İlham Əliyev İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
29 iyul 2020, 11:20
İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllının Basqal kəndində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlinin qoyulması mərasimində iştirak edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına mərkəz barədə məlumat verdi.
Bildirildi ki, rayon əhalisinin böyük əksəriyyəti bölgə üçün ənənəvi olan kənd təsərrüfatı, eləcə də xalçaçılıq, toxuculuq, misgərlik, kəlağayı istehsalı və sair qədim sənətkarlıq növləri üzrə istehsal sahələrində çalışır. Eyni zamanda, rayonda işsiz və işaxtaranlar fəal məşğulluq proqramlarına da cəlb olunurlar.
Prezident İlham Əliyev mərkəzin təməlini qoydu.
Qeyd olundu ki, son 3 ildə İsmayıllıda 260 nəfər özünüməşğulluq proqramına cəlb edilərək proqram əsasında verilmiş mal və materiallar hesabına kiçik ailə müəssisələrini yaradıb. Bu il isə rayonda daha 126 ailənin bu proqram çərçivəsində kiçik təsərrüfatlarını yaratması üçün işlər aparılır. Tikiləcək “DOST Evi” əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynayacaq.