İlham Əliyev paytaxtın Səbail rayonu ərazisində yeni piyada keçidlərinin açılışlarında iştirak etmişdir
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
28 dekabr 2011, 17:40
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Səbail rayonu ərazisində yeni piyada keçidlərinin açılışlarında iştirak etmişlər.
“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”, eləcə də “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”na uyğun olaraq paytaxtda yüksək tələblərə cavab verən yolötürücü, körpü, tunel, yeraltı və yerüstü piyada keçidlərinin inşası davam etdirilir, yüksək keyfiyyətli avtomobil yolları salınır.
Dövlət başçısının tapşırığına uyğun olaraq yol-nəqliyyat sisteminin yenidən qurulması zamanı beynəlxalq standartlar və milli memarlıq ənənələri əsas götürülür. Bütün yeni qurğular yüksək keyfiyyəti və müasirliyi ilə seçilir. Bakı şəhərində yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər sakinlərin sosial həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də paytaxtın gözəlliyini artırır.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə Neftçilər prospektində, Dəniz vağzalının önündə inşa edilən piyada keçidinin açılışında iştirak etdilər.
Piyada keçidinin göstəriciləri barədə dövlətimizin başçısına məlumat verildi.
Bildirildi ki, keçidin tunelinin uzunluğu 107, eni 8, hündürlüyü isə 3 metrdir, iki çıxışı vardır. Çıxışlardan biri Milli park tərəfdə, digəri isə “Abşeron” mehmanxanasının önündədir. Keçiddə dörd eskalator və ilk dəfə olaraq bir əlil lifti quraşdırılmışdır. Qranit plitələrlə üzlənmiş keçidin pilləkənlərində sürüşkənliyi aradan qaldırmaq üçün xüsusi tədbirlər görülmüşdür. Keçiddə müasir drenaj sistemi yaradılmışdır.
X X X
Dəniz vağzalının qarşısındakı piyada keçidi ilə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı metronun “Sahil” stansiyasının yanındakı yeraltı piyada keçidinin açılışında iştirak etmişlər.
Burada görülən işlərlə bağlı Prezidentə məlumat verildi. Bildirildi ki, tunelin uzunluğu 220, eni 8 metrdir. Yağış sularının dənizə axıdılması üçün xüsusi boru xətti çəkilmişdir. Piyada keçidində ilk dəfə olaraq üfüqi eskalator quraşdırılmışdır.
Səkkiz çıxışdan ibarət piyada keçidinin istifadəyə verilməsi ilə əhalinin təhlükəsiz hərəkəti üçün əlverişli şərait yaradılmışdır.
X X X
Metronun “Sahil” stansiyasının yanındakı piyada keçidi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Azneft meydanında inşa edilmiş üç yeraltı keçidin açılışında iştirak etmişlər.
Burada görülən işlər barədə dövlətimizin başçısına məlumat verildi.
Bildirildi ki, buradakı tunellərdən birincisinin uzunluğu 104, eni 8, ikincisinin uzunluğu 58, eni 5, üçüncüsünün uzunluğu 76, eni isə 5 metrdir. Bu keçidlərdə də qranit plitələrlə üzlənmişdir. Keçidlərdə müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.