İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib
19 oktyabr 2020, 10:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib.
-Hər vaxtınız xeyir. Biz Bakıdayıq və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşürük. Mən, Yuliya Şarifulina TASS agentliyi adından cənab Prezidentə Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı bir neçə sual verəcəyəm.
- Salam, cənab Prezident.
Prezident İlham Əliyev: Salam.
- Sağ olun ki, bizi qəbul etməyə razılıq vermisiniz. Aydındır ki, son vaxtlar Siz kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələr vermisiniz. Lakin vəziyyət sürətlə dəyişir. Biz bunu hər gün müşahidə edirik. Biz bəlkə də hələ zamana uyğun olmayan və Sizin ölkənin mövqeyini daha yaxşı anlamaqda bizim auditoriyaya kömək edəcək bəzi baza məsələləri üzərində daha ətraflı dayanmaq istərdik. Biz hamımız Moskvada 11 saatlıq danışıqlar marafonunun şahidləri olduq. Siz necə hesab edirsiniz, əldə olunmuş atəşkəsin tamamilə yerinə yetirilməsinə qayıtmaq mümkündür, yoxsa həmin atəşkəs tamamilə pozulub?
- Biz öz tərəfdaşlarımızla əlaqələr çərçivəsində üzərimizə götürdüyümüz öhdəliklərə sadiqik. Həm əvvəldən, həm də münaqişənin nizamlanmasına dair danışıqlar prosesində biz həmişə həm beynəlxalq hüquqa, həm də münaqişənin dinc yolla həllinə sadiqliyimizə, o cümlədən Moskva danışıqlarından sonra Azərbaycanın öz üzərinə götürdüyü öhdəliklərə əsaslanmışıq, həmin öhdəlikləri yerinə yetirməyə çalışırdıq və hazırlaşırdıq. Lakin təəssüf ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozdu. Danışıqlardan sonra heç 24 saat keçməmiş Gəncə şəhərinə hücum edildi. Gecə vaxtı - yatmış Gəncə şəhərinin yaşayış məhəllələrinə məqsədyönlü şəkildə zərbə endirildi. Birinci hücumdan sonra, - iki hücum olub, - həlak olanlar və yaralananlar hədsiz çox idi. Yəni Ermənistan atəşkəsi nümayişkəranə şəkildə pozdu. Beləliklə o, vasitəçilərə hörmətsizlik, Moskvada belə uzun danışıqlardan sonra öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik göstərdi. Bundan əvvəl, həlak olanların cəsədlərinin, əsirlərin və girovların mübadiləsi məqsədilə atəşkəsin şərtləri razılaşdırıldıqdan sonra Ermənistan döyüş meydanında da atəşkəs rejimini pozurdu. Lakin görünür, onlar bununla kifayətlənmədi və Gəncə şəhərinə hücum etdilər. Yeri gəlmişkən, yaxın vaxtlarda, iki gün bundan əvvəl onlar eyni cür hərəkət etdilər. Yenə gecə vaxtı. Bu, çox alçaq cinayətdir. Bu, beynəlxalq terrorizmdir. Dünya birliyinin bu qanlı cinayəti bir səslə pisləməsi o deməkdir ki, bu, ermənilərə baha başa gələcək. BMT-nin Baş katibi də, Avropa İttifaqı da, bir çox ölkələr də bu beynəlxalq terrorizm aktını milli səviyyədə pisləyiblər.
