Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
22 iyul 2020, 15:25
Azərbaycan Respublikasında milli mətbuatın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, özəl teleradio yayımçılarının cəmiyyətin informasiya ehtiyacının ödənilməsi sahəsindəki fəaliyyətinin stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək və Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar tədbirlər təşkil etmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 300,0 (üç yüz) min manat ayrılsın.
2. Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyul 2020-ci il.