İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilmişdir
16 yanvar 2012, 17:15
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.
Azərbaycan Prezidenti İlham Əliyevin giriş nitqi
- Nazirlər Kabinetinin bugünkü toplantısında biz 2011-ci ilin yekunlarını müzakirə edəcəyik və əlbəttə, 2012-ci ildə görüləcək işlər haqqında fikir mübadiləsi aparacağıq. 2011-ci ildə ölkə qarşısında duran bütün sosial və iqtisadi vəzifələr uğurla icra edilibdir. Elə bir vəzifə yoxdur ki, icra olunmamış qalsın. Yəni, nəzərdə tutduğumuz bütün planlar həyatda öz əksini tapıb və beləliklə, 2011-ci ildə ölkəmizin uğurlu inkişafı davam etmişdir.
Düzdür, bizdən asılı olmayan səbəblərə, neftin hasilatı aşağı düşdüyünə görə, ümumi iqtisadi göstəricilər o qədər də böyük deyil, ancaq bu, bizi narahat etməməlidir və narahat etmir. Çünki iqtisadiyyatımızın böyük hissəsi neft-qaz sektorunda formalaşır və beləliklə, neft hasilatının aşağı düşməsi istər-istəməz statistik göstəricilərə də təsir edir. Ancaq bir daha demək istəyirəm ki, bu templər bizi narahat etmir. Çünki ölkə iqtisadiyyatının uğurlu inkişafını şərtləndirən digər amillər, - bu gün bu barədə danışacağıq, - çox müsbətdir. Bütövlükdə iqtisadi artım 0,1 faiz təşkil etmişdir. Ancaq ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artmışdır. Bu, gördüyümüz işlərin nəticəsidir. Çünki artıq bir neçə ildir ki, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün praktiki addımlar atılır, proqramlar qəbul edilibdir, dövlət siyasəti də bu istiqamətdə aparılır və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün bütün gözəl imkanlar yaradılmışdır. Bunun nəticəsidir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Nəzərə alsaq ki, qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, əlbəttə ki, bu, həm iqtisadi, həm sosial inkişafa müsbət təsir göstərir.
Sənaye istehsalı yenə də neft hasilatı aşağı düşdüyü üçün 5 faiz azalmışdır. Ancaq qeyri-neft sənayemiz 11,1 faiz artmışdır. Bu çox gözəl göstəricidir. Onu göstərir ki, bir neçə il bundan əvvəl irəli sürdüyümüz sənayeləşmə təşəbbüsləri artıq öz gözəl nəticələrini verməkdədir. Nəzərə alsaq ki, əvvəlki illərdə təməlini qoyduğumuz müəssisələr bu il və gələn il istifadəyə veriləcək, görərik ki, gələcəkdə də qeyri-neft sənayesinin inkişafı üçün çox gözəl imkanlar vardır. İnflyasiya birrəqəmli səviyyədə qalmışdır - 7,9 faiz. Bu, müsbət göstəricidir. İnflyasiya birrəqəmli olduğu təqdirdə biz hesab edirik ki, bu, müsbət nəticədir. Əhalinin pul gəlirləri isə 19,6 faiz artmışdır. Bu statistik göstəricilər əyani şəkildə göstərir ki, insanların rifah halı yaxşılaşmışdır və beləliklə, inflyasiya ilə əhalinin pul gəlirləri arasındakı fərq kifayət qədər böyükdür. Əhalinin pul gəlirləri 2,5 dəfə çoxdur. Bu, iqtisadi inkişafımızı göstərən əsas makroiqtisadi göstəricilərdir. Bununla bərabər, biz 2011-ci ildə investisiya qoyuluşu sahəsində rekord göstəriciyə nail ola bilmişik. İldən-ilə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi artmaqdadır, böyük templərlə artır. 2010-cu ildə 17,6 milyard dollar investisiya qoyulmuşdur. 2011-ci ildə isə ilk dəfə olaraq investisiyalar 20 milyard dollara bərabərdir. Təkcə 2 il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsait qoyulmuşdur. Əvvəlki dövrdəki investisiyaları da əlavə etsək görərik ki, Azərbaycanda nə qədər böyük işlər görülür. Həm yerli, həm xarici investorlar ölkə iqtisadiyyatına maraq göstərirlər. Xarici investorlar ölkəmizin uğurlu inkişafına bizimlə bərabər, bizim kimi inanırlar. Eyni zamanda, əlbəttə ki, bu investisiyaların təşkilində dövlət siyasəti həlledici rol oynayır.
Çünki dövlət investisiyaları kifayət qədər böyükdür, bu il də belə olacaqdır. Eyni zamanda, dövlət tərəfindən investorları stimullaşdırmaq üçün atılmış addımlar da bəhrəsini verir. İyirmi milyard investisiyanın 13 milyardı daxili investisiyalardır, 7 milyardı isə xarici investorların vəsaitidir. Burada da deyə bilərəm ki, bu tarazlıq, yəni, bu çəkilər nisbəti müsbətdir. Xarici investorlar Azərbaycana investisiyaların qoyuluşunu davam edirlər. Daxili investorlar, yerli iş adamları və Azərbaycan dövləti isə ölkəmizin hərtərəfli, şaxələndirilmiş inkişafı üçün nə lazımdırsa onu edirlər.
2011-ci ildə böyük investisiya proqramımız icra edilmişdir və dediyim bu rəqəmlərin böyük hissəsi dövlət hesabına təşkil edilmişdir, valyuta ehtiyatlarımız artmışdır. İlk dəfə olaraq Azərbaycanın bütün valyuta ehtiyatları 40 milyard dollar səviyyəsinə çatmışdır. İndiki məlumata görə bizim 41 milyard dollar vəsaitimiz vardır. Bu, bizim strateji ehtiyatlarımızdır. Biz bu ehtiyatların idarə edilməsindən gəlir götürürük. Növbəti dövr üçün yeni konsepsiya hazırlanmışdır və biz valyuta ehtiyatlarımızı daha da çoxşaxəli formada idarə etməliyik. Bu məsələ ilə bağlı müvafiq göstərişlər verilmişdir.
Sosial sahədə bizim siyasətimiz uğurla davam etmişdir, 2011-ci ildə maaşlar, pensiyalar artırılmışdır. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artmışdır və bu da sosial siyasətimizin əsas istiqamətlərindən biridir. İnsanların rifah halı yaxşılaşır, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min təşkil edir. Bu da onu göstərir kİ, hələ öz maliyyə vəziyyətini yaxşılaşdıra bilməyən ailələrə dövlət daim diqqət göstərir və hər bir ailəyə orta hesabla ayda 106 manat müavinət verilir.
Mən dəfələrlə demişəm, bu gün bir daha bildirmək istəyirəm, - dediyim və gətirdiyim rəqəmlər onu çox gözəl əks etdirir, - biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bu prinsipləri rəhbər tuturuq. Eyni zamanda, biz sosial siyasətdə də çox uğurla addımlar atırıq və sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq.
Azərbaycanda orta pensiyanın səviyyəsi hazırda təqribən 180-190 dollar səviyyəsindədir. Orta maaş 460 dollara yaxındır. Deyə bilərəm ki, MDB məkanında bu, çox gözəl göstəricidir. Ancaq əlbəttə ki, bu bizi tam şəkildə qane edə bilməz. Növbəti illərdə görüləcək tədbirlər, həm ayrılacaq vəsait, həm yaradılacaq yeni iş yerləri, həm də apardığımız uğurlu investisiya siyasətimiz bizə kömək edəcəkdir. Əlbəttə ki, həm maaşlar, həm pensiyalar daha da artmalıdır və artacaqdır.
Beləliklə, bu sahədəki işlər çox müsbətdir. Sosial obyektlərin tikilməsi prosesi davam etmişdir. Heç bir layihədə yubanma olmamışdır. Bəzi hallarda, - yəni, bu da bir yenilikdir, - müvafiq qurumlar müəyyən layihələrə ayırdığımız vəsaitdən vaxtında istifadə edə bilməmişlər. Əlbəttə ki, biz builki investisiya proqramımızda bu amili nəzərə almalıyıq, bu qüsurları aradan qaldırmalıyıq. Ancaq bunun səbəbi ondan ibarətdir ki, bizim 2011-ci il üçün o qədər böyük planlarımız olmuşdur ki, bəzi hallarda dövlət qurumları və onlarla bərabər işləyən şirkətlər bu həcmi icra edə bilmirlər. Vaxt var idi ki, hansısa işi görmək üçün vəsaitimiz yox idi. İndi isə vəsaitimiz var, ancaq əfsuslar olsun ki, bəzi hallarda bu vəsaitin düzgün istifadə edilməsi sahəsində müəyyən problemlər yaranır. Biz bu problemləri bilirik və bu il, ondan sonrakı illərdə bu vəziyyəti yaxşılaşdırmaq üçün daha da ciddi tədbirlər görəcəyik.
Ölkəmizdə səhiyyə ocaqlarının, məktəblərin tikintisi, təmiri davam etmişdir. 33 səhiyyə ocağı, 60-a yaxın məktəb tikilmiş və təmir edilmişdir, 4 olimpiya idman kompleksi, mədəniyyət ocaqları tikilir və təmir edilir. Yəni, biz bu quruculuq işlərini hər yerdə, o cümlədən bölgədə görürük. Bölgədəki vəziyyət yaxşılaşır, şəhərlərimiz gözəlləşir, abadlaşır. 2011-ci ildə 94 min yeni iş yeri açılmışdır ki, onun da 73 mini daimi iş yeridir. Bütövlükdə biz işsizliyə qarşı proqramı icra etməyə başlayandan sonra – 2003-cü ildən bu günə qədər 1 milyondan artıq yeni iş yeri açılmışdır. Hazırda Azərbaycanda işsizliyin səviyyəsi 2011-ci ildə daha da aşağı düşmüşdür və bu rəqəm 5,4 faizdir. Həmişə işsizliklə bərabər gedən yoxsulluğun səviyyəsi isə yenə də aşağı düşərək 7,6 faiz təşkil etmişdir. Bu göstəricilər həm müsbətdir, həm də ümidvericidir. Biz bilirik ki, 2012-ci il də bizim üçün uğurlu olacaqdır. Biz bu gün 2012-ci ildə görüləcək işlər haqqında danışacağıq.
2011-ci ildə xarici siyasətdə çox yaddaqalan və tarixi hadisələr baş vermişdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Bu, bizim böyük siyasi qələbəmizdir. Bu qələbə müstəqilliyimizin 20 illik yubileyinə təsadüf etmişdir. Bu da rəmzi xarakter daşıyır. 20 il ərzində Azərbaycan dünya xəritəsində nəinki özünə layiq yerini tuta bilmişdir, dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini, hörmətini, inamını qazana bilmişdir. Əks təqdirdə heç vaxt 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləməzdi. 155 ölkənin etimadını, inamını qazanmaq çox çətin və eyni zamanda, məsuliyyətli işdir. Azərbaycanın uğurlu siyasəti, müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, etibarlı tərəfdaş kimi özümüzü təqdimetmə imkanlarımız bax, bu vəziyyətə gətirib çıxarmışdır. Biz bu qələbəni rəqabət şəraitində əldə edə bilmişik və növbəti iki il ərzində dünyanın bir nömrəli, ən mötəbər təşkilatında üzv kimi öz prinsipial mövqeyimizi göstərəcəyik. Mən bu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, biz bu qurumda ilk növbədə ədaləti müdafiə edəcəyik. Buna böyük ehtiyac vardır. Ədalət bəzi hallarda pozulur, beynəlxalq hüquq normalarına hörmətsizlik edilir, onlara riayət edilmir. Azərbaycan öz imkanları daxilində ədaləti və beynəlxalq hüququ bu mötəbər təşkilatda müdafiə edəcək, əlbəttə ki, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də daim gündəlikdə saxlayacaqdır.
Bir daha demək istəyirəm ki, BMT Təhlükəsizlik Şurasına üzv olmağımız bizim tarixi qələbəmizdir. Biz haqlı olaraq fəxr edirik ki, bu qələbəyə nail ola bilmişik. Eyni zamanda, bu qələbə bizim məsuliyyətimizi də artırır və biz bu məsuliyyətə hazırıq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, 2011-ci ildə heç bir nəticə olmamışdır. Bunun yeganə və başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir, danışıqlarda qeyri-səmimi davranışıdır. Faktiki olaraq danışıqların pozulmasına, yaxud da ki, dondurulmasına Ermənistan tərəfi çox çalışmışdır.
Danışıqlar əlbəttə ki, iki tərəfin iştirakını tələb edir. Bir tərəf əgər danışıqlardan bu və ya digər formada boyun qaçırmaq istəyirsə, digər tərəfin imkanları da məhdudlaşır. Ancaq deyə bilərəm ki, 2011-ci ildə danışıqlar prosesində, bu məsələyə dair beynəlxalq qüvvələrin münasibətində müsbət hallar olmuşdur. Biz bunu inkar edə bilmərik. Deyə bilərəm ki, onlardan ən önəmlisi odur ki, üç həmsədr ölkə status-kvonun qəbuledilməz olduğunu bəyan etmişdir. Bu, birinci bəyanatdır, yəni bundan əvvəlki illərdə belə bəyanatlar verilmirdi. Bu bəyanat ədalətli bəyanatdır. Əlbəttə ki, status-kvo dəyişdirilməlidir və ümidverici bəyanatdır. Əgər bu bəyanatdan sonra həmsədr ölkələrin konkret təklifləri, addımları, hərəkətləri olarsa, münaqişəni tezliklə həll etmək mümkün olacaqdır. Əgər bu bəyanat sadəcə olaraq bəyanat kimi qalacaqsa, onda danışıqların perspektivləri ümidverici olmayacaqdır.
Bu münaqişənin həllinin iki yolu var: danışıqlar yolu və hərb yolu. Üçüncü yol yoxdur. Bu münaqişə dondurulmuş münaqişə deyildir və olmayacaqdır. Əgər kimsə fikirləşirsə ki, danışıqlarda əsas məsələ müharibənin qarşısını almaqdır, mən bununla razı deyiləm. Biz də müharibə istəmirik. Kim müharibə istəyər? Özü də bu qədər böyük uğurlara nail olan Azərbaycan dövləti. Ancaq o demək deyil ki, danışıqlar prosesi kənarda qalacaq və bütün səylər müharibənin başlanmamasına yönəldiləcəkdir. Bu olmayacaqdır! Mən nə üçün bunu deyirəm? Çünki 2011-ci ildə həmsədrlər tərəfindən, xüsusilə ilin ikinci yarısında biz daha çox etimad tədbirlərinin gücləndirilməsinə, atəşkəs rejiminin pozulmamasına yönələn hərəkətləri və təşəbbüsləri görmüşük, nəinki danışıqların mahiyyətinə yönələn diqqəti. Biz də istəmirik ki, müharibə olsun. Ancaq bunun yolu var. O yol da hamıya bəllidir. Biz əvvəlki dövrdə də bəyan etmişik ki, 2009-cu ilin sonunda ATƏT-in xarici işlər nazirlərinin toplantısında iki tərəfə verilmiş təkliflərə prinsip etibarilə razılığımızı vermişik. Bu prinsipləri biz yox, həmsədrlər ortaya qoymuşlar. Əgər o prinsiplər hələ də qüvvədədirsə, onda bu münaqişə öz həllini tapa bilər. O prinsiplər haqqında mən ictimaiyyətə kifayət qədər məlumat vermişəm. Sadəcə olaraq bir daha əsas məqamları təkrarlamaq istəyirəm. Azərbaycanın ərazi bütövlüyü şübhə altına qoyulmur, Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara qayıdırlar və gələcəkdə Dağlıq Qarabağın statusu haqqında qeyri-müəyyən vaxtda qeyri-müəyyən formada təkliflər irəli sürüləcəkdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu da təbiidir ki, Azərbaycan dövləti və xalqı heç vaxt Dağlıq Qarabağa Azərbaycanın kənarında heç bir statusa razılıq verə bilməz və verməyəcəkdir. Prinsiplər bundan ibarətdir. Biz danışıqları bu prinsiplər əsasında davam etdirməyə hazırıq və əgər qarşı tərəf də belə addımlar atarsa məsələ tezliklə öz həllini tapa bilər. Bununla bərabər, o da heç kimə sirr deyil ki, biz hərbi gücümüzü artırırıq və artıracağıq. 2010-cu ildə bu rəqəmləri mən dəqiq xatırlayıram, başqa rəqəmləri də xatırlayıram. Amma bu rəqəmləri yaddaşımda xüsusilə dəqiq saxlayıram – 2011-ci ildə hərbi məsələlərə 3 milyard 413 milyon dollar xərclənmişdir, 2012-ci ildə 3 milyard 474 milyon. Yəni, təxminən eyni rəqəmdir. İki ildə görün, biz ordu quruculuğuna nə qədər böyük vəsait sərf edirik. Əvvəlki dövrdəki vəsaiti də əlavə etsək, biz də görərik və hamı da görər ki, bu gün Azərbaycan ordusu böyük imkanlara malikdir. Biz bölgədə ən güclü orduya malikik, maddi-texniki təchizat yüksək səviyyədədir, ən müasir silahlar, texnikalar, döyüş helikopterləri, döyüş təyyarələri, raketlər, artilleriya qurğuları, - hamısını sadalamaq çətindir, - alınır və bizimlə hərbi sahədə əməkdaşlıq edən ölkələrin coğrafiyası da genişlənir. Eyni zamanda, Azərbaycanda istehsal olunan hərbi məhsulların sayı və çeşidi artmaqdadır. Biz 600-ə yaxın çeşiddə hərbi məhsul istehsal edirik. Yəni, bu gün Azərbaycan ordusu böyük qüvvədir və biz bu qüvvədən lazım olan halda istifadə edə bilərik və edəcəyik.