Vəziyyətin hələ də qaynar fazada olması bizim təqsirimiz deyil. Mən dəfələrlə demişəm ki, Azərbaycan nizamlama prinsiplərinə sadiqdir. Bu prinsiplər çoxillik danışıqlar prosesində işlənib hazırlanıb. Mən öz açıq çıxışlarım və bu günlərdə mətbuat nümayəndələri ilə əlaqələrim çərçivəsində təsdiq etmişəm ki, əgər Ermənistan danışıqlar məcrasında özünü konstruktiv apararsa, biz günü sabah hərbi əməliyyatları dayandırmağa hazırıq. Lakin Yerevandan eşitdiyimiz bəyanatlar ATƏT-in Minsk qrupu tərəfindən hazırlanmış baza prinsiplərinə tamamilə ziddidir. Ermənistan rəhbərliyi lap yaxın vaxtlarda baza prinsiplərini faktiki olaraq təkzib edən çox təhlükəli bəyanatlarla çıxış edib. Prinsip etibarilə, Ermənistanın yeni rəhbərliyinin bütün fəaliyyəti danışıqlar prosesinin pozulmasına yönəlib. Bu prosesi zəiflətməyə yox, məhz pozmağa. Mən onların çoxsaylı bəyanatları, təhrikçi hərəkətləri və Azərbaycanın dinc əhalisinə hücumları barədə danışmışam. Buna görə də, əgər erməni tərəfi nəhayət başa düşsə ki, hərbi təxribatlar yolu onları fəlakətə aparır, biz hərbi əməliyyatları yenidən dayandırmağa və məsələni danışıqlar masası arxasında həll etməyə hazırıq.
- Sizin ölkəniz hərbi xətt üzrə təcili görüş keçirilməsinin zəruri olması fikrinə razıdırmı? Rusiya bunu deyir. Yəni, əgər Sizin ölkə razıdırsa, onda həmin görüş hansı formatda, hansı tərəflərin iştirakı ilə keçirilə bilərdi?
- Bilirsinizmi, indiki halda birinci dərəcəli məsələ Ermənistan və Azərbaycan rəhbərliklərinin siyasi iradəsidir. Bizim tərəfdən bu iradə var. Mən bu gün öz mövqeyimizi bir daha təsdiq edirəm. Özü də bunu elə bir vaxtda təsdiq edirəm ki, işğal altında olan ərazilərdə daha 13 yaşayış məntəqəsinin azad olunması bu gün elan edilib. Elə bir vaxtda ki, erməni ordusu, əslində, fiaskoya uğrayır. Azərbaycan döyüş meydanında öz üstünlüyünü nümayiş etdirir. Lakin bununla belə biz, qan tökülməsinin davam etməsini istəmədən, insanların həyatını qoruyub saxlamağı arzu edərək bu məsələni siyasi yolla həll etməyə hazırıq.
Hərbçilər arasında əlaqələr məsələsinə gəldikdə isə bu məqamlar baza prinsiplərində dəqiq müəyyən edilib və biz baza prinsiplərinə sadiqik, onların barəsində danışmışam, zənnimcə, təkrarlamağın mənası yoxdur. Bunlar Ermənistan tərəfindən işğal edilmiş ərazilərin qaytarılması, Dağlıq Qarabağın gələcəyinə dair danışıqlar, qaçqınlar və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə, o cümlədən Dağlıq Qarabağa, Şuşaya qaytarılmasıdır. Bütün bunlar baza prinsiplərində yazılıb. Ermənistan tərəfi də müxtəlif mərhələlərdə bütün bunlara razılıq verib. Buna görə indi sizin müraciət etdiyiniz məsələ baza prinsiplərində razılaşmanın sonundadır. İşğala son qoyulması ilə bağlı bütün məsələlər nizamlandıqda xarici sülhməramlı qüvvələrin iştirakı nəzərdə tutulurdu. Lakin nizamlanması tələb edilən əsas məsələlər razılaşdırılmadığına görə, tərəflər bu məsələyə hələ də başlamayıblar. Buna görə həmin qüvvələrin kimlərdən ibarət olacağı, orada hansı beynəlxalq qurumların, hansı ölkələrin təmsil olunacağı barədə dəqiq anlayış yox idi. Odur ki, bütün bu məsələlər müzakirə edilmirdi. Lakin aydın idi ki, sülhməramlı qüvvələrin tərkibi Azərbaycan və Ermənistan ilə razılaşdırılmalıdır. Həmin qüvvələrin dislokasiya yerləri də müəyyən edilməmişdir. Ona görə, bu gün təmas xəttinin olmadığı, status-kvonun pozulduğu, - onu biz pozmuşuq və bunu Rusiya, ABŞ və Fransa dövlət başçılarının bəyanatları, status-kvonun qəbuledilməz olması barədə dövlət başçılarının dəfələrlə səsləndirdiyi bəyanatları çərçivəsində etmişik. Biz bu bəyanatları eşitmişik, lakin onların implementasiyasını görməmişik. Buna görə biz özümüz onu implementasiya etdik. Yəni, status-kvo yoxdur, təmas xətti yoxdur. Hərbi müşahidəçilər texniki baxımdan necə və harada yerləşdirilə bilər? Axı döyüş meydanında vəziyyət hər gün dəyişir. Hansısa xarici müşahidəçilər oraya gələndə harada dayanacaqlar? Haradasa dağlarda, vadilərdə, körpülərin üstündə? Yəni, bütün bunlar çox ətraflı işlənib hazırlanma tələb edir. Bu, öz hərbi kontingentini oraya göndərməyi lazım bilənlər üçün böyük riskdir. Ona görə də bütün bunlar - sülhməramlıların tərkibi, mandatı, müddəti, məqsədləri razılaşdırılmalıdır. Əlbəttə, bütün bunlar baza prinsipləri çərçivəsində olmalıdır, həmin prinsipləri isə artıq dediyim kimi, biz qəbul edirik, amma erməni tərəfi təkzib edir.
