Dağ-mədən və metallurgiya sənayesində iqtisadi islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər və Azərbaycan Respublikası Prezidentinin “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2015-ci il 11 fevral tarixli 1047 nömrəli, “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 2016-cı il 13 iyul tarixli 2198 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
01 sentyabr 2020, 16:40
Azərbaycan Respublikasında iqtisadi islahatların davam etdirilməsi, ölkənin metallurgiya kompleksində sağlamlaşdırma və inkişaf tədbirlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etsin.
2. “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 11 fevral tarixli 1047 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 179; 2016, № 2 (II kitab), maddə 338, № 8, maddə 1384; 2019, № 5, maddə 890; 2020, № 5, maddə 602) 2-ci hissəsinə “əlvan” sözündən sonra “və qara” sözləri əlavə edilsin.
3. “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2198 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1287) 1–3-cü hissələri ləğv edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi ilə əlaqədar iki ay müddətində zəruri tədbirlər görsün;
4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 sentyabr 2020-ci il.