Qarşı tərəf də bunu bilir. Ona görə də bizdə olan məlumata görə, qarşı tərəfdə - Ermənistanda Azərbaycanın hərbi imkanları ilə əlaqədar böyük təlaş və təşviş vardır. Biz bu məlumatları müxtəlif mənbələrdən alırıq və bizim imkanlarımıza cavab vermək üçün onların heç bir imkanı yoxdur. Necə ki, BMT Təhlükəsizlik Şurasına seçkilərdə onlar döyüş meydanından qaçmışlar. Çünki bilirsiniz ki, vaxtilə, yəni əvvəlki dövrdə Ermənistan da orada namizəd idi. Sonra sakitcə oradan çəkildilər. Çünki bilirdilər ki, Azərbaycanla mübarizə apara bilməyəcəklər. Eləcə də biz əsl döyüş meydanından da onların qaçmalarını dəfələrlə görmüşük. Onlara aid olmayan torpaqlardan öz xoşları ilə çıxsınlar və beləliklə, sülh bərpa oluna bilər.
Bizim hərbi potensialımız daha da artmalıdır. Biz indi hərbi xərcləri yüksək səviyyədə saxlayırıq. Müqayisə üçün deyə bilərəm ki, Ermənistanın ümumi xərcləri 2 milyard dollardır. Bizim hərbi xərclərimiz ondan təxminən 2 dəfə çoxdur. Yəni, bu, artıq reallıqdır. İllər keçdikcə bu fərq daha da artacaq, Azərbaycanın hərbi gücü artacaqdır. Hazırda imzalanmış kontraktların icrası nəticəsində indi demək istəmirəm, amma bizim döyüş qabiliyyətimiz əhəmiyyətli dərəcədə artacaqdır və məsələnin həlli üçün biz az itkilərlə daha da böyük uğurlar əldə edə bilərik. Ancaq yenə də deyirəm, Azərbaycan sülhsevər dövlətdir. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq onu da bilirik ki, hər il və hər ay bizi qələbəyə yaxınlaşdırır. Hər il və hər ay Azərbaycan daha da güclü, Ermənistan daha da gücsüz olur.
2011-ci ildə xarici siyasətlə bağlı digər təşəbbüslər də çox müsbət olmuşdur, tərəfdaşlarımızın sayı artmaqdadır. Həm mənim xarici səfərlərim, həm xarici qonaqların - dövlət, hökumət başçılarının Azərbaycana səfərləri xarici siyasətimizin nə qədər uğurlu olduğunu göstərir. Bu təmaslar bu il də davam edəcəkdir. Yenə də deyirəm, Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır və bu il əlavə təşəbbüslər, yeni təşəbbüslər irəli sürüləcəkdir.
2011-ci il Azərbaycanda “Turizm ili” elan edilmişdir. “Turizm ili” ərzində bu sahəyə daha da böyük diqqət göstərilmişdir. Biz Azərbaycanı müasir, yüksək səviyyəli və elitar turizm mərkəzinə çevirməliyik. Mən dünya turizm xəritəsində Azərbaycanın yerini belə görürəm. Beynəlxalq qurumlarla əlaqələrimiz güclənir. Müxtəlif tədbirlər keçirilmişdir. Bizim gözəl, təbii şəraitimizlə tanış olmaq üçün gələnlərin sayı da artmaqdadır. Keçən il təkcə Bakıda beşulduzlu 3 mehmanxana açılmışdır. Bu il ən azı yenə də Bakıda beşulduzlu 3 yeni mehmanxana açılacaqdır. Bölgələrdə də bu proses gedir. İndi bölgələrdə beşulduzlu mehmanxanalar tikilir, ən azı 4-ü tikilir. Ən vacib turizm mərkəzlərinə özüm baş çəkirəm, vəziyyətlə tanış oluram.
Şahdağ Turizm Kompleksi bu il istifadəyə veriləcəkdir. Bu da dünya miqyasında nadir xizək kurortu olacaqdır. Mən hesab edirəm ki, dünyanın ən gözəl xizək mərkəzlərindən biri olacaqdır. Çünki dünyanın ən gözəl yerlərində olan müsbət təcrübəni biz ora gətiririk, tətbiq edirik. Yəni, 2011-ci ili “Turizm ili” elan etməyimiz də hesab edirəm ki, düzgün addım idi.
2011-ci ildə gördüyümüz bütün işləri burada sadalamaq üçün bir neçə saat vaxt lazım olacaqdır. Sadəcə olaraq, mən əsas məqamları bu gün ifadə edirəm. Vacib məsələlərdən biri də ondan ibarətdir ki, biz keçən il Azərbaycan Gəncliyi Proqramını qəbul etmişik. Bu, çox konkret proqramdır. Yəni, bu, sadəcə olaraq formal xarakter daşımır. Proqramın bütün müddəaları konkret nəticələrə gətirib çıxaracaqdır. Gənclər Fondu yaradılıbdır. İndi orada təşkilatlanma prosesi gedir. Bu proses başa çatan kimi dövlət tərəfindən Gənclər Fonduna ilkin vəsaiti ayıracağıq ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin, maksimum sayda gənclərimiz müxtəlif layihələrə cəlb olunsunlar. Bu fond qrantlar verəcək, müxtəlif proqramlar üzrə vəsait ayıracaqdır. Əlbəttə ki, bu fondun fəaliyyəti haqqında danışmaq bəlkə bir qədər tezdir. Ancaq əlbəttə, biz bilirik ki, əsas istiqamətlər hansılar olmalıdır. Bu fondun hesabına və əlbəttə ki, dövlət vəsaiti hesabına biz daha da böyük sayda gəncləri quruculuq işlərinə cəlb etməliyik. Gənclərdə çox böyük potensial, böyük enerji vardır, vətənpərvərlik hissləri çox yüksəkdir. Hər bir vətəndaş kimi, onlar da istəyirlər ki, ölkə üçün yaxşı işlər görsünlər. Bu fondun və digər formatların hesabına biz gəncləri quruculuq işlərinə daha da fəal cəlb edəcəyik.
Qeyd etməliyəm ki, hazırda fəaliyyət göstərən Elmin İnkişaf Fondunun təcrübəsi də çox müsbətdir. Yəni, bu fondun xətti ilə müxtəlif proqramların icrasında, o cümlədən gənclər, gənc alimlər də çox fəal iştirak edirlər. Gənclər Fondu da fəaliyyətini bu səpkidə, yəni, bu istiqamətdə aparmalıdır.
2011-ci ildə enerji sahəsində yaxşı işlər görülübdür. Bu, iqtisadiyyatımızın aparıcı sahəsidir. Bu gün də belədir, sabah da belə olacaqdır. Bu sahəyə daim böyük diqqət göstərilməlidir. Yeni elektrik stansiyalarının fəaliyyətə başlaması, yeni stansiyaların təməl daşının qoyulması, neft-qaz sahəsində görülən işlər, - alternativ bərpa olunan enerji növlərinin yaradılması sahəsində aparılan işlər, - bütün bunlar göz qabağındadır. 2011-ci ildə bunları biz etmişik, bu işləri biz görmüşük.
Azərbaycanın zəngin qaz potensialının dünya bazarlarına çıxarılması üçün 2011-ci ildə çox vacib hadisələr baş vermişdir. Bir neçə il ərzində üzərində işlədiyimiz tranzit məsələləri öz həllini tapmışdır. Böyük Azərbaycan qazı üçün demək olar ki, indi qapılar, tranzit yolları açılır. Bu, ölkə iqtisadiyyatına, neft-qaz sektoruna əlavə investisiyaların gətirilməsinə imkan verəcəkdir. Bu investisiyalar on milyard dollarla ölçüləcəkdir. Əlbəttə ki, yeni iş yerləri, yeni iş həcmləri açılacaqdır. Yerli şirkətlər indi bu işlərə daha hazırlıqlıdırlar, nəinki 1990-cı illərdə. Çünki 1990-cı illərdə bizdə demək olar ki, elə çox ciddi şirkətlər də yox idi. İndi, o cümlədən neft-qaz sektorunda görülən işlər hesabına Azərbaycanda sahibkarlar daha da güclənmişdir. İnşaat, enerji, istehsal sahələrində bizim böyük imkanlarımız, texnoparklarımız vardır. İndi neft-qaz sənayesində istənilən vacib məhsulları, boruları, digər məhsulları özümüz istehsal edirik. Yəni ki, bu o deməkdir ki, veriləcək sifarişlərdə daha çox Azərbaycan şirkətləri iştirak edəcəklər və büdcəmizə daha çox vergilər ödəyəcək, daha çox iş yerləri açacaqlar. Əlbəttə ki, bu zəncirvarı reaksiya hər bir sahəyə öz müsbət təsirini göstərəcəkdir.
Yəni, biz 2011-ci ildə bu vacib hədəfə çata bilmişik. Tranzit məsələləri həll olunub. 2011-ci ildə yeni böyük qaz yatağı aşkarlanıb. “Abşeron” qaz yatağında uğurlu kəşfiyyat işləri aparılmışdır. İlkin məlumatlara görə “Abşeron” yatağında 350 milyard kubmetr qaz ehtiyatları vardır. Azərbaycan Dövlət Neft Şirkəti öz gücü hesabına 2011-ci ildə “Ümid” yatağını aşkar etmişdir. Orada da təxminən həcm eynidir. Bu, bizim qaz potensialımızı böyük dərəcədə artırır. 2011-ci ilin əvvəlində, düz bir il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında qaz sahəsində strateji əməkdaşlıq haqqında bəyannamə imzalanmışdır. İl ərzində çox fəal və səmərəli işlər aparılmışdır. Xüsusi işçi qrupu yaradılmışdır. İşçi qrupuna Avropa Komissiyasının enerji üzrə komissarı və bizim energetika və sənaye nazirimiz rəhbərlik edirlər. Orada bütün bu məsələ ilə bağlı maraqlı olan şirkətlər iştirak edir. Başqa ölkələrin iştirakı ilə artıq üçtərəfli formatda da görüşlər keçirilir. Bu, yenilikdir. Bu yeniliyi yaradan amillər də bizim uğurlu enerji siyasətimizdir.
2011-ci il tarixdə Azərbaycanı böyük qaz dövlətinə və qaz ixracatçısına çevirən il kimi qalacaqdır. Əlbəttə biz bu il, ondan sonrakı illərdə daha da ciddi işləməliyik və əldə edilmiş razılaşmaları artıq real layihələrə çevirməliyik. Bu layihələri real boru xətlərinə, real terminallara, real investisiyalara çevirməliyik və əminəm ki, çevirəcəyik.
Bir daha demək istəyirəm ki, keçən il gördüyümüz işlər o qədər böyükdür və o qədər vacibdir ki, bu barədə bir neçə saat danışmaq olar. Mən öz giriş sözümdə əsas məsələlərə toxundum. İndi müzakirə zamanı bu məsələlərlə bağlı daha da geniş fikir mübadiləsi aparacağıq.
İndi isə söz verilir iqtisadi inkişaf naziri Şahin Mustafayevə.
X X X
İqtisadi inkişaf naziri Şahin MUSTAFAYEV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Prezident İlham Əliyevin ulu öndərimiz Heydər Əliyevin strategiyasından qaynaqlanan, elmi əsaslara və liberal bazar iqtisadiyyatı prinsiplərinə söykənən, insan amilini əsas tutan çevik iqtisadi siyasəti nəticəsində ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Mürəkkəb xarici iqtisadi mühitdə qlobal sosial-iqtisadi çağırışlara yüksək dayanıqlıq nümayiş etdirmiş Azərbaycanda müstəqilliyimizin bərpasının 20 illiyini qeyd etdiyimiz 2011-ci ildə də iqtisadi artım davam etmiş, qeyri-neft sektorunun inkişafının sürətlənməsində, iqtisadiyyatın şaxələnməsində, sahibkarlığın və regionların inkişafında, əhalinin rifahının daha da yüksəlməsində yeni uğurlar əldə olunmuşdur.
Orta illik inflyasiya birrəqəmli səviyyədə və manatın məzənnəsi sabit saxlanılmaqla makroiqtisadi sabitlik təmin edilmişdir. Xarici dövlət borcunun ÜDM-ə nisbəti beynəlxalq tələblərə cavab verməklə 7,3 faiz təşkil etmiş, strateji valyuta ehtiyatları 40 milyard dolları ötmüşdür.
Dövlət büdcəsinin gəlirləri 37,7 faiz artaraq 15,7 milyard, xərcləri isə 30,8 faiz artaraq 15,4 milyard manat olmuş, dövlət büdcəsi profisitlə icra olunmuşdur. Vergilər Nazirliyi tərəfindən büdcəyə ötən ilə nisbətən 27,5 faiz, Dövlət Gömrük Komitəsi tərəfindən isə 3,6 faiz çox vəsait daxil olmuşdur. Vergi daxilolmaları qeyri-dövlət sektoru üzrə 40,5 faiz, qeyri-neft-qaz sektoru üzrə 22 faiz artmışdır.
Ümumi daxili məhsul artımı 0,1 faiz təşkil etmiş, onun adambaşına həcmi 7 min dolları ötmüş, yuxarı orta gəlirli ölkələr sırasında ölkəmizin mövqeyi daha da möhkəmlənmişdir.
2011-ci ildə iqtisadi artımın strukturu əvvəlki illərdən fərqli olmuşdur. Belə ki, qeyri-neft sektoru 9,4 faiz, o cümlədən kənd təsərrüfatı 5,8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 11,8 faiz, nəqliyyat sektorunda yük daşınması 3,6 faiz, o cümlədən qeyri-neft sektorunda 9,6 faiz, əhaliyə göstərilən pullu xidmətlər 7,8 faiz artmışdır. ÜDM-in artımı bütövlükdə qeyri-neft sektoru hesabına təmin olunmuşdur. Bu, ölkə iqtisadiyyatının şaxələnməsi, onun neft sektorundan asılılığının minimuma endirilməsi istiqamətində, cənab Prezident, Sizin düşünülmüş siyasətinizin birbaşa nəticəsidir.