- Lakin hər halda, vəziyyət tələb edərsə, Sizin ölkəniz rusiyalı hərbi müşahidəçilərin yeridilməsinə razılaşarmı? Əgər rusiyalılar olmasa, bu missiyada daha hansı ölkələr iştirak edə bilərdi? Siz hansı ölkələrin iştirakına qəti etiraz edərdiniz?
- Bilirsiniz, ABŞ və Fransa kimi Rusiya da ATƏT-in Minsk qrupunun həmsədridir və bu mandat çərçivəsində ölkələr öz arasında çox sıx qarşılıqlı fəaliyyət göstərir. İndi, münaqişənin qaynar fazası dövründə mən həm Qərb mətbuatında, həm də Rusiya mətbuatında müşahidə edirəm ki, Dağlıq Qarabağ məsələsi həmin ölkələr arasında fikir ayrılığı doğurmayan yeganə məsələdir. Yəqin ki, bu, həqiqətən belədir. Ona görə ki, haraya baxsaq hər yerdə sanksiyalar, qarşıdurmalar, narazılıqlar və sair, özü də qarşılıqlı. Buna görə, əlbəttə, mən əminəm ki, həmsədrlik formatı çərçivəsində bu məsələ həmin ölkələr arasında razılaşdırılmalıdır. Bu məsələ razılaşdırılandan sonra tərəflərə təqdim edilməlidir. Yəni, bütün bunlar baza prinsiplərində də nəzərdə tutulmuşdur. Ona görə sülhməramlıların və ya indi adlandırmaq istədikləri kimi desək, müşahidəçilərin kimlər olacağını biz müəyyən etməyəcəyik. Bunu ATƏT-in Minsk qrupunun həmsədrləri təklif edəcəklər. Azərbaycan və Ermənistan isə öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, ya da razılaşa bilər. Buna görə mən düşünmürəm ki, bu məsələnin birtərəfli qaydada həlli hansısa hərbi kontingentin müəyyən edilməsi üçün üç həmsədr ölkə arasında əməkdaşlığın ruhuna uyğun olardı. Ən başlıcası, onlar harada olacaq? Budur məsələ. İş onda deyil ki, Azərbaycan razılaşacaq və ya razılaşmayacaq. Biz mandatı - onun, necə deyərlər zaminini, funksiyalarını, yerləşdiyi məkanı, fəaliyyətini bilməliyik. Onlar dağlarda və ya boş bir sahədə dayanıb kimin haraya atəş açmasını müşahidə edəcəklər? Əvvələn, bu, təhlükəlidir. İkincisi, məsələn, atəşkəsi kimin pozduğunu müşahidə etmək üçün hətta onu kimin pozduğu müəyyən edilsə belə, sonra nə olsun? Həmin insanları məsuliyyətə cəlb edəcəklər? Hansısa cinayət işləri açılacaq? Buna görə, ilk növbədə, baza prinsiplərinin implementasiyası qaydası müəyyən edilməlidir. Erməni tərəfi, baş nazirin şəxsində bu prinsiplərə sadiqliyini dəqiq təsdiq etməlidir. Erməni tərəfi isə baş nazirin şəxsində hər şeydən danışır, amma bu barədə danışmır. Rusiya KİV-lərinin nümayəndələri ilə bizim paralel əlaqələrimiz çərçivəsində mən aydın demişəm ki, biz işğala son qoyulmasını, erməni və azərbaycanlı əhalinin əvvəlki yaşayış yerlərində birgə yaşamasını, azərbaycanlıların Şuşaya, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər yaşayış məntəqələrinə qaytarılmasını nəzərdə tutan baza prinsiplərinə sadiqik. Ermənistanın baş naziri yalnız təyini-müqəddərat barədə danışır. Yəni o, bu prinsipləri qəbul etmir, daha əvvəl özünün “Qarabağ Ermənistandır və nöqtə” kimi və digər səmərəsiz bəyanatları ilə əslində danışıqlar prosesini pozub. Onda bizə nə təklif edilir? 