Aydın Kazımzadə və başqalarından, Bakı, Azərbaycan
07 oktyabr 2020, 10:28
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Biz, Bakı Dövlət Universitetinin bir qrup ağsaqqal professor-müəllim heyəti Sizə müraciət edərək bildiririk ki, xalqımız Sizin qətiyyətinizdən və iradənizdən ruhlanır, möhtəşəm fəaliyyətinizi daim yüksək qiymətləndirir, bütün sahələrdə yürütdüyünüz məqsədyönlü və müdrik siyasətinizi ürəkdən dəstəkləyir. Əsası müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun layiqli davamçısı kimi Sizin son 17 ildə apardığınız uğurlu daxili və xarici siyasət, təşəbbüsünüz və rəhbərliyinizlə həyata keçirilən çoxsaylı dövlət proqramları, sosial layihələr nəticəsində Azərbaycan xalqı, Azərbaycan Respublikası əsas məqamları aşağıdakı tezislər formasında ifadə olunan bir sıra nailiyyətlər əldə etmişdir:
- Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş qüdrətli bir dövlətə çevrilmişdir. Bu gün Azərbaycan artıq dünyanın inkişaf etməkdə olan dövlətləri sırasından inkişaf etmiş dövlətlər sırasına adlamaq ərəfəsindədir;
- Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmişdir. Azərbaycan bu gün dünyada irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu icraçısına, çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilmişdir;
- Azərbaycan bir sıra beynəlxalq təşkilatlara, o cümlədən 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmiş, 2019-2022-ci illər üçün 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməyə başlamışdır;
- Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində Azərbaycan ordusu ölkəmizin müdafiəsini və təhlükəsizliyini təmin etmək qabiliyyətinə malik olan qüvvəyə çevrilmiş, dünyanın ən güclü 50 ordusu sırasında yer almışdır;
- Azərbaycan artıq dünyada sayı məhdud olan kosmik ölkələr sırasına daxil edilmişdir;
- ölkədə sabitlik, sağlam ictimai-siyasi mühit, ən yüksək səviyyəli xalq - iqtidar birliyi yaranmışdır;
- Azərbaycan müstəqil daxili və xarici siyasət yürüdən, müstəqil mövqeyi ilə seçilən dövlət kimi tanınmışdır;
- nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan həqiqətlərinin etiraf edilməsinə, Dağlıq Qarabağ münaqişəsinə dair milli maraqlarımızı əks etdirən mühüm qərarların qəbul edilməsinə nail olunmuşdur;
- milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, konfessional və etnik müxtəlifliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanılması və inkişafı təmin edilmişdir;
- əhalinin sosial müdafiəsi əhəmiyyətli dərəcədə gücləndirilmiş, regionların hərtərəfli inkişafı təmin edilmiş, ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənmişdir;
- qeyri-neft sənayesi ardıcıl şəkildə inkişaf etdirilmiş, ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən və müasir texnologiyalara əsaslanan minlərlə yeni müəssisə fəaliyyətə başlamışdır;
- Azərbaycanda demokratik təsisatlar möhkəmləndirilmiş, siyasi plüralizm, söz azadlığı, mətbuat azadlığı, sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, insan hüquq və azadlıqları təmin edilmiş, vətəndaş cəmiyyəti institutları gücləndirilmişdir;
- Azərbaycan Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə, cənubi Qafqazda ən böyük istehsal və intellektual potensiala malik ölkəyə, regionun enerji, nəqliyyat, logistika, humanitar dialoq mərkəzinə çevrilmişdir;
- vətənə, dövlətə, dövlətçiliyə, milli-mənəvi dəyərlərə bağlı olan Azərbaycan gəncliyi formalaşmışdır;
- ölkədə səmərəli və çevik dövlət idarəçiliyi mexanizmi formalaşdırılmışdır.
