Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsinin açılışında İlham Əliyevin nitqi
24 dekabr 2011, 17:10
-Sabahınız xeyir olsun. Hamınızı ürəkdən salamlayıram.
Bu gözəl qəsəbənin açılışı münasibətilə sizi təbrik edirəm. Gözəl qəsəbədir, 552 ev tikilibdir, rahat, gözəl evlərdir, məktəbi vardır. Bütün infrastruktur yaradılıbdır - su, işıq, qaz. Yəni, bir sözlə, bu qəsəbənin yaradılması çox gözəl hadisədir. Birinci dəfə deyildir ki, biz məcburi köçkünlərlə yeni qəsəbələrin açılışlarında görüşürük. Belə görüşlər hər il baş verir, ildə bir neçə gözəl qəsəbə salınır. Bütövlükdə son illər ərzində 70 gözəl qəsəbə yaradılmışdır. Bildiyiniz kimi, vaxtilə çadır şəhərcikləri var idi. Onların hamısı 2007-ci ilin sonunda ləğv edildi. Onların yerində gözəl qəsəbələr yaradılmışdır. Bu qəsəbələrdə 100 mindən artıq məcburi köçkün məskunlaşmışdır.
Bu gözəl təşəbbüs vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür. 1990-cı illərin sonlarında Azərbaycanda yaradılmış Dövlət Neft Fondunun ilk ödəmələri məhz məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına xərclənmişdir. Bu siyasət bu gün də davam etdirilir. Bu gün Azərbaycan dövlətinin maddi imkanları daha da genişdir. Bizim böyük imkanlarımız vardır ki, bu proses daha da sürətlə getsin.
Son illər ərzində onlarla yeni qəsəbələr salınmış, minlərlə insan yeni gözəl evlərə köçürülmüşdür. Ağcabədi rayonunda hazırda tikilməkdə olan 556 mənzildən ibarət qəsəbə mövcuddur. O qəsəbənin tikintisi ilə bu gün tanış olmuşam. Yəqin ki, gələn ilin əvvəlində məcburi köçkünlər o qəsəbəyə də köçürüləcəkdir. Mənə verilən statistik məlumatlara görə, məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün bütövlükdə 4 milyard dollardan çox vəsait xərclənmişdir.
Onun 3,7 milyardı Azərbaycan dövləti tərəfindən xərclənmişdir. Həm Dövlət Neft Fondu və həm də Azərbaycan büdcəsi tərəfindən bu məsələlər həllini tapmışdır. Növbəti illərdə, xüsusilə gələn ildən başlayaraq daha da böyük məbləğdə vəsait nəzərdə tutulacaqdır ki, hazırda çətin vəziyyətdə yaşayan köçkünlərin problemlərini də tezliklə həll edək. Təbii ki, biz ilk növbədə, ən ağır vəziyyətdə yaşayanların problemlərini həll etmişik – çadır şəhərcikləri artıq ləğv edilib. İndiki mərhələdə biz fin qəsəbələrində, məktəblərdə, yataqxanalarda, hərbi hissələrin ərazilərində məskunlaşmış köçkünlərin problemlərini həll edirik. Siz də bu vaxta qədər fin qəsəbələrində çox ağır, çətin vəziyyətdə yaşamısınız. İndi isə bu qəsəbə salınıb. Burada yaşamaq üçün bütün imkanlar vardır. Ancaq bu da müvəqqəti yaşayış məntəqəsidir. Bizim torpaqlarımız işğalçılardan azad ediləndən sonra, hazırda işğal altında olan bütün torpaqlarda, o cümlədən Laçında bundan da gözəl qəsəbələr, kəndlər salınacaqdır. Biz bunu edəcəyik. Əminəm ki, bunu etmək üçün imkanımız, gücümüz olacaqdır. İlk növbədə, biz hazırda işğal altında olan torpaqlara vətəndaşlarımızı qaytarmalıyıq. Bunu etmək üçün bilirsiniz ki, danışıqlar aparılır, səylər göstərilir. Azərbaycan dövləti qarşısında bu məsələdən daha vacib məsələ yoxdur. Çünki bütün başqa sahələrdə ölkəmiz uğurla inkişaf edir. İyirmi illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurları heç kim təkrarlaya bilməz. Azərbaycanda son illər ərzində yaşanan iqtisadi inkişaf dünya miqyasında nadir xarakter daşıyır.