30 il mövcud olmuş və heç bir nəticəyə gətirib çıxarmamış status-kvoya yenidən qayıtmaq? Əgər biz görsək ki, erməni tərəfi deyir: bəli, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, ikincisi, biz baza prinsiplərinə sadiqik, üçüncüsü, biz işğal edilmiş ərazilərdən öz qoşunlarımızı çıxarmağa razıyıq. Bax, onda gəlin müşahidəçilər məsələsini müzakirə edək. Mənim fikrimcə, bu məsələ tezliklə razılaşdırıla bilər. Lakin bunlar olmadıqda, bizə mahiyyət etibarilə nə təklif edilir? Dayanmaq? Bizim ərazilərimizin işğaldan azad olunmasını davam etdirməmək? Bizə təklif edirlər ki, Ermənistana güzəştə gedək, birtərəfli güzəştə, lakin əvəzində bizə heç nə təklif edilmir. Bu, ədalətsizlikdir. Hesab edirəm ki, Azərbaycana münasibətdə bu, düzgün olmayan yanaşmadır. Qoy, erməni tərəfi desin, qoy, Ermənistanın çox danışmağı xoşlayan və çox vaxt danışdıqları ölkəsinə çox baha başa gələn baş naziri desin ki, bəli, torpaqlar işğaldan azad ediləcək, qoşunlar çıxarılacaq. Mən qoşunların işğal edilmiş ərazilərdən çıxarılması qrafikinin verilməsini də təklif etmişdim. Sonra biz Moskvada bir günlük danışıqlar çərçivəsində bunu etməyin texniki baxımdan mümkün olmadığını başa düşdük və bu mövqedən geri çəkildik. Bununla belə, biz Ermənistan tərəfinin öz qoşunlarını işğal altında olan ərazilərdən çıxarmağa hazır olmasını eşitmədik. Bu, baş verən kimi belə adlandırılan müşahidəçilər məsələsinə baxıla bilər.
- Prinsip etibarilə nizamlamanın ardıcıllığı barədə danışmalı olsaq, Azərbaycanda yeddi rayonun mərhələli şəkildə Azərbaycana qaytarılması, lakin Qarabağın qəti statusu müəyyən edilənə qədər Laçın dəhlizinin Ermənistanın nəzarəti altında saxlanılması şərti ilə nizamlamaya başlamağa razıdırlarmı?
- Bilirsiniz, axı bütün bunlar baza prinsiplərində yazılıb və biz bunu qəbul etmişik. Bizim mövqeyimiz həmişə çox konstruktiv olub və biz həmişə demişik ki, bəli, biz anlayırıq, insanlar arasında əlaqə olmalıdır və Laçın dəhlizi baza prinsiplərinin tərkib hissəsidir. Bununla bərabər, axı baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi. Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyalar açılır. Həmçinin nəzərdə tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olacaq. Hazırda Ermənistan bu imkandan məhrum deyil, lakin bunu Azərbaycan ərazisindən keçməklə etmək qat-qat rahatdır və bu, hava şəraitindən, dağlarda qar yağmasından və sair məsələlərdən asılı deyil. Yəni, bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin qovulduğu bütün torpaqlara, təkcə yeddi rayona deyil, həm də Dağlıq Qarabağın ərazisinə, - münaqişə başlayana qədər orada yaşayan bütün əhalinin 25 faizi azərbaycanlılar idi, - qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir. Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Biz bu mövqeyimizi bir daha təsdiq edirik.
