniz tapşırıqlar məhz verilən sərəncamlara söykənərək böyük məsuliyyətlə həyata keçirilir.
Möhtərəm cənab Prezident!
Uzun illər Gəncə şəhərinin su təchizatı məsələsi böyük problem olaraq qalırdı. Yalnız Sizin tapşırıq və göstərişinizdən sonra ikinci Dövlət Proqramı çərçivəsində bu məsələyə yenidən baxılmışdır. Hazırda bu layihə mərhələli şəkildə həyata keçirilir. Layihəyə görə işlərin tamamlanması nəticəsində şəhərə üç istiqamətdən – Göygöl, Qızılqaya və Şəmkirçaydan saniyədə 1500 litrə yaxın su daxil olacaqdır.
Elmar Vəliyev Gəncə şəhərinin təbii qaz və elektrik enerjisi ilə təchizatı, həmçinin şəhərdaxili prospekt və yolların genişləndirilməsi, küçə və meydanların abadlaşdırılması, tarixi abidələrin bərpası istiqamətində görülən işlərdən də danışdı:
-Əhalinin qaz və elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. 2011-ci ildə şəhərin mərkəzi və digər küçələrində 53 kilometrdən çox qaz xətti yer altına salınaraq polietilen borularla əvəz edilmişdir. Eyni zamanda, bu il Hacıkənd qəsəbəsinin qazlaşdırılması da başa çatdırılmışdır.
Sizin göstərişinizlə şəhər daxilində ümumi uzunluğu 360 kilometr olan yüksək gərginlikli hava elektrik xətlərinin yeraltı kabellə əvəz olunması əhali tərəfindən çox böyük minnətdarlıqla qarşılanır.
Şəhərin prospekt və küçələrinin, yeni park və meydanlarının işıqlandırılması üçün 2 min 250 müasir tipli işıq dirəkləri quraşdırılmış, 650 min kvadratmetrdən çox asfalt örtüyü salınmış, 120 kilometr səki daşları düzülmüş, ayrı-ayrı küçələrdə, park və meydanlarda, müxtəlif obyektlərin qarşısında 500 min kvadratmetrdən çox qranit plitə döşənmişdir.
Cənab Prezident! İcazə verin, Sizə məruzə edim ki, şəhərdaxili yolların genişləndirilməsi ilə əlaqədar icra hakimiyyəti qarşısında qoyduğunuz vəzifə və tapşırıqlara uyğun olaraq, mərkəzdə və ümumilikdə 22 küçədə yollar genişləndirilərək əsaslı şəkildə yenidən qurulmuşdur. Hazırda bu istiqamətdə işimizi davam etdiririk.
Sizin təşəbbüsünüzlə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi ilə əlaqədar görülən işlərin davamı olaraq son bir ildə 140 mindən çox ağac, 620 mindən çox gül və çiçək kolları əkilmiş, 5,3 hektar ərazidə yaşıllaşdırma işləri aparılmışdır.
Ulu öndər Heydər Əliyevin adını daşıyan prospekt tamamilə yenidən qurulmuş, bütün kommunikasiya xətləri təzələnmişdir. Bu prospekt də daxil olmaqla ümumilikdə 200-ə yaxın binanın dam örtüyü mansard formasında təzələnmiş, 78 binanın fasadı daşla üzlənmişdir.
Möhtərəm cənab Prezident! Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında Sərəncamınıza uyğun olaraq, Gəncədə “Xəmsə” abidə kompleksinin yenidən qurulması, Nizami Gəncəvi Mərkəzinin, muzeyinin, şəhərciyinin yaradılması, Nizami Gəncəvinin məqbərəsi və onun ətrafının tamamilə yenidən qurulması şəhər sakinləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanmışdır. Şübhəsiz, bütün bunlar Nizami Gəncəvi irsini öyrənən yeni ziyalı nəslinin yaranmasına və formalaşmasına təkan vermişdir.
Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzinin tikintisinin başa çatdırılması, Nizami Gəncəvi, Mirzə Şəfi Vazeh, Abbas Səhhət, Məhəmməd Hadi və Əziz Əliyev adına mədəniyyət və istirahət parklarının salınması, bünövrəsi Sizin xeyir-duanızla qoyulmuş Gəncə Dövlət Filarmoniyasının, Heydər Əliyev Mərkəzinin tikintisinin başlanması və Uğurlu Xan karvansarasının yenidən qurulması 2012-ci ildə Gəncənin mədəni həyatında baş verəcək ən mühüm hadisələrdən olacaqdır.
Eyni zamanda, məruzə etmək istəyirəm ki, təkcə bir ildə 50-dən çox ölkə və yerli əhəmiyyətli tarixi binada əsaslı bərpa işləri aparılmış və son dövrdə rəsmi qeydiyyata alınmış 500-ə yaxın tarixi və mədəniyyət abidələri peşəkar mütəxəssislər tərəfindən bərpa olunaraq turist marşrutlarına əlavə ediləcəkdir.
Cənab Prezident! Şəddadilər və Atəbəylər dövlətinin paytaxtı olmuş Gəncənin Aran memarlıq məktəbinin formalaşmasında əvəzsiz rolunu layiqincə qiymətləndirən Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun xətti ilə şəhərdə XII əsr memarlığının nümunəsi olan Comərd Qəssab türbəsini, Çökək Hamam tarixi abidəsini, Cavad Xan məqbərəsini bərpa etdirmiş, Fatimeyi Zəhra məscidini tikdirmiş, dahi Nizaminin “Xəmsə”sini ayrı-ayrılıqda və tam külliyyat şəklində bənzərsiz tərtibatda çap etdirərək yubiley tədbirlərinə töhfə etmişdir.
Gəncədə təhsil və səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində 2012-ci ildə genişmiqyaslı işlər görüləcəkdir. Belə ki, 12 məktəb, 4 uşaq bağçası, 4 peşə liseyi əsaslı surətdə təmir və bərpa olunacaq, Uşaq incəsənət mərkəzinin, Gənclik mərkəzinin yeni binası tikiləcəkdir.
Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin, Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin və Müəllimlər İnstitutunun Gəncə filialının bütün tədris korpuslarında əsaslı təmir işləri aparılır.
Sizin tapşırığınızla 2012-ci ildə Mərkəzi Klinik Xəstəxananın Gəncədə fəaliyyət göstərməsi üçün vəsait ayrılmış, müvafiq hazırlıq və təmir işlərinin aparılmasına başlanmışdır. Bu il, eyni zamanda, Gəncənin ən böyük tibb müəssisələrindən olan Abbas Səhhət adına xəstəxanada və təcili tibbi yardım stansiyasında əsaslı təmir işləri aparılacaq, ən müasir avadanlıqla təmin olunacaqdır.
Möhtərəm cənab Prezident!
İcazə verin, bütün gəncəlilər adından şəhərimizə göstərdiyiniz sonsuz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildirim və əmin edim ki, bundan sonra da qarşımıza qoyduğunuz vəzifə və tapşırıqların yerinə yetirilməsi üçün var qüvvəmizi sərf edəcəyik.
Diqqətinizə görə minnətdaram!
X X X
“Atena” süd zavodu və heyvandarlıq kompleksi idarə heyətinin sədri Elşad RƏSULOV sahibkarlığa dövlət qayğısının təzahürü olaraq yaradılan şirkətin iqtisadi səmərəsindən danışaraq dedi:
-2008-ci ildə şirkətimiz Qarabağ bölgəsinin Ağcabədi rayonunun Ağabəyli kəndində günlük emal gücü 250 ton olan “Atena” süd zavodunun inşasına başlamışdır. Layihənin ümumi dəyəri 40 milyon manatdır. Bu layihədə bank kreditlərindən və Sahibkarlığa Kömək Milli Fondunun 2,5 milyon manat güzəştli kreditindən istifadə olunmuşdur.
Layihənin həyata keçirilməsində süd emalı sahəsində dünya liderı olan “Danone” şirkəti bizə bütün mərhələlərdə məsləhət vermişdir. Bu sahədə lider şirkətlərlə əlaqə qurulmuş və kontraktlar imzalanmışdır. Tam avtomatlaşdırılmış, bir operator tərəfindən idarə olunan istehsal sahəsi yaradılmışdır. Bu gün dünya süd texnologiyasında istifadə olunan ən yüksək standart bizim süd zavodunda tətbiq olunur.
Mükəmməl laboratoriya sistemi qurulmuş və akkreditasiya olunmuşdur. Bizim laboratoriyada 108 növ analiz götürmək mümkündür. Tək süd istehsalında 98 növ analiz tətbiq edilir.
Respublikamızda 30-a yaxın çeşiddə “Atena” markalı süd məhsulları artıq alıcıların rəğbətini qazanmış və uzun müddət vitrinlərdə hökmranlıq edən, qonşu ölkələrdən gətirilən tanınmış süd brendlərinin mövqelərini zəiflətmişdir. Bu il çeşid daha da genişləndiriləcək və 50-yə çatdırılacaqdır. 2013-cü ildə süd zavodunda orqanik süd məhsullarının istehsalı da nəzərdə tutulur. Biz süd istehsalında tamamilə yeni “ESL” adlanan texnologiya tətbiq edirik və südün tərkibindəki vitamin və proteinləri qoruyub saxlayırıq. Devizimiz heç bir qatqı maddə olmadan, tam təzə süd məhsullarını 48 saat ərzində alıcılarımıza çatdırmaqdır.
Hazırda istehsal etdiyimiz məhsulları ixrac etmək üçün müəyyən hazırlıq mərhələsini keçirik. Biz artıq dünya bazarında tətbiq olunan “ISO 22 000” qida məhsullarının təhlükəsizliyinin idarə edilməsi sertifikatını almışıq. İndi isə Böyük Britaniya Ticarət Birliyinin “BRC” gigiyena standartının tətbiq olunmasını həyata keçiririk. Bu standartlar bütün dünyada qəbul olunduğu üçün məhsullarımızın ixracında bizə yardım edəcəkdir.
Elşad Rəsulov “Atena” müəssisəsinin yaradılmasının bölgədə heyvandarlığın inkişafına əlavə stimul verdiyini də diqqətə çatdıraraq bildirdi:
-Ağcabədi və qonşu rayonların kəndlərində 21 süd qəbulu məntəqəsi yaratmışıq və fermer təsərrüfatlarından südün alınmasını təşkil etmişik. Artıq 2 min 200 ailə-kəndli təsərrüfatından müqavilə əsasında hər gün 30 tona yaxın süd qəbul edirik. Bu fermerlərə biz daim müxtəlif məsləhətlər veririk, yardımlar göstəririk, onları inkişaf etdiririk və gəlirlərini artırmalarına kömək edirik.
Beləliklə, Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının biz sahibkarlara verdiyi tövsiyələrinin ən vaciblərini - müasir texnologiyaların mənimsənilməsi, yüksək keyfiyyətli məhsulların istehsalı, onların həm daxili, həm də xarici bazarlarda rəqabətə davamlılığının təmin edilməsi, yüksək ixtisaslı kadrların yetişdirilməsi prinsiplərini həyata keçirməyə çalışırıq.
