Əlipənah Bayramovdan, Bakı, Azərbaycan
21 oktyabr 2020, 13:39
Çox hörmətli cənab Prezident!
Bir neçə gündür ki, müstəqil Azərbaycanın ən yeni tarixi - şərəf və qürur tarixi, xalqımızın qəhrəmanlıq və özünə inam tarixi yazılır. Uzun illər həsrətində olduğumuz müqəddəs arzumuza qovuşuruq - torpaqlarımız düşmən tapdağından azad olunur, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilir. Bu, tariximizə qızıl hərflərlə yazılan çox mühüm hadisə, təkcə Azərbaycan xalqının yox, böyük türk dünyasının şərəf və qeyrətinin, qəhrəmanlıq və yenilməzliyinin yenidən özünü göstərdiyi tarixi günlərdir.
Cənab Prezident, bundan xoşbəxt və sevincli günlər ola bilərmi?! Müqəddəs torpaqlarımızın işğalı ilə heç cür barışmayan qəlbi nisgilli milyonlarla azərbaycanlı indi sevinc dənizində üzür, necə deyərlər, xoşbəxtlik ümmanında ''boğulur". Şəxsən sıravi bir Azərbaycan vətəndaşı kimi mənim də qəlbim hədsiz qürur və fərəh hissi ilə çırpınır, ürəyim köksümə sığmır. Bu sevincli və xoşbəxt günlər, unudulmaz tarixi anlar üçün biz Sizin müdrik və düşünülmüş siyasətinizə, Ali Baş Komandanı olduğunuz qəhrəman və rəşadətli Azərbaycan Ordusuna minnətdarıq!
Müstəqil Azərbaycan və böyük Türk dünyası qarşısında müqəddəs missiyanızı uğurla yerinə yetirməkdə Uca Tanrı yar və yardımçınız olsun! Böyük Yaradan Sizi və qəhrəman Azərbaycan Ordusunu qorusun!
Dərin hörmət və sonsuz minnətdarlıqla,
Bayramov Əlipənah,
Veteran jurnalist, Əməkdar mədəniyyət işçisi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.