- Cənab Prezident, sirr deyil ki, Rusiya Yaxın Şərqdən, xüsusən Suriya və Liviyadan münaqişə zonasına silahlılar gətirilməsi barədə xəbərlərə görə narahatlığını bildirib. Siz bunu necə şərh edərdiniz?
- Mən bu barədə dəfələrlə açıq demişəm ki, bu cür narahatlıqlar əsassızdır. İndiyə qədər bizə heç bir tərəf heç bir fakt təqdim etməyib. Bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi və biz xahiş etdik ki, bizim hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret sübutlar təqdim edilsin. İndiyə qədər bizə sözlərdən başqa heç bir fakt təqdim edilməyib. Nə Prezident kimi mənə, nə bizim xüsusi xidmətlərin rəhbərlərinə, nə də Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Yaxşı, əgər belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə üçün bizə faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə istinad edirlər. Bilirsiniz, indi nə istəsən yazmaq olar. Ona görə biz bu yanaşmanı əsla qəbul etmirik və bəyənmirik. Bu, birincisi.
İkincisi, mən artıq demişəm ki, Azərbaycan Ordusu həm döyüş meydanında, həm də texniki təchizat baxımından üstünlüyünü göstərib. Biz Ermənistanın işğal edilmiş ərazilərdə yerləşən əsas hərbi-texniki potensialını praktiki olaraq məhv etmişik. Mən bu rəqəmləri göstərmişəm. 230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri – bunu gizlətmirəm, özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. Biz dünənə qədər 36 tankı qənimət götürmüşük, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğularını məhv etmişik. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu gün, bizim Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar bizim əsgərlər və zabitlərdir. Bizim ehtiyatda olanları saymasaq, Azərbaycanın nizami ordusunda 100 min döyüşçümüz var. Biz hətta səfərbərlik elan etməmişik – nə üçün? Bizə lazım deyil. Biz qismən səfərbərlik elan etdik, neçə nəfər cəlb etməyimiz barədə rəqəmlər göstərmək istəmirəm. Lakin onlardan əsasən azad edilmiş ərazilərin monitorinqinin və həmin ərazilərə nəzarətin təmin olunması üçün istifadə edirik. Biz ehtiyatda olanları döyüşə buraxmırıq, hazırda onlar bizim azad etdiyimiz ərazilərdə yerləşirlər ki, erməni tərəfin təxribat cəhdlərinin qarşısını alsınlar. Buna görə faktlar yoxdur, zərurət yoxdur. Yalnız qeybətlər, şayiələr var. Açıq deyim, mən təəssüflənirəm ki, belə söz-söhbətlər yayılır, bununla da Azərbaycana qara yaxmağa cəhd göstərilir. Eyni zamanda, erməni tərəfin alçaldılmış vəziyyətdə olması bizə aydındır. Onlar bütün bu illər ərzində qürrələnir, özlərinin “məğlubedilməz ordusu” ilə lovğalanırdı. Biz onları torpaqlarımızdan elə qovduq ki, dabanlarına tüpürüb qaçdılar. Belə halda onlar, əlbəttə, güman etmək və ya təsəvvür etmək istəyirlər ki, bunu edən Azərbaycan Ordusu deyil, hansısa terrorçular və ya hansısa ölkələrdir. Bizim tərəfimizdən heç bir ölkə münaqişəyə cəlb edilməyib, bizim tərəfimizdə heç bir terrorçu yoxdur. Qarşı tərəfə, erməni tərəfinə gəldikdə isə biz Rusiya tərəfinə belə bir narahatlığımızı çatdırmışdıq ki, qarşıdurmanın aktiv fazasında Rusiya şəhərlərindən Ermənistan ərazisinə külli miqdarda silah keçirilir. Bizdə bu barədə məlumatlar var, uçuşların xəritələri var, silahların tipləri var. Bütün bunlar Rusiya tərəfinə çatdırılıb. Əlbəttə, bu, bizim cəmiyyətdə çoxlu suallar və müəmmalar doğurur. Bax, vəziyyət belədir. Zəruri hallarda biz bu müddətdə Rusiya tərəfindən Ermənistana göndərilmiş silahların nomenklaturunu, bunların hansı nəqliyyat vasitələri ilə, hansı aviaşirkətlər