Nə vaxta qədər ki, danışıqlar prosesindəyik, Qarabağ məsələsində hər şey təkcə bizdən asılı deyildir. Çünki danışıqların iki tərəfi vardır – bir tərəf Azərbaycan, digər tərəf Ermənistan. Danışıqları aparmaq üçün beynəlxalq format fəaliyyət göstərir. Minsk qrupu 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Amma heç bir nəticə yoxdur. Baxmayaraq ki, bütün beynəlxalq təşkilatların qərarları, qətnamələri Azərbaycanın haqlı mövqeyini müdafiə edir, məsələ öz həllini tapmır. Çünki dünyadakı erməni lobbisi, ermənilərin havadarları, onlara dəstək verənlər buna imkan vermirlər. Biz görürük ki, erməni lobbisi bəzi böyük ölkələrin siyasətinə də öz təsirini göstərir. O ölkələrin öz maraqlarına zidd olan qərarların çıxarılmasına nail olur. Bu, həqiqətdir. Bizə qarşı təkcə Ermənistan mübarizə aparmır. Ermənistan bizim qabağımızda böyük qüvvə deyildir. Bizə qarşı dünya erməniliyi və onların çirkli pulları ilə idarə edilən riyakar siyasətçilər mübarizə aparırlar. Hər gün Azərbaycana qarşı mübarizə aparırlar. Məhz buna görədir ki, təxminən 20 il ərzində Minsk qrupu fəaliyyət göstərir, amma heç bir nəticə yoxdur. Nəticəni əldə etmək üçün çox böyük addımlara ehtiyac yoxdur. Sadəcə olaraq beynəlxalq təşkilatların, BMT-nin, onun Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir. Beynəlxalq ictimaiyyət tələb etməlidir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çəkilsin və imkan versin Azərbaycan vətəndaşları o torpaqlara qayıtsınlar. Çünki bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Dağlıq Qarabağ nəinki Azərbaycanın tarixi torpağıdır, - bunu biz hamımız yaxşı bilirik, – beynəlxalq hüquq normaları da Dağlıq Qarabağı Azərbaycan torpağı kimi tanıyır. Bəs nə üçün bu qətnamələr icrasız qalır?! Yenə də deyirəm, dünya erməniliyinin və onların arxasında dayanan antiazərbaycan qüvvələrinin fəaliyyəti nəticəsində bu məsələ bax belə dondurulmuş vəziyyətdədir. Ancaq bununla bərabər, mən bunu bir neçə dəfə demişəm, bu münaqişə dondurulmuş münaqişə deyildir və heç vaxt ola bilməz. Nə qədər ki, torpaqlarımız işğal altındadır, biz çalışacağıq və çalışırıq ki, bu məsələni tezliklə öz xeyrimizə ədalətli şəkildə həll edək. Bu məsələnin ədalətli həlli yalnız Azərbaycanın ərazi bütövlüyünün bərpasından keçir. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və bərpa ediləcəkdir. İşğal edilmiş bütün torpaqlarda Azərbaycanın suverenliyi təmin edilməlidir və ediləcəkdir. Mən buna şübhə etmirəm. Sadəcə olaraq biz hamımız istəyirik ki, bu, daha da tezliklə öz həllini tapsın, köçkünlərimiz tezliklə öz doğma torpaqlarına qayıda bilsinlər. Mən şəxsən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu deməyə əsas verən bir neçə amil vardır. Bu barədə mən dəfələrlə fikirlərimi bildirmişəm. Həm bizim artan siyasi çəkimiz, həm iqtisadi gücümüz, ən önəmlisi ondan ibarətdir ki, indi lazımi səviyyədə hərbi gücümüz , - bunu daha da artıracağıq, - artan əhalimiz vardır. Yəni, bütün bu regional geosiyasi məsələləri həll edən amillər bizim mövqeyimizi dəstəkləyir. İllər keçdikcə biz daha da güclənəcəyik, Ermənistan daha da zəifləyəcəkdir. Nə qədər ki, torpaqlarımız işğal altındadır, Ermənistana qarşı bütün cəbhələrdə mübarizə aparılır və aparılacaqdır.
