İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür
15 fevral 2012, 18:10
Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 15-də NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür.
NATO-nun baş katibi dövlətimizin başçısını Alyansın mənzil-qərargahının önündə böyük səmimiyyətlə qarşıladı.
Sonra Prezident İlham Əliyev və Anders Foq Rasmussen Azərbaycanın və NATO-nun bayraqları önündə şəkil çəkdirdilər.
Anders Foq Rasmussen dəvəti qəbul edib NATO-nun mənzil - qərargahına gəldiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Azərbaycan-NATO tərəfdaşlığını yüksək qiymətləndirən baş katib ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.
NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planının təsdiq olunmasının Azərbaycan-NATO əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edən baş katib ölkəmizin antiterror koalisiyası çərçivəsində Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirakına görə təşəkkür etdi.
Anders Foq Rasmussen Azərbaycan-NATO əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.
Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə təbriklərinə görə NATO-nun baş katibinə minnətdarlıq etdi.
Dövlət başçısı qeyd etdi ki, ölkəmiz NATO-Azərbaycan tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi üçün bundan sonra da səylərini artıracaqdır.
Prezident İlham Əliyev Azərbaycanın Avratlantik strukturlara inteqrasiya istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcəyini söylədi.
Dövlət başçısı Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında NATO ilə Azərbaycanın sıx əməkdaşlıq etdiyini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan ilə NATO arasında etibarlı tərəfdaşlıq əlaqələrinin bundan sonra genişlənəcəyinə əminliyini bildirdi.