tərəfindən çatdırılması barədə məlumatları dərc edə bilərik. Bunlar indi əsasən qeyri-qanuni şəkildə çatdırılır. Biz ICAO-ya rəsmən müraciət etmişik. Azərbaycan Xarici İşlər Nazirliyi ICAO-ya müraciət edib ki, müəyyən şirkətlərin nəqliyyat vasitələri ilə humanitar yüklər və Fövqəladə Hallar Nazirliyinin yükləri adı altında Ermənistana ölümsaçan silahlar çatdırılır, - yeri gəlmişkən bütün bu məlumatlar bizdə də var, mətbuatda da. Həm Gürcüstan, həm də İran öz hava məkanını hərbi yüklər üçün bağladıqlarına görə, bu cür qaçaqmalçılıq metodlarından istifadə edilir. Biz Rusiya tərəfinə bildirmişik ki, bu işlərin qaçaqmalçılıq yolu ilə görüldüyünü güman edirik. Ona görə ki, Rusiyanın, həmçinin Fransa və ABŞ-ın da ATƏT-in Minsk qrupunun həmsədri və bitərəfliyi saxlamalı olan ölkə kimi münaqişənin aktiv fazası dövründə erməni tərəfini silahlandırmasına inanmağımız çətindir. Bizdə olan məlumata görə, bu sxemdə erməni mənşəli rusiyalı iri sahibkarların əli var, bu məsələdə beynəlxalq sanksiyalar tətbiq edilmiş məşhur silah alverçilərinin əli var. Bizim Rusiyaya müraciətimiz, o cümlədən bu məsələnin araşdırılmasına yönəlmişdi. Ona görə ki, əgər Rusiya silahları qaçaqmalçılıq yolu ilə, necə deyərlər, kəş üsulu ilə nağd pulla ödənilir və daşınırsa, araşdırmaq lazımdır, bu, necə ola bilər? Bizim bu cür narahatlığımız var və bizim narahatlığımız faktlara əsaslanır. “Terrorçular” məsələsinə gəldikdə isə bunlar hamısı əsassız sözlərdir.
- İlham Heydər oğlu, amma 26 il ərzində dünya hər halda başa düşməyib ki, Ermənistan ilə Azərbaycan arasında Qarabağ üzrə yekun razılaşma necə görünə bilərdi. Siz bunu necə görürsünüz, hər halda sülh naminə hansısa güzəştlər mümkündürmü?
- Bilirsiniz, mən yenə də demək istəyirəm ki, Minsk qrupunun həmsədrləri heç bir nəticəyə nail olmasalar da, - buna görə də haqlı olaraq Azərbaycan ictimaiyyətinin tənqidinə məruz qalırlar, - lakin mən son 17 ildə bu məsələ ilə praktik surətdə gündəlik rejimdə məşğul olan və bu illər ərzində vaxtının çox hissəsini məhz həll yolu tapmağa sərf etmiş bir insan kimi deməliyəm ki, Minsk qrupu səy göstərib, təkliflər verib, fəaliyyətsiz qalmayıb. Buna görə də mən bu cür əsassız ittihamları rədd edirəm. Bu, belə deyil. Ermənistanın keçmiş rəhbərliyi, bundan əvvəlki iki prezidenti ilə mənim əlaqələrim dövründə biz irəliyə çox böyük addımlar atmışdıq. Biz razılaşdırılması, ümumiyyətlə, qeyri-mümkün görünən məsələlərin razılaşdırılmasında irəliyə getmişdik. Bütün bunlar nəticəyə nail olmaq istəyi və güzəşt yolu ilə nizamlanmaya doğru getmək arzusu əsasında idi. Müəyyən mərhələdə, nizamlamaya həddən artıq yaxınlaşdığımız vaxtda erməni tərəfinin geriyə addım atması başqa bir məsələdir. Bu, artıq faktdır, hərçənd onlar həmişə bizi bunda ittiham etməyə çalışırdılar. Lakin son anda onlar Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər. Çünki digər beş rayon çoxdan razılaşdırılmışdı. Biz artıq Kəlbəcər və Laçının nə vaxt qaytarılacağı məsələsini müzakirə edirdik. Yəni, biz müddəti müzakirə edirdik. Bu məsələnin həll olunacağına nə mənim, nə də Minsk qrupunun şübhəsi yox idi. Düşünürəm ki, Minsk qrupunun o vaxt bu məsələdə iştirak edən sabiq həmsədrləri bunu təsdiqləyə bilərlər. Lakin sonra erməni tərəfi bir addım geri çəkildi və Kəlbəcərlə Laçının qaytarılması məsələsi həll edilməmiş qaldı. Başqa sözlə desək, elə mexanizm təklif olunurdu ki, bu iki rayon həmişəlik ermənilərin nəzarəti altında qalmalı idi və mən bununla qətiyyən razı ola bilməzdim.
