İlham Əliyev Qusarda Şahmat Mərkəzinin açılışında iştirak etmişdir
16 fevral 2012, 16:30
Prezident İlham Əliyev Qusara səfəri çərçivəsində şahmat mərkəzinin açılışında iştirak etmişdir.
Dövlət başçısı şahmat mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, şahmat mərkəzində yeniyetmələrin və gənclərin idmanın bu növü ilə məşğul olmaları üçün geniş imkanlar yaradılmışdır. İkimərtəbəli bina həm də rayonun ümumi görkəminə əlavə çalarlar qatır. Şahmat mərkəzinin ümumi həyətyanı sahəsi 1500 kvadratmetrdir. Binanın ətrafında geniş abadlıq işləri görülmüşdür.
Dövlət başçısının diqqətinə çatdırıldı ki, bina əvvəllər “Nizami” kinoteatrı kimi fəaliyyət göstərmişdir. 2009-cu ildə burada əsaslı təmir və yenidənqurma işləri aparılmış və müasir tələblərə cavab verən şahmat mərkəzi yaradılmışdır. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın müxtəlif sahələrinin, o cümlədən şahmatın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend quraşdırılmışdır. Burada şahmatı ayaqüstü oynamaq üçün iki lövhə quraşdırılmışdır. Mərkəzdə iki məşğələ otağı və turnir zalı idmançıların ixtiyarına verilmişdir. Turnir zalında həm respublika, həm də beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi üçün geniş imkanlar vardır.
Zalda 40 şahmat stolu qoyulmuşdur ki, onlardan 10-u elektron lövhəlidir. Belə lövhəli stollarda keçirilən oyunları internet vasitəsilə izləmək və nəzarət etmək mümkündür.
Mərkəzdə şahmat bölmələri ilə yanaşı, xarici dil və kompyuter kurslarının təşkili də nəzərə alınmışdır. Buradakı kompyuter otağında idmançılar internet vasitəsilə şahmat oynamaq imkanı əldə etmişlər. Otaqda 13 kompyuter quraşdırılmışdır.
Mərkəzdə zəngin kitabxana da yaradılmışdır. Burada gənclər tanınmış şahmat ustalarının müəllifi olduğu kitablarla tanış olacaq, şahmatın sirlərini daha dərindən öyrənə biləcəklər.
Prezident İlham Əliyev zalda gənc şahmatçıların məşq prosesini izlədi.
Sonra dövlətimizin başçısı mərkəzin foyesində quraşdırılmış monitorlarda 2008-ci və 2011-ci illərdə Qusar rayonuna səfərlərini əks etdirən görüntülərə baxdı.
Şahmat mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tövsiyə və tapşırıqlarını bildirdi.