“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
11 avqust 2020, 16:40
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 685; 2006, № 11, maddə 932; 2007, № 5, maddə 442, № 11, maddə 1053; 2016, № 6, maddə 969, № 12, maddə 1989; 2017, № 3, maddə 346, № 6, maddələr 1024, 1046, № 7, maddə 1266, № 12 (I kitab), maddə 2255; 2018, № 6, maddə 1161; 2019, № 4, maddə 588, № 7, maddə 1177, № 12, maddə 1882) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.0.19-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.0.20-ci maddə əlavə edilsin:
“1.0.20. domen adlarının milli inzibatçısı - “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs.”.
2. Aşağıdakı məzmunda 7.10-1-ci maddə əlavə edilsin:
“7.10-1. “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatı və onlara texniki xidmət üzrə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, domen adlarının milli inzibatçısı tərəfindən müəyyən edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2020-ci il.