Cənab Ali Baş Komandan, bütün bunlar və burada sadalanmayan bir sıra digər nailiyyətlər son günlər təcavüzkar Ermənistanın ölkəmizə qarşı törətdiyi növbəti təxribatlarının, xain hücumlarının qarşısını almaq, əhalimizin təhlükəsizliyinin və beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanınan və qəbul edilən ərazi bütövlüyümüzün təmin edilməsi məqsədilə Sizin rəhbərliyinizlə müzəffər Azərbaycan ordusu tərəfindən aparılan əks-hücum əməliyyatlarında hər gün, hər saat əldə edilən qələbə və zəfərlərin əsas rəhnidir, sabaha daha böyük ümidlərlə baxmağa zəmin yaradır. Qısa müddətdə əldə edilən və Böyük Qələbəmiz üçün mühüm əhəmiyyətə malik olan bu uğurların qarşısında xüsusilə son illər öz rəhbərlərinin yarıtmaz fəaliyyəti nəticəsində fəlakətə sürüklənən Ermənistan xeyli cılız və miskin görünür.
Möhtərəm cənab Prezident, Sizin 27 sentyabr və 4 oktyabr tarixlərində xalqımıza etdiyiniz müraciətlərinizdə, “Rossiya-1”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”, “TRT Haber” televiziya kanallarına verdiyiniz müsahibələrinizdə, son günlər keçirdiyiniz müxtəlif səviyyəli görüşlərdə dəfələrlə qeyd etdiyiniz kimi, biz haqq-ədalət tərəfindəyik. Biz bu gün tarixi ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik. Xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Çünki öz doğma dədə-baba torpaqlarımızı işğalçılardan azad edirik.
Eyni zamanda Siz hələ də xalqımıza xas olan hunanizm prinsiplərini əsas tutaraq milli maraqlarımızı əks etdirən yeganə bir şərt irəli sürməklə qarşı tərəfə atəşkəs rejiminin bərpa edilməsi üçün sonuncu bir şans verilməsinin də mümkünlüyünü bəyan edirsiniz. Bunun üçün Ermənistan rəhbərliyi Azərbaycan xalqından üzr istəyərək Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etməli, qoşunların işğal edilmiş ərazilərimizdən çıxarılmasını əks etdirən vaxt cədvəli təqdim etməli və deməlidir ki: “Qarabağ Ermənistan deyil”.
İnanırıq ki, qarşı tərəf xislətinə uyğun işğalçılıq siyasətini davam etdirərək bu şansdan da istifadə etmək iqtidarında olmadıqda, Sizin rəhbərliyinizlə rəşadətli ordumuz tərəfindən işğal altında olan bütün torpaqlarımız tezliklə azad olunacaq, xalqımızın 30 illik intizarına birdəfəlik son qoyulacaqdır.
Biz o günü səbirsizliklə gözləyirik. Əminik ki, o gün mütləq gələcək və o gün bizimlə birlikdə bütün şəhidlərimizin də ruhu şad olacaqdır.
Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Allah Sizi və ordumuzu qorusun!
Allah bizə yar olsun!
Dərin hörmət və ehtiramla,
Aydın Kazımzadə, AMEA-nın müxbir üzvü
Məsumə Məlikova, AMEA-nın müxbir üzvü
Vasif Babazadə, AMEA-nın həqiqi üzvü
Məhəmməd Mehdiyev, AMEA-nın həqiqi üzvü
Yusif Məmmədov, AMEA-nın həqiqi üzvü
Təhsin Mütəllimov, AMEA-nın müxbir üzvü
Elşad Qurbanov, AMEA-nın müxbir üzvü
İzzət Rüstəmov, professor
Cahangir Məmmədli, professor
Həmid Vəliyev, professor
Qüdrət İsmayılzadə, professor
Tapdıq Həsənov, professor
Firuzə Abbasova, professor
Ağalar Abbasbəyli, professor
Musa Bayramov, professor
Məmməd Yaqubov, professor
Ralfrid Həsənov, professor
Yalçın Əlizadə, professor
Məmməd Fətəliyev, professor
Şövqisəfa Göyçaylı, professor
Azərbaycan Respublikası, Bakı şəhəri.