Aparılan sənayeləşmə siyasəti qeyri-neft sənayesinin xüsusilə dinamik inkişafını təmin etmişdir. Belə ki, qeyri-neft sənayesində məhsul istehsalı 11,1 faiz, o cümlədən emal sənayesi 7,1 faiz, kimya sənayesi 27,1 faiz, metallurgiya sənayesi 1,9 dəfə, tikinti materialları istehsalı 4,4 faiz, elektrik enerjisi istehsalı 8,4 faiz, qida məhsulları istehsalı 5 faiz, mebel istehsalı 24,5 faiz, geyim istehsalı 56,5 faiz artmışdır.
Sumqayıt Texnologiyalar Parkında Ağır maşınqayırma və Sənaye qazları istehsalı, eləcə də Alüminium, Kondensator, MDF, “Müasir Tikinti Materialları”, Qlükoza istehsalı zavodlarının istifadəyə verilməsi, “Qaradağ Sement” zavodunun yenidən qurulması və 2 yeni sement, Bərk məişət tullantılarının yandırılması, Gəmiqayırma, Günəş Panelləri, “Xovlu İplik”, Gübrə zavodlarının və digərlərinin tikintisinin davam etdirilməsi sənayeləşmə siyasətinin real nəticəsidir. Bütövlükdə, 2011-ci ildə 40-dan çox sənaye müəssisəsi tikilib istifadəyə verilmiş, 100-dək sənaye müəssisəsinin tikintisi davam etdirilir. Energetika sənayesinin inkişafı, o cümlədən alternativ enerji mənbələrindən istifadənin sürətləndirilməsi və bu sahədə yeni istehsal obyektlərinin yaradılması istiqamətində zəruri işlər görülür. Tapşırığınıza uyğun olaraq, yaradılan Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı Sənaye Parkı iqtisadiyyatın modernləşməsini, innovativ iqtisadiyyatın formalaşmasını, sahibkarlığın inkişafını sürətləndirəcək, idxaldan asılılığı azaltmaqla qeyri-neft ixracını artıracaq, əhalinin məşğulluğunun artırılmasında önəmli rol oynayacaqdır.
2011-ci ildə aqrar sektora dövlət dəstəyi tədbirləri davam etdirilmiş, intensiv metodlara və müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsulları istehsalı və emalı genişləndirilmiş, aqrar sektorun infrastruktur təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Ərzaq təhlükəsizliyi daha da güclənmiş, əsas ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi yüksəlmişdir.
Nəqliyyat və tranzit potensialının genişləndirilməsi məqsədi ilə regional və yerli əhəmiyyətli iri infrastruktur layihələrinin reallaşdırılması, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolunun, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, TRASEKA və Şimal-Cənub, Şərq-Qərb beynəlxalq dəhlizlərində yolların tikintisi davam etdirilmiş, yeni metro stansiyaları və hava limanı istifadəyə verilmişdir.
Yaradılmış əlverişli investisiya mühiti 2011-ci ildə də ölkə iqtisadiyyatına yatırılan investisiyaların artımını təmin etmişdir. 13 milyard dollar daxili və 7 milyard dollar xarici olmaqla ölkə iqtisadiyyatına 20 milyard dollar investisiya yatırılmışdır. İnvestisiyaların 15,7 milyard dolları qeyri-neft sektorunun, 4,3 milyard dolları isə neft sektorunun payına düşmüşdür.
Dövlət əsaslı vəsait qoyuluşu hesabına ötən il nəqliyyat, İKT, turizm, kommunal, irriqasiya, energetika, ekologiya və digər sahələrin inkişafına 5,9 milyard, o cümlədən sosialyönümlü layihələrə 1,7 milyard manat investisiya qoyulmuşdur.
Əldə olunmuş nailiyyətlərdə dövlət proqramlarının, xüsusilə Azərbaycanın strateji inkişafına təsir göstərən regional inkişaf proqramlarının böyük əhəmiyyəti vardır.
Möhtərəm cənab Prezident, regionlara mütəmadi səfərləriniz, təkcə ötən ildə 300-dək müxtəlif təyinatlı obyektlərlə tanış olmağınız, yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirakınız, verdiyiniz tapşırıq və tövsiyələr, hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələrin həllinə yönəlmiş 54 sərəncamınız regionların, eləcə də Bakı qəsəbələrinin inkişafında müstəsna rol oynamışdır. İl ərzində regionlarda müasir texnologiyalara əsaslanan 110-dan çox müəssisə tikilib istifadəyə verilmiş, hazırda 200-dən çox müəssisə tikilməkdədir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı üzrə təkcə ötən il 53 məktəbin, 47 uşaq bağçasının, 6 səhiyyə obyektinin təmir-tikinti işləri yekunlaşdırılmış və bu istiqamətdə işlər davam etdirilir. Həm Bakı qəsəbələrində, həm də regionlarda elektrik enerjisi, qaz və istilik təchizatı, rabitə və informasiya, kənd təsərrüfatının infrastruktur təminatı, ekologiya, su və kanalizasiya, yol təsərrüfatı və nəqliyyat, sosial infrastruktur sahələrində zəruri tədbirlər həyata keçirilmişdir.
Hesabat ilində də sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olmuşdur. Sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, özəl sektora dövlət dəstəyinin artırılması, sahibkarların hüquqlarının müdafiəsi və əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilmiş, aparılan yoxlamaların vahid məlumat reyestri yaradılmışdır. Elektron xidmətlərin genişləndirilməsi çərçivəsində imzaladığınız Fərmana uyğun olaraq fiziki şəxslərin sahibkarlıq fəaliyyətinin onlayn rejimində qeydiyyatına başlanılması nəticəsində onların vergi orqanında qeydiyyatına sərf olunan vaxt 3 gündən bir neçə dəqiqəyə qədər endirilmişdir. Bununla yanaşı, icazələrə dair yaradılan internet portalı icazə xarakterli sənədlər və onların alınması prosedurları, təqdim edilməli sənədlər, icazələrin verilmə müddətinə dair bütün məlumatları vahid mənbədən əldə etmək imkanı yaradacaqdır.
Güzəştli kreditlərin istifadəsi qaydalarına edilmiş dəyişikliklər iri və uzunmüddətli investisiya layihələrinin, həmçinin kiçik sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsi imkanlarını artırmışdır.
2011-ci ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1643 sahibkara verilmiş 138 milyon manat güzəştli kredit hesabına 6500-dək yeni iş yeri yaradılacaqdır. Kreditlərin 75 faizi regionların, 25 faizi isə Bakı qəsəbələrinin payına düşmüşdür. Müasir texnologiyalara əsaslanan 85 istehsal, emal və infrastruktur yönümlü iri layihəyə 118 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 2011-ci ildə 33 müəssisə istifadə verilmiş, bu il isə daha 96 müəssisə istifadəyə veriləcəkdir.
Yerli sahibkarların potensial imkanlarının reallaşdırılmasına dəstək və biznesin müasir formalarının təşviq edilməsi, xarici əlaqələrinin genişləndirilməsi məqsədi ilə Azərbaycanda 91, xarici ölkələrdə 99 biznes forum və konfrans, eləcə də Bakı şəhərində Milli Sərgi təşkil olunmuşdur. Qeyri-neft məhsullarının satış bazarlarının genişləndirilməsi məqsədi ilə Amerika, Avropa, Yaxın Şərq ölkələrində, Rusiyada keçirilmiş sərgilərdə milli şirkətlərin iştirakı təmin edilmişdir.
Sahibkarlığın inkişafına dövlət dəstəyinin ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi, konsaltinq və innovasiya xidmətlərinin göstərilməsi olmuşdur. Bu məqsədlə ötən il ərzində 80-i regionlarda olmaqla 144 tədbir keçirilmiş, 52 sahibkar və gənc menecer bilik və bacarıqlarını artırmaq məqsədi ilə Almaniyada müvafiq müəssisələrdə təcrübə keçmişdir.
Cənab Prezident, Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında verdiyiniz tapşırığa uyğun olaraq rəqabət qabiliyyətli sənaye məhsulları istehsalçıları və alıcıları ilə görüşlər keçirilmiş, sənaye məhsullarının kataloqu və spesifikasiyasına dair məlumatlar hazırlanmış və potensial alıcılara paylanmışdır.
İstehlak bazarında qiymətlərin müntəzəm monitorinqi aparılmış, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının genişləndirilməsi və süni qiymət artımının qarşısının alınması məqsədi ilə Bakıda bayram günlərində satış yarmarkaları təşkil olunmuşdur.
Bununla yanaşı, məhsul istehsalının artması, məhsulların saxlama infrastrukturunun genişləndirilməsi və eləcə də aşkar edilmiş süni qiymət artımlarının aradan qaldırılması nəticəsində son zamanlar istehlak bazarında qiymətlər sabitləşmiş, bir sıra ərzaq məhsullarının qiymətində ucuzlaşma müşahidə olunmuş və bu tendensiya davam edir.
2011-ci il həm də xarici iqtisadi əməkdaşlıq və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası baxımından da uğurlu olmuşdur. 22 ölkə ilə Hökumətlərarası Komissiya və İşçi Qruplarının iclasları keçirilmiş, Beynəlxalq Maliyyə İnstitutları ilə əməkdaşlıq çərçivəsində nəqliyyat, enerji, telekommunikasiya, kənd təsərrüfatı, sosial təminat və digər sahələrin inkişafı üzrə dəyəri 1,7 milyard dollar olan 11 kredit sazişi imzalanmışdır.
Regionda iqtisadi liderliyini gücləndirmiş ölkəmiz investisiya ixrac edən ölkəyə çevrilmiş və son illərdə xarici ölkələrə 6 milyard dollar sərmayə yatırılmışdır. Cənab Prezident, tapşırığınıza əsasən investisiya imkanlarının araşdırılması məqsədi ilə Balkan ölkələrinə və Rusiya Federasiyasının Şimali Qafqaz regionuna səfər edilmişdir. Bu səfərlər çərçivəsində yaradılmış əlaqələr milli şirkətlərin xarici ölkələrdə fəal investisiya yatırımlarının həyata keçirilməsi imkanlarını genişləndirəcəkdir.
Ölkəmizin xarici ticarət tərəfdaşlarının sayı 150-yə çatmış, 11 ay ərzində xarici ticarət dövriyyəsi 9,2 faiz artaraq 33,2 milyard dollar, müsbət xarici ticarət saldosu 16,1 milyard dollar təşkil etmiş, ixrac idxalı 2,9 dəfə üstələmişdir. Müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, istehsal proseslərinin beynəlxalq standartlara uyğun qurulması tələbi nəticəsində mexanizm və avadanlıqların idxalı 1,7 dəfə artmışdır.
Möhtərəm cənab Prezident!
Davamlı iqtisadi artım ölkənin sosialyönümlü inkişafını təmin etmişdir. Dövlət büdcəsindən sosialyönümlü xərclərə 16,5 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 33,2 faiz çox vəsait yönəldilmişdir.
Orta aylıq əmək haqqı 11 ay ərzində 8,3 faiz artaraq 357 manata çatmışdır. 2011-ci ildə dövlət büdcəsindən maliyyələşən təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman, elm və bir sıra digər sahələrdə əmək haqqı orta hesabla 10 faiz, 900 min pensiyaçının əmək pensiyası orta hesabla 40 faizə qədər artırılmış, qaçqın və məcburi köçkünlərin sosial vəziyyəti yaxşılaşdırılmışdır.
Məşğulluq səviyyəsi artmış, il ərzində 94 min yeni iş yeri yaradılmış və işsizlik səviyyəsi 5,4 faizə qədər azalmışdır.
Yoxsulluq həddi 2003-cü ildəki 35,8 manatdan 3 dəfə artırılaraq 2011-ci ildə 106,9 manata çatdırılmışdır. Yoxsulluq səviyyəsi isə bu müddətdə 44,7 faizdən 2011-ci ildə 7,6 faizə enmişdir. Göründüyü kimi, yoxsulluq həddinin ilbəil davamlı şəkildə artırılması ilə yanaşı yoxsul əhalinin sayı kəskin surətdə azalmışdır. “Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın 2011-2015-ci illəri əhatə edən Tədbirlər Planında müəyyənləşdirilən tədbirlərin həyata keçirilməsi yoxsulluq səviyyəsinin daha da azaldılmasında mühüm rol oynayacaqdır.
Azərbaycanın 2011-ci ildə əldə etdiyi nailiyyətlər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilmişdir. İnkişaf etmiş bir sıra ölkələrin reytinqləri aşağı salındığı halda “Standart & Poor’s” reytinq agentliyi Azərbaycanın mövcud uzunmüddətli müstəqil kredit reytinqini ötən ilin dekabr ayında bir pillə artıraraq “BBB-” investisiya reytinqi səviyyəsinə çatdırmış, reytinq üzrə proqnozunu isə “sabit” saxlamışdır. “Fitch Ratings” və “Moody's” reytinq agentliklərinin də Azərbaycan iqtisadiyyatına dair qiymətləndirmələri müsbət olmuşdur. “Qlobal Rəqabət Qabiliyyəti İndeksi” hesabatına əsasən, Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 142 ölkə arasında 55-ci, MDB-də isə 1-ci olmuşdur.
Möhtərəm cənab Prezident!
Heç şübhəsiz ki, əldə edilmiş nəticələr Azərbaycanın iqtisadi imkanlarının artmasına, Azərbaycan vətəndaşının həyat səviyyəsinin yüksəlməsinə xidmət edir. Sizin, Vətənimizin daha da qüdrətlənməsinə, xalqımızı daha firavan gələcəyə aparan qətiyyətli və düşünülmüş siyasətiniz ölkəmizin 2012-ci və qarşıdakı illərdə də hərtərəfli inkişafı üçün möhkəm təməl yaratmışdır.
Sizin tapşırığınıza əsasən hazırlanan “Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiyası ölkəmizin əldə etdiyi nailiyyətlərin növbəti illərdə daha da möhkəmlənməsini, müəyyən etdiyiniz kimi, növbəti 10 ildə qeyri-neft sektoru hesabına ümumi daxili məhsulun 2 dəfə artırılmasını, xalqın rifahının davamlı yaxşılaşması istiqamətində qarşıda duran hədəflərə nail olunmasını təmin edəcək və Sizin dediyiniz kimi, Azərbaycan daha da inkişaf edəcək, öz gücünü daha da artıracaqdır.
Diqqətinizə görə minnətdaram.
X X X
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli HƏSƏNOV çıxış edərək dedi:
- Zati-aliləri, möhtərəm cənab Prezident!
Mənə verilən imkandan istifadə edərək, hökumət üzvlərinin yeni ildə ilk toplantısı olduğu üçün Sizə ölkəmizin iqtisadi qüdrətinin daha da artırılması, siyasi sabitliyin möhkəmləndirilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişlərin əldə olunmasında yeni uğurlar arzulayıram.
Bildirmək istəyirəm ki, 2011-ci il bütövlükdə ölkəmiz üçün bütün sahələrdə çox böyük uğurlar ili olmuşdur. Əldə olunmuş yüksək nailiyyətlərlə yanaşı, ölkənin beynəlxalq aləmdə daha yaxşı tanınması, yerinin möhkəmləndirilməsində rol oynayan iki məqamı xüsusi vurğulamaq istərdim. Birinci, gənc, müstəqil ölkəmizin mədəniyyət sahəsində qocaman Avropa ölkələrini üstələyərək “Evrovision” mahnı müsabiqəsində birinci yer tutması, ikinci, BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsindən də daha güclü səslənən 155 ölkənin səsini qazanmasıdır.
Hesab edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üzrə məşğul olan, Ermənistana himayədarlıq edən dövlətlər, xüsusən Ermənistan özü bundan ciddi nəticə çıxarmalıdırlar.
Möhtərəm cənab Prezident!
