İlham Əliyev Portuqaliyanın xarici işlər nazirini qəbul etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
15 iyul 2010, 15:46
Prezident İlham Əliyev Portuqaliyanın xarici işlər naziri Luis Amadonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Portuqaliyanın xarici işlər nazirinin ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizlə bağlı səmərəli müzakirələrin keçiriləcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı bu səfərin Azərbaycan-Portuqaliya əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev Luis Amadonun ölkəmizə səfərinin eyni zamanda, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının daha da genişləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Luis Amado Portuqaliya Prezidentinin və Baş nazirinin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq qeyd etdi ki, Portuqaliya Azərbaycana ikitərəfli münasibətlərdə, həm də Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində yaxşı tərəfdaş ola bilər.
Dövlət başçısı Portuqaliya Prezidentinin və Baş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Portuqaliya Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.