2011-ci il mayın 6-da bizim müəssisənin açılışında möhtərəm cənab Prezident, Siz şəxsən iştirak etdiniz, işimizə müsbət qiymət verməklə yanaşı, süd zavodunun xammal bazası ilə maraqlandınız və xammal bazasının genişləndirilməsi barədə öz tövsiyələrinizi verdiniz. Məhz bundan sonra 3 min başlıq sağmal cins inəyi olan heyvandarlıq kompleksi layihəsinin həyata keçirilməsinə qərar verdik. Layihənin ümumi dəyəri 25 milyon manatdır. Bunun da 7,5 milyon manatı güzəştli kreditdir. Layihəni biz əsasən bu sahədə dünya liderləri olan Almaniya və İsveç şirkətləri vasitəsilə həyata keçiririk. Bu layihə həyata keçirildikdən sonra bizim süd zavodu hər gün 100 tona yaxın yüksək keyfiyyətli südlə təmin olunacaqdır.
Qazanılan nailiyyətlər, əlbəttə ki, ölkə rəhbərliyinin bu sahəyə diqqəti, dövlət qurumlarının bizə əməli köməyi sayəsində mümkün olmuşdur.
Möhtərəm cənab Prezident! Azərbaycan Respublikasının sahibkarları adından bizə göstərdiyiniz böyük diqqət və qayğıya, hər addımda verdiyiniz dəstəyə görə bir daha Sizə öz minnətdarlığımızı bildirir və Sizi əmin edirik ki, ölkə iqtisadiyyatının modernləşdirilməsi, onun dünya iqtisadiyyatına inteqrasiyası yolunda apardığınız böyük işlərdə həmişə Sizinlə olacağıq.
Diqqətinizə görə çox sağ olun.
X X X
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Rafiq NİFTƏLİYEV regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının digər bölgələr kimi, Ağdaşda da uğurla həyata keçirildiyini konkret faktlarla əsaslandıraraq dedi:
-Zati-aliləri, möhtərəm cənab Prezident!
Sizin 2011-ci il oktyabrın 30-da rayonumuza sayca üçüncü səfəriniz zamanı Mərkəzi Rayon Xəstəxanasının açılışında qeyd etdiyiniz “Ağdaş müasir rayona çevrilməkdədir, burada yaşamaq, işləmək və istirahət etmək üçün hər cür şərait vardır” sözləri bizim üçün bütöv bir fəaliyyət proqramına çevrilmişdir.
Cənab Prezident!
Tərəfinizdən hazırlanmış və uğurla icra edilən Dövlət proqramları Ağdaş rayonunda iqtisadiyyatın inkişafında bir sıra mühüm irəliləyişlərin əldə edilməsinə təminat vermişdir. Belə ki, rayonda ümumu məhsul istehsalı 5,6 dəfə, sənaye məhsulu istehsalı 3,5 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı isə 3,8 dəfə artmışdır.
Son 8 ildə rayonda 15 min 638 yeni iş yeri açılmışdır ki, bunların da 5 min 745-i daimidir.
Möhtərəm cənab Prezident!
Ağdaş rayonu respublikamızın aqrar rayonlarından olduğu üçün burada kənd təsərrüfatının inkişafına xüsusi önəm verilir.
Ölkədə ərzaq təhlükəsizliyini təmin edən aqrar sahənin inkişafına diqqət və qayğı, eləcə də kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi rayonda bu sahənin inkişafı istiqamətində bir sıra mühüm nailiyyətlərin əldə olunmasına imkan vermişdir. Belə ki, 2003-cü illə müqayisədə rayonda taxıl, tərəvəz, bostan məhsulları, meyvə istehsalı orta hesabla 50 faiz artmışdır. Bu da kənd təsərrüfatı sahəsinə daxil olan gəlirlərin 6 dəfə çoxalmasına zəmin yaratmışdır. Rayonda Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə 1200 başlıq heyvandarlıq kompleksi inşa olunmuşdur. Böyük diqqət və qayğınızın nəticəsidir ki, bir neçə bölgəni əhatə edəcək kənd yerlərinin kompleks inkişafı layihəsinə Ağdaş rayonu da qoşulmuşdur. Layihə rayonun 9 min hektarda şoranlaşmış torpaq sahəsinin yuyularaq əkin dövriyyəsinə qaytarılmasını təmin edəcəkdir. Suvarılan sahələr təsərrüfatdaxili suvarma və drenaj sistemlərinin təmiri və bərpası, bitkiçilik və heyvandarlıq sahələrindən yüksək məhsuldarlığın əldə edilməsi üçün fermerlərə dəstək verəcəkdir.
Rafiq Niftəliyev rayonun infrastrukturunda mövcud problemlərin həlli ilə bağlı həyata keçirilən layihələr barədə də dövlətimizin başçısına məlumat verərək bildirdi:
-Möhtərəm cənab Prezident!
Rayonda elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatda yığılıb qalmış bir sıra problemlər əhalinin rahatlığını pozurdu. Sizin diqqət və qayğınız nəticəsində artıq bu sahədəki problemlər öz həllini tapmışdır. Belə ki, rayonda 110/35/10 kilovoltluq elektrik yarımstansiyası tikilib istifadəyə verilmiş, 220/110 kilovoltluq 2x180 meqavat gücündə Ağdaş Regional Elektrik Yarımstansiyasının inşası davam etdirilir. Rayonda yaşayış məntəqələrinin 35-i təbii qazla təmin edilmiş, 7-də isə işlər davam etdirilir.
Əhalinin içməli su problemi də öz həllini tapmaq üzrədir. Belə ki, açılış mərasimində iştirak etdiyiniz Ağdaş şəhərinin su- kanalizasiya sisteminin yenidən qurulması layihəsinin birinci mərhələsi başa çatmışdır. Hazırda layihənin ikinci mərhələsinin icrası istiqamətində işlər davam etdirilir. Bu layihənin icrası başa çatdıqdan sonra şəhər əhalisi fasiləsiz və keyfiyyətli içməli su ilə tam təmin ediləcəkdir.
Mədəniyyətin və iqtisadiyyatın yoldan başlandığını vurğulayan ulu öndərimiz Heydər Əliyevin ideyalarının uğurlu davamçısı kimi sizin rəhbərliyinizlə yol infrastrukturunun yeniləşməsi istiqamətində reallaşdırılan nəhəng layihələrdən olan Bakı-Qazax-Ələt-Gürcüstan dövlət sərhədi magistral avtomobil yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsi yenidən qurulmuşdur. Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunda isə işlər davam etdirilir. Bu magistral yolların digər bölgələr kimi, Ağdaş rayonu üçün də böyük iqtisadi səmərəsi vardır. Təkcə Ağdaş rayonunda 46 mindən artıq əhali həmin yollardan istifadə edir.
Açılışında iştirak etdiyiniz, əsaslı şəkildə bərpa olunmuş və keyfiyyəti ilə seçilən 12 kilometr uzunluğunda Ağdaş-Ləki avtomobil yolu isə hər iki magistral avtomobil yolunu birləşdirir ki, bu da respublikamızın şimal-qərb bölgəsi ilə cənub və cənub-qərb bölgələri arasında nəqliyyat əlaqəsinin yaxşılaşması baxımından mühüm əhəmiyyətə malikdir.
Möhtərəm cənab Prezident!
Sizin və böyük sosial layihələrin təşəbbüskarı olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, çox hörmətli Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısının nəticəsidir ki, son illər rayonda sosial obyektlərin tikintisi və təmiri geniş vüsət almışdır. Məşhur kaman ustası Habil Əliyevin adını daşıyan Ağdaş Musiqi Məktəbinin yeni binası tikilərək, ən müasir avadanlıqla təchiz olunmuşdur. 1564 yerlik 6 yeni məktəb binası, 840 yerlik 42 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Yeddi məktəb binası isə əsaslı təmir olunmuşdur. Hazırda rayonda daha 9 yeni məktəb binasının və iki məktəbəqədər tərbiyə müəssisəsinin tikintisi davam edir.
Açılışında iştirak etdiyiniz ağdaşlı gənclərin böyük sevincinə səbəb olan Olimpiya İdman Kompleksi özünəməxsus idman ənənələri ilə seçilən Ağdaşda idmanın yenidən inkişaf etməsinə, idmançılarımızın yeni uğurlara imza atmasına geniş imkanlar yaratmışdır.
Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə hazırlanan və uğurla icra edilən Dövlət proqramlarının həyata keçirilməsi Azərbaycanın daha işıqlı gələcəyinə doğru atılan addımlar kimi son dərəcə əhəmiyyətli və əvəzolunmazdır.
Sizi əmin edirəm ki, qarşımıza qoyduğunuz vəzifələrin layiqincə yerinə yetirilməsi üçün var gücümüzlə çalışacağıq.
İcazə verin, rayonumuza göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə Ağdaş rayon ictimaiyyəti adından bir daha dərin minnətdarlığımı və təşəkkürümü bildirim.
Diqqətinizə görə çox sağ olun.
X X X
“AzMDF” zavodunun direktor müavini Vüqar ƏLİYEV dövlətimizin başçısının daimi diqqət və qayğısı sayəsində ölkədəki işgüzar mühitin sahibkarlara öz fəaliyyətlərini daha da genişləndirməyə, yeni müxtəlif profilli müəssisələrin yaradılmasına əlverişli imkan yaratdığını qeyd edərək dedi:
-Möhtərəm cənab Prezident! Müasir texnologiyaların Azərbaycana gətirilməsi, idxalı əvəz edən və ixracyönümlü məhsul istehsal edən müəssisələrin yaradılması ilə bağlı Sizin verdiyiniz tövsiyələr rəhbər tutularaq MDF zavodunun layihəsi tərəfimizdən həyata keçirilmişdir.
Qeyri-neft sektoruna investisiya qoyuluşuna dair dövlətimizin strategiyasına uyğun olaraq, müəssisəmiz zavodun tikintisi və tam gücü ilə fəaliyyəti üçün ümumilikdə 75 milyon manat sərmayə qoymuşdur.
Müvafiq sahə üzrə regionda ilk olan MDF zavodu 2011-ci ilin fevralında şəxsən Sizin iştirakınız ilə açılmışdır. Almaniyanın “Siemens” və Yaponiyanın “Mitsubishi” şirkətlərinin idarəetmə proqramları ilə təmin olunmuş, yüksək texnologiyalı avadanlıq və cihazlar quraşdırılmış zavodumuz bu gün tam gücü ilə işləməkdədir. Zavodumuzda quraşdırılan avadanlığın müasir texnologiyaya malik olması istehsalatda yüksək keyfiyyət əldə edilməsinə və əl əməyindən minimum istifadə olunmasına imkan yaradır. Bu isə istehsal olunan məhsullarımızın xarici analoqları ilə rəqabətinə müsbət təsir göstərir.
Hazırda istehsalatın bütün mərhələlərində təxminən 500-ə yaxın yerli mütəxəssis və işçi kollektivi böyük uğurla fəaliyyət göstərir ki, bu da dövlətimizin məşğulluq siyasətinə töhfəsidir.