Ölkəmizdə bütün sahələrdə yüksək nailiyyətlər əldə edildiyi kimi, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində də şəxsən Sizin xüsusi qayğınız nəticəsində yüksək göstəricilərə nail olunmuşdur.
Məlumat üçün bildirirəm ki, ümumiyyətlə, münaqişə dövründə - son 20 ildə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 3,7 milyard manat və ya 4,6 milyard ABŞ dolları məbləğində vəsait sərf olunmuşdur. Bunun 2,7 milyard ABŞ dolları dövlət büdcəsinin, 1 milyardı Dövlət Neft Fondunun və 900 milyonu isə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.
O cümlədən, 2011-ci ildə 500 milyon ABŞ dolları məbləğində vəsait xərclənmişdir. Həmin vəsaitin 295 milyonu büdcə, 175 milyonu Dövlət Neft Fondunun və 30 milyonu isə beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Bu vəsaitin 60 faizi son 8 ildə - Sizin prezidentlik fəaliyyətiniz dövründə istifadə olunmuşdur.
İndiyədək Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsaitlər hesabına 70 müasir, bütün sosial-texniki infrastruktura malik qəsəbələr salınmış, 22 min ailənin 120 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
Şübhəsiz, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan uğurlu neft strategiyası olmasaydı, bu irimiqyaslı layihələri yerinə yetirmək mümkün olmazdı.
Prezidentlik fəaliyyətiniz dövründə bu sahə üzrə bir Dövlət Proqramı və ona iki əlavə qəbul edilmiş, ümumilikdə 45 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 141 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul etmişdir. O cümlədən, 2011-ci ildə 7 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 12 qərar və sərəncam, Milli Məclis isə 1 qanun qəbul etmişdir.
Bu günə qədər nəzərdə tutulan işlər vaxtında, heç bir gecikməyə yol verilmədən uğurla icra olunmuşdur.
2011-ci ildə Ağcabədi rayonu ərazisində 560 məcburi köçkün ailəsinə beşmərtəbəli 10 yaşayış binasının və rayonun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, Goranboy rayonu ərazisində 525 ailəlik beşmərtəbəli 9 yaşayış binasının, Heydər Əliyev Mərkəzinə yaxın yataqxanada çox acınacaqlı vəziyyətdə məskunlaşmış məcburi köçkünlərə Sabunçu rayonunun Ramana qəsəbəsində 80 mənzilli binanın tikintisi başa çatdırılmış, həmçinin Bakı şəhəri ərazisində dövlət ehtiyacları ilə əlaqədar 406 məcburi köçkün ailəsinə Maliyyə Nazirliyinin xətti ilə hazır mənzillər alınmaqla köçürülməsi təmin edilmişdir.
“Naftalan şəhərinin sosial inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamınızın icrası ilə əlaqədar Naftalan şəhərindəki bütün məcburi köçkün ailələrinin Goranboy rayonu ərazisində salınmış beşmərtəbəli 12 yaşayış binasından ibarət yeni məhəllədəki 690 mənzilə köçürülməsi tamamilə başa çatdırılmışdır.
Ötən il, eyni zamanda, investisiya vəsaiti hesabına Füzuli rayonunun Haramı ərazisində 80 evin bərpası, Qazax rayonunda konserv zavodu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 24 evin, həmçinin Axıska türklərinə məxsus tikintisi yarımçıq qalmış 52 evin inşası başa çatdırılmışdır. İndiyədək Axıska türklərinə məxsus 324 evin inşası başa çatdırılmış və bundan sonra da bu layihə davam etdiriləcəkdir.
Beləliklə, il ərzində 2120 ailənin – 10 600 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.
2011-ci ildə yeni salınmış 3 qəsəbənin açılışında Sizin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsən iştirakı dövlətimizin ölkənin bir nömrəli probleminə, qaçqın və məcburi köçkünlərə diqqət və qayğısının bariz nümunəsidir. Xüsusən dekabrın 24-də Sizin xanımınızla birgə Qarabağ bölgəsinə səfər edərək məcburi köçkünlər üçün salınmış qəsəbənin açılışında iştirakınız bütün dünyaya ciddi bir mesajdır. Bununla Siz bütün dünyaya bildirdiniz ki, qaçqın və məcburi köçkün problemi ölkə üçün, şəxsən Sizin üçün bir nömrəli problemdir və münaqişənin həllində heç bir güzəştə yol verilməyəcəkdir.
Möhtərəm cənab Prezident!
Həmin görüşdə qeyd etdiyiniz “Bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz” ifadəsi nəinki məcburi köçkünlər, bütün ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Bütün məcburi köçkünlər, o cümlədən laçınlılar o günü özləri üçün tarixi bir gün hesab edirlər.
Məlumat üçün Sizə bildirirəm ki, 2011-ci ildə 2171 nəfər məcburi köçkün daimi, 5 min nəfərə qədər isə mövsümi işlə təmin olunmuş, 10 min 600 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Son 8 ildə isə 83 min nəfər məcburi köçkün müvafiq işlə təmin edilmişdir.
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2004-2011-ci illərdə 660 məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 9,6 milyon manat, o cümlədən 2011-ci ildə 162 məcburi köçkün sahibkara 5,9 milyon manat məbləğində güzəştli kredit verilmişdir.
Dünya Bankı və Azərbaycan Hökuməti arasında bağlanılmış kredit sazişi üzrə 2011-ci ildə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən ümumi dəyəri 11,5 milyon ABŞ dolları təşkil edən 106 müxtəlif növ icma mikrolayihəsi həyata keçirilmiş, nəticədə 55 min nəfər faydalanmışdır. O cümlədən 2004-2011-ci illərdə 75 faizi məcburi köçkün olan 289 min nəfərin faydalandığı və dəyəri 34,5 milyon ABŞ dolları təşkil edən 478 icma mikrolayihəsi icra edilmişdir.
Həmçinin son 8 ildə 9,6 min nəfər məcburi köçkünə 4,5 milyon manat məbləğində mikrokredit verilmişdir ki, bu proqramlardan 44 min 500 nəfər məcburi köçkün faydalanmışdır.
Tapşırığınıza əsasən, Dünya Bankı ilə yeni Saziş imzalanmış, növbəti aydan artıq icrasına başlanılacaqdır.
Dünya Bankının veb-saytının ana səhifəsində Azərbaycan Hökuməti ilə birgə məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələr yüksək qiymətləndirilmişdir.
Ötən ilin dekabrından hər bir məcburi köçkünə verilən aylıq yemək xərci müavinətinin həcmi 10 faiz artırılmışdır.
Komitəyə 2011-ci ildə 46 min müraciət daxil olmuş, onun 72 faizi müsbət həll edilmişdir.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə onların elektrik enerjisi, qaz və su ilə fasiləsiz təminatı aidiyyəti xidmət təşkilatları ilə sıx əməkdaşlıq nəticəsində yerinə yetirilir və ortaya çıxan bütün problemlər operativ şəkildə həll olunur.
2011-ci ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 715 manat (894 ABŞ dolları) təşkil etmişdir ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
Sizin bu sahəyə olan müntəzəm diqqət və qayğınız nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi son 8 ildə 74 faizdən 18 faizədək azalmışdır.
Cənab Prezident!
Fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev Fondu da qaçqın və məcburi köçkünlərin üzləşdikləri çoxsaylı problemlərin dünya ictimaiyyətinə çatdırılmasına və onların həllinə daim diqqətlə yanaşır.
Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “Azərbaycan” internet portalı olduqca böyük əhəmiyyətə malikdir. Bununla yanaşı, hər il Xocalı soyqırımı ərəfəsində dünyanın müxtəlif ölkələrində faciə qurbanlarının fotoşəkilləri sərgilənir, beynəlxalq mətbuatda soyqırımı haqqında yazılar dərc etdirilir, mütəmadi olaraq keçirilən Yeni il şənliklərinə qaçqın və məcburi köçkün uşaqları da dəvət edilir.
Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası hazırda 30-dan artıq ölkədə uğurla davam etdirilməkdədir.
Cənab Prezident!
Hazırda ölkədə 45 beynəlxalq, 41 yerli humanitar təşkilatın xətti ilə hökumət üçün prioritet hesab olunan müxtəlif humanitar və inkişaf layihələri həyata keçirilir.
Ölkənin yüksək iqtisadi inkişafına baxmayaraq, humanitar təşkilatların bu gün də Azərbaycanda fəaliyyət göstərməsinin bir səbəbi vardır. Bu da Sizin onların şəffaf, sərbəst və səmərəli fəaliyyətləri üçün yaratdığınız şəraitdir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quttereş, BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Ceyms Morris, BMT baş katibinin məcburi köçkünlərin insan hüquqları üzrə nümayəndəsi Valter Kalin ölkəmizə son səfərləri zamanı qeyd etmişlər: “Azərbaycan Prezidentinin ölkədəki bütün qaçqın və məcburi köçkünlər, o cümlədən beynəlxalq humanitar təşkilatlar üçün gördüyü işlər dünyanın oxşar problemlə qarşılaşan əksər ölkələri üçün nümunədir. Azərbaycan Hökuməti ilə əməkdaşlığımız çox yüksək səviyyədədir”.
Tapşırığınıza əsasən, mənim rəhbərliyimlə Azərbaycan nümayəndə heyəti 2011-ci il dekabrın 7-8-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən Cenevrə şəhərində təşkil olunan, 155 ölkənin nümayəndəsinin iştirak etdiyi BMT-nin “Qaçqınların Statusu haqqında” 1951-ci il Konvensiyasının 60 və Vətəndaşsızlıqla bağlı 1961-ci il Konvensiyasının 50 illiyinə həsr edilmiş tədbirdə iştirak etmiş, yubiley tədbiri olmasına baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında əsl həqiqətlər bir daha iştirakçıların diqqətinə çatdırılmışdır.
Sonda xalqımızın ümummilli lideri Heydər Əliyevin 2003-cü ildəki xalqa müraciətindən bir sitat gətirmək yerinə düşərdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev axıra çatdıra biləcəkdir. Mən ona özüm qədər inanıram, gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ulu öndərin tövsiyələrinin hamısını vaxtından əvvəl icra etmisiniz, yeganə bir problem qalıbdır. O da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Əminik ki, bu problemi də tezliklə həll edəcəksiniz və bu işdə Sizə uğurlar diləyirik.
Mövcud Dövlət Proqramına əsasən bu il 2011-ci ilə nisbətən 2 dəfə çox ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılacaqdır. Sizin tapşırığınızla 2012-ci il üçün yeni proqram hazırlanmışdır və yaxın vaxtlarda Baş nazirin yanında müzakirə olunacaqdır.
Cənab Prezident!
Ümumiyyətlə, bu sahədə görülmüş işlərə verdiyiniz yüksək qiymət bizim üzərimizə çox böyük məsuliyyət qoyur. Biz öz məsuliyyətimizi dərk edərək, şəxsən Sizi əmin edirəm ki, verilən bütün tapşırıqların icrası bundan sonra da vaxtında və yüksək keyfiyyətlə yerinə yetiriləcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.
X X X
Rabitə və informasiya texnologiyaları naziri Əli ABBASOV çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident!
Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları (İKT) və telekommunikasiya sektorunda da öz bəhrəsini verməkdədir. Belə ki, 2011-ci ildə sektor üzrə əldə olunan gəlirlərin həcmi 2010-cu ilə nisbətən təxminən 12 faiz artmış, bu isə uyğun ümumdünya orta göstəricisinin gözlənilən rəqəmindən təxminən 2 dəfə çoxdur. Bizim ilkin hesablamalara görə, sektora təxminən 400 milyon manat həcmində investisiya qoyulmuşdur. Hesabat dövründə, həmçinin aşağıdakı əsas nəticələrə nail olunmuşdur.
Ölkəmizdə MDB dövlətləri arasında ilk dəfə sabit telefon şəbəkəsi tam rəqəmləşdirilmiş və bütün ölkə üzrə beynəlxalq standart nömrələmə sisteminə keçirilmişdir. Sabit telefon şəbəkəsinin tutumu təxminən 50000 nömrə artaraq hər 100 nəfərə 18,6 faiz sıxlığa çatdırılmışdır. Mobil şəbəkə genişləndirilmiş, hər üç operator müasir 3G xidmətləri göstərməyə başlamış və nəticədə 3G abonentlərinin sayı qısa müddətdə 2 milyona çatmışdır. Bu gün artıq əhalinin hər 100 nəfərinə 110 mobil telefon düşür ki, bu da ümumdünya orta göstəricisindən təxminən 40 faiz yüksəkdir.
2011-ci ildə internet istifadəçilərinin sıxlığı 65 faiz, genişzolaqlı isə 30 faizi ötmüşdür. Hər iki göstərici üzrə ölkəmiz ümumdünya orta göstəricilərini iki dəfədən çox qabaqlayır. İnternet xidmətlərinin qiymətləri isə rəqabətin genişlənməsi hesabına 35 faiz aşağı düşmüşdür. Ölkədə biri dövlət, ikisi isə özəl olmaqla üç şirkət tərəfindən qurulan magistral optik informasiya ötürmə şəbəkələri bütün rayon mərkəzlərini və təxminən 35 faiz kəndləri yüksəksürətli vahid şəbəkədə birləşdirmişdir. Bu isə Mərkəzi və Şərqi Avropa üçün yüksək nəticə sayılır.
Hesabat dövründə ölkə ərazisində televiziya və radio proqramlarının yayım keyfiyyətinin və əhatə zonasının genişləndirilməsi məqsədi ilə 72 ədəd müxtəlif təyinatlı radio-TV verici istismara verilmişdir. Ölkə ərazisinin 85 faizi rəqəmli televiziya yayımı ilə təmin olunmuşdur. Özəl sektor televiziya və radio yayım sahəsində də aktivləşmişdir və təxminən 10 şirkət peyk, kabel, efir, İP-TV və digər texnologiyalarla ödənişli yayım xidmətləri göstərir. 20-dən çox internet televiziya və radio yayımı mövcuddur. Ümumiyyətlə, İKT-nin inkişaf göstəricilərinə görə ölkəmiz inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir və son 7 ildə ən dinamik inkişaf edən 10 ölkə qrupuna daxildir.
Poçt sistemində hesabat dövründə gəlirlər 23 faiz artmış, ancaq 2011-ci ildə də dövlət və əsasən də telekommunikasiya sektorundan ayrılan subsidiyalar hesabına fəaliyyəti təmin olunmuşdur. Maliyyə Nazirliyi və Mərkəzi Bankla birlikdə poçt sistemində yeni islahatlar üzərində düşünürük.
“Elektron hökumət” layihəsi çərçivəsində elektron imzanın tətbiqi üzrə Milli Sertifikat Xidmətləri Mərkəzi yaradılmış və 2011-ci ilin sentyabr ayından dövlət orqanlarına, vətəndaşlara və biznes qurumlarına elektron imza xidmətlərinin göstərilməsinə başlanılmışdır. Həmçinin, “elektron hökumət portalı”nın birinci versiyası yaradılmış və bu ilin birinci yarısında vətəndaşlar və iş adamları üçün açılacaqdır. Hazırda 15 dövlət orqanı bu sistemə qoşulmuş və göstəriləcək elektron xidmətlərin sayı 60-a çatdırılmışdır.
Hesabat ilində “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın həyata keçirilməsində kontraktlar üzrə işlər görülmüşdür. İlk telekommunikasiya peykinin hazırlanaraq Kuru kosmodromuna gətirilməsi bu ilin oktyabr ayına, sonrakı 3 ay müddətində isə orbitə çıxarılması planlaşdırılmışdır. İkinci telekommunikasiya peyki ilə bağlı araşdırma işləri başa çatmaq üzrədir və peykin orbitə çıxarılması təxminən 2015-ci ilə planlaşdırılır. Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli kiçik həcmli peykin orbitə çıxarılması isə 2013-cü ilə planlaşdırılır. Bu sahədə xarici peykin region üzərində icarəyə götürülməsi isə bu il həll olunmalıdır. Əsas və ehtiyat idarəetmə mərkəzlərinin tikintisinə başlanılmışdır və bu ilin avqust ayında idarəetmə sisteminin qurulması üçün peyk şirkətinə təhvil veriləcəkdir. Peyk və peykin idarəetmə və istismarı üçün ABŞ, Fransa və Malayziyada mütəxəssislərin hazırlığı aparılmış, bu proses bu il də davam etdiriləcəkdir.
