Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
24 yanvar 2012, 18:30
Təşəkkül dövrü mənbələrdə eramızdan əvvəlki əsrlərə aid edilən Gəncə ölkəmizin zəngin keçmişə malik qədim şəhərlərindəndir. Mühüm karvan yolları ayrıcında yerləşməklə o, tarixən Yaxın və Orta Şərqdə mədəniyyətin, sənətkarlığın və ticarətin böyük mərkəzi kimi tanınmışdır. Gəncə Azərbaycanın Şəddadilər və eləcə də Atabəylər dövlətinin paytaxtı olmuş, eyni zamanda unikal Arran memarlıq məktəbinin formalaşıb rəngarənglik qazanmasında əvəzsiz rol oynamışdır.
Burada milli üslubda inşa edilmiş müxtəlif karvansaray və qalalar, müdafiə qurğuları və imarətlər, məscidlər və məbədlər memarlığımızın parlaq nümunələri olaraq şəhərə bu gün də xüsusi kolorit verir. Gəncə diyarı xalqımıza dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvini, söz ustaları Məhsəti Gəncəvini və Mirzə Şəfi Vazehi bəxş etmişdir.
Gəncə öz qədimliyini və tarixiliyini qorumaqla yanaşı dinamik inkişaf yolu tutaraq son illər ərzində sürətlə müasirləşməkdədir. Şəhərdə bir sıra mühüm infrastruktur layihələri uğurla həyata keçirilmiş, Beynəlxalq Hava Limanı yenidən qurulmuş, Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, mədəniyyət və istirahət obyektləri istifadəyə verilmiş, yeni sənaye müəssisələri açılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə Cavad xan məqbərəsi, Şah Abbas və Həzrəti Zeynəb məscidləri, Comərd Qəssab türbəsi və Gəncə darvazası bərpa olunmuşdur. Orta əsrlər Azərbaycan memarlığının qiymətli abidələrindən sayılan “İmamzadə” kompleksində isə əsaslı təmir və bərpa işləri davam etdirilir.
Gəncə şəhərinin zəngin tarixi-mədəni irsinin mühafizəsi, milli memarlıq ənənələri qorunub saxlanılmaqla şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Gəncə şəhərinin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 yanvar 2012-ci il.