Əziz dostlar, siz Laçın rayonunun sakinlərisiniz. Laçın Azərbaycanın gözəl guşələrindən biridir. Laçınlılar bütün dövrlərdə Azərbaycana, azərbaycançılıq fəlsəfəsinə sadiq olmuşlar. Bu gün də bu, belədir. Laçının işğal altına düşməsi təkcə laçınlıların deyil, bizim hamımızın böyük faciəsidir. Çünki Laçının gözəl abidələri indi dağıdılıbdır. Bizim dini abidələrimiz dağıdılıbdır. Muzey eksponatlarımız talan edilibdir, evlər dağıdılıbdır. Laçınlıların evlərində indi düşmənlər yaşayır. Bu da bir dərddir. Evin sökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan da böyük dərddir. Çünki bilirsiniz ki, Laçın rayonunun mərkəzində sizin evlərinizdə indi düşmənlər yaşayır. Yəni, bu vəziyyətlə barışmaq mümkün deyil və biz bu vəziyyətlə barışmayacağıq.
Laçının işğal altına düşməsi, eyni zamanda, başqa rayonların işğal altına düşməsinə gətirib çıxarıb. Çünki 1992-ci ilin mayında əvvəl Şuşa, ondan bir neçə gün sonra Laçın işğal altına düşmüşdür. Ondan sonra 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşmüşdür. Beləliklə, Ermənistan ilə Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaradılmışdır. Heç vaxt bu bağlantı yox idi. Dağlıq Qarabağ Azərbaycanın mərkəzində yerləşən bir tarixi, əzəli Azərbaycan torpağıdır. Onun ətrafında yerləşən torpaqlar, o cümlədən Laçın Azərbaycan torpağıdır. Onun indiki Ermənistana aid olan ərazilərində də, İrəvan xanlığında da azərbaycanlılar yaşamışlar. İndiki Ermənistan Azərbaycan torpağıdır. Biz bunu bilirik. Tarixi sənədlər də bunu göstərir. Beləliklə, Laçının işğal altına düşməsi digər rayonların da işğal altına düşməsinə gətirib çıxarmışdır. Mən tam əminəm ki, - bu gün hörmətli ağsaqqalla söhbət əsnasında bir daha bu barədə öz fikirlərimizi bildirdik, - əgər o vaxt ulu öndər Heydər Əliyev hakimiyyətdə olsaydı, heç vaxt bir qarış torpaq düşmənin işğalına məruz qalmazdı.
Düşmənlərimiz də bunu bilirdilər və ona görə Heydər Əliyev hələ Bakıdan Moskvaya işləməyə gedəndə ona qarşı kampaniya başlamışdı. Ləkələmə, qaralama, qarayaxma kampaniyasına başlamışdılar - həm ermənilər, erməni millətçiləri, həm də burada, Azərbaycanda yaşayan antimilli qüvvələr. Heydər Əliyev Siyasi Bürodan istefa verəndən bir neçə gün sonra ermənilər Qarabağ məsələsini qaldırmışlar və ondan sonra müharibə başlamışdır. Əfsuslar olsun ki, o vaxt Azərbaycanın başında dayanan insanlar xalqın etimadını nəinki doğrulda bilməmişlər, cinayət törətmişlər. İndi biz bu vəziyyətlə üzləşmişik.