Vüqar Əliyev müəssisənin yerləşdiyi Abşeron rayonunun iqtisadiyyatında tutduğu mövqedən də danışdı:
-Zavodumuzun Abşeron rayonu ərazisində yerləşməsi regionların iqtisadi və sosial inkişaf üzrə Dövlət Proqramının təzahürü olaraq bu rayonun iqtisadi inkişafına təkan vermiş, rayon sakinlərinin işlə təmin olunmasına şərait yaratmışdır.
Zavodumuzda beynəlxalq standartlara cavab verən istehsalat xəttində il ərzində 85 min kubmetr həcmində MDF lövhələri istehsal edilir. Fərqli ölçülərdə istehsal olunan yüksək keyfiyyətli bu lövhələr inşaat sektoru və mebel sənayesinin müxtəlif sahələrində geniş istifadə olunur.
Respublikamıza əvvəllər dünyanın bir sıra ölkələrindən idxal edilən MDF materialları artıq zavodumuzda ən yüksək keyfiyyətlə istehsal olunur.
MDB məkanında və qonşu dövlətlər arasında bu profilli ən böyük zavod olaraq istehsal etdiyimiz yerli məhsullar bu məhsulun idxalına ehtiyacı aradan qaldırılmışdır. Eyni zamanda, istehsal edilən yerli məhsul bu materialdan hazırlanan digər mebel məhsullarının qiymətinin aşağı düşməsinə müsbət təsir göstərmişdir.
Xaricdən gətirilən ağac xammalı ilə yanaşı, yüksək keyfiyyətli kimyəvi maddələrin qarışığından hazırlanan məhsullarımız beynəlxalq standartlara tam cavab verməklə bu sahədəki uyğunluq sertifikatlarını əldə etmişdir.
Zavodumuz 2011-ci ilin ikinci yarısında öz məhsuldarlığını 10 dəfə artırmışdır. Bu, yerli bazarın tələbatını tam şəkildə ödəməyə imkan vermişdir.
Məhsulumuzun keyfiyyətli və rəqabət qabiliyyətli olması nəzərə alınaraq, cari ildən başlayaraq xaricə ixrac edilməsi planlaşdırılır.
MDF lövhələri ilə yanaşı, hazır məhsul kimi istehlak olunacaq yeni mebel sənayesi məhsullarının istehsalı da başlıca hədəflərimizdəndir. Bu məqsədlə üzlənmiş parket, eləcə də qapı və hazır mebel məhsullarının yığılması üçün əlavə elementlərin istehsalına 36 milyon manat həcmində yeni investisiya qoyuluşu nəzərdə tutulur. Bu isə öz növbəsində ilkin məhsulun 60 faizindən artıq hissəsinin yarımfabrikat kimi yox, hazır məhsul kimi istifadə olunmasına imkan verəcəkdir.
Bu investisiya qoyuluşu, eyni zamanda, 200-dən çox yeni iş yerinin açılmasına şərait yaradacaqdır.
Möhtərəm cənab Prezident! Çıxışımın sonunda sahibkarlığın inkişafına yaratdığınız şəraitə və hərtərəfli dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər SEYİDƏLİYEV regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində Ağsuda 100-dən çox irimiqyaslı layihənin gerçəkləşməsinə əlverişli imkan yarandığını qeyd edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli konfrans iştirakçıları!
Ötən il 2003-cü illə müqayisədə ümumi məhsul istehsalı 4,7 dəfə, sənaye məhsullarının həcmi 3,1 dəfə artmışdır. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu dövrdə tikinti-quraşdırma işlərinin həcmi 125 dəfə, əsas kapitala yönələn investisiyalar 110 dəfə artmışdır. Rayonumuzun iqtisadiyyatında kənd təsərrüfatı üstün sahə olduğu üçün Dövlət Proqramında, ilk növbədə, mövcud potensialdan, yerli xammaldan səmərəli istifadə olunmaqla fəaliyyət göstərən emal müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur.
Cənubi Qafqazda ən böyük istehsal müəssisələrindən olan, tikintisinə 50 milyon manat investisiya qoyulmuş və ötən il açılışına xeyir-dua verdiyiniz “Az-Granata” Məhdud Məsuliyyətli Cəmiyyətin şirə və şərab emalı zavodu nəinki rayonumuzun, bütün bölgənin iqtisadiyyatının inkişafına güclü təkan verəcəkdir. Bu gün zavodda istehsal olunan məhsullar ABŞ, Almaniya, Rusiya, Avstriya, Çexiya, Birləşmiş Ərəb Əmirliklərinə satılır.
“Miri Grand” Məhdud Məsuliyyətli Cəmiyyətin konserv zavodu da əsaslı bərpa və yenidənqurmadan sonra bir sıra Avropa, Asiya və MDB dövlətlərinə yüksək rəqabət qabiliyyətli müxtəlif şirələr ixrac edir. Rayonumuzda digər sənaye sahələrinin də inkişafına diqqət artmışdır. Son 8 ildə rayonda 4 min 906-sı daimi olmaqla, 9 min 589 iş yeri açılmışdır.
Ənvər Seyidəliyev rayonun iqtisadi inkişafının sosial məsələlərin uğurlu həllinə də təsir göstərdiyini vurğulayaraq dedi:
- Bu illər ərzində Ağsu şəhərinin küçə və meydanlarında genişmiqyaslı bərpa və abadlıq işləri görülmüşdür. Yaşayış binaları və istinad divarları əsaslı təmir olunmuş, küçə və səkilərə 300 min kvadratmetr yeni asfalt örtüyü salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. Ümumi uzunluğu 10 kilometr olan 9 kəndi rayon mərkəzi ilə birləşdirən 5 minə yaxın əhalinin istifadə etdiyi Ağsu-Çiyni-Sarvan rayondaxili-kəndarası avtomobil yolu əsaslı şəkildə yenidən qurulmuşdur. Kənd investisiya layihəsi çərçivəsində rayonun 15 kəndində ümumi uzunluğu 100 kilometr olan daxili yollar təmir olunmuşdur. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair verdiyiniz Sərəncamla ayrılmış 2 milyon manat vəsait isə qalan küçələrimizin abadlaşdırılmasına sərf olunacaqdır. Sizin rayonumuza 2009-cu ildəki səfərinizdən sonra imzaladığınız Sərəncama əsasən ayrılmış 3,7 milyon manat vəsait hesabına dağlıq ərazilərdəki bulaqlardan 25 kilometr uzunluğunda yeni kəmər çəkilərək Ağsu şəhəri və 3 kənd keyfiyyətli içməli su ilə təmin edilmişdir. Bununla yanaşı, tapşırığınız əsasında Ağsu şəhərində Dünya Bankının vəsaiti hesabına maliyyələşdirilən və 50 milyon ABŞ dolları dəyərində kanalizasiya şəbəkəsinin tikintisi və alternativ su kəməri çəkilişi layihələrinin icrası həyata keçirilir. Uğurlu islahatlar nəticəsində rayonumuzun elektrik, qaz infrastrukturu da yenilənir. Ağsu şəhərində respublikada birincilər sırasında elektrik verilişi xətləri “SİP” markalı müasir kabellərlə əvəz olunmuşdur. Təbii qaz verilən yaşayış məntəqələrinin sayı 20-yə çatmışdır. Qalan kəndlərin qazlaşdırılması isə 2013-cü ilin sonunadək yekunlaşacaqdır. Ötən il rayonumuzda səfərdə olarkən sakinlərimizin xahişini nəzərə alaraq yeni mərkəzi xəstəxana binasının tikintisi ilə bağlı verdiyiniz Sərəncam bütün ağsulular tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanmışdır.
Son 8 ildə məktəb tikintisi sahəsində də xeyli işlər görülmüşdür. Bu dövrdə 15 məktəb binası, 13 əlavə sinif otağı tikilmiş, 2 məktəb binası əsaslı təmir olunmuşdur. Daha 4 məktəbin inşası davam etdirilir. 1500 şagird yerlik 9 məktəb binasının tikintisi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə reallaşmışdır. Yeri gəlmişkən, onu da qeyd etmək istərdim ki, tapşırığınızla biz məktəb tikintisinə böyük məsuliyyətlə yanaşırıq. Sizin etimadınızı doğrultmağa çalışırıq. Sizin və Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xeyir-duası ilə təməli qoyulmuş və ötən il istifadəyə verilmiş 3 min yerlik Ağsu şəhər stadionu da rayonda idmanın kütləviliyinə xüsusi töhfə olmaqla, gənclərimiz üçün çox böyük hədiyyədir. Bu stadionda beynəlxalq yarışların keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Gənc nəslin sağlam və savadlı böyüməsi üçün gördüyünüz işlərə, göstərdiyiniz diqqət və qayğıya görə Sizə və çox hörmətli Mehriban xanıma ağsuluların minnətdarlığını çatdırıram.
Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzi, Heydər Parkı, ulu öndərin adını daşıyan seyrəngah, Qəhrəmanlar Parkı, Mədəniyyət və İstirahət Parkı, Dövlət Bayrağı Kompleksi, avtovağzal və bir çox digər tikililər də son illərin buraxılış obyektlərindəndir. Bütün bunlar Azərbaycan əyalətinin bugünkü gerçəkliyi, ümumiyyətlə, ölkəmizin iqtisadiyyatında baş verən vüsətli inkişaf proseslərinin göstəricisi, Sizin yorulmaz əməyinizin nəticəsidir.
Möhtərəm cənab Prezident! Sizin rayonumuzda olarkən dediyiniz “Ağsu indi Azərbaycanın ən qabaqcıl rayonlarından biridir və bu, məni çox sevindirir” sözləri rayonda işgüzar fəallığın daha da artmasına səbəb olmuş, onun inkişafına əməli stimul vermişdir. Sizi əmin etmək istəyirəm ki, növbəti illərdə də rayonumuzda bütün iqtisadi və sosial məsələlər öz həllini tapacaqdır.
Diqqətinizə görə minnətdaram.
X X X
“Naxçıvan” avtomobil zavodu Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Polad SADIXOV “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ölkənin bütün regionları kimi, Naxçıvan Muxtar Respublikasının inkişafı üçün də yeni prioritetlər müəyyənləşdirdiyini bildirərək dedi:
- Möhtərəm cənab Prezident!
Qədim tarixə malik olan Naxçıvanın bugünkü sosial-iqtisadi tərəqqisi ölkəmizdə ardıcıl şəkildə həyata keçirilən quruculuq işlərinin əyani ifadəsidir.
Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyinə həsr olunmuş tədbirdə hörmətli Prezidentimiz demişdir: “Naxçıvan Muxtar Respublikasının iqtisadi və sənaye potensialı getdikcə güclənir, Naxçıvanda geniş quruculuq, abadlıq işləri aparılır. Hər bir naxçıvanlı əldə edilmiş bu uğurlarla haqlı olaraq fəxr edə bilər. Naxçıvanın güclü olması Azərbaycanın güclü olması deməkdir”.
Bu gün muxtar respublikada uğurla həyata keçirilən böyük infrastruktur layihələri, tikilən yüzlərlə sosial-mədəni obyektlər, çəkilən müasir yollar hər bir naxçıvanlı tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Sosial-iqtisadi tərəqqinin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyan Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında sahibkarlıq fəaliyyətinin də rolu getdikcə güclənir. Göstərilən dövlət dəstəyi biz sahibkarların fəaliyyətinin stimullaşdırılmasına şərait yaradır.
Muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl bölmənin payının artaraq 86,5 faiz təşkil etməsi sahibkarlığa yaradılan münbit şəraitin bariz ifadəsidir. İndi Naxçıvan Muxtar Respublikasında 93 növdə ərzaq, 166 növdə qeyri-ərzaq olmaqla, ümumilikdə 259 növdə məhsula olan tələbat daxili imkanlar hesabına ödənilir.
Polad Sadıxov təmsil etdiyi zavodu ölkəmizdə özəl sektora dövlət dəstəyindən bəhrələnən sahibkarlıq subyektlərindən biri kimi səciyyələndirdi və müəssisənin iqtisadi göstəricilərindən danışdı:
- 2010-cu ildə istifadəyə verilmiş zavod ildə 5 min avtomobil istehsal etmək gücündədir. Dörd modeldə avtomobil istehsal edilən zavodda bu ildən etibarən “krossover” və avtomat sürət qutusuna malik modellərin istehsalına başlanmışdır. Çalışırıq ki, yeni model avtomobillər daxili və xarici bazarda özünə layiq olan yeri tutsun.
Müəssisəmizdə istehsal edilən xüsusi minik avtomobilləri əlillərin istifadəsi üçün tam uyğundur. Naxçıvan və Bakı şəhərlərində satış və servis şəbəkəsi yaradılmışdır. Zavodda yerli mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilir.
İstehsal edilən məhsulların ölkənin avtomobil bazarında rəqabətə davamlılığının təmin edilməsi əsas hədəfimizdir. Bu məqsədlə avtomobillərin ehtiyat hissələrinin istehsalı da planlaşdırılmışdır. Hazırda bu istiqamətlərdə iş aparılır.
İstehsal olunan avtomobillərin xarici ölkələrdə satışı da nəzərdə tutulmuşdur.
Ötən illərin uğurları göstərir ki, Naxçıvan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Dəqiq hədəflərə istiqamətlənmiş bu sosial-iqtisadi inkişaf xəttinin Sizin rəhbərliyinizlə uğurla davam etdirilməsi deməyə əsas verir ki, bu strategiya növbəti illərdə daha yüksək nəticələr verəcəkdir.
Möhtərəm Prezident! Biz - Naxçıvan Muxtar Respublikasının sahibkarları doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə müəyyənləşdirdiyiniz vəzifələrin icrasında bundan sonra da fəal iştirak edəcək, böyük diqqət və qayğınıza öz əməli işimizlə cavab verəcəyik.
Sağ olun!
X X X
Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən BAĞIROV ümummilli lider Heydər Əliyevin Azərbaycanın gələcəyinə hesablanmış siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin ölkənin hər bir regionu kimi dağ rayonu olan Lerikin də simasının tamamilə dəyişməsinə səbəb olduğunu bildirərək dedi:
- Möhtərəm cənab Prezident!
Məhz Sizin göstərdiyiniz qayğının nəticəsidir ki, uzun illər gediş-gəlişi çox çətin olan 56 kilometrlik Lerik-Lənkəran avtomobil yolu tamamilə yenidən qurulmuş, şəhərdaxili bütün yollar asfaltlanmışdır.
Tarixi boyu qaz verilməyən ucqar dağ rayonuna 2006-cı ildə tapşırığınızla təbii qaz xətti çəkilmişdir. 2008-ci ildə Sizin Sərəncamınızla Lerik qəsəbəsinə şəhər statusunun verilməsi şəhərimizin inkişafını daha da sürətləndirmişdir. Yeni park və xiyabanlar salınmış, küçələrdə müasir işıqlandırma sistemləri quraşdırılmış, rayon sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Sizin tapşırığınızla Lerik şəhərində 16,5 meqavattlıq elektrik stansiyasının tikintisinə başlanmış, şəhərin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı tikinti işləri sürətlə davam etdirilir.
Möhtərəm cənab Prezident!
Nadir təbiətə malik Lerikdə yaradılmış infrastruktur nəticəsində rayonda turizm daha da inkişaf etmiş, 2004-cü ildən keçən müddət ərzində Lənkəran-Lerik yolu boyunca 10 turizm istirahət-əyləncə mərkəzi istifadəyə verilmişdir. Bu obyektlərdə turistlərin istirahəti üçün otel və kotteclər, idman meydançaları inşa edilmişdir. Müasir tələblərə cavab verən turizm mərkəzlərində eyni vaxtda 800 turistin ilin bütün fəsillərində istirahəti üçün hər cür şərait vardır.
Çox önəmli haldır ki, ildən-ilə bu istirahət mərkəzlərinə ölkəmizin hər yerindən, əsasən də xarici dövlətlərdən gələn turistlərin sayı artmaqdadır. 2011-ci ildə rayona 9724 turist gəlmişdir ki, bu da əvvəlki illərə nisbətən 1137 nəfər çoxdur.
Möhtərəm cənab Prezident!
Turizmin inkişafı rayonun sosial-iqtisadi həyatının digər sahələrinə də öz müsbət təsirini göstərmiş, xüsusən də kənd təsərrüfatının inkişafına güclü təkan vermiş, nəticədə rayonda ət, süd, bal, yumurta və yun istehsalı dəfələrlə artmışdır.
Rayonda təbii və müalicəvi əhəmiyyətə malik 7 adda mineral süfrə suları, kərpic, qum və çınqıl istehsal edən müəssisələr fəaliyyət göstərir. Onların məhsulları təkcə rayon bazarında deyil, eyni zamanda, ölkəmizin hər yerində böyük həvəslə alınır. Hazırda Piran kəndində gün ərzində 30-35 ton quş əti istehsal edəcək, cənub zonasında ən böyük istehsal müəssisələrindən biri olan broyler fabrikinin tikintisində işlər başa çatmaq üzrədir. Bu obyekt istifadəyə verildikdən sonra 150 nəfərdən çox rayon sakini işlə təmin olunacaq, orta aylıq əmək haqqı 350-400 manat təşkil edəcəkdir.
Sizin rayonun sosial-iqtisadi həyatının bütün sahələrinə, o cümlədən turizm sektoruna göstərdiyiniz qayğı nəticəsində 2011-ci ildə 2003-cü illə müqayisədə ümumi məhsul buraxılışı 2,8 dəfə, əhaliyə göstərilən pullu xidmət 6 dəfə, əsas kapitala yönəldilən investisiya qoyuluşu isə 35 dəfə artmışdır. Məlumat verirəm ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına uyğun olaraq son üç ildə rayonumuzda 1951, ümumilikdə isə 2004-2011-ci illər ərzində 6700 iş yeri açılmışdır. Onların 45 faizindən çoxu daimi iş yerləridir.
Təhsilə göstərilən dövlət qayğısı sayəsində son illərdə rayonumuzda 3 min 950 şagird yerlik 26 məktəb binası, o cümlədən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən altı müasir məktəb kompleksi tikilmiş, hər cür avadanlıqla təmin edilmişdir. Rayonda 22 məktəb binası əsaslı təmir olunmuş, hazırda 14 məktəb binasında tikinti və layihələndirmə işləri görülür.
Yeri gəlmişkən bildirmək istəyirəm ki, respublikamızda təhsilin inkişafında, milli və mənəvi dəyərlərimizin qorunub saxlanılmasında Sizin və Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.
Rövşən Bağırov hazırda rayonda tikinti-quruculuq və abadlıq işlərinin sürətlə davam etdirildiyini vurğulayaraq bildirdi:
- Sizin qayğınız sayəsində hazırda rayonumuzda abadlıq-quruculuq, tikinti işləri sürətlə davam etdirilir. Son illər rayonda Heydər Əliyev Mərkəzi, Uzunömürlülər Muzeyi, 8 tibb müəssisəsi, 10 rabitə şöbəsi, rayon icra hakimiyyəti və 7 dövlət müəssisəsi üçün inzibati binalar tikilmiş, şəhər və kəndlərdə fəaliyyət göstərən bütün ATS-lər elektron tipli ATS-lərlə əvəzlənmişdir.
Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasının nəticəsidir ki, son dövrdə yeni bazar kompleksi, iki şadlıq sarayı, müasir tələblərə cavab verən iaşə və ticarət obyektləri inşa edilmiş və sakinlərin istifadəsinə verilmişdir.
Möhtərəm cənab Prezident!
Siz rayonumuza üç dəfə səfər etmisiniz. 2010-cu ildə rayon ictimaiyyəti ilə görüşünüz zamanı söylədiyiniz “Mən çox şadam ki, Lerikdə inkişaf çox sürətlə gedir. Rayonun sözün əsl mənasında inkişafı həm yerli sakinlər, həm də bütün ölkə üçün çox vacibdir. Dağ rayonlarına - paytaxtdan, mərkəzdən uzaqda yerləşən bölgələrə xüsusi diqqət göstərilməlidir və bu diqqət göstərilir” sözləri hər bir leriklinin qəlbini fərəh hissi ilə doldurmuş, qurub-yaratmaq əzmini artırmışdır.
İcazə verin, Sizi bir daha əmin edim ki, ucqar dağ rayonumuza göstərdiyiniz böyük diqqət və qayğınıza leriklilər hər zaman öz əməli işləri ilə cavab verəcəklər. Diqqətinizə görə çox sağ olun.
Prezident İlham Əliyevin yekun nitqi
- 2012-ci ildə Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər əminəm ki, öz həllini tapacaqdır. Ölkəmiz üçün bu il də uğurlu olmalıdır, xüsusilə qeyri-neft sektorunda böyük inkişaf gözlənilir.
Əvvəlki dövrdə başlanmış və indi davam edən layihələr öz bəhrəsini verməkdədir. Eyni zamanda, 2012-ci ildə də böyük müəssisələr, zavodlar açılacaqdır. Beləliklə, qeyri-neft potensialımız daha da artacaqdır. Sahibkarlığın inkişafı üçün bir daha demək istəyirəm ki, bütün imkanlar vardır. Burada sahibkarların və icra hakimiyyəti başçılarının çıxışlarında bölgələrdə gedən proseslər haqqında məlumatlar verildi.
Deyə bilərəm ki, biz hər bir bölgədə, hər bir rayonda təxminən eyni mənzərəni müşahidə edirik. İnkişaf, abadlıq, quruculuq, sosial layihələrin icrası və ümumiyyətlə, böyük canlanma prosesi gedir. Bu, məni çox sevindirir. Mən mütəmadi qaydada bölgələrdə oluram, vəziyyətlə tanış oluram və hər dəfə müsbətə doğru dəyişiklikləri görəndə çox sevinirəm. Ölkəmizin çox böyük imkanları, böyük potensialı vardır. Bu potensialı Azərbaycan xalqının istedadı yaratmışdır və biz elə etməliyik ki, müəyyən olunmuş bütün vəzifələr həm dövlət qurumları, həm də özəl sektor tərəfindən icra edilsin.
