logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Text size icon-size icon-size

24 yanvar 2012, 19:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üçün yüksək ixtisaslı kadrların hazırlanmasını, əməkdaşların ixtisaslarının artırılmasını və gömrük işi sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tədris mərkəzinin bazasında xüsusi təyinatlı ali təhsil müəssisəsi - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası təsis edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin aktlarında dəyişikliklər edilməsi barədə təkliflərini üç ay müddətində hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 yanvar 2012-ci il.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi