İlham Əliyev Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin açılışında iştirak etmişdir
29 dekabr 2011, 19:00
Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi açılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan Prezidentinə mərkəz haqqında məlumat verdi. Bildirildi ki, 2008-ci ildə Bakıda nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Koreya Respublikasının “SK C&C” şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu il aprelin 6-da dövlətimizin başçısının iştirakı ilə mərkəzin təməlqoyma mərasimi keçirilmişdir. Bu il oktyabrın 4-də isə Prezident İlham Əliyev mərkəzdə görülən işlərlə tanış olmuşdur.
Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, mərkəzin yaradılmasında əsas məqsəd Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsindən, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsindən, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsindən və hərəkət marşrutlarının optimallaşdırılmasından ibarətdir.
Beşmərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur.
Birinci mərtəbədə sahəvi avadanlıqların istismar şöbəsi, UPS-enerji tənzimləyicisi və digər inzibati otaqlar vardır. Şöbələrin əksəriyyəti dördüncü mərtəbədə yerləşir.
Dövlətimizin başçısı bu mərtəbədə yaradılmış şəraitlə tanış oldu. Otaqlarda rahat işləmək üçün hər cür şərait vardır.
Burada ayrıca televiziya və radio studiyası da yaradılmışdır. Gələcəkdə studiyada əldə olunacaq bütün məlumatların canlı yayımla televiziya və radio kanallarına ötürülməsi mümkün olacaqdır. Üçüncü mərtəbədəki konfrans və təlim zallarında isə mərkəzin fəaliyyətini canlı izləmək mümkündür.
Prezident İlham Əliyev intellektual idarəetmə zalına gəldi, mərkəzin fəaliyyəti ilə bağlı təqdimata baxdı. Bildirildi ki, burada 600 rəqəmsal görüntünü əks etdirən, dünyada ən böyük – 120 kvadratmetr sahəsi olan monitor quraşdırılmışdır. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın hərəkət vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumatı 192 kamera vasitəsilə əldə etmək mümkündür.
Qeyd edildi ki, mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılacaqdır.
Məlumat verildi ki, üç mərhələdən ibarət olan intellektual nəqliyyat sisteminin hazırda birinci mərhələsi Bakının əsas küçə və prospektlərini əhatə edir. Bu proses ikinci mərhələdə 2 min 200 kvadratkilometr sahədə Böyük Bakı və Abşeron ərazisini, üçüncü mərhələdə isə respublikanın bütün bölgələrində yerləşən nəqliyyat infrastrukturunu əhatə edəcəkdir. Birinci mərhələdə Bakıda intellektual nəqliyyat sistemi avadanlığının quraşdırılması artıq yekunlaşmışdır. İntellektual sistem üçün paytaxt ərazisində 450 kilometr müstəqil elektrik xətləri, 320 kilometr isə fiber-optik rabitə xətləri çəkilmişdir.
Bildirildi ki, intellektual nəqliyyat sisteminin əsas xüsusiyyətlərindən biri də müşahidə kameralarıdır. Yollardakı vəziyyətin müşahidəsi, hərəkət zamanı nasazlıq yaranan nəqliyyat vasitələrinin, baş vermiş qəza hallarının müəyyənləşdirilməsi, sıxlıq yaranan ərazilərdə monitorinqin aparılması üçün magistrallarda kameralar yerləşdirilmişdir. Yollarda vəziyyətin qrafik şəkildə sürücülərə ötürülməsi üçün isə elektron məlumat tabloları qurulmuşdur.
Prezident İlham ƏLİYEV mərasimdə çıxış edərək dedi:
- Bu gün şəhərimizin tarixində çox əlamətdar bir gündür. Nəqliyyatı İntellektual İdarəetmə Sistemi işə düşür. Gözəl mərkəz yaradılıbdır. Bu mərkəzin fəaliyyəti nəticəsində şəhər nəqliyyatının bir çox problemləri öz həllini tapacaqdır.
Dünyada buna bənzər səkkiz mərkəz vardır və onların arasında ən qabaqcıl və ən mütərəqqi texnologiyalara malik olanı Bakı Mərkəzidir. Qeyd etməliyəm ki, bu mərkəzin yaradılması ideyası mənim Koreya Respublikasına səfərim zamanı ortaya çıxmışdır. O vaxt mən Seul şəhərinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin imkanları ilə tanış olmuşdum və qərara gəldik ki, biz mütləq Bakıda belə sistemi yaratmalıyıq. Düzdür, bu, bir neçə il bundan əvvəl olan hadisədir. O vaxt Bakının tıxac problemləri o qədər kəskin deyildi, amma buna baxmayaraq, biz ölkəmizin və şəhərimizin gələcək inkişafını nəzərə alaraq qərara gəldik ki, bu sistemi mütləq Azərbaycanda, Bakıda quraq.