Son illərdə özəl sektorun ümumi daxili məhsuldakı çəkisi artır. Ümumiyyətlə ümumi daxili məhsulumuz çox sürətlə artır. Son 8 il ərzində 3 dəfə artmışdır. Heç bir başqa ölkədə belə nəticə olmamışdır. Çox sevindirici haldır ki, özəl sektorun çəkisi artır, təxminən indi bu pay 83 faiz civarındadır. Bu, onu göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesi artıq çoxdan başa çatmışdır. Mən bir müddət bundan əvvəl demişəm ki, biz artıq keçid dövrümüzü başa vurmuşuq. Azərbaycan indi keçid dövrünü yaşayan ölkə deyildir. Biz sürətli inkişaf dövrünü yaşayan ölkəyik, inkişafda olan ölkəyik və bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkəyə çevrilmək üçün biz siyasətimizi davam etdirəcəyik.
Giriş sözümdə qeyd etdiyim kimi, böyük Dövlət İnvestisiya Proqramı icra ediləcəkdir. Yeddi milyard manat böyük məbləğdir. Elə etməliyik ki, bu məbləğ böyük səmərə ilə istifadə olunsun və bütün layihələrdə işlər getsin. Heç bir yubanma olmasın, biz bürokratik əngəlləri gərək tamamilə aradan qaldıraq və eyni zamanda, bu böyük dövlət layihələrinə nəzarət daha da güclü olmalıdır. Çünki nəzarət olan yerdə işin keyfiyyəti də təmin edilir.
Bu il əvvəlki illərdəki kimi, infrastruktur layihələrinə böyük vəsait ayrılacaqdır. Xüsusilə yol tikintisinə. Magistral yollarda işlər gedir. Keçən il olduğu kimi, bu il də kənd yollarına eyni qaydada böyük sərmayə qoyulmağa başlamışdır. Əvvəlki dövrlərdə də biz bu sahəyə diqqətimizi əsirgəməmişdik.
Ancaq xüsusilə 2012-ci və 2013-cü illərdə bu sahəyə daha da böyük məbləğdə vəsait qoyulacaqdır. Kənd yollarının tikintisi birbaşa yerli icra orqanlarına tapşırılmışdır. Onlar bu işi böyük səmərə ilə və böyük keyfiyyətlə görməlidirlər. Bu, böyük məsuliyyətdir, çünki əvvəlki dövrdə bu işlərlə mərkəzi icra orqanları məşğul idi. Ancaq mərkəzi icra orqanlarının digər layihələri vardır. Onlar əsas diqqəti magistral, şəhərlərarası yollara yönəltməlidirlər. O ki qaldı kənd yollarına, yerli icra orqanları bu işləri daha yaxşı bilir. Artıq keçən ildən başlayaraq hər bir bölgədən sifarişlər gəldi, məruzələr edildi və plan tərtib olundu. Gördüyünüz kimi, ilin əvvəlindən həm dövlət büdcəsi, həm Prezidentin ehtiyat fondu hesabına bölgələrə vəsait ayrılır. Qarşıya məqsəd qoyulubdur ki, biz bütün kənd yollarını abadlaşdıraq. Bu, əlbəttə ki, maksimum məqsəddir.
Eyni zamanda, 2013-cü ilin sonuna qədər qarşıya real məqsəd də qoyulmuşdur, bütün hesablamalar aparılmışdır, həm maliyyə imkanlarımız, həm texniki imkanlar. Beləliklə, kəndlərdə yaşayan əhalinin 80 faizi 2013-cü ilin sonuna qədər gözəl yollardan istifadə edəcəkdir. İmkanlarımız hələ ki, buna çatır. Əgər daha da sürətli inkişafa nail ola bilsək, həm bu il, həm gələn il bu Proqrama əlavələr edə bilərik. Ancaq qarşıya hədəf qoyulubdur ki, kəndlərdə yaşayan əhalinin 80 faizi mütləq əsaslı təmir edilmiş və tikilmiş yollardan artıq istifadə edəcəkdir. Məqsəd isə əlbəttə ki, kənd yollarının 100 faiz qaydaya salınmasıdır. Biz bu məqsədə də çatacağıq.
Bölgələrdə qazlaşdırma prosesi gedir. Dövlət Neft Şirkətinə müvafiq göstərişlər verilmişdir. Baxmayaraq ki, Dövlət Neft Şirkəti böyük şirkətdir, eyni zamanda, biz dövlət dəstəyini də əsirgəmirik. Dövlət İnvestisiya Proqramında bölgələrin dövlət büdcəsi hesabına qazlaşdırılması üçün böyük məbləğ nəzərdə tutulubdur. Yenə də qarşıya real məqsəd qoyulubdur ki, 2013-cü ilin sonuna qədər Azərbaycanda qazlaşdırma 95 faizə çatsın. Bu, real hədəfdir və biz buna çatsaq, hesab edirəm ki, qazlaşma ilə bağlı bütün məsələləri həll etmiş olarıq. Bu, böyük vəsait tələb edən məsələdir, böyük texniki imkanlar olmalıdır. Həm yeni xətlər çəkilir, həm vaxtilə çəkilmiş, çürümüş xətlər dəyişdirilir. Bu proses həm bölgələrdə, həm Bakıda gedir. Biz iki istiqamət üzrə hərəkət etməliyik. Əvvəlki illərdə yaradılmış, köhnəlmiş infrastrukturun bərpası və yeni infrastrukturun yaradılması paralel şəkildə aparılır. Yeni texnologiyalar, yeni boru kəmərləri, xətləri var ki, onların ömrü çox uzundur və biz onlardan istifadə edirik.
Mən giriş sözümdə qeyd etdim ki, biz birinci Proqramın icrası ilə bağlı infrastruktur layihələrinin içərisində daha çox elektrik enerjisi təchizatına fikir vermişik. Baxmayaraq ki, artıq biz özümüzü elektrik enerjisi ilə tam təmin etmişik, bu gün də bu məsələ aktualdır. Çünki ölkə iqtisadiyyatı artır, bizim strateji inkişaf planımız, strateji baxışlarımız vardır. Biz bilirik ki, 10 ildən, 20 ildən sonra iqtisadiyyatımız sürətlə artacaqdır. Yeni müəssisələr, biznes üçün yaradılan yeni şərait gözəl imkanlar açır. Beləliklə, bizdə tələbat daim artacaq, daxili istehlak daim artacaqdır. Bizdə mövcud olan enerji gücləri daxili istehlakdan ən azı 10 faiz artıq olmalıdır. Baxmayaraq ki, biz bu gün enerji təhlükəsizliyimizi təmin etmişik və xaricə ixrac edirik, hazırda böyük layihələr icra edilir. Onlardan ən böyüyü Şirvan şəhərində yerləşən 780 meqavat gücündə “Cənub” Elektrik Stansiyasıdır. Bu stansiya bu il istifadəyə verilməlidir. Şüvəlan qəsəbəsində yerləşən 400 meqavat gücündə “Şimal-2” stansiyasının təməli keçən il qoyulmuşdur və gələn il istifadəyə verilməlidir.
Bu il 25 meqavat gücündə Füzuli Su Elektrik Stansiyası istismara verilməlidir. Gələn il Taxtakörpü Su Anbarında 25 meqavat gücündə Su Elektrik Stansiyası istifadəyə verilməlidir. Keçən il təməl daşını qoyduğumuz və bu il inşası davam etdirilən yeni layihələrlə bərabər, kiçik çaylarda, kiçik həcmli su elektrik stansiyalarının tikintisi davam edir. Bərpa olunan enerji növlərinin yaradılması başlamışdır. Mən keçən il Qobustan rayonunda birinci stansiyanın açılışında iştirak etdim. Çox gözəl təcrübədir, bu layihələrin böyük perspektivi vardır. Artıq Azərbaycanda günəş panelləri istehsal edən müəssisə yaradılır. Günəş-külək enerjisindən daha da geniş şəkildə istifadə etməliyik və Bakıda 300 meqavat gücündə yeni elektrik stansiyasının tikintisi də nəzərdə tutulur. Yəqin ki, bu il texniki layihələndirmə işləri aparılmalıdır. Eyni zamanda, bu ilin investisiya proqramında ötürücü xətlərin bərpasına vəsait nəzərdə tutulur. Bu sahədə hələ ki, görüləsi işlər çoxdur. Ötürücü xətlərin müəyyən hissəsi nasaz vəziyyətdədir. Bölgələrdə külək əsən kimi bəzən dirəklər yıxılır və kəndlər işıqsız qalır. Ona görə “Azərenerji”yə göstəriş verilmişdir ki, bu sahəyə xüsusi diqqət göstərilsin və dövlət büdcəsi tərəfindən dəstək veriləcəkdir.
İçməli su və kanalizasiya layihələri icra edilir. Burada bu layihələr haqqında söylənildi. Bir daha demək istəyirəm ki, bu çox böyük sosialyönümlü, böyük vəsait tələb edən layihədir. Yüz milyonlarla manat, bəlkə milyardlarla manat vəsait tələb edən layihədir. Bakı, Bakıətrafı qəsəbələr, bütün şəhərlər, rayon mərkəzləri kanalizasiya, içməli su ilə təmin edilməlidir və bu istiqamətdə atılan addımlar ümidvericidir. Qarşıya böyük hədəflər qoyulub. Amma yenə də deyirəm, bu hədəflər reallığı əks etdirməlidir.
Əlbəttə, mən çox istərdim ki, 2013-cü ilə qədər bütün şəhər və rayonlarımızda bu layihələr başa çatsın. Ancaq yəqin ki, bu, mümkün olmayacaqdır. Ona görə real hədəf ondan ibarətdir ki, gələn ilin sonuna qədər əksər şəhər və rayonlarımızda içməli su, kanalizasiya layihələri başa çatsın. Mən hesab edirəm ki, biz buna 100 faiz nail olacağıq. Yenə də baxarıq, bu il, ya gələn il əlavə maliyyə imkanlarımız yaranarsa, biz bu vəsaiti, ilk növbədə içməli su, kanalizasiya layihələrinə yönəltməliyik. Belə olan halda biz bəlkə daha da çox işlər görə bilərik. Ancaq hazırda bütün bölgələrdə, hər bir rayonda içməli su, kanalizasiya layihələri ya başlamışdır, ya da ki, başlamaq üzrədir. Bununla bərabər, - burada bu barədə də deyildi, - çaylar boyu yerləşən kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması prosesi davam etdirilməlidir. Mənə verilən məlumata görə, hazırda 188 kənddə belə qurğular quraşdırılıb. Vaxtilə insanlar çaylardan, kanallardan su içirdilər. İndi təmizlənmiş su içirlər və belə insanların sayı 300 mindən çoxdur. Artıq kəndlərdə 340 min əhali bu imkanlara malikdir. Göstəriş verilmişdir ki, bu il və gələn il əlavə tədbirlər görülsün və çaylar boyu yerləşən kəndlərdə əhalini biz maksimum dərəcədə təmiz su ilə təmin etməliyik.
Bu il və gələn il yenə də meliorasiya məsələləri diqqət mərkəzindədir. Bu barədə artıq deyildi. İki böyük layihə icra edilir.
