Adem Esgündən, Bakı, Azərbaycan
08 oktyabr 2020, 13:35
Möhtərəm cənab Prezident.
30 illik həsrətdən sonra Azərbaycanımızın işğal altında olan torpaqlarını yağı düşməndən azad edilməsi barədə verdiyiniz qərar nəinki Azərbaycan xalqında, bütün türk dünyasında qürur və sevinclə qarşılanır. Bu gün xalqımızın bir yumruq kimi birləşməsi, tarixdə misli görünməmiş iqtidar-xalq vəhdəti Böyük Qələbə üçün mütləq zəmindir. Mustafa Kamal Atatürkün və ulu öndər Heydər Əliyevin yolu ilə gedən Azərbaycan, beynəlxalq hüquq çərçivəsində pozulmuş hüquqlarını bərpa edir. Hər kəs bilməlidir ki, "Yurdda sülh, cahanda sülh" şüarı bu gün də aktualdır. Cahanda sülh istəyənlər yurdumuzda sülhü təmin etməlidirlər.
Möhtərəm cənab Prezident, hər kəs Sizin, Silahlı Qüvvələrin Ali Baş Komandanın əmrinə müntəzirdir. Xalqımız bilir ki, elan edilən qismən səfərbərlik əslində formal xarakter daşıyır və bütün Azərbaycan xalqı, eləcə də türk dünyası Böyük Qələbə üçün tam səfərbərdir.
"Dünya Göz Xəstəxanalar" qrupu, başda hörmətli Eray Kapxcıoğlu olmaqla, Azərbaycan xalqının və Türk dünyasının haqq mübarizəsinin yanında olduğunu bir daha bəyan edir və bu haqq işində əlindən gələni əsirgəməməyə hazır olduğunu bildirir. "Dünya Göz Xəstəxanalar" qrupuna aid, Bakı şəhərində fəaliyyət göstərən xəstəxanamız həkim və orta tibb heyəti ilə birgə cəbhədə gözündən xəsarət almış hərbiçilərimizi və mülki əhalini təmənnasız müayinə və müalicə etməyə hazır olduğunu diqqətinizə çatdırır.
Hörmətlə,
Adem Esgün
Direktor
Azərbaycan Respublikası, Bakı şəhəri.