Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
27 dekabr 2011, 20:00
Demokratiya və insan hüquqları, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikası insanların layiqli həyat şəraitinin, rifah səviyyəsinin, cəmiyyətdə özlərini təsdiqetmə imkanlarının artırılması üçün ciddi səylər göstərir.
1998-ci ildə ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının tərəqqisini məhz “insan meyarı”nın inkişaf etdirilməsində görərək, insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan Milli Dövlət Proqramını təsdiq etmişdir.
Demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş tədbirlər nəticəsində bir çox nailiyyətlər əldə edilmişdir.
2006-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə yeni əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət etmişdir.
Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının icra vəziyyəti mütəmadi qaydada təhlil edilmiş, onun icrası nəticələrinin müzakirəsi üçün cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir.
İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana) tövsiyə olunsun ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin əlaqələndirilməsi üzrə işçi qrupunun fəaliyyətinə rəhbərlik etsin.
3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsinin nəticələrini təhlil edərək, onun təkmilləşdirilməsinə dair təkliflər versin.
4. Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (Ombudsmana), Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına, Azərbaycan Mətbuat Şurasına tövsiyə edilsin ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsində fəal iştirak etsinlər.
5. Milli Fəaliyyət Proqramında göstərilən icra orqanlarına tapşırılsın ki, Milli Fəaliyyət Proqramının həyata keçirilməsində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq etsinlər.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2011-ci il.