Mən çox şadam ki, Koreya tərəfi bu məsələyə çox müsbət yanaşmışdır. Koreya şirkətlərinin fəal iştirakı ilə bu sistem Azərbaycanda, Bakıda qurulubdur. Artıq mənə izahat verildi və burada göstərildi ki, bu sistemin, bu mərkəzin şəhər nəqliyyatına nə qədər böyük töhfəsi olacaqdır. Həm təhlükəsizlik məsələləri daha da geniş şəkildə öz həllini tapacaq, həm də yol hərəkətinin tənzimlənməsi üçün yeni imkanlar yaradılacaqdır. Yol hərəkətini daha mədəni şəkildə aparmaq üçün gözəl şərait yaradılır, nəzarət sistemi tam mükəmməldir. Əminəm ki, sistem tam şəkildə işə düşəndən sonra Bakının hər bir sakini öz həyatında bu mərkəzin gözəl təsirini görəcəkdir.
Bu, yenilikdir, bu, irəliyə atılan gözəl addımdır. Mən çox şadam ki, bu mərkəzdə işləyənlərin tam əksəriyyəti gənclərdir. Bu, məni çox sevindirir. Gənclər bizim gələcəyimizdir. Mən çox şadam ki, bu gün bu çox çətin və mürəkkəb sistemi idarə edə bilən gözəl kadrlar vardır, hazırlıqlı, peşəkar. Bu mərkəzin, bir daha demək istəyirəm ki, şəhər nəqliyyatının tənzimlənməsində əvəzsiz rolu olacaqdır.
Mən ümid edirəm ki, növbəti mərhələdə biz digər şəhərlərdə də bu sistemi quracağıq. Beləliklə, bir neçə ildən sonra ölkəmizin bütün şəhərləri bu gözəl sistemlə təmin ediləcəkdir. Bu, nəticə etibarilə dünya praktikasında nadir bir vəziyyətə gətirib çıxaracaqdır. Çünki qeyd etdiyim kimi, bu sistem səkkiz ölkədə var, ancaq bir və iki şəhəri əhatə edir.
Planlarımız ondan ibarətdir ki, bu sistem hər bir şəhərdə qurulsun. Çünki indi nəinki Bakıda, eyni zamanda, bölgələrdə, digər şəhərlərdə yol hərəkətinin intensivliyi artır, avtomaşınların sayı artır. Biz necə ki, Bakı üçün konseptual yanaşmanı yaratmışıq, hər bir şəhər üçün də belə yanaşma olmalıdır.
Şəhərlərimiz inkişaf edir, əhali artır, nəqliyyat vasitələrinin sayı artır və beləliklə, bu sistemin bütün ölkə üzrə tətbiqinə ehtiyac vardır. Son illər ərzində şəhər nəqliyyatının idarə edilməsinin təkmilləşdirilməsi üçün digər vacib tədbirlər görülübdür. Kiçik marşrut avtobusları aradan qaldırılır, yeni, gözəl, rahat avtobuslar, gözəl taksilər gətirilir. Biz istəyirik ki, şəhər sakinləri nəqliyyatdan rahat istifadə etsinlər. Yeni yollar çəkilir, yeni arteriyalar açılır, mövcud olan yollar genişləndirilir, yol qovşaqları, körpülər, tunellər, keçidlər tikilir. Təkcə dünən biz bir neçə yerdə yeni keçidin açılışını qeyd etmişik. Bu gün yeni tunelin açılışını qeyd etmişik. Yəni, biz artıq bu hadisələrə adət etmişik. Bu, çox böyük vəsait və peşəkarlıq tələb edən məsələlərdir. Əgər, biz 4-5 il bundan əvvəl Bakının yol infrastrukturunun təkmilləşdirilməsi ilə məşğul olmasaydıq, tam əminliklə deyə bilərəm ki, bu gün Bakıda nəqliyyat dayanardı. Biz başqa böyük şəhərlərin problemlərini görürük. O şəhərlərə gedərkən görürük ki, tıxaclar saatlarla insanların vaxtını alır. Yol hərəkəti pik saatlarında iflic vəziyyətinə düşür.