Həm bu sahədə ən böyük layihələr və bəlkə də ölkə miqyasında, qeyri-neft sektorunda ən böyük investisiyalar məhz bu sahəyə yönəldilir. Biz iki böyük su anbarı yaradırıq. Əslində böyük göllər yaradırıq - Taxtakörpü və Şəmkirçay anbarları. On minlərlə hektar yeni torpaq sahələri dövriyyəyə daxil ediləcəkdir və beləliklə, kənd təsərrüfatına çox güclü təkan veriləcəkdir. Bunlar çox böyük vəsait tələb edən layihələrdir. Bu, gələcəyə qoyulan investisiyalardır. Bu investisiyalar dərhal qayıtmayacaq və qarşıya məqsəd də qoyulmayıb ki, onlar dərhal qayıtsın. Bu investisiyalar əlavə məhsulun yetişdirilməsi nəticəsində, ilk növbədə fermerlərin cibinə qayıdacaq və ondan sonra dövlətə. Yəni, bu da dövlət tərəfindən özəl sektora verilən böyük dəstəkdir. Çünki bizdə kənd təsərrüfatı tamamilə özəl sektor tərəfindən idarə edilir, yəni, özəl sektorun sərəncamındadır. Beləliklə, biz bu layihələri də sahibkarlığın inkişafına atılmış addımlar kimi qiymətləndirsək, səhv etmərik.
Kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər görüləcəkdir, kifayət qədər ciddi proqramlar qəbul edilibdir. Taxılçılıqla bağlı yeni təşəbbüslər icra edilir. Bir il bundan əvvəlki müşavirədə demişdim ki, biz tezliklə taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasına başlamalıyıq. Ancaq bir il keçdi, hələ ki, nəticə yoxdur. Mən bilirəm ki, bu, böyük, ciddi məsələdir. Burada həm yeni torpaq sahələri müəyyən edilməli, infrastruktur layihələri icra olunmalı, suvarma məsələləri öz həllini tapmalıdır. Ancaq mən hesab edirəm ki, bu işlərə daha da böyük diqqət göstərilməlidir. Hesab edirəm ki, gələnilki müşavirədə artıq biz birinci uğurlardan danışmalıyıq, əks-təqdirdə mənim göstərişlərimə laqeyd yanaşanlar cəzalandırılacaqlar. Bunu bilin. Bu, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün lazımdır. Bu, çox gözəl, vaxtında irəli sürülmüş təşəbbüsdür. Yubanmadan icra edilməlidir və mən bu barədə bütün müvafiq qurumlara göstəriş vermişəm. Çünki bu iş müvafiq qurumlar tərəfindən əlaqələndirilmiş şəkildə aparılmalıdır. Bütün müvafiq qurumlar bu işlərlə məşğul olmalıdır. Ümumi nəzarət Nazirlər Kabinetinə tapşırılır.
Heyvandarlığın inkişafı ilə bağlı böyük addımlar atılır. Bu yaxınlarda Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 10 milyon manat vəsait ayrılmışdır ki, yenidən o cins mal-qaranın gətirilməsinə nail olsun. Artıq bir neçə ildir ki, bu proses başlamışdır. Beləliklə, biz böyük dərəcədə mal-qaranın cinsini yaxşılaşdıracağıq. Xaricdən gətirilən mal-qara çox məhsuldardır və biz çalışmalıyıq ki, tədricən böyük heyvandarlıq və südçülük fermer təsərrüfatları yaradılsın, artıq burada Ağcabədidən olan iş adamı bu barədə danışdı. O, doğrudan da Azərbaycanın ən böyük südçülük müəssisəsidir. Çox şadam ki, artıq orada heyvandarlıq da, maldarlıq məsələləri də öz həllini tapır. Belə müəssisələr bizə lazımdır. Mən bir azdan sonra deyəcəyəm, ümumiyyətlə, daxili istehsal tələbatımızı nə qədər təmin edir. Südçülük, heyvandarlıq, taxılçılıq sahələrinə xüsusi diqqət göstərilməlidir.
Keçən ilin sonunda üzümçülüyün inkişafına dair Dövlət Proqramı qəbul edilmişdir. Bu da dövlətin niyyətini göstərir. Mən keçən il üzümçülüklə bağlı öz fikirlərimi geniş şəkildə bildirdim. Vaxtilə Azərbaycanda üzümçülük nə üçün məhv edildi. O barədə də danışdım və təkrar etməyə ehtiyac yoxdur. Bu Proqram dövlətin prioritetlərini göstərir. Özəl sektor əlbəttə ki, bu işlərlə məşğul olub, məşğul olur və olmalıdır. Yeni üzüm bağları salınır, biz bunu alqışlayırıq.
Proqramın məqsədi ondan ibarətdir ki, biz özəl sektora necə daha da böyük dərəcədə kömək edə bilərik ki, üzümçülük Azərbaycanda inkişaf etsin və 1980-ci illərdə ulu öndər tərəfindən yaradılmış gözəl ənənə bərpa edilsin. Bu, həm ölkə iqtisadiyyatı, həm də, ilk növbədə, fermerlər üçün lazımdır. Çünki fermerlər yaxşı bilirlər ki, üzümçülükdə əldə edilən gəlirləri başqa sahədə bəlkə də əldə etmək mümkün deyildir. Bu proqramın da təməlində yenə də sahibkarlığın inkişafı dayanır ki, fermerlər, kəndlilər daha da çox pul qazansınlar, daha da yaxşı yaşasınlar.
Bağçılıqla, xüsusilə müasir texnologiyalar əsasında bağçılıqla bağlı layihələr başlamışdır. Mən keçən il Quba rayonunda bir təsərrüfatla tanış olmuşam. İntensiv bağçılıq təsərrüfatıdır. Baxmayaraq ki, Quba zonası, ümumiyyətlə, bağçılıqla məşhurdur, gözəl alma bağları var, amma yeni sistem məhsuldarlığı bəlkə bir neçə dəfə artırır. Bu da əlavə gəlirlər, əlavə məhsul yetişdirilməsi deməkdir. İntensiv bağçılıq da daim diqqət mərkəzindədir.
Biz bütövlükdə kənd təsərrüfatında müasir texnologiyaları daha da geniş şəkildə tətbiq etməliyik. Bu məqsədlə kənd təsərrüfatında böyük inkişafa nail olmuş ölkələrə heyətlər göndərilmişdir, onların təcrübəsi öyrənilmişdir və biz ən müasir texnologiyaları gətirməliyik. Necə ki, inşaatda, yol tikintisində, memarlıqda, başqa sahələrdə biz ən müasir texnologiyaları gətiririk, bu sahəyə də gətirməliyik. Onda məhsuldarlıq, hətta indiki torpaq fondunu nəzərə almaqla, məhsuldarlıq böyük dərəcədə artacaqdır. Nəzərə alsaq ki, qeyd etdiyim kimi, böyük meliorasiya layihələri icra edilir, on minlərlə, bəlkə, yüz min hektara qədər yeni torpaq dövriyyəyə veriləcəkdir, görün, kənd təsərrüfatının inkişafı üçün nə qədər şərait yaradılacaqdır.
Ərzaq təhlükəsizliyi məsələləri hər bir ölkə üçün vacibdir. Biz bu məsələlərlə bir neçə ildir ki, məşğuluq. Görəndə ki, biz öz daxili istehsalımıza arxalanmalıyıq, bu sahədəki addımlarımız daha da təsirli olmuşdur. Yenə də iqtisadi, maliyyə böhranı, ondan sonra bəzi ölkələrdə quraqlıq ona gətirib çıxarmışdır ki, bir neçə il bundan əvvəl taxılla bağlı problemlər yaranmışdı. Ənənəvi təchizatçılar ixracata qadağa qoymuşdular. Baxmayaraq ki, kontraktlar bağlanmışdı, ancaq taxılın idxalı dayanmışdı və biz onda fikirləşməyə başladıq ki, nəinki taxılçılıq sahəsində, hər bir sahədə tələbatımızı daxildə təmin etməliyik. Buna imkan var – bizim gözəl torpağımız, zəhmətkeş insanlarımız, dövlət dəstəyi vardır. Ona görə ərzaq təhlükəsizliyi enerji, nəqliyyat təhlükəsizliyi ilə bərabər çox ciddi məsələdir.
Biz keçmişdə özümüzü heç vaxt ərzaq məhsulları ilə təmin etməmişdik. Sovet dövründə ümumxalq təsərrüfatı kompleksi var idi və bütün əsas ərzaq məhsulları başqa respublikalardan gəlirdi. Biz qısa müddət ərzində ciddi dönüş yarada bilmişik. Ancaq hələ ki, ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin etməmişik, baxmayaraq ki, çox ciddi irəliləyiş vardır.
Ona görə, mən indi bəzi rəqəmləri səsləndirmək istəyirəm. Əlbəttə, biz bunu daim diqqət mərkəzində saxlayırıq və biz bu rəqəmlər əsasında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlərin verilməsini də müəyyən edirik. Biz daha çox o sahələrə kreditləri verməliyik ki, həmin istehsal daxili tələbatı ödəyə bilsin.
Beləliklə, taxıl istehsalı hazırda tələbatımızın 65 faizini təşkil edir. Görüləcək tədbirlər nəticəsində 2013-cü ilin sonunda 84 faiz olacaqdır. 84 faiz olarsa, bu, yaxşı rəqəmdir, ancaq son rəqəm deyildir. Ət – özümüzü 88 faiz səviyyəsində təmin edirik. 2013-cü ildə proqnoz 95 faiz olacaqdır. Quş əti – hazırda 81 faizdir. Bu yaxınlarda quşçuluğa daha da çox kreditlər verildi. Ona görə də istehsal artdı və 2 ildən sonra, gələn ilin sonuna qədər 92 faiz olmalıdır. Kartof istehsalı artıq 102 faizdir, 114 faiz olacaqdır. Meyvə - 117 faiz, yəni ki, ixrac potensialı vardır. Bostan məhsulları 100 faiz, yumurta 77 faiz, gələn ilin sonunda 100 faiz olmalıdır. Şəkər istehsalı 160 faizdir. Ancaq o da həqiqətdir ki, şəkərin xammalı əsasən xaricdən gətirilir. Ancaq bununla bərabər, daxili istehsal 160 faizdir, böyük ixrac imkanları vardır. Azərbaycanda duz istehsalı 47 faizdir, 75 faiz olmalıdır. Süd və süd məhsulları hazırda tələbatımızın 70 faizini ödəyir, gələn ilin sonunda təxminən 80 faiz olacaqdır. Bitki yağı – 65 faiz, kərə yağı 50 faizdir. Bu da artmalıdır. Yəni bu, əsas ərzaq məhsullarıdır və bu rəqəmlər nəyi göstərir. Birinci növbədə onu göstərir ki, doğrudan da çox ciddi dönüş yaradılıbdır. İkinci nəticə ondan ibarətdir ki, gələn ilin sonuna aid gətirdiyim rəqəmlər, artıq reallığa əsaslanır. Bu, bizim niyyətimiz deyil. Veriləcək kreditlər hesabına və işə salınacaq yeni müəssisələrin fəaliyyəti nəticəsində bu, belə olacaqdır. Ancaq, eyni zamanda, rəqəmlər onu göstərir ki, biz bəzi pozisiyalar üzrə hələ ki, daxili tələbatı ödəyə bilmirik. Ola bilər ki, buna 4-5 il vaxt lazım olacaqdır. Ancaq biz bunu təmin etməliyik. Həm kərə yağı, həm bitki yağı, həm taxıl – biz bunu təmin etməliyik. Əlbəttə ki, biz investisiya planlarımızı müzakirə edərkən, ilk növbədə, bax, bu cədvəli qabağımıza qoymalıyıq və kənd təsərrüfatının inkişafını bunun əsasında təmin etməliyik.