İnformasiya texnologiyaları sahəsində istehsal həcmi də hesabat ilində 50 faiz artmış və təxminən 120 milyon manat olmuşdur. Bu məhsullara əsasən radioelektron elementlər, optik daşıyıcılar, kompyuterlər, müxtəlif proqram modulları və s. daxildir. Həmçinin bir neçə yeni tipli elektron məhsullar alınmışdır. “Bakutel-2011” sərgisində Sizə nümayiş etdirilən yeni tipli tablet kompyuter- AzPAD, səslə tam Azərbaycan və müəyyən həcmdə ingiliscə işləyən Dilmanc noutbuk və hesabat ilində qurulmuş nanolaboratoriyada alman alimləri və mühəndisləri ilə birgə hazırlanmış yeni tipli işıq diodlarını misal gətirə bilərəm.
Regional bazarda fəaliyyətimizin bir istiqaməti isə ölkəmiz tərəfindən region ölkələrinə informasiya xidmətlərinin göstərilməsi və tranzit potensialının yaradılmasıdır. Bu sahədə BMT-nin 64-cü Baş Assembleyasının xüsusi qətnaməsi və Azərbaycanın koordinatorluğu ilə həyata keçirilən “Avro-Asiya Transmilli İnformasiya Supermagistralı” layihəsi mərhələlərlə reallaşmaqdadır. Artıq magistralın keçəcəyi ölkələrin – Rusiya, Türkiyə, Azərbaycan, Qazaxıstan və Çinin əsas telekom operatorları məsləhətçi şirkətin iştirakı ilə beynəlxalq konsorsiumun yaradılması istiqamətində danışıqlara başlanmış və hesabat ilində bu layihə ilə bağlı Qəbələdə birinci biznes-forum keçirilmişdir.
Digər bir layihə isə Avropa-Yaxın Şərq informasiya magistralı (EPEG-Persia Express Gateway) layihəsidir. Bu layihə sayəsində Frankfurt şəhərindən Omana qədər çox böyük tutumlu rabitə kanallarının Asiya ölkələrinə çatdırılması təmin ediləcəkdir. Bu marşrut Avropadan Asiyaya olan dənizaltı rabitə kanallarına alternativ olaraq qısa yoldur. Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm də ehtiyat marşrut olaraq seçilmişdir.
Azərbaycanın beynəlxalq operatorlarının səyi nəticəsində hesabat dövründə ölkəmizdə iki birinci səviyyəli Beynəlxalq İnternet Exchange - kommutasiya mərkəzinin və Telehauz - Beynəlxalq telekommutasiya mərkəzinin, həmçinin “Microsoft”un regional İnformasiya-hesablama mərkəzinin yaradılması istiqamətində hazırlıq işləri həyata keçirilmişdir. Qeyd edim ki, hər üç layihəyə MDB və Mərkəzi Asiyanın aparıcı ölkələri də sahiblik etmək arzusundadırlar.
Möhtərəm cənab Prezident!
Təbii sərvətlərdən texnoloji və innovasiya tutumlu iqtisadiyyata keçiddə innovativ sahibkarlığın və xarici investorların iştirakının gücləndirilməsi üçün əlverişli işgüzarlıq mühitinin yaradılmasına ehtiyac yaranmışdır. Hesabat ilində Regional İnnovasiya Zonası layihəsi çərçivəsində innovativ İKT məhsul və xidmətlərinin istehsal və ixracını təşviq edən təkliflər paketi xarici və daxili mütəxəssislər tərəfindən hazırlanmışdır.
Cənab Prezident!
Ölkəmizin regional İKT mərkəzinə çevrilməsində son illər Sizin şəxsi iştirakınızla keçirilən və Xəzəryanı regionda ən böyük nüfuza malik olan “Bakutel” Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı böyük rol oynayır. 2011-ci ildə bu sərgidə 30 ölkədən 250 şirkətin iştirakı, o cümlədən şirkətlərin 60 faizinin xarici ölkələrdən olması və 19 ölkənin milli stendlərlə iştirakı buna parlaq misaldır.
Bu il Ümumdünya İnternet İdarəçilik Forumunun (IGF) Bakıda keçirilməsi və Forum çərçivəsində “Bakutel” Beynəlxalq sərgisinin qlobal İnternet şəbəkəsinin perspektivlərinə həsr edilməsi təklif olunur. Artıq bu barədə BMT rəhbərliyi tərəfindən Azərbaycan hökumətinə müraciət olunmuşdur.
Möhtərəm cənab Prezident!
Rabitə və informasiya texnologiyaları işçiləri adından Sizi əmin edirik ki, bundan sonra da ölkəmizdə davamlı və dayanıqlı inkişaf üçün bütün qüvvələrimizi səfərbər edəcəyik.
Diqqətinizə görə sağ olun.
X X X
Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim MÜSLÜMOV çıxış edərək dedi:
-Möhtərəm cənab Prezident!
Hörmətli müşavirə iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla gerçəkləşdirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkə vətəndaşlarının yaşayış səviyyəsinin daimi olaraq yüksəldilməsini təmin edən fundamental əsasları formalaşdırmışdır. Bu əsaslara söykənərək ölkəmizdə sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulmuşdur və sosial məsələlərin həllini Azərbaycan Respublikası Prezidentinin daimi diqqət mərkəzində saxladığını hər bir vətəndaş gündəlik həyatında daha qabarıq hiss etməkdədir.
Bu baxımdan xüsusi əhəmiyyət kəsb edən 2011-ci il Azərbaycanın sığorta-pensiya sisteminin inkişafı tarixində əlamətdar illərdən biri kimi yadda qalacaqdır. Ötən ilin ən böyük sosial tədbirlərindən biri, möhtərəm cənab Prezident, Sizin, ölkəmizdə yeni sığorta-pensiya sistemi fəaliyyətə başladıqdan əvvəl və sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasındakı fərqlərin aradan qaldırılması barədə verdiyiniz tapşırığın icrası olmuşdur. Bu məqsədlə qanunvericiliyə edilmiş dəyişikliyin tətbiqini təmin etmək üçün əvvəlki pensiya sənədləri əsasında hesablamaların aparılması fiziki baxımdan çətin proses olsa da, qısa vaxt ərzində uğurla reallaşdırılmış, 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış 1 milyon 273 min şəxsin hər birinin Fondun mərkəzləşdirilmiş arxivindəki pensiya işində olan əmək stajı məlumatı əsasında pensiyasının yenidən hesablanması iyul-avqust aylarında yekunlaşdırılmışdır. İş stajının pensiya təyinatından sonra toplanması və ya digər səbəblərdən pensiya işində məlumatın tam olmadığı hallar isə sonradan fərdi nəzarətə götürülərək hesablamalara daxil edilmişdir.
Nəticədə, yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olanı pensiya təyinatı üçün əsas götürülməklə 898 min 952 nəfərin pensiyası iyulun 1-dən orta hesabla 40 faiz artırılmış, həmin artım nəticəsində yarım il ərzində bu pensiyaçılara əlavə olaraq 200 milyon manata yaxın vəsait ödənilmişdir. Bununla da bütün pensiyaların vahid prinsiplə hesablanması təmin edilmiş, yəni hər bir şəxsin əmək stajına uyğun olaraq pensiyasının sığorta hissəsi formalaşdırılmışdır. Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin bütün pensiyaçılara şamil olunması deməkdir.
Pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə belə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ də açıq qaldığı bir şəraitdə, ölkəmizdə bu problem tam həll edilmişdir.
Həmin prosesin maraq doğuran bəzi məqamlarını da diqqətinizə təqdim etmək istərdim. İslahat nəticəsində keçən il iyulun 1-nə qədər 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artmışdır. 8550 nəfərin pensiyası 100 faizdən çox, 61147 nəfərinki 80 faizdən 100 faizə qədər, 262145 nəfərinki isə 50 faizdən 80 faizə qədər artmışdır.
Bu islahat nəticəsində cari ildə pensiyaçılara ödəniləcək əlavə vəsaitin həcmi 400 milyon manat olacaqdır ki, bu da Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin 17 faizini təşkil edir.
Bundan əlavə 2011-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olunmuş, həmçinin müvafiq şəxslərin pensiyalarına elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablanmış və bu 5 min 900 nəfərə yaxın alimi əhatə etmişdir.
Nəticədə, 2011-ci ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7 faiz artaraq 145,2 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata çatmışdır. Ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 40 faiz, yaşa görə əmək pensiyaları üzrə isə 45 faiz təşkil etmişdir.
Digər tərəfdən, aparılan son islahatdan sonra pensiyaçılarımızın 97 faizinin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxmışdır. Təbiidir ki, bu artımlardan sonra pensiya xərclərinin ÜDM-ə nisbəti də artmışdır və bu göstərici cari ildə 5,34 faiz proqnozlaşdırılır.
Müqayisə üçün qeyd edim ki, həmin göstərici 2003-cü ildə 3,9 faiz təşkil etmişdir və 2003-2011-ci illər ərzində ölkədə 60 yaşdan yuxarı insanların sayı 4 faiz artaraq 810 min nəfərə çatdığı halda, pensiya sistemi xərclərinin artımı 7,3 dəfə olmuşdur. Başqa sözlə, 60 yaşdan yuxarı şəxslərin əhalinin sayındakı xüsusi çəkisinin 8,9 faiz təşkil etdiyini nəzərə alsaq, bu xüsusi çəkinin hər 1 faizinə pensiya xərclərinin ÜDM-dəki xüsusi çəkisinin 0,59 faizinin düşdüyünü görərik. Bu da ahıl insanların əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in ən azı 0,5 faizinə qədər pensiya xərcinin ayrılması prinsipinə Azərbaycanda nail olunduğunu göstərir.
Bütün bunlar bir daha təsdiq edir ki, bu gün Azərbaycanda dünya ölkələri hökumətlərinin gündəliyində duran çox mühüm bir problem - yeni yüzilliyin ortaya qoyduğu əsas çağırışlardan biri olan əhalinin tərkibində xüsusi çəkisi getdikcə artan ahıl nəslin layiqli həyatını təmin etmək üçün dövlətin yönəltdiyi vəsaitin artan həcmi ilə iqtisadiyyatın getdikcə daralan imkanları arasında optimal nisbətin saxlanılması problemi uğurla tənzimlənməkdədir.
Bu prosesin makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın, o cümlədən ölkənin sığorta-pensiya sisteminin gəlirlərinin davamlı artımı ilə reallaşdırıldığı xüsusi qeyd edilməlidir.
Qlobal maliyyə böhranının təsirinin davam etdiyi, əksər ölkələrin pensiya sistemlərinin göstəricilərinin aşağı düşdüyü 2011-ci ildə, ilkin məlumatlara əsasən, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri əvvəlki ilə nisbətən 354 milyon manat və ya 20,1 faiz artaraq 2 milyard 120 milyon manat təşkil etmişdir.
Ötən il sosial sığorta haqları üzrə gəlirlər 2010-cu ilə nisbətən 10,8 faiz artaraq 1 milyard 230 milyon manat olmuşdur. Sosial sığorta daxilolmalarının 58,6 faizi qeyri-büdcə təşkilatlarının payına düşmüş, onların ödədiyi sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,5 faiz və ya 80 milyon manat artmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi daha da gücləndirilmiş, fiziki şəxslərdən daxilolmalar 14 faiz, torpaq mülkiyyətçilərinin ödəmələri isə 13 faiz artmışdır.
İl ərzində dövlət büdcəsinin transferti proqnozlaşdırılan həcmdə, yəni 886 milyon manat təşkil etmişdir.
Fondun gəlirlərinin həcmi xərclərinin vaxtında maliyyələşdirilməsinə imkan vermişdir.
2011-ci ildə Fondun xərcləri 2 milyard 118 milyon manat olmuşdur. Pensiya və müavinətlərin maliyyələşdirilməsinə 2 milyard 66 milyon manat xərclənmişdir ki, bu da əvvəlki ilə nisbətən 362 milyon manat çoxdur. Bu məbləğin 2 milyard 11 milyon manatı bilavasitə pensiyaların, 55 milyon manatı isə müavinətlərin ödənişinə sərf olunmuşdur.
İlkin məlumatlara görə, 2011-ci ilin sonuna əmək pensiyaçılarının sayı ilin əvvəli ilə müqayisədə 14200 nəfər azalaraq 1 milyon 278 min nəfər təşkil etmişdir. Yaşa görə əmək pensiyaçılarının sayı 18300 nəfər, ailə başçısını itirməyə görə 3200 nəfər azalmış, əlilliyə görə isə 7300 nəfər artmışdır.
Görülən tədbirlər nəticəsində 2011-ci ildə sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi daha da genişlənmişdir. Fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayı ilin əvvəli ilə müqayisədə 166,3 min nəfər, o cümlədən muzdla işləyənlər üzrə 114 min 633 nəfər artmışdır və beləliklə, fərdi uçot sistemində qeydə alınmış şəxslərin sayı 1 milyon 967 min nəfərə çatmışdır.
Möhtərəm cənab Prezident, 2009-2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramında 2015-ci ilə qədər Fondun fəaliyyətinin prioritet istiqamətləri dəqiq müəyyənləşdirilmişdir.
Əgər 2011-ci ildə sistem üçün əsas vəzifə pensiya təminatının bütün pensiyaçılar üçün vahid sistemə gətirilməsi idisə, 2012-ci ildə prioritet pensiya təyinatının avtomatlaşdırılması olacaqdır. Bu sahədə əsas problem 2006-cı ilə qədər qazanılmış pensiya hüquqlarının qiymətləndirilməsi ilə bağlı idi. Lakin son islahatlar bu hüquqların sadə hesablamalarla yeni şəraitə transformasiya olunmasına, yəni həmin dövr üçün pensiya kapitalının müəyyənləşdirilərək vətəndaşların fərdi hesablarına yazılmasına və həmin hesablardakı məbləğin onların bütün əmək fəaliyyəti dövrlərini əhatə etməsinə imkan vermişdir. Bu məqsədlə fərdi uçot sistemində qeydiyyatda olan 1 milyon 967 min nəfərin 2006-2010-cu illərə görə ödənilmiş sosial sığorta haqlarının fərdi hesablara işlənməsinə paralel olaraq, həmin şəxslərin 2006-cı ilə qədər topladıqları staja görə pensiya kapitallarının təyin olunması prosesi də artıq başa çatdırılmaqdadır.
Sığorta-pensiya sisteminin aktuar təhlilinə əsaslanmaqla sistemin orta və uzunmüddətli inkişafı üzrə tədqiqatların təşkili məqsədi ilə Dünya Bankı və BMT-nin İnkişaf Proqramı ilə birgə tədbirlər 2011-ci ildə davam etdirilmişdir. Həmin tədbirlər makroiqtisadi, demoqrafik və bilavasitə sistemin fəaliyyətini səciyyələndirən göstəricilərin əlaqəli şəkildə öyrənilməsi ilə yanaşı, sığorta-pensiya sistemində real yığım komponentinin tətbiqi ilə bağlı amilləri də əhatə etmişdir. Bu sahədə Avropa standartlarına uyğun qanunvericiliyin hazırlanması məqsədi ilə Fond tərəfindən Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində təqdim olunmuş “Pensiya sistemində yığım komponentinin tətbiq edilməsində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna dəstək” adlı tvinninq layihəsi artıq Avropa Komissiyası tərəfindən təsdiq edilmişdir.