Əgər biz vaxtilə bu işləri görməsəydik, Bakıda da eyni vəziyyət yarana bilərdi. Biz öz addımlarımızla, infrastruktur layihələrimizlə qabaqlayıcı tədbirləri görürük, imkan vermirik ki, tıxac Bakıda böyük problemə çevrilsin. Ancaq o da həqiqətdir ki, avtomaşınların sayı artır, insanların rifah halı yaxşılaşır. Görülən işlər, aparılan islahatlar nəticəsində ölkə vətəndaşları daha da yaxşı yaşayırlar, daha da çox maşınlar alırlar. Biz növbəti illərdə də Bakının yol nəqliyyatı sisteminin yaxşılaşdırılması üçün əlavə tədbirlər görəcəyik. Konkret planlar, vəsait vardır. Gələn ilin investisiya proqramında bu məsələlər öz həllini tapacaqdır.
Bununla bərabər, əlbəttə ki, metronun tikintisi davam etməlidir. Bu da nəqliyyatın yükünü azaldacaqdır. İndi hər il yeni metro stansiyası tikilir. Artıq 23 stansiyamız vardır. Konseptual plan tərtib edilibdir - 2015-ci və 2030-cu illərədək nə qədər stansiya istifadəyə veriləcəkdir. Bizim planımız ondan ibarətdir ki, Bakıda metro stansiyalarının sayı 70-ə çatsın. Bu, deyə bilərəm ki, nadir bir proqramdır. Heç bir başqa şəhərdə belə qısa müddət ərzində 50-yə yaxın stansiyanın tikintisi proqramı yoxdur, ancaq Bakıda vardır.
Biz çalışacağıq ki, digər tədbirlərin görülməsi nəticəsində Bakıda nəqliyyat problemimizi daha da uğurla həll edək. Dünyada yeni texnologiyalar vardır. Biz o texnologiyaları gətiririk. İşıqforların sinxron şəkildə fəaliyyəti, yol qovşaqlarının, parkinq yerlərinin yaradılması. Bu gün mənə təqdimatda göstərildi, hansı imkanlar vardır. İndi Bakıda böyük ərazilərdə yeni parkinqlər tikilir. Gələn il minlərlə maşın üçün yeni parkinqlər yaradılacaqdır. Bu proses də davam etməlidir. Biz bu işlərə kompleks şəkildə yanaşırıq və beləliklə, gözəl şəhərimizə yaraşan nəqliyyat sistemimizi də qururuq. İndi bütün dayanacaqlarda elektron lövhələr, müşahidə kameraları mövcuddur. Bu, özlüyündə şəhərimizdə təhlükəsizlik tədbirlərinin güclənməsinə bir töhfədir. Onsuz da Bakı çox təhlükəsiz, rahat şəhərdir. Gecə də, gündüz də, səhər də insanlar rahat gəzirlər, istirahət edirlər. Kriminogen durum çox yaxşıdır. Amma bu müasir videomüşahidə sistemləri cinayəti törətmək istəyənlər üçün də bir siqnaldır. Hər kəs bilir ki, heç bir cinayət cəzasız qalmayacaqdır. İndi müşahidə kameraları yol-nəqliyyat hərəkətini tənzimləməyə kömək edir, eyni zamanda, bütövlükdə müşahidə üçün yaxşı bir vasitədir.
Ölkəmizin nəqliyyat sektoru çox uğurla inkişaf edir. Hər bir yerdə tikinti gedir. Magistral, şəhərlərarası yollar, kənd yolları tikilir. Nəqliyyat sektoruna qoyulan investisiyalar özünü doğruldacaqdır. Bu, elə investisiyadır ki, dərhal gəlir gətirmir, bu, müəssisə, zavod deyildir. Ancaq bu sahəyə qoyulan vəsait bir neçə ildən sonra öz bəhrəsini verəcəkdir. Harada ki, yol çəkilir, orada yeni infrastruktur yaradılır, canlanma baş verir, investisiyalar gəlir. İndi biz bütün istiqamətlər üzrə gözəl avtobanlar tikirik, şəhərləri, kəndləri bir-biri ilə birləşdiririk. Görün, insanların həyatına biznesin inkişafına bu, nə qədər müsbət təsir göstərir. Bizim gözəl, mənzərəli yerlərimizdə müasir otellər tikilir. Yol olmasa, heç kim bir manat vəsait qoymaz. Yol və işıq birincidir. Bu məqsədlə bizim investisiya proqramlarımızda ən çox vəsait yol-nəqliyyat sahəsinə qoyulur. Biz növbəti illərdə də bunu davam etdirəcəyik, həm Bakıda, həm bölgələrdə. Beləliklə, Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu yaradılacaqdır. Artıq onun böyük hissəsi yaradılmışdır.