Eyni zamanda, biz hər bir sahədə olduğu kimi, qabağa baxmalıyıq ki, 10 il, 20 il bundan sonra nə olacaqdır. Ümid edirəm ki, 2015-ci ilə qədər əsas ərzaq məhsulları ilə özümüzü 100 faiz təmin edəcəyik. Həm kreditlər veriləcək, yeni torpaqlar dövriyyəyə daxil ediləcək və s. Ondan sonra nə olacaq? Ondan sonra biz yeni bazarlar axtarmalıyıq, yeni bazarlar tapmalıyıq və ənənəvi bazarlara daha da böyük həcmdə öz məhsullarımızı çıxarmalıyıq. Mən artıq İqtisadi İnkişaf Nazirliyinin qarşısında belə vəzifə qoydum ki, yeni bazarların araşdırılması prosesi indidən başlanmalıdır. İndidən ki, biz hazırlıqlı olaq. 2015-2016-cı illərdə bizim çox böyük həcmdə ixracyönümlü kənd təsərrüfatı məhsulumuz olacaqdır. Biz onları ixrac etməsək, onda kənd təsərrüfatının inkişafını təmin edə bilmərik. Çünki daxili bazar dolacaq, - düzdür, əhali artır, tələbat artır, amma o qədər də böyük həcmdə artmır. Bizdə əhali hər il 1,5, 1,7 faiz artır. Ona görə yeni bazarlara çıxışımız olmasa, bu, kənd təsərrüfatının inkişafını məhdudlaşdıracaqdır. Yeni bazarlara çıxış üçün işləməliyik, işləyirik və bu məsələdə müvafiq qurumlar əlaqəli şəkildə işləməlidirlər. Biz idxalı əvəzləyəcəyik, eyni zamanda, ixracyönümlü məhsullarla başqa ölkələrin bazarlarına çıxmalıyıq. Ona görə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı gərək müzakirə aparsınlar, lazım olarsa, işçi qrupu yaradılsın.
Bizim dünyadakı tərəfdaşlarımızın sayı artır. Mən giriş sözümdə də dedim, Azərbaycan ilə əməkdaşlıq etmək istəyənlərin sayı artır, biz də istəyirik əməkdaşlığımızı genişləndirək və öz məhsullarımızla yeni bazarlara çıxaq - həm ənənəvi bazarlara, həm yeni bazarlara. Biz xüsusilə Avropa bazarlarına kənd təsərrüfatı məhsulları ilə çıxmalıyıq. Bunun üçün təkcə bizim istəyimiz kifayət deyildir. Bunun üçün keyfiyyətli məhsullar yetişdirilməlidir. Bizim kənd təsərrüfatı məhsullarımız – meyvələr, tərəvəz keyfiyyətlidir, təbiidir, tərkibində heç bir kimya yoxdur, olmamalıdır. Bu da çox vacib məsələdir. Biz kəmiyyət dalınca qaçmamalıyıq. Çünki indi kəmiyyət dalınca qaçanlar keyfiyyəti itirirlər. Elə olmasın ki, bir neçə ildən sonra bizdə də bu meyvə-tərəvəz süni dad versin, necə ki, bəzi ölkələrdə yeyəndə heç bilmirsən hansı meyvədir, ya tərəvəzdir. Ona görə biz bu təbiiliyi, keyfiyyəti mütləq saxlamalıyıq, kəmiyyəti keyfiyyətin hesabına artırmamalıyıq. Emal müəssisələrimiz indi çox müasirdir, xüsusilə son illər ərzində tikilən müəssisələr. Orada bütün sertifikatlar, standartlar olmalıdır. Avropa İttifaqının bazarlarına çıxmaq üçün biz elə müəssisələr yaratmalıyıq ki, bu imkanlar olsun. Yəni, bu, çox ciddi məsələdir. Bu, bu günün məsələsi deyil, gələcəyə yönəlmiş bir məsələdir. Amma biz bununla bu gün məşğul olmasaq, gecikərik.
Eyni zamanda, biz inşaat materiallarının istehsalını daxildə artırmalıyıq və artıracağıq. Mən burada da bir-iki rəqəmi gətirmək istəyirəm. Hazırda Azərbaycanda sement istehsalı daxili tələbatın 44 faizini təmin edir, 2013-cü ildə 75 faiz, 2014-cü ildə 125 faiz olacaqdır. Azərbaycanda tikilməkdə olan yeni sement zavodları istifadəyə veriləcək və 2 ildən sonra bizdə 25 faiz əlavə ixrac məhsulu olacaqdır. Biz bunu hara satacağıq? İndi sement bazarları üçün mübarizə gedir. Biz özümüz bunu bilirik. Bizə sement satmaq istəyənlər çoxdur və hər tərəfdən xahişlər gəlir ki, bizdən alın. Yəni, bu, reallıqdır. İndi biz də daxili tələbatımızı təmin edəndən sonra, əlbəttə ki, xaricdən sement almayacağıq. Hara satacağıq, bu barədə nə vaxt fikirləşməliyik? Bu gün. Çünki bu, 2014-cü ildə 125 faiz olacaqdır. İndidən işlərimizi elə qurmalıyıq ki, 2014-cü ildə heç bir problem olmasın.
Ondan başqa, dövlətin dəstəyi ilə yaradılan böyük müəssisələr işə düşür. Gəncədə alüminium zavodu açıldı, 50 min ton yüksək keyfiyyətli alüminiumun istehsalı təmin edildi. Açılış zamanı mənə məlumat verildi ki, bu rəqəm 100 minə, 200 minə qalxacaqdır. Alüminium elə məhsuldur ki, o, istənilən yerə satılır. Yəni, bu məhsula görə bazar axtarmaq lazım deyildir. Ancaq biz nə etməliyik? Gəncə alüminium zavodunun yanında texnopark yaratmalıyıq. Özəl sektor bu işə qoşulmalıdır. Dövlət yerlər ayırmalıdır, infrastrukturu təmin etməlidir, özəl sektor isə hazır məhsulları buraxmalıdır. Çünki biz əlbəttə, alüminiumu külçə kimi də sata bilərik, ancaq bu, yarımçıq bir iş olacaqdır. Biz niyə alüminium məhsullarını xaricdən almalıyıq? Özümüz alüminium istehsal edirik, özümüz də hazır məhsulu istehsal edək, daxildə sataq, xaricdən gələnin qabağını kəsək və sonra xaricə də ixrac edək. Xahiş edirəm ki, bu məsələ ilə ciddi məşğul olun, həm sahibkarlar, həm İqtisadi İnkişaf Nazirliyi. Gəncədə alüminiumyönümlü texnopark yaradılmalıdır.
Kimya sənayesində texnoparkın yaradılması prosesi başlamışdır. Böyük neft-kimya kompleksi tikiləcəkdir.
“Azərikimya”ya bütün göstərişlər verilmişdir, Sumqayıtda torpaq sahələri ayrılmışdır. Biz kimya sənayesində də hazır məhsulun buraxılmasına nail olacağıq. Kimya texnoparkının yaradılması artıq başlamışdır. Bütövlükdə texnoparkların yaradılması prosesi gedir. Bu, müsbət prosesdir. Sumqayıt texnoparkı fəaliyyət göstərir, orada 10-a yaxın müəssisə fəaliyyətdədir, minlərlə iş yeri açılmışdır, hazır məhsul da istənilən ölkəyə ixrac edilə bilər. Bir texnopark da Balaxanıda məişət tullantılarının yandırılması zavodunun yanında yaradılacaqdır. Orada da iş yerləri açılacaqdır və bir sahəni də Balaxanı texnoparkı öz üzərinə götürəcəkdir. Beləliklə, dəfələrlə qeyd etdiyim sənayeləşmə prosesinə daha da ciddi təkan veriləcəkdir.
Biz Azərbaycan şirkətlərini xarici bazarlara çıxarmalıyıq. Hazırda Dövlət Neft Şirkəti xaricdə fəal işləyir. Biz çalışmalıyıq ki, digər dövlət şirkətlərinə də kömək göstərək. O şirkətlər ki, onlar xarici bazarlarda işləyə bilər. Dövlət Neft Şirkətinin imkanları artıq genişlənir. Mən hesab edirəm ki, bizim aviaşirkətimiz “AZAL” xarici bazarlara çıxmalıdır, baxmalıdır, bəlkə hansısa başqa aviaşirkəti almaq olar. Hansısa başqa ölkələrdə iş qurmaq olar, yəni, bu da dövlət dəstəyi hesabına mümkün olacaqdır. “Azərenerji”, - düzdür, indi daxildəki layihələrlə məşğuldur və bu da təbiidir. Amma vaxt gələcək daxildə bu layihələr başa çatacaq və onunla paralel olaraq xarici bazarlara çıxmalıdır. Bizim Dövlət Neft Şirkəti bəzi ölkələrdə qaz şəbəkəsini artıq idarəçiliyə götürmüşdür. “Azərenerji” şirkəti də bu istiqamətdə addımlar ata bilər. Xəzər Gəmiçiliyi xarici fəaliyyətini genişləndirməlidir, ölkə daxilində dövlət tərəfindən verilən vəsait hesabına bərələr, tankerlər, gəmilər alınır. Biz eyni sistemi xaricdə də yarada bilərik. Bu barədə də düşünmək lazımdır.
Eyni zamanda, biz özəl şirkətlərə də kömək göstərməliyik ki, xarici bazarlara çıxsınlar. Yenə də Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi birgə işləsinlər və mənə konkret təklif versinlər. Mən birinci dəfə deyil ki, bu barədə danışıram.
Ancaq hələ ki, mən belə real nəticə görmürəm. Mənə konkret təkliflər verilsin. Bizim başqa ölkələrlə hökumətlərarası komissiyalarımız vardır. O komissiyalarda bu məsələ müzakirə edilməlidir. Azərbaycan şirkətləri üçün tərəfdaş olduğumuz ölkələrdə xüsusi güzəştli şərait yaradılmalıdır. Biz hesab edirik ki, bu, ədalətli olar. Beləliklə, biz özəl şirkətləri də xarici bazarlara çıxarmalıyıq. Bizim banklar xarici bazarlara çıxmalıdır, çıxır, daha da sürətlə çıxmalıdır. Bir yox, iki yox, beş, on bankımız niyə başqa ölkələrdə işləməsin?! Niyə orada böyük mövqelərə nail olmasın?! Dövlət öz tərəfindən dəstək verəcəkdir. Lazım olsa siyasi dəstək də, başqa dəstək də veriləcəkdir.