Qeyd olunan aktuar tədqiqatların ilkin nəticələri göstərir ki, Azərbaycanda pensiya yaşının tənzimlənməsi istiqamətində vaxtında qəbul olunmuş düzgün qabaqlayıcı qərarlar nəticəsində pensiyaçıların ümumi sayı 2020-ci ilədək sabit qalacaqdır ki, bu da sistemin maliyyə dayanıqlığının və islahatların davam etdirilməsi üçün əlverişli şəraitin təmin olunmasının başlıca şərtlərindəndir. Halbuki bir çox inkişaf etmiş ölkələrdə həmin məsələnin həllinə yalnız 2008-2010-cu illərin maliyyə böhranından sonra başlanılmışdır ki, bu da ciddi gərginliklərlə müşayiət olunur.
“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanınızın icrası olaraq Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə interaktiv və informativ elektron xidmətlərin göstərilməsi işi daha da təkmilləşdirilmiş, Fondun bu sahədəki fəaliyyəti müxtəlif təşkilatlar və ekspertlərin keçirdiyi monitorinq və müsabiqələrin nəticələri üzrə xüsusi qiymətləndirilmişdir.
Azərbaycanın sığorta-pensiya modelinin üstünlüklərini nəzərə alan Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) 2011-ci ilin iyun ayında Bakı şəhərində Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açmışdır. BSTA kimi mötəbər bir qurumun özünün əlaqələndirmə mərkəzinin açılmasında ölkəmizə istinad etməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sürətli sosial-iqtisadi islahatlarla qazanılmış nailiyyətlərin və yüksək beynəlxalq nüfuzun əyani göstəricisidir.
Möhtərəm cənab Prezident, əldə olunmuş nəticələr və Dövlət Proqramı ilə nəzərdə tutulmuş tədbirlərin keyfiyyətlə icrası göstərir ki, cari ildə də ölkəmizin sığorta-pensiya sistemində islahatlar uğurla davam etdiriləcək, pensiyaların artırılması və vaxtında maliyyələşdirilməsi sahəsindəki bütün tapşırıqlarınız dəqiqliklə yerinə yetiriləcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm!
Prezident İlham Əliyevin yekun nitqi
- Əminəm ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaqdır. Çünki bütün sosial-iqtisadi göstəricilərimiz belə deməyə əsas verir. Bir daha demək istəyirəm ki, 2011-ci ildə bütün sosial-iqtisadi məsələlər uğurla və vaxtında həllini tapmışdır.
2012-ci il başlayır. 2012-ci ili də uğurla başa vurmaq üçün biz fəal işləməliyik. Bütün proqramlar vaxtında icra edilməlidir.
Bizim bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır. İlk növbədə strateji istiqamətlər müəyyən edilmişdir, düzgün müəyyən edilmişdir. Bu strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmləri də vardır - maliyyə resursları, icra mexanizmləri və əlbəttə ki, peşəkarlıq. Bu amillər istənilən məsələnin həlli üçün bizə imkan verəcəkdir.
Mən əminəm ki, 2012-ci ildə də qarşıda duran bütün vəzifələr uğurla icra ediləcəkdir. 2012-ci ilin dövlət büdcəsi 2011-ci ilə görə daha da böyükdür. Daha da böyük vəsait nəzərdə tutulur. Əlbəttə ki, bu vəsait iqtisadiyyatımızın inkişafına və şaxələndirilməsinə yönəldiləcəkdir. Eyni zamanda, bizə bütün sosial proqramların və sosial infrastruktur layihələrinin icrasına imkan verəcəkdir. 2012-ci ilin dövlət büdcəsinin xərcləri təxminən 22 milyard dollara bərabərdir. Bu, tarixdə ən böyük göstəricidir. İcmal büdcə isə təxminən 25 milyard dollar səviyyəsindədir. Əlbəttə ki, bütün sosial proqramlar, sosial ödəmələr, sosial infrastruktur layihələri bu büdcə ilə uğurla icra ediləcəkdir. Biz elə etməliyik ki, büdcənin icrasını təmin edək. Bir daha demək istəyirəm ki, giriş sözümdə bu məsələyə toxundum. Bu, bizim üçün bir yenilikdir. Bu yeniliyin başlıca səbəbi bizim artan iqtisadi və maliyyə imkanlarımızdır. Mən istəyirəm ki, ölkə qarşısında duran bütün vəzifələr tezliklə həllini tapsın. Biz bütün bu işləri yüksək templərlə görürük. Bütün hökumət üzvlərinə və dövlət qurumlarına mənim tapşırığım bundan ibarətdir ki, bütün bu işlər qısa müddət ərzində, ancaq keyfiyyətlə görülməlidir. Bizim artıq böyük sənaye potensialımız, böyük şirkətlərimiz vardır. Xarici şirkətlər də bizim investisiya layihələrimizdə iştirak edirlər və buna maraq göstərirlər. Biz də bunu alqışlayırıq. Hesab edirəm ki, büdcənin investisiya hissəsini uğurla icra etmək üçün bizim bütün imkanlarımız vardır. Elə etməliyik ki, büdcə maksimum dərəcədə icra edilsin.
Eyni zamanda, maliyyə intizamı daha da yüksək səviyyədə olmalıdır. Büdcə artdıqca məsuliyyət də artmalıdır. Şəffaflıq tam şəkildə təmin edilməlidir və dövlət tərəfindən qoyulacaq investisiyaların şəffaflığı tam şəkildə təmin edilməlidir. Yaxın zamanlarda mənə hökumət tərəfindən 2012-ci ilin investisiya proqramı təqdim ediləcəkdir. Bu proqramla bağlı müzakirələr daim gedir. Yenə də deyirəm, bizim 2004-cü ildə və 2009-cu ildə qəbul etdiyimiz regionların inkişafı Dövlət proqramlarında strateji istiqamətlər müəyyən edilibdir. İnvestisiya Proqramı da o strateji seçim üzərində qurulub. Düzdür, həyat yerində durmur, yeni məsələlər ortaya çıxır, yeni layihələr icra edilməyə başlayır və biz təbii ki, daim dəqiqləşdirmə aparırıq, ancaq investisiya xərclərinin ümumi istiqamətləri aydındır. Deyə bilərəm ki, bütün sahələr bizim üçün prioritetdir. Ancaq bu prioritetlərin içində daha çox sosialyönümlü infrastrukturun yaradılması əlbəttə ki, əsas yer tutmalıdır.
Dövlət İnvestisiya Proqramı kifayət qədər böyük olacaqdır, 5,7 milyard manata bərabərdir. Bu vəsaitlə böyük işlər görmək olar. Bu təkcə dövlət tərəfindən qoyulacaq sərmayədir. Özəl sektor da bu işlərə fəal şəkildə qoşulur. Hesab edirəm kİ, 2012-ci ildə də ölkə iqtisadiyyatına ən azı 2011-ci ilin səviyyəsində vəsait qoyulmalıdır.
Böyük infrastruktur layihələrinin icrası 2012-ci ildə davam etdiriləcəkdir. Mən onların içərisində xüsusi diqqəti içməli su və kanalizasiya layihələrinə yönəltmək istəyirəm. Çünki əvvəlki dövrdə elektrik enerjisi, xüsusilə generasiya güclərinin yaradılması, qazlaşdırma ilə bağlı böyük işlər görülmüşdür. Düzdür, bu işlər davam etdirilir, mən bu barədə danışacağam. Ancaq içməli su və kanalizasiya layihələri, bir qədər kölgədə qalmışdır. İndi bu sahəyə diqqət daha da ciddidir və işlər daha da uğurla aparılır. Bu sahədə müasir menecment sistemi, müasir idarəetmə üsulları tətbiq edilir. Dünya praktikasında geniş şəkildə istifadə olunur. Artıq Bakıda və bütün bölgələrdə içməli su, kanalizasiya layihələri başlayır, yaxud da ki, hazırlıq mərhələsindədir.
Mən keçən il qarşıya vəzifə qoymuşdum ki, 2013-cü ilə qədər əsas layihələr öz həllini tapmalıdır, icra edilməlidir. Əgər biz buna nail olsaq 2013-cü ilin sonuna qədər bütün rayon mərkəzləri, bütün şəhərlər dayanıqlı, keyfiyyətli, təmiz içməli su ilə təmin ediləcək və heç vaxt tarixdə mövcud olmayan kanalizasiya sistemləri də dünya səviyyəsində qurulacaqdır. Bu sahədə 2011-ci ildə görülən işlər məni sevindirir. Vəsait vardır, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulacaqdır. Beləliklə, 2012-ci ildə işlərin müəyyən hissəsi icra ediləcəkdir.
Eyni zamanda, suvarma layihələri də böyük əhəmiyyət daşıyır. Bu da kənd təsərrüfatının inkişafı, işsizliyin aradan qaldırılması üçün vacib rol oynayır. Böyük meliorasiya layihələri icra edilib. Bir neçəsi neçə ildir ki, icra edilir. Taxtakörpü, Şəmkirçay layihələri böyük vəsait tələb edən layihələrdir. 2012-ci ildə bu layihələr qismən Dövlət Neft Fondunun xətti ilə, qismən dövlət büdcəsinin vəsaiti hesabına icra ediləcəkdir. Orada da işlər cədvəl üzrə gedir. Mən bu məsələni daim diqqətdə saxlayıram. 2012-ci ildə də bu iki böyük layihənin icrası davam etdiriləcəkdir.
Eyni zamanda, biz digər meliorativ layihələrə də vəsait ayırmalıyıq. Yəni, bu ikisi qlobal layihədir. On minlərlə hektar yeni əkin sahələri dövriyyəyə veriləcəkdir. Bununla bərabər, kiçikhəcmli meliorasiya layihələrinə də diqqət yetirilməlidir.
Qazlaşdırma ilə bağlı 2012-ci ildə layihələr icra ediləcəkdir. Bu işlərin demək olar ki, böyük hissəsi görülmüşdür. Ancaq yenə də qarşıya vəzifə qoyulubdur ki, 2013-cü ilin sonuna qədər texniki və coğrafi cəhətdən mümkün olan bütün layihələr, bütün rayonları əhatə edən layihələr başa çatmalıdır. Əgər biz buna nail olsaq, - mən buna şübhə etmirəm, sadəcə istəyirəm ki, tezliklə buna nail olaq, - onda yaşayış məntəqələrinin 95 faizi qazla təmin ediləcəkdir.
İndi böyük şəhərlərdə, rayon mərkəzlərində bu işlər gedir. Biz artıq kəndlərdə də bu işlərin görülməsinə başlamışıq. Qeyd etməliyik ki, 2013-cü ilin sonuna qədər biz bu hədəfə çata bilərik.
Bizim zəngin qaz ehtiyatlarımız vardır. Biz qazı dünyaya ixrac edirik və daha da böyük həcmdə ixrac edəcəyik. Belə olan halda biz bunu maksimum şəkildə, yəni, 95 faiz - bu maksimum bizim coğrafiyamızı nəzərə alsaq mümkündür, - təmin etməliyik və edəcəyik.
İnvestisiya layihələri arasında elektrik enerjisi ilə bağlı layihələr xüsusi yer tutur. Keçən il “Şimal-2” Elektrik Stansiyasının təməl daşı qoyulmuşdur. Bu stansiya 2013-cü ilin sonuna qədər istismara verilməlidir. Stansiyanın istehsal gücü 400 meqavatdan çox olacaqdır. Baxmayaraq ki, indi istehlak etdiyimizdən daha da çox enerji istehsal edirik, biz daim qabağa baxmalıyıq. Ölkəmizin gələcək uğurlu inkişafını, gördüyümüz işləri və planlaşdırdığımız layihələri nəzərə alaraq biz bilməliyik ki, generasiyaya nə qədər əlavə vəsait ayrılmalıdır. Burada rəqəm səsləndi, iqtisadi inkişaf naziri dedi ki, hazırda adambaşına düşən ümumi daxili məhsul (ÜDM) 7 min dollardır. Biz qarşıya məqsəd qoymuşuq ki, məhz 2013-2023-cü illərdə ÜDM-i iki dəfə artıraq. Əlbəttə, nəyin hesabına artıracağıq? Yeni müəssisələrin fəaliyyətə başlaması nəticəsində. Bizim iqtisadi artımımız real sektorun inkişafı hesabına baş verəcəkdir. Belə olan halda elektrik enerjisinə tələbat daha da artacaqdır. Əgər biz ixrac imkanlarımızı da əlavə etsək, - hazırda Azərbaycan demək olar ki, qonşu ölkələrə elektrik enerjisi də ixrac edir, - onda generasiya layihələrinə əlavə vəsait qoyulacaqdır və bu, qoyulmalıdır.
Biz bu il böyük elektrik stansiyasının – “Cənub” Elektrik Stansiyasının istifadəyə verilməsini gözləyirik. Bu, 780 meqavat gücündə olan stansiyadır, müasir texnologiyalar əsasında qurulur. Biz Füzuli rayonunda da 25 meqavat gücündə su elektrik stansiyasının açılışını da bu il qeyd edəcəyik. Generasiya ilə paralel olaraq biz paylayıcı xətlərə də investisiya qoymalıyıq. Düzdür, indi bütövlükdə ölkədə elektrik enerjisi ilə problemlər yoxdur. Ancaq bölgələrdə bəzi hallarda fasilələr baş verir, işıqlar kəsilir və bunun başlıca səbəbi elektrik xətlərinin nasaz vəziyyətdə olmasıdır. Biz əlbəttə ki, əsas diqqətimizi elektrik enerjisi güclərinin yaradılmasına yönəltmişik və bu vəzifəni icra etmişik. İndi - xüsusilə bu il və gələn il biz paylayıcı xətlərə investisiya qoyuluşunu təşkil etməliyik. Orada bütün işlər müasir standartlar səviyyəsində olmalıdır.
Bu məsələ ilə bağlı bir məqama da toxunmaq istəyirəm. Vaxtilə - bir neçə il bundan əvvəl bu sahə ilə bağlı ən ciddi məsələlər ödəməmələr idi. Yəni, elektrikin, qazın pulunu yığa bilmirdik. Çünki orada həm çox qeyri-şəffaf, korrupsiyalaşmış sistem qurulmuşdu və digər tərəfdən sayğaclaşma aşağı səviyyədə idi. Bəzi hallarda sayğaclaşmanın aşağı səviyyədə saxlanması da məhz korrupsiya məqsədlərini güdürdü. Çünki sayğac olmadan orada istənilən xoşagəlməz hərəkətlərə yol vermək olar. İndi sayğaclaşma ilə bağlı işlər demək olar ki, başa çatmaq üzrədir. Smart-kart tipli müasir sayğaclar quraşdırılır, artıq nəzarətçi ilə əhali arasında təmas tamamilə qırılıbdır. Heç kim gəlib qapını döyüb rüşvət almamalıdır, almır və almayacaqdır.
Beləliklə, itkilər də azalır. Əgər biz indi xüsusilə bölgələrdə paylayıcı şəbəkələrə lazımi səviyyədə investisiya qoysaq, onda itkilər də azalacaqdır. Beləliklə, hazırda Bakıda elektrik enerjisi haqqının yığımı 90 faizdən yuxarıdır. Ölkə üzrə də bu rəqəm təxminən bu səviyyədədir. Qaz sahəsində yığım yüksək səviyyədədir. Vaxtilə 20, 30, 40 faiz yığılırdı, bəlkə də heç yığılmırdı. Yəni bu məsələ də öz həllini tapıbdır və dediyim kimi, biz bunu investisiya proqramında nəzərə almalıyıq.
