Sadıq Yarıyev və başqalarından, Cəlilabad, Azərbaycan
20 oktyabr 2020, 12:27
Hörmətli cənab Prezident.
Sizə bu məktubu yazaraq ürəkdən salamlayan Cəlilabad rayonunun sakinləridir. Ölkəmizə qarşı qanlı cinayətlər törədən məkrli və mənfur düşmənlərimizin əməlləri daim vicdanımızı sızladır, bizə rahatlıq vermirdi. Qisas gününü həsrətlə gözləyərək bu barədə Sizə yazaqmı, yazmayaqmı deyə yolayrıcında qalmışdıq. Lakin Sizin apardığınız məqsədyönlü siyasət bizə ümid verirdi ki, dövlətimizin və ordumuzun gücləndirilməsi, xalqın və ölkənin sosial-iqtisadi inkişafına diqqət yetirilməsi əvvəl-axır torpaqlarımızın işğaldan qurtarılması ilə nəticələnəcəkdir. Belə də oldu, uzaqgörən və müdrik siyasətiniz artıq öz bəhrəsini verməkdədir. Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq aləmdə apardığınız davamlı siyasət, dövlətimizə qazandırdığınız sadiq müttəfiqlər bu gün komandanlığınız altında ön cəbhədə şanlı Ordumuz tərəfindən qazanılan uğurlara vəsilə olmuşdur. Nəticədə xalqımızda böyük ruh yüksəkliyi yaranmış, hamı bir yumruq kimi birləşərək Qələbə üçün canını və malını qoymuşdur. Xalqımız bu xidmətlərinizi heç vaxt unutmayacaqdır və bu əməlləriniz tariximizə qızıl hərflərlə yazılacaqdır.
Cənab Prezident, Siz başınızı uca tutun. Azərbaycan əsgəri Sizin adınıza layiq döyüşür. Eşq olsun Ordumuzla xalqımızın monolit birliyinə!
Bu ağır günlərdə dövlətimizə və xalqımıza mənəvi dayaq olan qardaş Türkiyəni, 83 milyonluq türk xalqını və dövlət başçısı cənab Rəcəb Tayyib Ərdoğanı da alqışlayırıq.
Yekun olaraq bir arzumuzu da bildirmək istəyirik. Arzu edirik ki, müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərpasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilsin.
Hörmətlə,
Yarıyev Sadıq
Piriyev Mülayim
Həsənova Lətifə (təqaüdçü)
Cəfərov Müşviq (1-ci qrup əlil)
Muradova Dürdanə (müəllim)
Yarıyev Namik
Ağayeva Şölə (evdar qadın)
Cəfərov Meyxoş (mexanizator) və başqaları (91 nəfər).
Azəbaycan Respublikası, Cəlilabad rayonu.