Biz Azərbaycanda böyük nəqliyyat və logistika mərkəzi yaradırıq. Beş beynəlxalq aeroportumuz, ən müasir təyyarə parkımız vardır. Heydər Əliyev Beynəlxalq Aeroportu tikilir, yeni aerovağzal binası nadir memarlıq abidəsi olacaqdır. Yeni zolaqlar, Ələtdə Beynəlxalq Dəniz Ticarət limanı tikilir. Bu, Xəzərdə ən böyük liman olacaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan dövlətinin təşəbbüsü və maliyyə dəstəyi ilə reallaşan layihədir, tikilməkdədir, ümid edirəm ki, gələn il istifadəyə veriləcəkdir. Beləliklə, Azərbaycan bu bölgədə icra edilən layihələr hesabına dünya miqyasında logistika və nəqliyyat mərkəzinə çevriləcəkdir. Bizim istəyimiz bundan ibarətdir, buna nail olacağıq və oluruq.
Bizim coğrafi vəziyyətimiz əlverişlidir. Ancaq coğrafi vəziyyət infrastruktur olmadan heç nəyi dəyişmir. Bizim bu sahədəki siyasətimiz çox düzgündür. Avtomobil yolları, dəmir yolları, hava nəqliyyatı, dəniz nəqliyyatı. Azərbaycan dövləti hər il bərələrin, tankerlərin, təyyarələrin alınmasına, dəmir yolu layihəsinin icrasına və sairə büdcədən nə qədər vəsait ayırır.
Bütövlükdə gələcək haqqında söhbət aparanda mən artıq bir neçə dəfə bu fikri səsləndirmişəm və bir daha demək istəyirəm ki, əlbəttə, ikinci Dövlət proqramı uğurla icra ediləcəkdir. Heç bir şübhəm yoxdur ki, 2013-cü ilə qədər bütün məsələlər öz həllini artıqlaması ilə tapacaqdır. Bu barədə heç kimin şübhəsi olmamalıdır və yoxdur. Biz strategiyamızı müəyyən etmişik və növbəti onillik üçün strateji inkişaf planımızı hazırlamalıyıq - 2013-2023-cü illəri əhatə edən strateji inkişaf planı.
Müvafiq göstərişlər verilmişdir. İndi mən artıq detallara toxunmaq istəmirəm, bir daha hədəfi müəyyən etmək istəyirəm. Hədəf ondan ibarətdir kİ, növbəti 10 ildə - 2013-2023-cü illərdə Azərbaycan əhalisi yüksək gəlirli ölkəyə çevrilməlidir.
Növbəti 10 il ərzində qarşıya hədəf qoymalıyıq ki, ümumi daxili məhsul 2 dəfə artsın. Bu çox böyük, çətin hədəfdir. Nəzərə alsaq ki, ümumi daxili məhsulumuz artıq 3 dəfə artmışdır, indi 3 dəfə artmış iqtisadiyyatı daha 2 dəfə artırmalıyıq. Yaxşı başa düşürük ki, artıq neft və qazın hesabına bunu artırmaq mümkün olmayacaqdır. Çünki biz neft hasilatının yüksək həddinə çatmışıq, ondan çox artırmaq da lazım deyildir. Mən hesab edirəm ki, hasilatı bu səviyyədə saxlamalıyıq ki, daha da uzun müddət ərzində insanlarımız bundan istifadə etsinlər. Ancaq biz buna qeyri-neft sektorunun hesabına nail ola bilərik. 2013-2023-cü illərdə dövlət və özəl qurumların birgə fəaliyyəti yeni mərhələyə qədəm qoyacaqdır. Yəni, dövlət və özəl qurumların birgə fəaliyyət planı işlənməlidir.
Əlbəttə, biz Dövlət İnkişaf Proqramımızı qəbul edəcəyik. 2014-2018-ci illəri əhatə edən beşillik proqram qəbul ediləcəkdir. Amma eyni zamanda, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə strateji istiqamətləri yenidən işlənməlidir. Nəzərə almalıyıq ki, özəl sektorumuz artıq 10 il əvvəlki özəl sektor deyildir. Özəl sektorumuz artıq dayanıqlı, güclü özəl sektordur və görüləcək tədbirlər nəticəsində daha da güclənəcəkdir. Dediyim vəzifələr icra olunarsa, - onlar olunmalıdır, - özəl sektor daha da güclü olacaqdır. Beləliklə, ümumi daxili məhsulu iki dəfə artırmalıyıq və Azərbaycanı daha da güclü ölkəyə çevirməliyik.
Bizim siyasi çəkimiz, iqtisadi gücümüz artır. Bunu bizi istəyənlər də görür, istəməyənlər də. Bizim uğurlarımıza sevinənlərin sayı kifayət qədər çoxdur. Amma istəməyən qüvvələr də, bədxahlar da vardır. Onları da bir neçə qrupa bölmək olar. Birinci növbədə bizim əsas düşmənlərimiz dünya erməniliyi və onların təsiri altında olan riyakar, korrupsioner, rüşvətxor siyasətçilərdir. O siyasətçilər ki, həqiqəti görmək istəmir və müxtəlif yerlərdə Azərbaycanı ləkələməklə məşğuldurlar. Bəzi parlamentlərin erməni lobbisinin pulu ilə dolanan üzvləri, bəzi siyasi xadimlər və sair.
Onların hamısını biz yaxşı bilirik. Onların heç adlarını çəkmək lazım deyildir. Bir qrup onlardır. Digər qrup, ümumiyyətlə, Azərbaycanın müstəqil siyasətini qəbul etməyənlərdir. Yəni, qəbul etmirlər ki, Azərbaycan müstəqil siyasət apara bilsin. Biz müstəqil siyasət aparırıq və aparacağıq. Bu siyasət, bir daha demək istəyirəm ki, Azərbaycan xalqının maraqlarına xidmət edir. Başqa heç kimin maraqlarına xidmət etmir və etməyəcəkdir. Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Bu maraqları təmin etmək üçün biz mübarizəmizi aparırıq və apacağıq. Nəticələr və yaxın tarix göstərir ki, biz hətta təkbaşına mübarizədə qalib gələ bilirik.
Üçüncü qrup isə sadəcə olaraq bizə paxıllıq edənlərdir. İndi Azərbaycanın reallıqları belədir ki, doğrudan da bizim tariximiz inkişaf edir və uğurlar tarixidir. Baxın, biz son müddət ərzində həm siyasi, həm iqtisadi sahədə nə qədər böyük nailiyyətlərə çatmışıq. Bir daha demək istəyirəm ki, inkişaf etmiş ölkələrin reytinqləri aşağı düşdüyü halda, bəzi inkişaf etmiş ölkələr defolt ərəfəsində olduğu halda, “Standard & Poor`s” Azərbaycanın kredit reytinqini qaldırır.
Dünyanın iqtisadi sahədə ən mötəbər “beyin mərkəzi” olan Davos Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 55-ci yerə layiq görür, bütün MDB məkanında birincidir. Bu, hansısa qondarma qeyri-hökumət təşkilatı deyil ki, ağzına gələni danışsın. Dünya İqtisadi Forumu dünya şöhrətli beynəlxalq təşkilatdır, bu da onların rəyidir.
Azərbaycan gənc müstəqil ölkədir. Müstəqilliyimizin cəmi 20 yaşı vardır. Ancaq biz artıq dünyanın ən birinci qurumunun üzvüyük. BMT Təhlükəsizlik Şurasının üzvüyük. Biz bu haqqı çətin mübarizədə qazanmışıq. Çünki yolumuzdan dönməmişik, ədalətli olmuşuq və dünya ictimaiyyətinin böyük rəğbətini qazanmışıq. 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləmişdir. İctimai rəy və beynəlxalq ictimaiyyət deyəndə bu hadisəni yada salmaq lazımdır. Beynəlxalq ictimaiyyət hansısa təşkilatın üzvləri deyildir. O təşkilatın önəmindən asılı olub-olmayaraq, o təşkilat və onun üzvləri beynəlxalq ictimaiyyətin rəyini əks etdirmir. Beynəlxalq ictimaiyyət Birləşmiş Millətlər Təşkilatıdır, orada 200-ə qədər ölkə vardır. Onların 155-i Azərbaycanı dəstəkləmişdir. Bu böyük siyasi uğurumuzdur və biz artıq dünyada gedən bütün proseslərə öz təsirimizi göstəririk, öz sözümüzü deyirik. Biz bu tarixi gündə, o quruma üzv seçilən gün mən demişəm ki, Təhlükəsizlik Şurasında ədaləti bərpa edəcəyik, ədaləti müdafiə edəcəyik və edirik də.
Ondan sonra “Böyük iyirmilik”in xarici işlər nazirlərinin toplantısına Azərbaycanı dəvət edirlər. Bu, nəyi göstərir? Onu göstərir ki, ölkəmiz dünya üçün çox əhəmiyyətlidir. “Böyük iyirmilik”ə 20 ölkə daxildir, ona görə də “Böyük iyirmilik” adlandırılır. O qrupa daxil olmayan 10 ölkə dəvət edilmişdi, onlardan biri Azərbaycan idi. Keçmiş Sovet İttifaqından ancaq Azərbaycan oraya dəvət edildi. Yəni, bizi istəməyənlər buna biganə qala bilərmi? Əlbəttə ki, yox.
Ondan sonra biz dünyanın ən gözəl şəhərlərindən birində yaşayırıq. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Tarixən belə olub, indi də biz böyük əmək qoymuşuq, şəhərimizi daha da gözəlləşdirmişik. Üstəgəl bizim istedadlı gənclərimizin uğuru, “Eurovision” yarışmasında uğuru bütün Azərbaycan xalqının, dövlətimizin uğurudur.
Həm BMT Təhlükəsizlik Şurası, həm “Böyük iyirmilik”ə dəvətimiz, dünyanın mötəbər iqtisadi qurumları tərəfindən Azərbaycana yüksək qiymətin verilməsi, “Standard & Poor`s”un qiymətləndirməsi, “Eurovision” müsabiqəsində qələbə.
Yəni, bunlar bizi istəməyənlərin əlbəttə ki, gözünü deşir. Ona görə, biz təəccüblənməməliyik ki, haradasa kim nə isə yazdı, kim isə ağzını büzdü. Biz buna fikir verməməliyik, bu, təbiidir. Əsas odur ki, uğurlarımız hərtərəflidir və bu uğurlar hər sahədə davam edəcəkdir. Mən buna şübhə etmirəm. Azərbaycan daha da güclü olacaq və bizim haqqımızda, ölkə haqqında yazan, o böhtanlı məqalələrin müəlliflərinə də ən gözəl cavab bizim reallıqlarımızdır, bizim işimizdir, uğurumuzdur.
Azərbaycan dinamik ölkədir. Azərbaycan güclü ölkədir. Bizim dostlarımızın sayı artır. Amma istəməyənlər də var və olacaqdır. Ancaq onların ayağımıza dolaşması bizi seçdiyimiz bu yoldan döndərə bilməz. Bizim yolumuz ədalət yoludur.
Yolumuz haqq yoludur, inkişaf yoludur, tərəqqi yoludur. Biz bu yolla uğurla gedirik və gedəcəyik. Sağ olun!