Tofiq Bayramovdan, Bərdə, Azərbaycan
07 oktyabr 2020, 20:35
Hörmətli Ali Baş Komandan.
Azərbaycan xalqının qürur mənbəyi, fəxri, ümidgahı, cənab Prezident, icazə verin, Sizə olan ümumxalq məhəbbətini, güvəncini, inam və ehtiramını öz duyğularımın məhsulu olan bir neçə sətirlə ifadə edim:
Nə qədər arayıb, axtarsam yenə,
Tay tapa bilmirəm dünyada sənə.
Ey Ulu Öndərin tək yadıgarı,
Sən ey xalqımızın fəxri, vüqarı.
Səndə cəmlənibdir etibar, vəfa,
Ədalət, insanlıq, xalqa sədaqət,
İradə, dəyanət, dözüm, ləyaqət.
Sənsən xilas edən bu gün milləti
Gecəli-gündüzlü min zəhmət ilə,
Öz dağ vüqarınla, əzəmət ilə
Kimsə tay olammaz bu xislət ilə.
Bu dünya fəxrlə baş əyir Sənə.
Xalqı qoruyursan ağır bəladan,
Bu işdə yardımçın olsun Yaradan.
Millətin duası üstündə olsun,
Səni hifz eləsin Ulu Yaradan.
Bu gün Sizin bütün beynəlxalq təsirlərə baxmayaraq apardığınız müstəqil siyasət, göstərdiyiniz qətiyyət təkcə Azərbaycan xalqının deyil, bütün Türk dünyasının, İslam ümmətinin təkzib oluna bilməyəcək uğurudur.
Hər kəsin istəyi, amalıdır bu
Şuşada, Ağdamda görək biz Sizi,
Çox yaxın zamanda olmalıdır bu,
Şuşada ucalsın ilk abidəsi
Bu xalqın atası Ulu Heydərin,
Önündə bayrağı öpüb deyəsən
Ruhun rahat olsun, ey el atası,
Yetib vəsiyyətin yerinə Sənin.
Tək Sənə güvənir bizim xalqımız,
Sənsiz bircə günü olmasın elin.
Ali Baş Komandan olduğun Ordu
Sonadək qıracaq düşmənin belin.
Möhtərəm Prezident, bu, təkcə mənim deyil, Sizi və xalqımızı sevən hər bir azərbaycanlının arzusudur.
Cənab Prezident, mən hazırda təqaüddə olan həkiməm. Buna baxmayaraq, istənilən anda Azərbaycan dövlətinə xidmət etməyə, öz bilik və bacarığımı sərf etməyə qeyd-şərtsiz hazıram.
Bu gün Siz və xalqımızı sevən hər bir Azərbaycan övladı Sizin amallarınız uğrunda, Vətənimizin bütövlüyü və müstəqilliyi yolunda düşmənə ağır zərbələr vurmağa və bu yolda tərəddüd etmədən, qorxmadan, çəkinmədən döyüşərək şəhid olmağa hazırdır. Bu Ulu Heydər Əliyev irsinə, onun yadigarı və qeyrətli davamçısı olan Sizə Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğluna xalqımızın inam və sədaqətinin əsl təcəssümüdür.
Hörmətlə,
Tofiq Bayramov
Məcburi köçkün
Azərbaycan Respublikası, Bərdə şəhəri.