Odur ki, mən yenə də sizin sualınıza qayıdıram, Minsk qrupu nizamlama üçün bünövrə yaradıb. Buraya ərazilərin işğaldan azad edilməsi, məcburi köçkünlərin qaytarılması, kommunikasiyaların açılması, azərbaycanlı və erməni icmalarının birgə yaşayışı daxildir. Bu, beynəlxalq hüququn və ümumiyyətlə, bəşəri əxlaqın normalarına tamamilə uyğun gəlir. Çünki Ermənistan prezidentlərindən biri ermənilərin və azərbaycanlıların milli uyuşmazlığından danışarkən, o, bir daha özünün faşist mahiyyətini nümayiş etdirib. Niyə azərbaycanlılar və ermənilər Rusiyada sakit yaşaya, ümumi biznesə, qarışıq ailəyə sahib ola bilirlər? Niyə bəzi gürcü kəndlərində ermənilər və azərbaycanlılar bir yerdə yaşayır, həm müsəlman, həm də xristian bayramlarını qeyd edirlər? Niyə Azərbaycanda minlərlə erməni bizim vətəndaşlarımız kimi layiqli həyat yaşayır? Buna görə də bu cür faşist niyyətli tezislər, əlbəttə ki, nizamlamaya kömək etmirdi. Beləliklə, sadaladığım bütün bu baza prinsipləri, üstəgəl kommunikasiyaların açılması nizamlamanın əsasıdır. Minsk qrupunun həmsədrləri də Azərbaycanın mövqeyini dəstəkləyirlər, lakin Ermənistanın indiki rəhbərliyi başqa yolla getdi. Baş nazir bəyan edirdi ki, Azərbaycana bircə qarış da torpaq verməyəcəklər. Onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın xəritələrini dərc edib, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda olan yeddi rayonun hamısını da oraya daxil ediblər. Onlar bizim bütün şəhərlərimizin, kəndlərimizin adlarını dəyişiblər. Bizim döyüş meydanında gördüklərimiz, sadəcə, onların 30 il ərzində qurduqları müdafiə xəttini yarıb keçmək deyildi. Biz gördük ki, onlar bu əraziləri verməyə hazırlaşmırdılar. Ona görə ki, orada o qədər iş görülmüşdü, mühəndis kommunikasiyalarına, möhkəmlədici qurğulara o qədər sərmayə qoyulmuşdu ki, bu, onların həmin torpaqlardan çıxıb getməyə hazırlaşmadıqlarını göstərirdi. Münaqişənin qaynar fazası başa çatdıqdan sonra biz onların orada nələr tikdiyi barədə tam informasiya təqdim edəcəyik. Buna görə bir daha demək istəyirəm ki, indi baş verənlərin bütün təqsiri şəxsən Paşinyanın üzərindədir. Bu insan, sadəcə, təsadüfən hakimiyyətə gəlməyib, o, həm Azərbaycan xalqına, həm də erməni xalqına həddən artıq iztirab və qəm-qüssə gətirib. O, Sorosun əlaltısıdır. Bu insan əvvəllər həmişə Ermənistanın Rusiya ilə əməkdaşlığının əleyhinə çıxış edirdi. Onun partiyası “Çıxış” adlanırdı – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxış, Avrasiya İqtisadi Birliyindən çıxış. Paşinyanın bütün komandası praktik olaraq Qərbin, Soros Fondunun, “Amnesty International”, “Transparency”, “Human Rights Watch”, “Freedom House”un maliyyələşdirdiyi qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarətdir. Bu gün Ermənistan hakimiyyətində təmsil olunan insanlar vaxtilə