Mən bir daha demək istəyirəm ki, bu məsələ həll olunmayana qədər Azərbaycan xalqı rahat yaşaya bilməz və biz sakitləşməyəcəyik. Biz bu məsələni öz xeyrimizə, ədalətli şəkildə həll etməliyik. Azərbaycan çoxmillətli dövlətdir. Heç vaxt Azərbaycanda milli, dini zəmində heç bir qarşıdurma olmamışdır. Dağlıq Qarabağda ermənilər də suveren Azərbaycan dövlətinin tərkibində yaşaya bilərlər və yaşamalıdırlar. Hazırda Azərbaycanda ermənilər yaşayırlar. Heç kim onlara bir söz demir, onlar bizim vətəndaşlarımızdır. Yəni, Azərbaycan tolerant, dözümlü ölkədir. Azərbaycan xalqı tolerant xalqdır.
Dağlıq Qarabağ məsələsi yalnız bu prinsiplər əsasında öz həllini tapmalıdır. Bizim ərazi bütövlüyümüz bərpa edilməlidir. Bütün köçkünlər öz ata-baba torpağına qayıtmalıdırlar, o cümlədən Dağlıq Qarabağa. Ondan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları bir yerdə yaşayacaqlar. Azərbaycanlılar Şuşaya qayıtmalıdırlar, orada yaşamalıdırlar və yaşayacaqlar. Biz istəyirik ki, bunu sülh yolu ilə edək. Əgər bu imkan mümkün olmasa, onda istənilən, lazım olan anda Azərbaycan Ordusu öz sözünü deyəcəkdir.
Əziz dostlar, mən bu gün bir daha sizi salamlayıram. Bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq müvəqqəti yaşayış yeridir. Ancaq biz istəyirik ki, müvəqqəti də olsa, şərait yaxşı olsun. Hesab edirəm ki, burada yaxşı şərait yaradılmışdır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətini yüksək qiymətləndirirəm. Bütün bu işləri çox böyük peşəkarlıqla, böyük məhəbbətlə görürlər. Biz daim əlaqə saxlayırıq, bütün bu layihələr məruzə edilir. Komitə tərəfindən irəli sürülən bütün təşəbbüslər mənim tərəfimdən dəstəklənir. Gələn il bu məqsədlər üçün - yeni qəsəbələrin salınması üçün daha da çox vəsait ayrılacaqdır. Azərbaycan Dövlət Neft Fondu da bu sahədə böyük işlər görür. Bu, bir daha onu göstərir ki, xalqın sərvəti olan neft və ondan əldə olunan gəlir insanların sərəncamındadır. Azərbaycanda bu gəlirlər ədalətli şəkildə bölünür. Neft Fondu artıq dünya miqyasında çox böyük nüfuza malik olan təşkilatdır. Neft Fondunun gəlirləri artır. Belə olan halda, əlbəttə ki, yeni qəsəbələrin tikilməsinə daha da böyük məbləğdə vəsait ayrılacaqdır.
Bir daha sizi salamlayıram, sizə cansağlığı və uğurlar arzulayıram.
Sağ olun. Xoş sözlərinizə görə minnətdaram. Mən demək istəyirəm ki, adətən öz ad günlərimi qeyd etmirəm. Ancaq bu il belə qərara gəldim ki, öz ailəmlə bunu qeyd edim və bu gün mən öz ailəmlə birlikdəyəm, mənim ailəm sizsiniz.
Eyni zamanda, mən çox şadam ki, bu günü hamımız üçün müqəddəs olan Qarabağ torpağında qeyd edirəm.
Bir daha sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Cansağlığı, xoşbəxtlik arzulamaq istəyirəm. Bir daha əminliyimi bildirirəm ki, biz öz doğma torpaqlarımıza qayıdacağıq.