Nəqliyyatın digər sektorları da inkişaf edir. Dəmir yolu, hava nəqliyyatı, dəniz nəqliyyatı inkişaf edir, yeni təyyarələr, tankerlər, bərələr alınır, yeni beynəlxalq aeroportlar tikilir. Bu il Qəbələdə beynəlxalq aeroport tikilmişdir. Azərbaycanda son illər Naxçıvan, Gəncə, Zaqatala, Lənkəran, Qəbələ aeroportları tikilmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni gözəl terminal binası və zolağı tikilir.
Nəqliyyat hər bir ölkə üçün vacib sahədir - xüsusilə coğrafi vəziyyəti əlverişli olan ölkələr üçün. Azərbaycan qitələrin arasında yerləşir. Əgər biz bu məsələlərə lazımi səviyyədə diqqət yetirməsək, coğrafi vəziyyətimiz bizə kömək etməyəcəkdir. Güclü nəqliyyat infrastrukturu yaradılır. Gəmiqayırma zavodu tikilir. Gəmiləri, – bu da nəqliyyatdır ,– özümüz istehsal edəcəyik. Ələtdə, Xəzərdə ən böyük Beynəlxalq Ticarət Limanı tikilir. Bütün bu işlər çox böyük vəsait tələb edir. Biz bunu edirik və edəcəyik.
Biz bunu ölkəmizi gücləndirmək və insanlara gözəl xidmət göstərmək üçün edirik. Bu mərkəz də çox böyük vəsait tələb etmişdir. Amma biz bunu edirik ki, insanlara xidmət göstərilsin, insanlar tıxaclarda vaxtlarını itirməsinlər, rahat gedib-gəlsinlər. Hər şey insanlar üçün, hər şey ölkə üçün, hər şey dövlət üçün! Budur bizim prinsipimiz.
Eyni zamanda, bir daha demək istəyirəm ki, Azərbaycanda hər bir yeni obyektin açılması məni sevindirir. Xüsusilə bu dərəcədə müasir və gələcəyə istiqamətləndirilmiş bir müəssisənin yaradılması xüsusi xarakter daşıyır və məni xüsusilə sevindirir. Mən tam əminəm ki, şəhərimizin bütün sakinləri və şəhərə gələn qonaqlar bu mərkəzin fəaliyyətini öz həyatlarında görəcəklər, onu hiss edəcəklər.
Sizə isə tövsiyəm ondan ibarətdir ki, bu mərkəzi yaxşı idarə edəsiniz. Burada mövcud olan avadanlığa uyğun olan xidmət və menecment olmalıdır, əminəm ki, belə də olacaq. Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm və fəaliyyətinizdə uğurlar arzulayıram. Sağ olun.
X X X
Sonra dövlətimizin başçısı nəqliyyatı intellektual idarəetmə sistemində istifadə olunan avadanlıqla maraqlandı. Bildirildi ki, dayanacaqlarda quraşdırılan informasiya terminalı vasitəsilə avtobusların hərəkət cədvəli, dayanacağa çatma müddəti barədə məlumat almaq mümkündür. Bu cür terminal şəhərin 664 avtobus dayanacağında quraşdırılmışdır.
Yerli mütəxəssislər tərəfindən hazırlanan və “Azəri” adı altında patentləşdirilən xüsusi avadanlıq isə mərkəzlə avtobus sürücüləri arasında birbaşa əlaqəni təmin edir. Bu avadanlıq vasitəsilə mərkəzdən avtobusa səs və mətn tipli informasiyanın ötürülməsi də mümkündür. Vaxt və məsafənin tənzimlənməsinə də imkan yaradan bu cihaz 3 minə yaxın avtobusda quraşdırılmışdır. Nəqliyyatda tətbiq olunacaq vahid ödəniş sistemi isə sərnişinlərin rahatlığını artıracaqdır.
Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.