Bu gün telekommunikasiya sahəsində görülən işlər haqqında nazir məlumat verdi. Bu sahə də Azərbaycanda uğurla inkişaf edir. Bu il biz birinci Azərbaycan telekommunikasiya peykini orbitə buraxacağıq. Bu, tarixi hadisə olacaqdır. Azərbaycan kosmik sənaye yaradır. Azərbaycan kosmik sənayeyə malik olan ölkələr sırasına daxil edilir. Bu, uzaqgörən siyasətimizin nəticəsidir. Mən hesab edirəm ki, Azərbaycan bütün mütərəqqi və qabaqcıl texnologiyaları gətirməlidir. Biz gətiririk, tətbiq edirik, kadrları hazırlayırıq. Beləliklə, ölkəmizin həm siyasi çəkisi, həm iqtisadi gücü artacaqdır. Telekommunikasiya o sahələrdəndir ki, burada müxtəlif və hər bir ölkənin inkişafı üçün vacib olan amillər cəmləşir. Bu, innovasiyadır, bilikdir, savaddır. Eyni zamanda, bu, böyük biznes sahəsidir. Yəni, ölkə iqtisadiyyatının inkişafı üçün bizə əlavə gəlirlər gələcəkdir. Bu, elmi-texniki tərəqqini şərtləndirən sahədir. Gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsi dünyada aparıcı sahə olacaqdır və olmalıdır. Bu sahədə kim qabaqda gedirsə, o da söz sahibi olacaqdır. Çünki bugünkü dünya bundan 10 il, 20 il əvvəlki dünya deyildir. Texnologiyalar, informasiya təhlükəsizliyi, kiberhücumlara qarşı təhlükəsizlik tədbirləri artıq ön plana çıxır və gələcək dövrün güclər nisbəti də məhz bu sahədə müəyyən ediləcəkdir. Ona görə, biz bu sahəyə çox böyük diqqət göstərməliyik, göstəririk. Bu siyasət bu gün başlanmır, bir neçə il bundan əvvəl başlanmışdır. Mən çox şadam ki, beynəlxalq telekommunikasiya qurumlarının hesabatlarına görə Azərbaycan MDB məkanında qabaqcıl yerlərdədir. Bizdə azad internet fəaliyyət göstərir. Deyə bilərəm ki, heç də hər bir ölkədə azad internet mövcud deyildir. İnternet istifadəçilərinin sayı artmaqdadır, mən bunu çox müsbət hal kimi qiymətləndirirəm. Uşaqlarımız, gənclərimiz artıq kompyuterlə işləyirlər. Yəni, gələcək budur. Bu, məlumat, söz azadlığıdır, Azərbaycanda demokratik cəmiyyət mövcuddur və biz demokratik əsasları daha da gücləndirməliyik. Azad internet olan yerdə təbii ki, söz azadlığı da vardır və bu, təbiidir. Yəni, bu sahə həm təhlükəsizlik, həm inkişaf, həm bilik, həm biznes, həm gələcək nəslin hazırlanması üçün aparıcı sahə olmalıdır. Bizdə də elə olmalıdır. Biz gələcəkdə ölkəmizin inkişafı üçün iqtisadiyyatımızın şaxələndirilməsi sayəsində yaradılacaq vəziyyət hesabına bu sahədə də qabaqcıl yerlərdəyik. İndi bölgədə, gələcəkdə isə dünya miqyasında biz inkişaf etmiş ölkələrin sırasında olmalıyıq. Mən çox şadam ki, ölkəmizdə keçirilən ənənəvi “Bakutel” sərgisi hər il daha da böyük, mötəbər sərgi kimi özünü təqdim edir, gələn qonaqların sayı artır, şirkətlər maraq göstərirlər. İnvestisiya qoymaq istəyənlər görəndə ki, Azərbaycan dövləti də bu sahəyə böyük diqqət göstərir, kosmik sənaye yaradılır, birinci peyk buraxılır, çox böyük maraqla yanaşırlar. Yenə də qeyd edirəm, bu, birinci peykdir, sonuncu deyildir. Ondan sonra ikincisi, üçüncüsü olacaqdır. Yəni, güclü sənaye yaradılacaqdır. Beynəlxalq təşkilatlarla bu sahədə əməkdaşlığımız çox yaxşıdır. Dünyanın aparıcı İKT şirkətləri Azərbaycana çox böyük maraqla və böyük hörmətlə yanaşırlar.
Biz 2012-ci ildə ərzaq təhlükəsizliyi ilə bağlı tədbirləri daha da gücləndirməliyik. Bu sahədə görülən işlər müsbətdir. Biz bu il kənd təsərrüfatında böyük artıma nail ola bilmişik. Əkin sahələri, məhsuldarlıq artır. Xüsusilə taxılçılıqda məhsuldarlıq artır, bu, çox müsbət haldır. Əminəm ki, görüləcək tədbirlər nəticəsində böyük fermer təsərrüfatlarının yaradılması və onlara dövlət tərəfindən dəstək, meliorativ tədbirlərin, fermerlərə güzəştli şərtlərlə bütün yanacağın, gübrələrin verilməsi, aqrolizinq, aqroservislərin fəaliyyəti hesabına biz bu sahədə uzunmüddətli, dayanıqlı inkişafı təmin edəcəyik.
Bir neçə il bundan əvvəl mən qarşıya vəzifə qoymuşdum ki, biz əsas ərzaq məhsulları ilə özümüzü təmin edək. Bu istiqamətdə böyük işlər görülmüşdür. Bizim indi satış məntəqələrimizdə satılan məhsulların, yəni, ərzaq məhsullarının böyük əksəriyyəti, mütləq əksəriyyəti Azərbaycanda istehsal olunan məhsullardır. Əgər biz keçmişi yada salsaq görərik ki, o vaxt yerli məhsulları heç tapmaq mümkün deyildi. İndi bizim yerli məhsullarımız heç xarici məhsuldan geri qalmır - həm keyfiyyəti, həm onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından. Bizim məhsullarımız, xüsusilə tərəvəz, meyvə məhsullarımız təbiidir. Dünyada buna orqanik deyirlər. Bakıya, Azərbaycana gələn bütün qonaqlar məəttəl qalırlar ki, bizdə necə gözəl, təbii meyvələr, tərəvəzlər vardır.
Bu, bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq. Biz kənd təsərrüfatının inkişafını, xüsusilə meyvə-tərəvəz sahəsindəki inkişafını da keyfiyyəti itirmədən aparmalıyıq. İndi müasir texnologiyalar vardır. Mənə bu yaxınlarda iqtisadi inkişaf naziri məruzə etmişdir, Azərbaycanda da tətbiq edilir. Bağçılıq sahəsində müasir texnologiyalara uyğun şəkildə istixanalar tikilir. Kənd Təsərrüfatı Nazirliyi bu məsələlərlə məşğuldur. Bu, əlbəttə ki, məhsul istehsalının həcmini artıracaqdır. Ancaq bununla bərabər, biz keyfiyyətə və ən önəmlisi meyvələrin, tərəvəzlərin dadına da daim fikir verməliyik.
Yəni, bir müddət əvvəl qarşıya qoyulan vəzifə icra edilir. 2011-ci ildə dövlət tərəfindən verilən vəsait hesabına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə böyük vəsait ayrılmışdır. Biz bu il - 2012-ci ildə də rekord göstəriciyə çatırıq - sahibkarlara güzəştli şərtlərlə 200 milyon manat kreditlər veriləcəkdir. Mən çox şadam ki, bu, həm maliyyə dəstəyidir, həm də sahibkarlara çox yaxşı məsləhətlər, işə başlamaq üçün maddi imkanlardan asılı olaraq müxtəlif biznes-planlar verilir. Biz doğrudan da sahibkarlara çox böyük diqqətlə yanaşırıq. Mən deyə bilmərəm hansı başqa ölkədə belə yanaşma vardır. Fermerlərə güzəştli şərtlərlə yanacaq, gübrələr, aqrolizinq xətti ilə texnikalar verilir. Aqroservislər yaradılıbdır. İribuynuzlu cins mal-qara gətirilir, fermerlərə verilir. Ondan sonra güzəştli şərtlərlə kreditlər verilir. Bu il 200 milyon manat kredit veriləcəkdir. Daha sonra, biznes-planlar, investisiya layihələri, bir hektarlıq, beş hektarlıq, iyirmi beş hektarlıq planlar hazırlanır. Yəni, sahibkar sadəcə gəlib təkcə bu işi görməlidir. İndi bizdə keçən ilin sonunda azot gübrəsi zavodunun təməl daşı qoyulubdur. Yəni, biz özümüzü gübrələrlə, azot gübrələri ilə tam şəkildə təmin edəcəyik, ixrac da edəcəyik. Bu da aşağı qiymətlə veriləcəkdir. Bizim böyük qaz ehtiyatlarımız vardır. Biz o zavoda əlbəttə ki, güzəştli şərtlərlə qazı verəcəyik ki, səmərəlilik artsın. Yəni, özümüzü təmin etmək üçün, bir daha demək istəyirəm ki, böyük işlər görülübdür. İşlər bu il də, gələn il də, ondan sonra da görüləcəkdir. Gərək biz indidən gələcəyi düşünək. İndi biz bir çox mövqelər üzrə özümüzü təmin edirik, ya da ki, bu il, yaxud gələn il təmin edəcəyik.
Bizdə quşçuluq sahəsində istehsalımız aşağı səviyyədə idi. İndi görüləcək tədbirlər nəticəsində 2012-ci və 2013-cü illərdə yeni tikiləcək quşçuluq fabriklərinin fəaliyyəti hesabına biz özümüzü quş əti ilə də təmin edəcəyik. Süd emalı, konserv kombinatları tikilir, bağçılıq, bitkiçilik inkişaf edir. Bitkiçilikdə əlbəttə, biz hələ ki, idxaldan asılıyıq, yəqin ki, bir müddət asılı olacağıq. Ancaq bütün başqa mövqelər üzrə biz ya özümüzü təmin edirik, ya bir-iki ildən sonra tam şəkildə təmin edəcəyik. Sual yaranır ki, ondan sonra nə olacaqdır? Çünki biz indi kənd təsərrüfatının inkişafına böyük investisiyalar qoyuruq. Böyük təsərrüfatlar, zavodlar, fabriklər yaradılır. Azərbaycanda sahibkarlar sinfi yaradılıbdır. Onlar əldə edilən gəlirlərin bir hissəsini yeni müəssisələrə yönəldirlər. Belə olan halda, 4-5 ildən sonra bizə əlavə xarici bazarlar lazım olacaqdır. İndi bizim ənənəvi bazarlarımız vardır. Bu bazarlarda Azərbaycan məhsullarına ehtiyac və tələbat vardır. Ancaq biz gələcəyə baxmalıyıq. Bizim potensialımız indiki ixrac imkanlarımızdan bəlkə bir neçə dəfə artıq olacaqdır. Ona görə, mən İqtisadi İnkişaf Nazirliyinə müvafiq göstərişlər verdim. Çünki indi onların əlaqələri çox genişdir, biz müxtəlif ölkələrlə biznes forumlar keçiririk.
Yəni, böyük maraq vardır, xarici əlaqələr artır və biz xarici bazarlara daha da məqsədyönlü şəkildə çıxmalıyıq. Öz biznes strukturlarımıza kömək etməliyik. Xarici siyasət sahəsində tərəfdaşlarla danışıqlarda bu mövzu daim mövcud olmalıdır.
Bizə xarici bazarlar lazım olacaqdır. Biz ənənəvi bazarlara və yeni bazarlara daha da böyük həcmdə çıxmalıyıq.
Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir. Yəni, belə məhsulların sayı artacaqdır və biz, - yeni bazarların tapılması ilə deyə bilməzdim, çünki onları tapmaq çətin deyildir, - yeni bazarlara çıxmaq üçün baxmalıyıq ki, əlavə hansı tədbirləri görə bilərik.
Keçən ilin sonunda üzümçülüyün inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilmişdir. Bu da bizim niyyətimizi göstərir.
Üzümçülüyün Azərbaycanda böyük ənənələri vardır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1970-1980-ci illərin əvvəllərində böyük üzüm bağları salınmışdır. Azərbaycanda iki milyon ton üzüm istehsal edilmişdir. Sovet məkanında ən böyük istehsalçı Azərbaycan idi. Ondan sonra, antialkoqol kampaniyası nəticəsində nədənsə, ancaq Azərbaycanın üzüm bağları kəsildi, dağıdıldı. Nə Ukraynada, nə Gürcüstanda, nə Ermənistanda, nə Moldovada belə vəhşilik edilməmişdir. Bu da o vaxtkı sovet rəhbərliyinin Azərbaycana qarşı mənfi münasibətinin təzahürüdür. Həm sovet rəhbərliyi, həm də ki, burada oturanlar, yerli yaltaqlar çalışırdılar ki, tezliklə, üzüm bağlarını qırsınlar, raport versinlər ki, biz burada sizin göstərişinizi icra edirik. Onların antimilli hərəkətləri nəticəsində bizim üzüm bağlarımız dağıdıldı. Bizim torpağımız iki milyon ton üzüm verirdi. İndi 130 min ton. Həmin torpaq, həmin şərait, həmin iqlim, yəni, bu, mümkündür. Ona görə də üzümçülüyün inkişafına dair Dövlət Proqramının məqsədi də məhz ondadır ki, biz bu sahəyə böyük diqqət göstərək. Düzdür, indi əvvəlki dövrdə salınmış üzüm bağlarının yerində başqa bitkilər əkilmişdir, ona baxmaq lazımdır. Ancaq hesab edirəm ki, böyük potensial, bazarlar da vardır. Bu sahəyə dövlət dəstəyi əlbəttə ki, daha da böyük və uzunmüddətli olmalıdır. Çünki hamımız yaxşı bilirik ki, üzüm bağlarının salınması və yetişdirilməsi üçün kifayət qədər çox vaxt lazımdır. Hər halda biz bu işə başlamışıq və bu işlər davam etdiriləcəkdir.
Məhsulların saxlanması ilə bağlı əsas məsələlər həllini tapmışdır. Kifayət qədər soyuducu anbarlar tikilmişdir. Mənə məruzə edildi ki, bu il də tikiləcəkdir. Taxıl anbarları da tikilir. Yəni, məhsulların saxlanması üçün və qiymətlərin normal vəziyyətdə olması üçün biz bu şəraiti yaradırıq.
Mən çox şadam ki, bayramlar ərəfəsində - həm Yeni il bayramı, ondan əvvəl Qurban bayramı ərəfəsində qiymətlərdə artım müşahidə edilməmişdir. Bəzi hallarda qiymətlər aşağı düşür. Bu da çox yaxşı nəticədir, yaxşı göstəricidir. Bu, onu göstərir ki, bazarlara nəzarət yüksək səviyyədədir. Möhtəkirliklə məşğul olanlara qarşı mübarizə aparılır və bu mübarizə daim aparılmalıdır. Yəni, bu hadisələr, bayram ərəfəsindəki vəziyyət onu göstərir ki, bu mübarizəni aparmaq mümkündür.
Sadəcə olaraq, bütün aidiyyəti qurumlar vicdanla işləməlidirlər, süni qiymət artımına yol verməməlidirlər ki, kimsə burada əsassız varlansın, insanlar isə əziyyət çəksinlər. Biz maaşları, əmək haqlarını, pensiyaları qaldırırıq. Onsuz da bizim böyük investisiya layihələrimiz istər-istəməz qiymətin artımına gətirib çıxarır. Necə ola bilər ki, 20 milyard dollar investisiya qoyulsun və bunun inflyasiyaya təsiri olmasın?! Hələ inflyasiyanı 7,9 faiz səviyyəsində saxlamağımız böyük nailiyyətdir.
Elə etməməliyik ki, burada biz dövlət hesabına, büdcə hesabına maaşları, pensiyaları artırırıq, kimsə bundan bəhrələnib dərhal qiymətləri artırsın. Bunlara qarşı ciddi mübarizə aparılmalıdır, aparılır, aparılacaqdır. Bizim siyasətimizə zidd olan adamlar, yaxud da ki, əsassız gəlirlər əldə etmək istəyənlər çox ciddi şəkildə cəzalandırılacaqlar. Yenə də deyirəm, bu sahədəki son hadisələr müsbətdir. Mən bunları dəstəkləyirəm və bu məsələni daim diqqətdə saxlayacağam.
