Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
20 mart 2020, 10:00
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
“Əziz həmvətənlər!
Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!
Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”.