İlham Əliyev Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
27 fevral 2012, 17:00
Prezident İlham Əliyev Rumıniya Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Yulian Fotanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət başçısı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev özünün Rumıniyaya, Rumıniya Prezidenti Trayan Beseskunun isə ölkəmizə səfərlərini məmnunluqla xatırladı. Azərbaycan ilə Rumıniya arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu deyən dövlətimizin başçısı bildirdi ki, əlaqələrimizin inkişafına dair imzalanan sənədlər ölkələrimizin tərəfdaşlığının strateji əhəmiyyət daşıdığını əks etdirir. Prezident İlham Əliyev ölkələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, siyasi, təhlükəsizlik, eləcə də NATO-Azərbaycan əlaqələri çərçivəsində əməkdaşlığının önəmini qeyd etdi.
Yulian Fota Rumıniya Prezidenti Trayan Beseskunun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Bir il bundan əvvəl ölkəsinin Prezidenti ilə Azərbaycana səfər etdiyini məmnunluqla xatırlayan qonaq ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi.
Dövlət başçısı Rumıniya Prezidenti Trayan Beseskunun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rumıniya dövlətinin başçısına çatdırmağı xahiş etdi.