Keçən il Bakı və Bakı qəsəbələrinin inkişafı proqramı qəbul edilmişdir. Bu proqrama böyük ehtiyac var idi. Vaxtilə - bir neçə il bundan əvvəl buna oxşar proqram qəbul edilmişdir, müəyyən işlər görülmüşdür. Bu dəfə bu proqram daha konkretdir, daha qısamüddətlidir - 2011-2013-cü illər. Nəzərə alsaq ki, biz bu proqramı 2011-ci ilin yarısında başlamışıq, deməli, iki il yarım ərzində qəsəbələrdə bütün məsələlər öz həllini tapmalıdır. Bu, çox böyük vəzifədir. Mən bilirəm ki, çox çətin vəzifədir. Amma hesab edirəm ki, iki il yarım ərzində biz bu məsələləri həll edə bilərik. Əgər belə fikirləşməsəydim, onda deyərdim ki, 2011-2015-ci illər. Yox, edə bilərik. İndi necə işlər başlayıb, mən görürəm ki, biz məqsədlərimizə çatmalıyıq. Qəsəbələrdə bütün infrastruktur yenilənməlidir, yenilənir. İndi elektrik xətləri, qazlaşdırma, kanalizasiya, içməli su, yollar ilə bağlı işlər gedir. Bütün qəsəbələrdə sosial infrastruktur - məktəblər, tibb mərkəzləri, mədəniyyət ocaqları tam şəkildə təmir edilməlidir, yenidən yaradılmalıdır. Biz proqramı başlayandan sonra mən bir çox qəsəbələrdə şəxsən olmuşam, - ümumiyyətlə mütəmadi qaydada - Bakıətrafı qəsəbələrdə oluram, – vəziyyətlə tanış olmuşam, göstərişlər vermişəm. Bir müddətdən sonra gedib yoxlayacağam ki, işlər necə gedir?! Mən, ümumiyyətlə, hər bölgədə işlərin gedişatını yoxlayıram. Bəzi hallarda bölgələrə hər gün getmək mümkün deyildir, amma burada - Bakıda hər gün getmək olar. Həftədə bir dəfə özüm gedib yoxlayacağam və elə olmalıdır ki, mən razı qalım. Mən deyəndə, xalq razı qalsın. Xalq razı qalarsa, mən də razı qalacağam. Bu məqsədlərə çatmaq üçün vəsait vardır. 2012-ci ilin investisiya proqramında da vardır, olacaqdır. Burada işlər keyfiyyətli və cədvəl üzrə aparılmalıdır.
Bu işlər Bakı Şəhər İcra Hakimiyyətinə və İqtisadi İnkişaf Nazirliyinə həvalə edilib. Onlar da birgə işləyirlər, nəzarət edirlər.
Deyə bilərəm ki, müsbət hallarla yanaşı, mənfi hallar da vardır. Bu aylar ərzində böyük işlər görülmüşdür. Ancaq bəzi hallarda tələskənliyə yol verilmişdir, biz keyfiyyətdə uduzmuşuq. Ancaq nəzarət çoxpilləli olmalıdır. Son nəzarəti mən özüm aparacağam. Ona görə indidən deyirəm ki, bu məsələ ilə məşğul olan bütün qurumlar və podratçılar, iş icraçıları məsuliyyətlə yanaşsınlar. Kim keyfiyyətsiz iş görəcəksə, əgər bu şirkətdirsə, gedib qüsurlarını öz hesabına bərpa edəcəkdir. Əgər dövlət qurumudursa, onda ciddi cəzalandırılacaqdır. Biz bu proqramı 2013-cü ilin sonuna qədər başa çatdırsaq, onda qəsəbələrdə, bir daha demək istəyirəm ki, bütün sosial infrastruktur məsələləri öz həllini tapacaqdır.
Bundan əlavə, qəsəbələrdə iş yerlərinin açılması üçün müvafiq göstərişlər verilmişdir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu vəsait artıq 2011-ci ildən ayrılmağa başlanmışdır. Əvvəlki dövrdə Fondun xətti ilə vəsait ancaq bölgələrə gedirdi. 2011-ci ildə Bakı qəsəbələrinə 25 faiz vəsait yönəldilib, 2012-ci ildə bu rəqəm 30-40 faiz olacaqdır.
2012-ci ildə sosial infrastrukturun tikintisi həm Bakıda, həm bölgələrdə davam etdiriləcəkdir - məktəblər, xəstəxanalar, olimpiya kompleksləri inşa ediləcəkdir. İndi 10 olimpiya kompleksi tikilir. Üç kompleksin tikintisi üçün hazırlıq işləri gedir. Uşaq bağçaları təmir edilməlidir və onların sayı artırılmalıdır. Müvafiq göstərişlər verilibdir. Hesab edirəm ki, 2012-ci ildə bu sahədə də ciddi dönüş yaradılacaqdır, həm şərait, həm təminat yaxşılaşdırılacaqdır. Təminatla bağlı maliyyə naziri mənə bir neçə təklif vermişdir. Mən onları dəstəkləyirəm. Bu təkliflər əsasında, xüsusilə uşaqları yeməklə təmin etmək üçün yeni müasir sistem qurulmalıdır. Dünya praktikasından istifadə etməliyik. Əgər biz o təklifləri reallaşdıra bilsək hər bir uşaq, hər bir valideyn görəcəkdir ki, bu sahədə də çox ciddi və müsbət dönüş yaranmışdır.
Ordu quruculuğu ilə bağlı mən giriş sözümdə fikirlərimi bildirdim. Qeyd etmək istəyirəm ki, 2012-ci ildə də həm maddi-texniki təchizatla bağlı məsələlər həll olunacaqdır, həm hərbi hissələrin binalarının əsaslı təmiri məsələləri həllini tapacaqdır. Mən qarşıya vəzifə qoymuşam ki, bütün hərbi hissələrimizin binaları yüksək səviyyədə təmir edilsin, bəlkə də yeniləri tikilsin, yeni hərbi bazalar, hərbi şəhərciklər yaradılmalıdır. Orduda xidmət edənlər yaxşı şəraitdə xidmət etməlidirlər. Onların həm məişət, həm iş şəraiti yaxşı olmalıdır. Onlar çətin, ağır şəraitdə, bəzi hallarda soyuqda, istidə xidmət aparırlar. Bütün hərbi hissələrdə, o cümlədən ilk növbədə təmas xəttində yerləşən hərbi hissələrdə 2012-2013-cü illərdə yaşayış, xidmət aparmaq üçün bütün infrastruktur yeniləşməlidir, yenidən yaradılmalıdır. Hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. İyirmi il qüsursuz xidmət göstərmiş gizirlər, zabitlər dövlət tərəfindən mənzillərlə təmin ediləcəklər.
Məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Baş nazirin müavini Əli Həsənov da kifayət qədər dolğun məlumat verdi. Doğrudan da böyük işlər görülür. Daha da çox işlər görüləcəkdir. Keçən il də yeni şəhərciklərin açılışını qeyd etmişdik, bu il də qeyd edəcəyik. Hesab edirəm ki, bu il bu məsələlərə nəzərdə tutduğumuzdan ən azı iki dəfə çox vəsait sərf edilməlidir, ən azı iki dəfə, bəlkə də üç dəfə. Çünki bu məsələ ən ciddi, vacib məsələdir. Burada Əli Həsənov məlumat verdi ki, köçkünlər arasında olan yoxsulluq 70 faizdən 18 faizə düşmüşdür. Bu, böyük nəticədir. Amma ölkə üzrə bu göstərici 7,6 faizdir. Yəni, onların arasında iki dəfədən çox yoxsul vardır.
Biz bu vəziyyəti yaxşılaşdırırıq, daha da ciddi şəkildə yaxşılaşdırmalıyıq. Ona görə məcburi köçkünlər üçün yeni tikiləcək şəhərciklərin sayı da çoxalmalıdır. Yataqxanalarla bağlı, o da proqramda vardır. Biz gərək köçkünləri fin evlərindən, yataqxanalardan yaxşı mənzillərə köçürək. Bütün bu işlər vəsait tələb edir. Ona görə deyirəm, onsuz da böyük vəsait ayrılır. Ancaq indi hələ ki, mən rəqəmləri dəqiq demək istəmirəm. Bu məsələ hökumətdə indi müzakirə edilir. Ən azı nəzərdə tutduğumuzdan iki dəfə artıq olmalıdır.
2011-ci ildə ekoloji tədbirlər görülmüş, 7 milyon ağac əkilmişdir. Mən çox şadam ki, “Ekologiya ili” başa çatdıqdan sonra da bu sahə diqqət mərkəzində qalır, belə də olmalıdır. 2012-ci il üçün də konkret təklifləri hazırlayın! Yəqin ki, bu təkliflər var, baxacağıq, vəsait ayrılacaqdır. Bu ekoloji tədbirlər hər bir vətəndaş üçün çox vacibdir.
2011-ci ildə 32 kənddə modul tipli sutəmizləyici qurğu istifadəyə verilmişdir və təkcə keçən il 50 minə yaxın əhali, hansı ki, təmizlənməmiş sudan istifadə edirdi, təmiz su içir. 2012-ci ildə də bu proqram davam etdirilməlidir.
Çirklənmiş ərazilərin təmizlənməsi prosesi gedir. Balaxanı poliqonu parka dönüb. Vaxtilə o, bəlkə də ölkəmizin ən bərbad ekoloji vəziyyətdə olan, fəlakət vəziyyətində olan bir yeri idi. Balaxanı zibilxanasını görən adam dəhşətə gəlirdi. Şəhər əhalisi sadəcə olaraq oradan qalxan tüstünü görürdü və bu tüstü bütün şəhəri bürüyürdü. İndi o zibilxananın yerində parklar salınıb, 100 hektar ərazidə poliqon yaradılıb, ağaclar əkilib, müasir sistemlər qurulur. Buraya zibil gətirən bütün maşınlar dezinfeksiya olunur. Budur müasir yanaşma. Eyni zamanda, orada məişət tullantılarının yandırılması zavodu uğurla tikilir. Azərbaycan dövləti böyük vəsait ayırmışdır. Ümid edirəm ki, zavod bu il açılacaqdır və bu, ekoloji tədbirlərə ən böyük töhfəmiz olacaqdır.
Sənayeləşmə ilə bağlı işlər gedir, texnoparklar fəaliyyət göstərir. Sumqayıt Texnologiya Parkı öz fəaliyyətini genişləndirir. Bununla bərabər keçən il çox vacib qərarlar verilmişdir. Balaxanıda yeni Texnologiya Parkı, Sumqayıtda Kimya Parkı yaradılacaq, iş yerləri açılacaqdır. Kimya kompleksində istehsal olunan məhsullardan özəl qurumlar, şirkətlər istifadə etməlidirlər. Yerlər ayrılıbdır, kommunikasiyalar, infrastruktur yaradılır. Təki sahibkarlar, iş adamları gəlsinlər, orada iş görsünlər, biz də kömək göstərəcəyik.
Bu il də sənayeləşmə üçün əlavə imkanlar yaradılacaqdır. Gəncədə yeni alüminium zavodu işə başlayacaqdır. Bu böyük hadisədir. Alüminium sənayesinin inkişafı üçün böyük addımdır. Ancaq birinci addımdır. Metallurgiya sənayesinin inkişafına böyük diqqət göstərilməlidir. Bu sahədə də böyük imkanlar vardır. Nəzərə alsaq ki, bizdə kifayət qədər metal qırıntıları var, onlardan səmərəli istifadə edilməlidir. Xaricdən indi məhsullar gətirilir. Bizim Daşkəsəndə filiz yataqlarımız vardır. Yəni, güclü metallurgiya sənayesinin yaradılması bizim gündəliyimizdədir və biz bunu edəcəyik.
Burada qeyd olundu ki, müasir texnologiyalara əsaslanmış sement zavodu tikilir. İsveçrə şirkəti tərəfindən bu il istifadəyə veriləcəkdir. Ondan sonra növbəti sement zavodu tikilir. Yəni, biz elə etməliyik ki, növbəti 3-4 il ərzində özümüzü tam şəkildə sementlə təmin edək. Əlbəttə ki, bizim tələbatımız da artır, ancaq bunu etmək üçün imkanlar vardır.
Biz gərək özəl investorları stimullaşdıraq, onlara şərait yaradaq ki, onlar bu sahəyə daha çox investisiya qoysunlar. Dövlət də kömək göstərməlidir. Yəni, bu sahədə biz özümüzü tikinti materialları ilə tam təmin etməliyik. Keçən ilin sonunda bir neçə zavodun açılışında iştirak etmişəm. Bu sahədə işlər yaxşı gedir.
Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tam ciddiliyi ilə davam etdirilməlidir. 2011-ci ildə bu sahədə çox böyük işlər görülmüşdür. 2012-ci ildə daha da böyük işlər görülməlidir. Bu mübarizə heç vaxt dayanmamalıdır, daim aparılmalıdır.
Bu mübarizənin yaxşı nəticələri vardır, daha da yaxşı nəticələr ola bilər. Burada həm cəza tədbirləri, inzibati tədbirlər və həm də institusional tədbirlər olacaq, sistem xarakterli dəyişikliklər ediləcəkdir. Mənim Sərəncamım ilə bütün nazirliklər, dövlət qurumları “Elektron hökumət”in fəaliyyəti, biznes sahəsində icazələrin verilməsi məsələlərində şəffaflıq, operativlik, elektron xidmətlərin göstərilməsi ilə bağlı təkliflərini təqdim edib.
Dünya praktikası var, müsbət praktika var, Avropa İttifaqının təcrübəsi var. Biz yaxşı təcrübəni həmişə götürməliyik.
Mən demirəm ki, biz orada olan bütün yenilikləri tətbiq etməliyik. Bu mümkün deyildir. Bəzi hallarda milli mentalitetimizə zidd olan təşəbbüsləri biz burada heç vaxt tətbiq edə bilmərik. Ancaq müsbət, bizə lazım olan praktikanı tətbiq etməliyik, xüsusilə bu sahədə.
Nəhayət son məsələyə toxunmaq istəyirəm. 2012-ci ildə Yay Olimpiya oyunları keçiriləcəkdir. Biz bu oyunlara ciddi hazırlaşırıq. 2011-ci ildə kifayət qədər lisenziyalar əldə etmişik. Dünya, Avropa çempionatlarında qələbələr qazanmışıq, yəni, ümidlərimiz böyükdür. 2012-ci ildə bizim on olimpiya kompleksimiz tikiləcəkdir. Böyük Olimpiya Stadionunun tikintisi artıq fəal fazaya keçəcəkdir. Altmış beş minlik böyük Olimpiya Stadionu tikilir. Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri aparılır ki, Bakıda qızlar arasında keçiriləcək dünya çempionatına hazır olsun. Digər idman obyektləri tikilməkdədir. Böyük gimnastika kompleksi, Bakı “Kristal” İdman Konsert Kompleksi tikilir. Yəni, bu sahəyə həmişə olduğu kimi, böyük diqqət göstərilmişdir. 2012-ci ildə həm ölkə daxilində olan hadisələr, həm olimpiya oyunlarına hazırlıq, olimpiya oyunlarının keçirilməsi nəzərdə tutulur. Mən hesab edirəm ki, biz 2012-ci ili “İdman ili” elan etməliyik. Bu məsələ ilə bağlı öz fikrimi bildirirəm və müvafiq sərəncamı da hazırlayın ki, bu gün mən bunu imzalayım.
Beləliklə, 2012-ci il başlayır. 2012-ci ildə görüləcək işlər çoxdur. Hamıdan fəallıq, fədakarlıq, vicdan və qələbə əzmi gözləyirəm. Sağ olun.