Rusiya səfirliyinə yumurta atır, “Rusiyalı işğalçılar, rədd olun” şüarları ilə çıxır edirdilər. Buna görə də mən, düzünü desəm, Rusiyanın siyasi isteblişmentinin müəyyən hissəsinin bu cinayətkar terrorçu rejimi dəstəkləməsinə təəccüblənirəm. Onların gecə vaxtı Gəncə şəhərinə ballistik raketlərdən zərbə endirməsi, özü də mümkün qədər daha çox insanı məhv etmək üçün yaşayış massivlərinə bilərəkdən zərbə endirməsi qanlı cinayətdir. Onlar bu cinayətə görə hazırda döyüş meydanında cavab verirlər. Əgər ağıllarını başlarına yığmasalar, onların sonu çox acınacaqlı olacaq. Buna görə də sualınıza qayıdıram, biz baza prinsiplərinə tərəfdarıq, hesab edirəm ki, nizamlama mümkündür. Lakin bunun üçün erməni tərəfi elə indi, nə qədər ki, gec deyil, nə qədər ki, qarşımızda diz çöküb bu prinsipləri qəbul etmək və münaqişəni qaynar fazadan siyasi nizamlama mərhələsinə keçirmək üçün onun hələ vaxtı var.
- Sonda məntiqə uyğun olardı soruşum ki, Siz Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistandan olan həmsöhbətinizlə görüşmək üçün Moskvaya gəlməyə hazırsınızmı?
- Bilirsiniz, mən Moskvada çox olmuşam. İndiki halda mən belə dəvət almamışam, ona görə bu sual mənə deyil. Dəfələrlə şəxsən Prezident Vladimir Vladimiroviç Putin və ondan əvvəl Dmitri Anatolyeviç Medvedev Ermənistan və Azərbaycan rəhbərləri arasında üçtərəfli görüşlər keçiriblər. Lakin Ermənistanda hakimiyyət şərti Sorosun əlinə keçəndən sonra bu cür əlaqələr dayandırıldı. Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və mən bu barədə demişəm, bunun üçün həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəblər var. Səbəblərdən biri də budur ki, Rusiya onilliklər boyu bizim regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də biz hər cür əlaqəyə hazırıq, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi biz dərhal razılaşdıq. Bu da bizim mövqeyimizin göstəricisidir. Axı, o vaxt Azərbaycan Ordusu strateji ərazilərin bir hissəsini artıq uğurla azad etmişdi və bu, münaqişənin təqribən on gündən çox davam etdiyi vaxt baş vermişdi. Kimin nəyə qadir olması praktik olaraq artıq hamıya aydın idi. Döyüş əməliyyatlarının sonrakı gedişatını təxmin etmək, yəqin ki, çox çətin deyildi. Lakin buna baxmayaraq, biz vaxtı uzatmadıq və ya imtina etmədik. Biz dedik, bəli, biz hazırıq. O vaxt, Rusiya Prezidenti ilə söhbət zamanı dedim ki, mən naziri göndərirəm, yeri gəlmişkən, Xarici İşlər naziri həmin vaxt Cenevrədə idi, Minsk qrupu ilə danışıqlar aparırdı. Münaqişənin qaynar fazasında bizim nazir Cenevrədə idi, erməni nazir isə oraya gedib çatmadı, hərçənd o da, orada olmalı idi. Buna görə biz qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvada və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik.
-Cənab Prezident, müsahibəyə görə sağ olun.
-Siz sağ olun.